“Həyat həqiqəti
ədəbiyyatda son dərəcə vacib məsələdir”
Fevralın 16-da Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda xalq yazıçısı Elçinin "Sosrealizm bizə nə verdi?" mini-monoqrafiyasının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbiri giriş sözüylə açan institutun direktoru, akademik Bəkir Nəbiyev Elçinin yaradıcılığı və çoxşaxəli fəaliyyəti barədə məlumat verərək bildirdi ki, müəllifin "Sosrealizm bizə nə verdi?" əsəri Azərbaycan ədəbiyyatının dünəninə baxmaqla bu gününü obyektiv qiymətləndirməyə imkan verir və bu baxımdan da geniş maraq doğurub: "Xalq yazıçısı Elçin keçən əsrin 60-cı illlərindən bu günədək Azərbaycan ədəbiyyatında öz fərdi, orijinal dəst-xətti olan məhsuldar nasir, fəal dramaturq, kinossenarist və tərcüməçi kimi çox səmərəli fəaliyyət göstərən bir sənətkardır. Məlum həqiqətdir ki, 60-cılar ədəbi nəslinin yeni qəhrəman və təravətli üslub axtarışlarının dərinləşməsində Elçinin təqdirəlayiq xidmətləri olmuşdur…
AMEA-nın qocaman təsisatlarından Nizami adına Ədəbiyyat İnstitutu Elçin üçün doğmadır. O, öz ömrünün ən azı on təravətli ilini bu institutun divarları arasında keçirib. Aspirant olub, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" (1945-1965-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə edib…
Elçin 1975-ci ilə qədər əziz müəllimimiz, akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi məşhur ədəbiyyat nəzəriyyəsi şöbəsində Gülrux xanım Əlibəyova, mərhum dostlarımız Yaşar Qarayev və Şamil Salmanovla bir yerdə çalışmışdır.
Həyat inkişafdır. Məlum səbəblər üzündən Nizami institutundan ayrılsa da, Elçin elmdən ayrılmadı, öz axtarışlarını intensiv surətdə davam etdirdi. Yeni elmi əsərlərini yazdı. 1988-ci ildə böyük müvəffəqiyyətlə "Ədəbiyyatda tarix və müasirlik" mövzusunda elmi əsərini böyük başarılarla müdafiə etdi, tezliklə ona professor adı verildi.
Azərbaycanın müasir ədib və şairləri arasında ədəbiyyatşünaslıqla məşğul olanlar, namizədlik, hətta doktorluq dissertasiyası müdafiə edən müəlliflər var. Bəzilərində bu bir ötəri həvəs çaları daşıyır, tez də keçib gedir. Lakin ədəbiyyatımızın tarixi, ədəbi prosesin özəllikləri, bədii yaradıcılığın nəzəri-estetik problemləri, qarşılıqlı ədəbi əlaqələrimiz bir filoloq, ədəbiyyatşünas alim kimi həmişə Elçinin diqqət mərkəzindədir. Bu sahədə nəşr etdirdiyi qiymətli monoqrafiya və məqalələr bütünlükdə onun çoxyönlü yaradıcılığının mötəbər bünövrə daşlarından biridir.
Elçinin mənim yadımda qalan ilk məqaləsi 70-ci illərin əvvəllərində Moskvada "Drujba narodov" jurnalında buraxılmışdır. O zaman Azərbaycanın gənc qələm sahibləri üçün bu jurnalın səhifələrində yazısını nəşr etdirmək çox əlamətdar bir hadisə sayılırdı (mən özüm bunu hələ universitet tələbəsi ikən, 1952-ci ildə yaşamışdım).
Elçinin məqaləsi dərhal keçmiş İttifaq miqyasında səs saldı və həmin ilin yekunları üzrə ilin ən yaxşı məqaləsi nominasiyası ilə SSRİ-nin ən qalın, həm də çox populyar ədəbi-elmi jurnalının redaksiya heyəti tərəfindən mükafatlandırıldı.
Janr əlvanlığı bir tənqidçi və ədəbiyyatşünas kimi Elçinin yaradıcılığı üçün həmişə səciyyəvi olmuşdur. Onun ədəbiyyatımızın aktual nəzəri problemlərinə dair monoqrafiyaları, gökəmli tənqidçi və ədəbiyyatşünaslar haqqında portret-oçerkləri, yeni kitablara dair resenziyaları, oxuduğu kitablardan təsirlənib dərhal qeyd, təsbit etdiyi ilk təravətli təəssüratları, mühüm ədəbi və elmi nəşrləri tərtib etməsi, onlara səriştəli müqəddimələr yazması göstərir ki, ədəbi tənqidin və ədəbiyyatşünaslığın poetika cəbbəxanasnıda Elçinin müraciət etmədiyi bir forma yoxdur və alim bu sahələrin hər birində hünər sahibidir.
Bu əsərlərin hamısı üçün səciyyəvi oaln bir keyfiyyəti ayrıca qeyd etmək lazımdır. Elçinin kitab və məqalələri çoxlu vaxt və zəhmət hesabına onun şəxsən apardığı araşdırmaların əsasında hasilə yetmişdir. "fikrin karvanı", "Bəstəkarın vətəndaş sözü", "Klassik aşıq ədəbiyyatında "dünya" obrazı", "Tənqid və ədəbiyyatımızın problemləri", "Klassiklər və müasirlər", "Ədəbiyyatda tarix və müasirlik", "Ədəbiyyatımızın yaradıcılıq problemləri", "Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesin problemləri" kimi hərəsi 400-500 səhifə civarında kitabları…
Nəhayət, "Sosrealizm bizə nə verdi?" mini-monoqrafiyası.
Deməyi vacib sayıram ki, "Sosrealizm bizə nə verdi?" əsəri xalqımızın tarixində taleyüklü rol oynayan keçid mərhələsinin ən vacib məsələlərindən birinin qoyulması və həlli baxımından ilk uğurlu elmi təşəbbüsdür. Bu problem birinci növbədə, əlbəttə, sırf ədəbiyyat tarixi problemidir. Yəni sosialist-realizminin ədəbiyyatımızın tarixində və ictimai fikirdə rolu, mövqeyi, əhəmiyyəti, taleyi və bir sıra dəhşətamiz nəticələri barədə tutarlı araşdırmadır…
Onu oxuyur və fikirləşirsən: sosrealizm öz yerində, bəs ümumiyyətlə, sosializmin özü bizə nə verib, Azərbaycan xalqı 70 sovet ili ərzində nələrə nail oldu və hansı böyük tarixi, ictimai, siyasi itkilərə məruz qaldı: o cümlədən ilk müstəqil demokratik cümhuriyyətin çökdürülməsi, ərazi, torpaq itkilərimiz, sovetlərin müttəfiq respublikalarından birinə çevriləndən sonra xalqımıza qarşı dəfələrlə, gah gizli, gah da aşkar törədilən soyqırımlar, bu gün də dəqiq surətdə sayı bilinməyən repressiya qurbanlarımız və i.a.
Beləliklə də, "Sosrealizm bizə nə verdi?" kitabında dünənimizin bu gün daha obyektiv qiymətləndirilməyə ehtiyacı olan problemlərinə yenidən baxmağa çağıran maraqlı potensial var."
Sonra filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev "Sosrealizm bizə nə verdi?" əsəri barədə düşüncələrim" mövzusunda ətraflı məruzə etdi. Məruzədə deyilir: "Çağdaş ədəbiyyatımızda daim ədəbi prosesin içində olan, onun qayğıları ilə yaşayan, ədəbi prosesi istiqamətləndirən, uğurlara milli vətəndaş mövqeyi ilə yanaşan xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçinin mətbuatda çap olunan əsərləri bir qayda olaraq böyük maraq doğurur, bir çoxu ədəbi hadisəyə çevrilir. Ədibin bu gün müzakirəsinə yığışdığımız "Sosrealizm bizə nə verdi?". Sovet dövrü ədəbiyyatı. Məsələnin qoyuluşuna dair" əsəri istisna təşkil etmir. Bu əsər hələ silsilə məqalələr şəklində "Ədəbiyyat qəzeti"ndə işıq üzü görəndə böyük marağa səbəb oldu. Orijinallığı ilə seçilən, həyatımızın, ədəbiyyatımızın 70 illik ağrılı-acılı günlərindən bəhs edən əsər ədəbi yığıncaqların, məclislərin baş mövzusuna çevrildi. Nəticədə Elçin müəllimin həmin yazısı "525-ci qəzet"də və "Azərbaycan" jurnalında da çap olundu. Az sonra "Mütərcim" nəşriyyatı həcmi kiçik, sanbalı böyük olan kitabı buraxdı. Silsilə məqalələr və kitab haqqında tanınmış alimlərimiz mətbuatda sanballı yazılarla çıxış etdilər. Onlardan professor Yusif Seyidovun "Elçinin önə çəkdiyi həqiqətlər ("Ədəbiyyat qəzeti" 14 yanvar 2011-ci il), professor Şamil Vəliyevin "Tarixin tələbi və qırmızı yalanlar" ("525-ci qəzet", 22 yanvar 2001-ci il) və bəndənizin "İtirdiklərimiz və qazandıqlarımız" ("Ədəbiyyat qəzeti", 17 dekabr 2010-cu il) məqalələrini göstərmək olar.
Hər şeydən əvvəl onu deyim ki, bu əsəri görkəmli yazıçı və alimin, ədəbiyyatımıza vicdanla xidmət edən vətəndaşın təkcə uğurlu yazısı kimi qiymətləndirmək doğru olmazdı. "Sosrealizm bizə nə verdi?" əsəri bizi ortaq keçmişimizdən ortaq gələcəyə səsləyən bir manifest kimi dəyərləndirilməlidir. "Sosrealizm bizə nə verdi?" baxımından tarixi əhəmiyyət kəsb edən bir əsərdir. Şübhəm yoxdur ki, zaman keçdikcə tarixi həqiqətləri bəyan edən bu əsərin qiyməti daha da artacaqdır. Maraqlıdı: "Elçin müəllim bu məsələyə niyə 20 ildən sonra qayıdıb?". Professor Yusif Seyidov məsələyə müəyyən aydınlıq gətirib: "Əvvəla, belə proseslərə zamanca uzaqdan baxmaq lazım gəlir. Görmək lazım idi ki, sosrealizmin hökmü olmadan ədəbiyyat necə yaşayır? Həqiqi sənət əsərləri yarana bilirmi? Qoy həyat özü göstərsin ki, sosrealizm yeganə yaradıcılıq metodu deyil. Məhz indi bu problemin verdiyi yola nəzər salmaq, onun ictimai-siyasi əsaslarını açmaq, nə verdiyini, nə aldığını elmi əsaslarla araşdırmaq olar".
Bunu Elçin etdi. Ciddi təhlil və arqumentlərlə izlənən "Sosrealizm bizə nə verdi?" əsərini oxuyub başa çatanda ilk qənaətim bu oldu ki, belə bir çox mürəkkəb mövzuya prosesin içində olan, mövzuya dərindən bələd olan, Elçin kimi səriştəli, müdrik bir şəxs girişə bilərdi. Bu dəyərli və əhəmiyyətli əsər adamı düşünüb-daşınmağa, məsələnin məğzinə varmağa sövq edir. Müqayisələr aparmağa, öz baxışlarına tənqidi yanaşmağa, həqiqəti üzə çıxarmağa meydan açır. Bu həcmcə kiçik, mənaca böyük olan əsərdə nəticə çıxarılmalı, istiqamətləndirici məqamlar çoxdur. Elçin müəllim bütün başqa əsərlərində olduğu kimi, bu əsərində də olaylara vicdan tərəzisinin gözü ilə baxıb.
Professor Yusif Seyidov və mənim əsəri oxuyanda bir-birimizdən xəbərsiz eyni hissləri yaşamağımız, eyni narahatlığı keçirməyimiz, ötən 70 illik bir dövrdə sosrealizmin Azərbaycan ədəbiyyatına verdikləri və nədən məhrum etdiyi ətrafında düşüncələrimiz eyni olub. Əlli ildən artıq Azərbaycan ədəbiyyatının oxucusu və təəssübkeşi olan bizlər, ürəyimiz əsə-əsə bizi qane edə biləcək düzgün və obyektiv cavabı gözləyirdik: "Qazandıqlarımızın ağırlığı itirdiklərimizdən az olmayacaq, bəlkə də əksinə, çox olacaq".
Bununla belə, mən "bəlkə də" ifadəsinin mətndən çıxarılmasını arzu edərdim. O baxımdan ki, sosrealizmin dövründə ədəbiyyatımızın və incəsənətimizin, dilçilik elmimizin, ümumiyyətlə, mədəniyyətimizin qazandıqları itirdiklərimizdən şəksiz çox olub. Mən bu qənaətə Elçin müəllimin əsərindən çıxış edərək gəlmişəm. Onların bəzisini sadalamaqla kifayətlənəcəyəm.
Sosrealizm Azərbaycan ictimai fikrinin formalaşmasında, milli təfəkkürün güclənməsində böyük rol oynayıb. Milli ədəbiyyatımızın aparıcı janrları - roman, hekayə, povest və s. sosialist realizmin iştirakı ilə formalaşıb və layiq olduğu yeri tutub. Eləcə də mənsur və sərbəst şeir Azərbaycanda ədəbiyyat nəzəriyyəsi sosrealizm dövründə meydana gəldi, ədəbiyyatımızın fundamental tarixi yaradıldı. Müasir Azərbaycan ədəbi və bədii dili formalaşdı. Dilimizin fundamental qarşılıqlı, izahlı, terminnoloji, leksikoloji, frazeoloji lüğətləri hazırlandı. Tərcümə sahəsində - Qərb və rus ədəbiyyatı ilə müasir Azərbaycan ədəbiyyatı arasında üçtərəfli gedişata malik miqyaslı işlər görüldü. Müasir Azərbaycan tərcümə məktəbi yarandı.
Bununla belə, sosrealizmin mənfi cəhətləri
də az olmayıb. Bəzən onlar dağıdıcı, məhvedici
xarakter daşıyıb. Sovet sisteminin əlində alət olan sosrealizm Azərbaycanda
romantizmə sağalmaz yara vurdu. XX əsrdə meydana gələn
bir çox ədəbi cərəyanların
qarşısına sədd çəkdi. Halbuki milli-mənəvi
dəyərləri qoruyub saxlamaq şərti ilə Qərbdən
öyrənmək, yaxşı cəhətləri mənimsəmək
və ondan bəhrələnmək olardı ki, istedadın məhsulu
olmayan ədəbiyyat meydana gəlməsin. Eləcə də
sosrealizm yaradıcı insanın bədii təsvirini iki zidd
qütbə böldü - "müsbət" surətlər
və "mənfi" surətlər. Müəllif
sosrealizmin "kəşfi" olan bu məsələyə
diqqət yetirir: "Hakim ideologiyanı təcəssüm
etdirən surət "müsbət" idi və o "mənfi"
ola bilməzdi, bu ideolojiyaya yad hərəkətlərə yol
verən isə heç vəchlə "müsbət"
ola bilməzdi.
Sosrealizm
dövründə ən böyük itkimiz yaradıcı
adamlarımız oldular. Bu dövrdə sistemin hökmü ilə
haqq sözün sərhədləri nəinki daraldı,
doğru söz ədəbiyyatımızda qeyb olmaq dərəcəsinə
çatdı... Haqq-ədalətin adını çəkənlər,
"Oxu tar!" deyənlər Sibir düşərgələrində
məhv oldular. Kitabda doğru olaraq qeyd edildiyi kimi, 1956-cı
ilə qədərki dövrdə yazıçılar, eləcə
də rəssamlar, bəstəkarlar, memarlar, rejissorlar və
başqaları sosialist realizminə məhkum edilmiş
yaradıcı insanlar idi.
Mən
bunun nə olduğunu bu günlərdə akademik Bəkir Nəbiyevin
"Üzeyir Hacıbəylinin izahlı ömürnaməsi"
adlı sanballı kitabının əlyazmasını oxuyarkən
dərindən dərk etdim.
Sosrealizm
sadəcə ədəbi metod deyildi, Kommunist
Partiyasının sayəsində ağlasığmaz gücə
malik siyasi mahiyyətli metod idi. Bütün Sovet ədəbiyyatı,
o cümlədən də Azərbaycan ədəbiyyatı
onun müəyyənləşdirdiyi yolla getmək zorunda idi.
Bununla belə, prof. Y.Seyidovun təbirincə desək, bəzən
çaylar bəndləri yıxaraq məcrasından
çıxdığı kimi, Azərbaycan ədəbiyyatı,
elə musiqisi də bir sıra hallarda sosrealizm çərçivəsindən
çıxırdı.
Bu
baxımdan Elçinin fikirləri əlahiddə əhəmiyyət
kəsb edir: "Sistem güclü idi və onun həmləsinə
tab gətirmək üçün həmin gücə
ekvivalent istedad tələb olunurdu. Bəzən qəribə
bir mənzərə yaranırdı: eyni bir əsərdə
həm sosrealizm tələbləri, həm də istedadın təhriki
ilə sosrealizmin tələblərinə o qədər də
doğma olmayan bədiiyyat tələbləri öz ifadəsini
tapırdı…
…Elçinin
bu əsəri bir çox cəhətdən qiymətlidir. Bu əsər,
əslində dünyanın keşməkeşlərini hələ
dərindən dərk etməyə qadir olmayan yaradıcı
gənclər üçün məktəbdir, qədirşünaslıq
nümunəsidir - desək, həqiqətdən kənar olmaz.
Əsəri
oxuyarkən, məsələnin məğzinə nüfuz etmək,
Elçin müəllimin fikir və duyğularını daha
yaxşı dərk etmək üçün onun səxavətlə
mənə hədiyyə etdiyi oncildliyini, xüsusən də
elmi və publisistik məqalələr toplanmış
7,8,9,10-cu cildləri yenidən nəzərdən keçirdim.
Müəllifin ədəbi prosesdə toxunmadığı
problem demək olar ki, yoxdur. Əldə olunmuş bilik və təcrübə
bu yeni əsərdə özünü bariz şəkildə
göstərir. Gəlinmiş qənaətlər, ümumiləşmələr
hədəfə düz dəyir. Bəzi qələm sahiblərindən
fərqli olaraq, hər hansı sənətkar haqqında fikir
söyləyəndə Elçin müəllim tam səmimi
olur: "Tarix var və hərə öz yazısının
cavabdehidir" deyərək həqiqəti ortaya qoymaqdan
çəkinmir. Burada məni ən çox qane edən bir də
odur ki, "ifşaçılıq" dövründə
öz qələm yoldaşlarına, həmkarlarına qara
yaxan, böhtan atan, insanlıq simasını itirmiş
adamların kimliyi üzərində müəllif çox
dayanmır, o baxımdan ki, onların ruhu onsuz da narahatdır.
…Məlum
məsələdir ki, Sovet dövrü ədəbiyyatımız
üçün səciyyəvi olan nikbinlik, ideoloji ümumiləşmələr,
sonralar bir çox yazıçılarımızın, o
cümlədən də Elçinin
yaradıcılığı ilə uzlaşmadı. Akademik
İsa Həbibbəylinin göstərdiyi kimi, keçən əsrin
60-cı illərindən başlayaraq böyük çətinliklərlə
olsa da, genişlənməkdə olan tənqidi realizm o zamankı
mövcud ədəbiyyat siyasətinin ideoloji buxovlarını
qırıb dağıtmış, insan və həyat üzərində
köklənmiş təbii bir ədəbi prosesin
yaranmasını və inkişaf etməsini şərtləndirmişdir.
Bir
neçə kəlmə də əsərdə əhəmiyyətli
yer ayırılmış "Altmışıncılar"
haqqında. Qəribədir ki,
"Altmışıncılar"ın ədəbiyyatımıza
gəlişini bəziləri nəsildəyişmə prosesi
anlamında qəbul edirdilər. Bəziləri isə
"Altmışıncılar"ın meydana gəlməsini
SSRİ-də siyasi iqlimin yumşalması ilə əlaqələndirirdilər.
Burada həqiqət yaşantıları vardır.
Çünki Elçin müəllim göstərdiyi kimi bu
hadisə SSRİ miqyasında baş vermişdi. Bununla belə,
Elçin müəllim məsələyə başqa bucaqdan
yanaşır. "Sosrealizm bizə nə verdi?" əsərində
qeyd edir ki, bu bədii-estetik hadisə olub, novatorluqla ənənə
arasında - milli ədəbi ənənələr və
dünya ədəbiyyatı təcrübəsindən gələn
ənənələr arasında bağlılıq idi.
"Altmışıncılar" təsdiqləyə bildilər
ki, bəşəriliyə aparan yol millilikdən keçir.
Eyni zamanda mühüm olan odur ki,
"Altmışıncılar"da forma və məzmun
milliliyi, milli məhdudiyyəti yarıb keçdi. Həqiqətən
də, "Altmışıncılar"ın milli ədəbiyyatımızın
inkişafında xidmətləri danılmazdır. Onlardan biri
də milli-ədəbi ənənələrə
bağlılıq məsələsidir ki, onun sayəsində
"əvvəlki onilliklərin üzərindən folklora
körpü salındı".
Bununla belə,
deməliyəm ki, "Altmışıncılar"a qədər
də yazarlarımız folklordan bol-bol bəhrələniblər.
Doğrudur,
bir yazıçı və alim kimi folklorla ilgili Elçin
müəllimin xidmətləri müstəsnadır. Mən
bunu çəkinmədən deyirəm.
Müəllifin
bir çox ölkələrdə, o cümlədən
İraqda (Kərkük, 2007) çap olunan "Mahmud və Məryəm"
romanını, "Dədə Qorqud aliliyi", "Klassik
aşıq poeziyasında Dünya obrazı"
monoqrafiyalarını, Güney Azərbaycan folkoru
işığında bütöv xalqımızın
bayatılarına həsr etdiyi "Mən səndən
ayrılmazdım" adlı məqaləsini göz
önünə gətirirəm. Məhz bu baxımdan
"Sosrealizm bizə nə verdi?" əsərində
yazıçı və alimin xalqımızın ən
böyük milli sərvəti olan folklora xüsusi önəm
verməyini yüksək qiymətləndirirəm.
…Sovet
dövrü ədəbiyyatımıza həsr olunan
"Sosrealizm bizə nə verdi?" adlanan bu qiymətli əsər
qalaq-qalaq kitabların mövzusu olan məsələləri
ortaya qoyur. Adamı heyrətə gətirən müəllifin
ümumiləşdirmə qabiliyyəti, ədəbi prosesə
dərin bələdiliyi, tədqiqatçı səriştəsidir.
Prof. Y.Seyidovun da qeyd etdiyi kimi, Elçin bu əsərdə nəzəri
metod kimi sosrealizmin daxili mexanizmini, onun tarixi missiyasını
açıqlamaqla tarixi xidmətlər göstərmişdir.
Görkəmli yazıçı və tənqidçi
Elçin bu əsəri ilə başqa elm və incəsənət
sahələrinin tədqiqatçıları
üçün də gərəkli bir mövzu ortaya
atmışdır."
Məruzə
ətrafında çıxış edən filologiya elmləri
doktoru, professor Akif Hüseynov dedi: "Söhbət ciddi, ciddi
olduğu qədər də mürəkkəb bir məsələdən
gedir. Məncə, Elçinin haqqında söhbət
açılan silsilə məqalələri daha çox məsələ
ətrafında mühakimələrdi. Şübhəsiz ki,
bu məsələlər gələcəkdə daha geniş
tədqiqatlarda öz əksini tapacaq. Bizlərdən
çoxumuz o dövrdə yaşamışıq. Dövr həqiqətən
unikal bir dövr idi. Ədəbiyyatda, eləcə də tarixdə
bu dövrün analoqunu tapmaq çətindi. Sistem dəyişib.
Bir çox dəyərlərə münasibət dəyişib.
Elə bil çoxlu, zəngin kitablar var və bunlar birdən-birə
sahibsiz qalıb. Bu kitabları isə tədqiq etmək,
gerçək dəyərini vermək mütləq vacibdir və
bu elə də asan bir məsələ deyil. O dövr ədəbi
prosesini tədqiq etmək üçün gərək ədəbiyyatı
içdən görə biləsən. Elçin bu
mövzuya içdən baxa bilib və onun belə bir məqaləni
yazması təbiidi. Sosrealizm metodu estetik mahiyyətdən
çox ideoloji mahiyyət daşıyır. Eyni zamanda bu
baxış yazıçının şüuraltı
yaddaşının sözaltı vasitələrlə ifadə
olunmasına zəruri meydan açırdı. Elçin bu
kontekstdən çıxış edərək maraqlı bir
məsələ qoyub: - Nə qazandıq, nə itirdik?
İtirdiklərimiz haqda daha çox danışır.
Qazandıqlarımız haqqında az söhbət
açılması təbiidi. Eyni zamanda o, diqqəti o
dövrün ədəbi prosesini obyektiv, gerçək
baxımdan dərk etməyə, qiymətləndirməyə
yönəldir. Tutaq ki, biz Almaz obrazını olduğu kimi
anlamalı və dəyərini verməliyik, eləcə də
Hacı Əhmədi… Bir var "dövr nə verdi", bir də
var "metod nə verdi?" Hesab edirəm ki, dövrün
nailiyyətlərini metodun adına yazmaq olmaz. Bunlar
başqa-başqa məsələlərdi və ümumiyyətlə,
məqalədə qoyulan problemin özü ziddiyyətlidir. Bu
məsələdən bəhs edərkən hər hansı
obyektiv fikri sürdürmək çox çətindi, həyat
həqiqəti sosrealizmdə çox zəif idi. Ümumiyyətlə,
həyat həqiqətinin özü problemlidi. Burada
yazıçı mövqeyi, yazıçı münasibəti
və istedadı əsas və aparıcıdı. Məncə,
həyat həqiqəti ədəbiyyatda həlledici rol
oynamır…"
A.Hüseyov
sonra konkret əsərlər və müəlliflərin həyat
həqiqətlərinə baxışları kontekstində
fikirlərini açıqladı, müzakirə olunan məqalənin
aktuallığına diqqət çəkdi: "Arzu edirəm
ki, Elçin özünəməxsus bilik və
istedadının geniş imkanları çərçivəsində
bu səpkili əsərlərin meydana gəlməsini davam
etdirsin".
AMEA-nın
müxbir üzvü, professor Teymur Kərimli dedi: "Bu günlərdə
Elçinin "Sosrealizm bizə nə verdi?"
kitabını diqqətlə oxudum. Qənaətə gəldim
ki, sosrealizm əslində realizmin "SOS" fəryadıdı.
Özəlliyi ondadır ki, Elçin müəllimin
özünəməxsus tənqidi baxışı burada da
çox maraqlı şəkildə təqdim olunur. Burada bir
çox mətləblərə toxunulub. Başlıcası
odur ki, biz müstəqillik qazanandan sonrakı ilk onillikdə
kitabda bəhs olunan dövrə baxışda az qala sosrealizm
münasibəti görürdük. Yəni çoxları
birmənalı şəkildə o dövrün ədəbiyyatına
bolşevik münasibətilə yanaşır, "doloy, sosədəbiyyat!"
mövqeyindən çıxış edirdi. Elçin müəllimin
bu kitabında dövrün mahiyyətinə və ədəbi
mətbəxə obyektiv, ədalətli münasibət sərgilənib,
altmışıncılar ədəbi nəslinin gerçək
haqqı önə çıxıb. Dahi şairimiz Nizami Gəncəvi
vaxtilə bəyan edirdi ki, heç kəsdən bir diqtə qəbul
etmədim, ürəyim nə dedi, onu da yazdım. Elçin
müəllimin kitabında yazılanlar da sosrealizm haqqında
ürəkdən, əsl ziyalı-vətəndaş
mövqeyindən irəli gələnlərdi."
Professor
Nizaməddin Şəmsizadə məruzə ətrafında
danışaraq dedi: "O dövr bizim tariximizin bir
parçasıdı və onu tariximizdən kəsib ata bilmərik.
O cümlədən sosrealizm anlayışını,
yaşamını da. Elçin müəllimin sözü gedən
məsələ ilə bağlı mövqeyi çox
düzgündü ki, sosrealizm ədəbiyyatımıza təbii
şəkildə gətirilməmişdi. Bu, tamamilə
doğru münasibətdi. Haqqında söhbət gedən
kitab ona görə dəyərlidir ki, burada həmin
dövrün içində yazıb-yaratmış və
formalaşmış bir yazıçının münasibəti
sərgilənib. Müəllif doğru mövqedən
çıxış edir ki, sosrealizm sovet ideologiyasının
ədəbiyyata tətbiq vasitəsi idi. Kitabda forma və məzmun
məsələsi çox düzgün qoyulub. Sosrealizm
metodunun prinsiplərindən biri də xəlqilik idi. Ancaq bu
prinsipdən söhbət açanda rus sovet şairi Yevgeni
Yevtuşenkonun fikri yada düşür: "Sosrealizm kütlə
üçün yazmağa icazə verir". 1923-cü ildə
ilk dəfə ədəbi müstəviyə
çıxarılan bu metod şübhəsiz ki, inzibati
amirlik metodu idi. Elçinin kitabında bu metodun ədəbi həyatımıza
tətbiq olunmasının acıları, eyni zamanda, az da olsa,
sənətkar qüdrəti ilə ona qarşı dayanma cəhdləri
obyektiv şəkildə araşdırılıb.
Filologiya
üzrə fəlsəfə doktoru Şirindil
Alışanlı çıxışında problemin son illərdə
Avropa nəzəri fikrində daha çox önə çəkildiyini
vurğuladı: "Buradakı çıxışlardan
görünür ki, bu məsələləri biz yenidən
müzakirə mövzusuna çıxarmalıyıq. Rusiyada,
eləcə də Avropada bu məsələlər artıq
aydınlaşıb. Elçin müəllimin burada müzakirə
olunan kitabı ədəbi prosesi ardıcıl izləyən
bir insanın münasibətini ortaya qoyur və ona görə
də diqqəti çəkir. Eyni zamanda, hesab edirəm ki, bu
məqalədə müdafiə olunan nailiyyətləri təkcə
sosrealizmin qələbəsi kimi məhdudlaşdırmaq
düzgün olmaz. Sosialist sivilizasiyasının çox
böyük nailiyyətləri olub. Yaradıcılıq
metodunu hər hansı ədəbiyyata zorla tətbiq etmək
də mübahisəlidi. Şübhəsiz ki, buna cəhdlər
olub. fikrimcə, "sosrealizm yox, sovet hərbi
maşını insanları məhv etdi" mövqeyindən
çıxış etmək düzgün olar (xalq
yazıçısı Elçin aydınlıq gətirdi ki,
məqalədə insanları sistemin məhv etdiyi qeyd olunub,
sosrealizmin məhv etməsi yox - S.). Son tədqiqatlar onu da
isbatlayır ki, sosrealizm metodu bir çox görkəmli sənət
ustaları da yetişdirib. Məsələnin bu tərəfinə
də diqqətlə yanaşılmalıdı. XX əsr ədəbiyyatımız
Azərbaycan ədəbiyyatı tarixində ən
böyük və ziddiyyətli dövrdür. Elçin
müəllim düz yazır ki, ədəbiyyatımızın
elə bir janrı yoxdur ki, XX əsrdə inkişaf etməsin.
O bir başqa məsələdir: tutaq ki, aşıq
yaradıcılığı istər o vaxt, istərsə də
indinin özündə nə səviyyədə təbliğ
və inkişaf etdirilir. Belə müzakirələrin
davamlı olması arzu ediləndi."
Filologiya
üzrə fəlsəfə doktoru Tehran Əlişanoğlu
çıxışında qeyd etdi ki, ali məktəblərin
filoloji fakültələri, eləcə də ədəbiyyatşünaslıq
elmimiz üçün bu mövzu çox aktual və vacibdi,
təəssüf ki, dərsliklərimizdə ona yer
ayrılmayıb. İstedad və sistem məsələsi məqalənin
ana xəttini təşkil edir. Bu, ədəbiyyata içdən
baxışın nümunəsidir. Məqalədə
"Sosrealizm bizə nə verdi?" sualına cavab belədi
ki, başlıcası, zora qarşı təpki göstərmək
müqaviməti aşıladı. Elçin müəllim
doğru qeyd edir ki, hər cür cərəyanı ilk
növbədə iç yaradır. Bu mülahizə 60-cı
illər ədəbi nəslinin təsnifatında bütün
incəliklərilə ortaya qoyulur.
Filologiya
üzrə fəlsəfə doktoru Nikpur Cabbarlı
sözügedən dönəmdə Hüseyn Cavidin
"İblis", "Səyavuş" əsərlərinin
də, Süleyman Rüstəmin "Ələmdən nəşəyə"
şerinin də yarandığını önə çəkərək
vurğuladı ki, Stalin öz ideyalarına uyğun olaraq sənəti
partiyanın kurasiyasına daxil etmişdi. Elçin müəllim
də məqalədə daha çox bu məsələlər
üzərində dayanır. Sosrealizm dövründə ədəbiyyatımızın
itirdikləri və qazandıqları barədəki mülahizələrini
müəllif konkret ədəbi-bədii faktorlarla əsaslandırır,
bu zaman tarixilik prinsipi ümdə faktor kimi rəhbər
tutulur… Sosrealizmin həyatla ədəbiyyat arasında
uçurum yarandığını qeyd edən müəllif ədəbiyyatımızın
o dövrdəki uğurlarını elmi obyektivliklə qiymətləndirir,
eyni zamanda ədəbiyyatın sistemə, sosrealizmə
münasibətinin təbii səbəbləri və nəticələri
üzərində dayanaraq bu prosesin bədii təfəkkir
yeniliyi, yaradıcılıq prinsipini dəyişməsi,
istedadın daxili azadlıq əldə etməsi kimi təfsir
edir, altmışıncıların ədəbiyyata gəlişinə
də bu rakusdan yanaşır.
Tanınmış
tənqidçi Vaqif Yusifli məruzə ətrafındakı
çıxışında vurğuladı ki, Elçin
görkəmli yazıçı olmaqla yanaşı, həm də
səriştəli tənqidçidir. O, ədəbi prosesin
meyarlarına dərindən bələddi və tənqidçilik
fəaliyyətini ardıcıl davam etdirib. Ötən əsrin
70-80-ci illərində İttifaq məkanında ən
çox çıxış edən Azərbaycan tənqidçisi
də Elçin olub. O dövrdə belə bir missiyanı həyata
keçirmək çox çətin idi. Elçinin
"Sosrealizm bizə nə verdi?" kitabında əsas məsələ
XX əsrdə sosializm quruluşu çökdüyü vaxta
qədərki dövrə, eyni zamanda ədəbi həyata
obyektiv münasibət ortaya qoymaqdır və müəllif
dolğun mülahizələrilə buna nail olub.
Professor
Vaqif Arzumanlı çıxışında qeyd etdi ki,
Elçin bu kitabla əslində məsələyə ədəbi
ictimaiyyətin diqqətini cəlb edir. Bununla o,
çağdaş ədəbi nəslə reallıqların
dərk olunması üçün pəncərə
açır. Vaxtilə Mövlud Süleymanlının "Dəyirman"
əsərinin müzakirəsində Elçin bu maraqlı əsərin
real qiymətinin verilməsinə necə dirəniş göstərirdisə,
bu kitabda da XX əsr ədəbi həyatının real dəyərinin
verilməsi naminə həmin mövqe ucalığından
münasibət bildirir.
"Ədəbiyyat
qəzeti"nin şöbə müdiri Aydın Xan
vurğuladı ki, müzakirə olunan əsər yeni bir
texnologiya ilə qələmə alınıb. Bu, tekst
içində tekstdi. Bu əsərində Elçin müəllimin
düşüncə tərzi, nəsr əsərlərində
olduğu kimi, dünyanın bir çox çağdaş
mütəfəkkirlərinin düşüncəsinə
qovuşur, eyniləşir. Sözügedən mövzuya
münasibət əslində Elçin müəllimin
"Ölüm hökmü" romanından başlayıb.
Müəllif bizə keçdiyimiz yolun mahiyyətini
açır, xarakterizə edir. Bu əsər gəncliyimizi
düşündürən kodlara açar kimidi. Elçin
müəllim keçid mərhələsini diqqətlə
izləyib və obyektiv bir dəyərləndirmə ortaya
qoyub, eyni zamanda da tezislərini verib.
Sonda
çıxış edən xalq yazıçısı
Elçin görüşün təşkilatçılarına
və iştirakçılara, məruzəçiyə, digər
fikir söyləyənlərə minnətdarlığını
bildirdi. Bu institutla bağlılığından söz
açan xalq yazıçısı dedi ki, o, 1965-ci ildə,
22 yaşında ikən bu instituta gəlib və 1975-ci ildə
baş elmi işçi kimi burdan gedib: "Həyatımın
10 ili bu institutla bağlıdır. Amma etiraf etmək istəyirəm
ki, 1975-ci ildən sonrakı dövrdə mən hansı vəzifədə
işləmişəmsə də, həmin 10 il həyatımın
ən işıqlı məqamlarından biri, bəlkə də
birincisi olaraq qalıb. Həqiqət bundan ibarətdir".
Görüşü
qələmə aldığı mövzuya verilən qiymət
və göstərilən diqqətin təzahürü kimi qəbul
etdiyini deyən Elçin çıxışlara qulaq asarkən
bir daha bu mövzunun həqiqətən çox vacib
olmasını özlüyündə dəqiqləşdirdiyini
söylədi: "Bu mövzu haqqında
danışılası, düşünüləsi,
yazılası, tədqiq ediləsi bir mövzudur. Bütün
çıxışlar bir-birindən fərqli idi, amma
onları birləşdirən bir kəlmə vardı - ziddiyyət,
mürəkkəblik. Yəni sosializm dövrünün ziddiyyəti,
o dövrdəki mürəkkəblikdən söhbət
gedirdi. Bu mürəkkəblik, ziddiyyət sosrealizmin məğzində
qəribə bir paradoksun dayanması ilə
bağlıdır. Hansı sahəni götürsək, məsələn,
mədəniyyəti, ya ədəbiyyatı, onun 60 ildən
artıq bir dövrü həmin vaxta təsadüf edir ki, o
zaman sosrealizm hakim ideologiya idi. Götürək
dramaturgiyanı, teatr sənətini. O dövrdə nə hadisə
baş verdi? Azərbaycan teatrına Leninin, Stalinin, Mircəfər
Bağırovun obrazı gəldi. Bu obrazlar Vaqifdən,
Qaçaq Nəbidən fərqli olaraq, Azərbaycan teatr səhnəsinə
bədiilik yox, siyasət gətirdi. Bu mənfi cəhət
idi. Amma məsələnin o biri tərəfinə baxsaq, həmin
obrazların özünün timsalında - mən hələ
Vaqifdən, Qaçaq Nəbidən danışmıram - Azərbaycan
teatrı nə qədər inkişaf etdi. Məsələn,
İsmayıl Dağıstanlı Lenin obrazını
yaratdı və Azərbaycanda aktyor sənətinin
inkişafında o dövr üçün bu bir mərhələ
oldu. Ağasadıq Gəraybəyli Stalinin - Kobanın
obrazını yaratdı. O obrazların sayəsində əslində
Azərbaycan teatrı inkişaf etdi. Bu bir paradoksdur.
...Çıxışlarda
ayrı-ayrı mübahisəli məqamlar oldu, təzadlı
fikirlər söylənildi. Onların üzərində
xüsusi durmağa ehtiyac görmürəm. Çünki elə
bilirəm, mənim yazımın özündə də
mübahisəli cəhətlər çoxdur. Bunun özü
də mövzunun mübahisəli olması anlamına gəlir.
Çıxış edənlər bu mövzunun tədqiq
edilməsinin vacibliyini söyləməkdə haqlıdırlar.
Bu bizim XX əsr mədəniyyətimizin, ədəbiyyatımızın
böyük bir hissəsidir. Doğrudan da, sosrealizmə qədər
Azərbaycan ədəbiyyatında hekayə var idi, amma hekayə
janrı Azərbaycan ədəbiyyatının milli janrına
çevrilməmişdi. Bunu Azərbaycan ədəbiyyatının
milli faktoruna o dövrün ədəbi prosesi çevirdi.
Romanı formalaşdırdı həmin dövr. O dövrdə
doğrudan da, qazandıqlarımız itirdiklərimizdən az
olmayıb. Paradoks bundadır ki, itirdiklərimiz də
qazandıqlarımızdan çox olmayıb. Ən
böyük itkimiz isə budur ki, ədəbiyyat sahəsində
birpartiyalılıq olub. Yəni, siyasətdə
birpartiyalılıq olduğu kimi, ədəbiyyatda da bunun
uğrunda mübarizə gedib. "Sosrealizmin gözəl bəhrələri
var" ifadəsini mən qəbul etmirəm. Əslində,
sosializm dövründə yazılan gözəl əsərlər
var".
Elçin
həyat həqiqətinin ədəbiyyatda o qədər də
vacib olmadığı fikrinin ona mübahisəli gəldiyini
dedi: "Çünki həyat həqiqətini ədəbiyyatda
son dərəcə vacib məsələ hesab edirəm, amma
söhbət ondan gedir ki, sosializm dövründə həyat həqiqəti
başqa bir şeydir. Sosializm dövründə sosrealizmin tələb
etdiyi ədəbiyyatdakı həyat həqiqəti
zavoddakı istehsalat prosesindəki dəqiqlik idi,
baramaçılıq planının doldurulmasının
texnologiyasını göstərməkdi və sairə".
Elçin
tədbirin gedişində bir daha əmin olduğunu
vurğuladı ki, vaxt məhdudluğuna baxmayaraq, bu mövzunu
işləməkdə düzgün iş görüb: "O
mənada ki, bu mövzu bu yazıya layiqdir. Bu mövzu nəinki
bu yazıya, burda əyləşənlərin ciddi tədqiqat
işləri yazmasına layiqdir. Çox istərdim ki,
sosrealizmlə bağlı ciddi tədqiqat işləri
yazılsın. İnanıram ki, yazılacaq da. Başqa
cür ola bilməz. Çünki o 70 ilin üstündən
qara xətt çəkmək, yaxud o dövrü tamamilə
qırmızı rənglə göstərmək
düzgün olmazdı".
Axırda
xalq yazıçısı Elçin bir daha görüş
iştirakçılarına təşəkkürünü
bildirdi.
Hazırladı: Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 18
fevral.- S.3, 5.