Nəriman Həsənzadə - 80

  

Nərimanın şeirlərini oxuduqca biz belə qənaətə gəlirik ki, sənət əsəri, xüsusən lirik şeir o zaman adamı əfsunlayır ki, həyat, təbiət bu insanlar haqqında, onların bitməz-tükənməz işığı, qaranlığı, gözəlliyi, eybəcərliyi, sevinc və faciələri barədə oxucuya nə isə yeni bir şey deyir, onu bu vaxta qədər bilmədiyi, duymadığı, xəyalına da gətirmədiyi qəribə hisslərlə, duyğularla tanış edir, dərin fəlsəfi mənalar və füsunkar gözəlliklər aləminə aparır, fikrini, düşüncəsini bu aləmin sirlərini dərk etməyə yönəldir.

 

Mirzə İBRAHİMOV

 

Nərimanın ilham fənəri çox fərəhlidir ki, birinci olaraq sadə əmək adamlarına yönəlir. Vəzifəsiz, rütbəsiz, sıravi adamlar şairin diqqətindən yayınmır. Onların təvazökar həyatında, əməyindəki məna gözəlliyi Nərimanı çox düşündürür və sevindirir.

Nəriman olduqca həssas bir şairdir. O bir qartalın uçuşunda, bir lalənin duruşunda, bir körpənin baxışında bütün kainatı, ictimai aləmi və məna dolu həyatımızı görmək istəyir. Şair bir çiçəyə baxıb deyir:

 

Bu gülün rəngində vardı bir donun,

Həyatı sevirdin, axı sən, ana;

Nə deyim, bəlkə də geyinib onu

Təzədən dünyaya gəlmisən, ana?

 

Ana həsrəti ilə böyüyən bir gəncin məhəbbətini ifadə üçün nə gözəl bir xitab!

Nəriman şeirlərində bədii xitab, müraciət məqbul və münasib bir üsuldur. O, qarşısında dayandığı hər şeyi dilə gətirib danışdırır. Həsbi-hala cəlb edə bilir. Arı qonduğu çiçəklərdən ətir toplayan kimi, şair də ürəyinə yaxın hər şeydən dərin məna, şeir ülviyyəti çəkmək istəyir.

...Nərimanın şeirləri danışıq dilinə yaxın, sadə, səlis üslubu ilə də seçilir. Adama elə gəlir ki, bunlar yazılmır, söylənir. Kitabdan, rəsmiyyətdən uzaq, ürəkdən gələn şirin, maraqlı bir söhbətdir. Əlbət ki, bu yalnız şeirlərin şəkli xüsusiyyətilə yox, həm də məzmunu ilə bağlıdır. Nəriman oxucusunu çoxdanın dostu, tanışı və ürək sirdaşı kimi dindirir. Onu sevincinə, arzusuna, kədər və həyəcanına şərik etməyi bacarır. İlk sətirlərdən etibarən oxucu, sanki çoxdan axtardığı, ancaq indi... tapdığı həmsöhbətini görür və sevinclə əl verib dost olur. İnkişaf yollarında möhkəm addımlayan şairimizin minlərlə oxucusu ilə bu ürək dostluğu həmişəlik və möhkəm olsun.

 

***

 

…"Nəriman" poeması siyasi məzmunlu, yetkin bədii əsərdir. Bəzən məşhur şəxsiyyətlər haqqında yazılan bədii əsərlərdə əsas diqqət tərcümeyi-halın, vəzifə, qulluq illərinin təsvirinə verilir.

Bu poemanın müəllifi nisbətən asan, ağardılmış olan belə bir yol tutmamışdır. Nəriman Həsənzadənin qəhrəmanı hər şeydən əvvəl canlı, müasir, aktiv, mübariz bir insandır.

…Poemanın əsas fəsillərində qəhrəmanın tərcümeyi-halı ölkənin, xalqın tarixi, mübarizəsi, taleyi ilə bağlı bir şəkildə, həm də bədii bir dillə təsvir edilir.

...Əsərin dili həm də kəsəri, müxtəsərliyi ilə seçilir. Şeir texnikasındakı sərbəstlik, ənənəvi ölçü, qafiyələrə fəal münasibət də təbii görünür.

"Nəriman" poeması əsrimizin ilk rübündə ictimai-siyasi hadisələri əsasən doğru-düzgün işıqlandıran, gənclərimizin müasir ictimai tərbiyəsinə kömək edən müvəffəqiyyətli əsər kimi təqdirəlayiqdir.

 

Mir CƏLAL

 

Nəriman Həsənzadə dünyada gözəllik, nəciblik, zəriflik axtarır və bunları bəzən olmayan yerdə də görür, çünki gözəllik və zəriflik bu şairin sənət idealıdır. O, yalnız bu ideal eşqinə yazıb-yaradır. Bax, budur onun nəğmələrinin baş motivi.

N.Həsənzadənin şeirlərindən mən həmişə böyük həzz almışam. Onun şeirlərində həmişə ürək döyünür. Çünki oxucusu ilə o, ürək dilində danışır.

Ürəyin dili nədir?

Səmimiyyət!

Yalanın dili qışqırıq, gerçəyin dili hıçqırıqdır. İnsan heç vaxt öz hissini qışqıra-qışqıra deməz. Qışqırıq - nəyisə zorla sübut etmək qəsdidir. Şeir isə nəyisə sübut etmək üçün deyil, sadəcə olaraq yaşanan duyğunu, qəlbə sığmayan həyəcanı özü-özünə pıçıldamaq üçündür.

 

Bəxtiyar VAHABZADƏ

 

Nəriman Həsənzadə fikir məna şairidir, onun sağlam, büllur poeziyasının çox dərin qatlarında çağdaş Azərbaycan varlığının çox ciddi münaqişələri dilə gəlir, alovları şölə saçır. sevinc və iztirabları, ümid və qayğıları çırpınır. Buna görə bu poeziya bədii idrak əhəmiyyətinə, öyrənilməyə, araşdırılmağa tam layiqdir, bədii-estetik tərbiyə, kamilləşmə vasitəsidir.

 

Xəlil Rza ULUTÜRK

   

 

          Ədəbiyyat qəzeti.- 2011.- 18 fevral.- S.4.