Cəlil Məmmədquluzadənin
tədqiqatçıları muzeyin fondunda və
ekspozisiyasında
Görkəmli dramaturq, publisist Cəlil
Məmmədquluzadə Azərbaycan ədəbiyyatının
zənginləşdirilməsində, milli şüurun
oyanmasında mühüm xidmətlər göstərmişdir.
Yazıçı hər şeydən əvvəl zülmət
dünyasında çırpınan xalqın cəhalət
buxovundan azad olmasına çalışmışdır. O,
"Molla Nəsrəddin" ədəbi məktəbini
yaratmaqla xalqının maariflənməsinə böyük təsir
göstərmişdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan MR Ədəbiyyat Muzeyinin fəaliyyətində Mirzə Cəlil yaradıcılığının toplanması, öyrənilməsi və tədqiqi əsaslı yerlərdən birini tutur. Muzeydə Cəlil Məmmədquluzadə tədqiqatçılarına, ədəbiyyatşünas alimlərə, yazıçı və şairlərə şəxsi fondlar yaradılmışdır. Bu fondlardan biri də Cəlil Məmmədquluzadə fondudur. Fondda Cəlil Məmmədquluzadənin ailə üzvlərinin, qələm dostlarının, seminariya yoldaşlarının, onun sevdiyi və oxuduğu klassiklərin, mollanəsrəddinçi şairlərin naxçıvanlı müasirlərinin, tədqiqatçılarının fotoları və müxtəlif sənədləri qorunub saxlanılır.
Muzeyin ekspozisiyasının geniş bir hissəsi görkəmli dramaturq Cəlil Məmmədquluzadəyə və onun redaktoru olduğu "Molla Nəsrəddin" jurnalına, mollanəsrəddinçi şair və yazıçılara həsr edilmişdir. Ekspozisiyada Mirzə Cəlilin sevdiyi, oxuduğu klassiklərin Nizami Gəncəvinin, Əbülqasım Firdovsinin, Sədi Şirazinin, Əlişir Nəvainin, Aleksandr Puşkinin, Vilyam Şekspirin, Lev Tolstoyun, Mirzə Fətəli Axundovun və başqalarının fotoları nümayiş olunur. Burada Cəlil Məmmədquluzadənin tədqiqatçılarına da ayrı-ayrı guşələr yaradılmış, onların yaradıcılığına geniş yer verilmişdir.
Cəlil Məmmədquluzadənin həyatı, bədii yaradıcılığı, ictimai fəaliyyəti ədəbiyyatşünaslıq elminin diqqətindən yayınmamışdır. Azərbaycan ədəbiyyatşünaslığı istər "Molla Nəsrəddin" jurnalı, istərsə də ayrı-ayrı mollanəsrəddinçilər haqqında, xüsusilə Cəlil Məmmədquluzadə kimi klassikin yaradıcılığı haqqında qiymətli tədqiqat əsərləri, monoqrafiyalar yaratmışlar. Fondda və ekspozisiyada ədəbiyyatşünas alimlərdən Mirzə Cəlil tədqiqatçılarından Əziz Şərif, Abbas Zamanov, Cəfər Xəndan, Həbibulla Səmədzadə, Nazim Axundov, Əli Nazim, Əli Sultanlı, Məsud Əlioğlu, Orucəli Həsənov, Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, Əziz Mirəhmədov, Mir Cəlal Paşayev, Firidun Hüseynov, İsa Həbibbəylinin və başqalarının Cəlil Məmədquluzadəyə və onun redaktoru olduğu "Molla Nəsrəddin" jurnalına, rəssamlarına həsr olunmuş avtoqrafla hədiyyə olunmuş kitabları mühafizə olunur və muzeyə gələn tamaşaçıların marağına səbəb olur.
"Molla Nəsrəddin" təxəllüsü ilə geniş dairədə tanınmış Cəlil Məmmədquluzadə böyük məzmunlu ömür yolu keçmişdir. Onun adı Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinə möhkəm surətdə daxil olmuşdur" - deyən görkəmli ədəbiyyatşünas alim, professor Əziz Şərifin, satirik yazıçının zəngin ədəbi irsinin tədqiqi və təbliğində xidmətləri böyükdür. O, ədibin ayrı-ayrı əsərlərinin toplanıb aşkara çıxarılmasına, rus dilində nəşrinə bütöv bir ömür sərf etmiş, fədakar tərcüməçi və böyük naşirdir. Əziz Şərif "Molla Nəsrəddin necə yarandı" kitabında Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadənin ədəbi fəaliyyətindən, "Molla Nəsrəddin" satirik jurnalının yaranması tarixindən, jurnalda əməkdaşlıq edənlərin işindən, mübarizəsindən bəhs etmişdir.
Ekspozisiyada Cəlil Məmmədquluzadə sənətini sevən, tədqiq və təhlil edən ədəbiyyatşünas alim, görkəmli yazıçı Mir Cəlal Paşayevə də guşə ayrılmışdır. Guşədə yazıçı alimin əsərləri, həyatının müxtəlif anlarını əks etdirən fotoları öz əksini tapmışdır. O, müxtəlif illərdə Cəlil Məmmədquluzadənin "Əsərlərinin üçüncü cildinə" (1947), yazıçının "Danabaş kəndinin əhvalatları" (1953) povestinin və "Ölülər" (1963) pyesinin ayrıca kitab halında nəşrinə nail olmuşdur. O, yazırdı ki, "Biz Mirzə Cəlili hələ indi-indi öyrənəmyə başlamışıq. Bu kişidən nə qədər yazılsa, yenə azdır".
Azərbaycan MEA-nın müxbir üzvü olan Əziz Mirəhmədovun səmərəli axtarışlarının nəticəsi olan "Azərbaycan Molla Nəsrəddini" monoqrafiyasında Cəlil Məmmədquluzadənin jurnalistlik fəaliyyəti haqqında söhbət açılır. Müəllif Mirzə Cəlili XX əsr Azərbaycan jurnalist hərəkatının başçısı kimi ümumiləşdirmişdir. Görkəmli alim Əziz Mirəhmədov böyük demokratik ədibin əsrələrinin ikicildliyini, üçcildliyini və altıcildliyini müxtəlif illərdə nəşr etdirmişdir.
Muzeyin fondunda və ekspozisiyasında ədəbiyyatşünas alim, professor Azərbaycan MEA-nın müxbir üzvü Abbas Zamanova da fond yaradılmış və guşə ayrılmışdır. O, Mirzə Cəlilin əsərlərinin ən fəal və ardıcıl fəaliyyət göstərən redaktoru kimi diqqəti cəlb edir. "Dram və nəsr əsərləri" (1958), "Felyetonlar, xatirələr, məktublar" (1961) kitablarının redaktorluğunu etmişdir.
Fondda və ekspozisiyada Cəlil Məmmədquluzadə haqqında daha geniş və xüsusi elmi-tədqiqat işi aparan xalq yazıçısı Mirzə İbrahimovun həyat və yaradıcılığına aid maraqlı materiallar əldə etmək olar. Mirzə İbrahimov "Böyük demokrat" adlı monoqrafiyasında ədibin povest və hekayələrində yaratdığı surətləri araşdırır. Xalq yazıçısı Mirzə Cəlil bədii irsinin tədqiqi və təbliği üzərində gərgin, səmərəli yaradıcılıq işini davam etdirərək "Böyük satira ustası", "Cəlil Məmmədquluzadə" adlı kitablarını yazır. Onun ədibin yaradıcılığının müxtəlif sahələrindən bəhs edən bir çox məqalələri də vardır.
"Azərbaycan bədii mədəniyyətinin çoxəsrlik tarixinə qüdrətli ədəbi şəxsiyyətlərdən biri kimi daxil olan Cəlil Məmmədquluzadə xalq işi, vətəndaşlıq fəaliyyəti üçün doğulan görkəmli simalardandır" - deyən ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadə ədəbi irsinin yorulmaz tədqiqatçısıdır. O, "Cəlil Məmmədquluzadə mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Ədəbiyyatşünas alim Cəlil Məmmədquluzadənin "Ər", "Lənət", "Oyunbazlar" adlı pyeslərini aşkara çıxarıb çap etdirmişdir. Onun Mirzə Cəlil irsinə həsr olunmuş "Cəlil Məmmədquluzadə albom monoqrafiyası", "Seçkin Azərbaycan yazarı Cəlil Məmmədquluzadə", "Cəlil Məmmədquluzadə seçilmiş əsərləri", "Mirzə Cəlil və Məmmədquluzadələr: Məktublaşma" və başqa kitabları vardır. İsa Həbibbəylinin Ərzurumda türk dilində, Moskvada rus dilində, Pakistanda urdu dilində çap edilmiş kitabları böyük ədibi dünya ictimaiyyətinə tanıtmağa xidmət edir. O, həmçinin Cəlil Məmmədquluzadənin müxtəlif ölkələrdə yaşayan nəslinin davamçılarını axtarıb tapmışdır. İsa Həbibbəyli bu nəticəyə gəlmişdir ki, "Cəlil Məmmədquluzadə böyük bir ailənin müdrik, uzaqgörən, qayğıkeş başçısı, sadiq ömür-gün yoldaşı kimi bənzərsiz, təkraredilməz və yaddaqalandır".
Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında yüzlərlə tədqiqat əsərlərinin yazılmasına baxmayaraq, bu gün də gənc ədəbiyyatşünas alimlərimiz yazıçının ədəbi yaradıcılığına müraciət edərək yeni-yeni tədqiqat əsərləri yazırlar. Muzeydə ömrünü xalqının xoşbəxtliyi, milli azadlığı uğrunda mübarizəyə həsr edən böyük ədibimiz Cəlil Məmmədquluzadənin ədəbi irsinin öyrənilməsi, yeni-yeni elmi materialların əldə edilməsi işi bu gün də uğurla davam edir.
Günel NOVRUZOVA
Ədəbiyyat qəzeti.- 2011.- 18
fevral.- S.5.