Hər il fevralın 12-si...
Unudulmaz Hüseyn Kürdoğlu xalq yazıçısı, şəhid Məhəmmədin atası Sabir Əhmədlinin dilindən "Boyandı qızıl qana taleyimin qisməti" söyləyirdi qəfil xəbərin acısını yaşadığı ilk dəqiqlərdə. Musa Yaqub "Oğul dağı" şeirilə təskinlik verirdi ustad yazıçıya:
Mənə böyük qardaş ol,
Mən də Məhəmməd üçün
Əmi olub ağlayım.
Dünyanın ən yanıqlı
Qəmi olub ağlayım.
Xalq şairi Nəriman Həsənzadə Sabir Əhmədlinin şəhid balası Məhəmmədə "Sənə qurban" ağısı deyirdi:
Mən Kəbəni görməmişəm,
Sən bir nəslin Kəbəsiydin…
Qəbir üstü ziyarətdi
Ziyarətim, sənə qurban.
Əslində şəhid ömrü də seçilmiş ömürlərdəndi. 1970-ci ilin 12 fevralında dünyaya göz açan Məhəmməd Sabir oğlu Əhmədov ömrünün 22-ci ilində, elə həmin fevral gününün 12-də Murovdağda qəfil düşmən gülləsinə tuş oldu. Sonralar təsəlli olaraq ustad yazıçı şəhid balası haqqında "Sanki onun taleyi özü dünyaya gəlməzdən yazılmışdı" - deyirdi. Yazırdı ki, onun adını daşıdığı ulu peyğəmbərimizin doğulduğu ay, gün öldüyü illə eynidir - ayın 12-si. Tale yazısı budur. Şəhid övlad Peyğəmbərə qovuşur.
Vətən ölməsin deyə ölümə gedən Məhəmmədin anım günü hər il fevralın 12-də təhsil aldığı Yasamal rayon Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəbdə də dərin qədirbilənlik hissilə yad edilir.
Bu dəfə də belə oldu. Fevralın 12-də Qarabağ döyüşlərində 16 məzunu şəhid olmuş təhsil ocağında Məhəmmədin anım günü keçirildi. Mərasimi məktəbin direktoru Rəfiqə Məmmədova açdı. Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Əminə Tuncay, "Ədəbiyyat qəzeti"nin şöbə müdiri, şair Simuzər Nüsrətbəyli, şair Zahid Xəlil, şəhidin orta məktəb yoldaşı Elmira Nüsrətqızı, tarixçi Dilarə Əliquliyeva, qələm adamlarından Fəxrəddin Meydanlı, Heyran xanım, Məhəmmədin sinif rəhbəri Elmira Bədəlova, direktor müavini Ofelya İsmayılova, rus dili müəllimi Hafizə Qənbərova və başqaları onunla bağlı xatirələrini, ürək sözlərini dilə gətirdilər, yaddaşlarında canlandırdılar.
Sabir Əhmədli də elə bu cür yazırdı: "Girişdə görünən, otaqda gəzinən, havada sezilən odur, yoxsa mənim yaddaşım canlanır?!
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2011.- 18
fevral.- S.6.