Qəlbində Qarabağ dərdi…
Hörmətli Şövkət xanım, "Ürəyim dan yeridir" şeirlər toplunuzu məmnuniyyətlə oxudum. Bir çoxlarımızın ürəyində qövr edən doğma yurd göynəyi sizi də göz yaşardan qəm ocağına atmışdır. Şeirlərinizdə zərrə-zərrə sevinclər də qəm dalğaları ilə sanki ürəyin küncünə sıxışdırılmışdır. Bu fikri kitabınıza ön söz yazmış Rüzgar xanım Əfəndiyeva da xüsusi qeyd etmişdir: "…Qarabağın gözəl təbiətli Cəbrayıl rayonunun Horovlu kəndində göz açıb, gördüyü dağlar, meşələr, bulaqlar, yanı əvəlikli yollar, cığırlar… onun uşaq yaddaşında həmişəlik qalıb… Çayların nəğmələri qulaqlarında qaldı… Həmin çaylar indi onun ürəyindən axır.
Könlümdən çay səsi keçdi bu gecə,
Nəğməsi bir eşqin əfsanəsidir".
Mən də gəncliyimin şən çağlarını keçirdiyim bu günlərdə könlümdə daş yuvası salmış dilbər torpağın qəminə qərq oluram. Şeirlərinizi oxuduqca, öz dərdim bir yana, sizin də dərdiniz mənə dərd olur. Mən keçən il görkəmli şairimiz, Qarabağ dərdilə ürəyi dəmirçi ocağına dönən Hüseyn Kürdoğlunun şeirlərini oxuyanda keçirdiyim hisslərə qayıtdım. Məni oda bələyən Qarabağ dərdini bir daha yaşadım. Ürəklə-qanla yazılan şeirlərinizdən Qarabağda doğulan, o yerlərə həsrət qalan insanın könlündə nələr çəkdiyini bir daha anladım. Xudu Məmmədovu, Famil Mehdini, Sabir Əhmədlini, Hafiz Baxışı, Eldar Baxışı bu dərdin aparmasını göz önümə gətirdim:
…Şəkillər ələk-vələk,
Görən nə axtarıram?
Yel tək ötən gəncliyə
Şəkillərdən baxıram.
Siz kədəri uydurmursunuz, ürəyinizin qəmləri ilə baş-başa qalırsınız. El-oba deyə-deyə qəmə qucaq açırsınız. Bunun üçün "Gözlərəm yenə" şeirinizi oxumaq da kifayət edər.
Çəkir doğma yurdun
Qoxusu məni,
Ömrümün azalmaq
Qorxusu məni…
Azmışam içimin tənhalığında…
"Gəl" ilə "ged"in arasındayam,
Bilmirəm ömrümün harasındayam.
Atalar
demiş: "Qəm qəmi gətirir, dəm dəmi". Bu misraların səmimiyyəti sizin əhvalınızı,
keçirdiyiniz halları da şeirlərinizi oxuyan, sizi duyan
insanlara həsrətin nə olduğu çatır, ürəkləri
kövrəldir. Bunu hiss etmiş kimi, özünüz
oxucunun könlünü də almaq istəyirsiniz:
İndi
yol üstəsən, vaxt da ki, yüyrək,
Bəs necə barışdın sən bu
qaçışla?
Çəkilməz
dərdlərlə təkbətək qalan
fələk qarğamışı sən də bağışla.
"Qərq
eləyim" şeirinizdə isə ağır dərdi,
həsrəti məhv edib ondan can qurtarmaq hissləriniz nikbinliyə
meyli artırır. Qeyziniz, ürək
çırpıntılarınız inama, dözümə
sarılır. "Ağ dünyama yolum nə
vaxt açılacaq?" - deyir.
Kitabda torpaq ətirli, vətən sədalı şeirlər
üstünlük təşkil edir. Şairə xanım həm
də müəllimdir. O, həyat hadisələrinə
öz ədalətli münasibətini bildirir.
Düşmən tapdağında qalan torpaqların yenə
öz elini, insanlarını qoynuna alacağına ümidini
artırır.
"Yadıma yenə də o yerlər düşüb" şeirində olduğu
kimi:
Enişdə,
yoxuşda dizim yoruldu,
Bərkə-boşa çəkdim, sözüm yoruldu.
İntizar
çəkməkdən gözüm yoruldu,
Yadıma yenə də o yerlər düşüb.
Qoynunda gəzdiyim
yəhərli dağlar,
Mamırdan köynəkli şeh zərli dağlar.
Sürülü,
ilxılı, kəhərli dağlar,
Yadıma yenə də o yerlər düşüb.
Kitabınızda qoşma və gəraylılara da yer
ayırmısınız. "Könül nəğməsi",
qoşmanız, "Əsirgəmə" gəraylınız
sizin klassik aşıq şeirindən qaynaqlanan mövzuları
da özünüzə məxsus müşahidə, ümumiləşdirmə,
sərrast misralarla qələmə almanız təbiətə,
yaşanan həyatın canlı müşahidələrinizə
poetik qanad verməniz təqdirəlayiqdir. "Əsirgəmə"
şeriniz təkcə ilahini deyil, həm də ilahinin
yaratdığı bütün insanları uca hisslərə,
ləyaqətə yaşamağa səsləyir.
Ey cahana
nur paylayan,
Nuru sözdən əsirgəmə.
Mərhəməti
qəlbimizdən,
Abrı bizdən əsirgəmə.
...Özün
verdin bu inamı,
Sözdü şerin əzəl canı.
Çiçək
sözü, od ilhamı
Şerimizdən
əsirgəmə!
Qoşmanızda könül nəğmələrinizi
günəşin şəfəqləri ilə toxumaq istəyirsiniz. Bu şeirdə bulağa
müraciətiniz də doğma yurd dərdi ilə səsləşir:
O nəğmə
mənimdir, oxuma, bulaq,
Dinsəm, sellənərsən bəbəklərimdə.
Əzəl
oylaqlara yenə qalxaraq
Səslərəm
otları, çiçəkləri də!
Kitabınızın ən uğurlu şeirlərindən
biri "Könül nəğməsi"dir. Bu şeir
büllurluğu ilə, məna və məzmununa görə
seçilir.
O mənim
nəğməmdir, sən sus, ey külək,
O torpaq həsrətli
qəm havasıdır.
Dağıtma
sən onu qeyzə gələrək,
Sökülən şairin öz dünyasıdır.
Sən gəl
bu nəğəmyə toxunma, Araz,
Çoxdan
gözlərimə axıb dolmusan!
İndi də
bu yükü mən çəkim bir az,
Ağlaya-ağlaya
Xəzər olmusan!
Ümidsizliyə aparan kədərə qadın şairlərimizin
çoxunun şeirlərində rast gəlirəm. O sizin şeirlərinizə
də yad deyil. Kədərə üz verdikcə,
sərtləşir, qəlbinizi, ruhunuzu göynədir. Bütün bunlar da səbəbsiz deyil.
Əyri xəlbirində
düzlər ələnir,
Mən bu oyunların seyirçisiyəm.
Ürəyim
ümiddən tutub yellənir,
İndi budaqda son yarpaq kimiyəm.
Hörmətli Şövkət xanım, mən
inanıram ki, həqiqət gec-tez öz yerini alacaq, sizin
şerinizin də qəm notlarını nikbin ruhunuz əvəz
edəcək.
"Ürəyi dan yeri olan şairin"
şeirləri günəş şəfəqli misraları ilə bizi sevindirəcək.
İlyas TAPDIQ
Ədəbiyyat qəzeti.- 2011.- 18
fevral.- S.6.