“Ömür kitabı”ndan “Difai fədailəri”nə

     

Millət vəkili və xalq şairi Sabir Rüstəmxanlının yeni əsəri - "Difai fədailəri" romanı işıq üzü görüb (Bakı, "Qanun" nəşriyyatı, 2010).

Romanı birnəfəsə oxudum. Milli ruhlu yazıçının milli qürur hissləri ilə aşılanmış romandır bu əsər.

Mənə elə gəlir ki, "Difai fədailəri" kimi əsəri bizim günlərdə elə S.Rüstəmxanlı kimi milli təfəkkürə malik istedadlı qələm sahibi, vaxtilə geniş yayılmış "Ömür kitabı"nın müəllifi yaza bilərdi.

Ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında, demokratik proseslərin inkişafı istiqamətində xidmətlər göstərən, bütün dünyada yaşayan Azərbaycan türklərinin qayğıları və təşkilatlanması ilə bağlı olan S.Rüstəmxanlı.

"Difai fədailəri" müəllifin nəsr sahəsində qazandığı uğurların zirvəsidir.

Azərbaycan tarixində xalqımızın başına gətirilən faciələr sırasında 1905-1906-cı illərdə törədilmiş "erməni-müsəlman davası" yaddaşlara həkk olunmuş ən ağrılı-acılı hadisələrdən sayılır. Bəzi tarixi mənbələrdə və milli mətbuat səhifələrində həmin hadisələr barədə kifayət qədər məlumat olmasına baxmayaraq, bədii ədəbiyyatımızda bu mövzuda sanballı əsərlər demək olar ki, yox dərəcəsindədir.

1905-1906-cı illər qırğınları ilə bağlı həmin illərdə Azərbaycanda nəşr olunan mətbu orqanlarda, eləcə də M.S.Ordubadinin "Qanlı illər (1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi)", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" kitablarında kifayət qədər məlumatlar vardır.

S.Rüstəmxanlının "Difai fədailəri" romanı bədii ədəbiyyatımızda bu mövzuda yazılmış ilk yaradıcılıq nümunəsidir.

"Difai fədailəri" əsəri sənədli roman olmasına baxmayaraq, bütün hallarda çox qiymətli, 1905-1906-cı illərdə baş vermiş tarixi hadisələri özünəməxsus bədii çalarlarla, ədəbi dilin və bədii üslubun imkanlarına söykənərək əks etdirən maraqlı nəsr nümunəsidir.

Ümumiyyətlə, belə bir cəhəti xüsusi olaraq vurğulamaq istərdim ki, Sabir Rüstəmxanlı yaradıcılığı üçün səciyyəvi xüsusiyyətlərdən biri onun nəsr sahəsində qələmə aldığı əsərlərin çoxunda xalqımızla, vətənimizlə, görkəmli şəxsiyyətlərimizlə bağlı tarixi hadisələri bədii dillə oxuculara təqdim etməyə cəhd göstərməsidir. Adətən, yazıçı bu məqsədinə nail olur və onun yeni romanı dediyimizi bir daha sübut edir.

Bu yazıda "Difai fədailəri" romanının süjet və məzmunundan, əsərin bədii xüsussiyyətlərindən, müəllifin yaradıcılıq uğurlarından ətraflı bəhs etmək niyyətində deyiləm. Əsas məqsədim bu əsərin bədii təhlilini verməkdən daha çox ədəbi ictimaiyyətin, geniş oxucu kütləsinin diqqətini ona yönəltməkdir. Amma, bununla yanaşı, qismən də olsa, romanla bağlı bəzi məsələlər üzərində dayanmağı vacib sayıram.

"Difai fədailəri" romanını oxucuya sevdirən cəhətlər kifayət qədərdir. Mən onları təxminən belə ümumiləşdirərdim:

- bədii obrazların obyektivliyi və dolğunluğu;

- bədii təsvir və ifadə vasitələrindən geniş istifadə edilməsi;

- tarixi reallıqları oxucuya bədii dillə yüksək səviyyədə çatdırmaq bacarığı;

- dövrün ictimai-siyasi nəbzini əks etdirən epizod və hadisələrin dolğun şəkildə qələmə alınması;

- obrazlı və lakonik dil və üslub xüsusiyyətlərinə malik olması;

- XX əsrin əvvəllərində görkəmli ziyalılarımızın və tarixi şəxsiyyətlərimizin həyat və fəaliyyətinin bəzi səhifələrinin bədii təsvirinin verilməsi;

- xalqının varlığı, müstəqilliyi uğrunda mübarizə üçün ayağa qalxan, öz şəxsi həyatını milli qürur, amal, əqidə yolunda qurban verməyə hazır olan şəxslərin bədii surətlərinin yaradılması;

- tarixi hadisələrlə yazıçı təxəyyülünün məhsulu olan səhnələrin üzvi şəkildə qovuşdurularaq qələmə alınması;

- roman janrının bütün komponentlərinin qarşılıqlı əlaqəsinin kompozisiya bütövlüyünə nail olunması.

Bu cəhətlərin, xüsusiyyətlərin hər birinin üzərində ətraflı dayanmaqla "Difai fədailəri" romanı haqqında çox geniş fikirlər söyləmək, əsərin dərin təhlilini vermək olar.

Müəllif bu romanında 1905-1906-cı il hadisələrinin obrazlı şəkildə təsvirinə cəhd göstərmiş, bədii nəsrin imkanlarından istifadə edərək o dövrdə baş verənləri oxucuya inandırıcı şəkildə çatdırmağa nail olmuşdur. Daha dəqiq desək, bu romanda indiyə qədər bizə məlum olan bir sıra tarixi fakt və hadisələr bədii dillə, bədii təsvirlərlə geniş oxucu kütləsinə təqdim edilmişdir.

Bu romanı ilə S.Rüstəmxanlı bir daha sübut edir ki, o, istedadlı yazıçı kimi dövrün həyat həqiqətlərini, reallıqlarını bədii həqiqət səviyyəsinə qaldırmaq, ayrı-ayrı bədii obrazların daxili aləminin, indiki halda 1905-1906-cı illərdə baş vermiş qırğınların mahiyyətinin bədii şərhinə nail olmaq bacarığına malik qələm ustasıdır. Elə məhz bu cəhətlərinə görə də "Difai fədailəri" romanı bədii ədəbiyyatın idraki və tərbiyəvi əhəmiyyəti baxımından mühüm sayıla biləcək dəyərli nəsr nümunəsidir. Bu roman müasir oxucuya, yeni nəslə 1905-1906-cı il hadisələrini daha dərindən dərk etmək üçün maraqlı və qiymətli bədii yaradıcılıq nümunəsi kimi çox lazımlı və faydalıdır. Çünki bu əsər müəyyən dövr kəsiyinin real bədii mənzərələrini öz səhifələrində əks etdirə bilmişdir.

Romanda ayrı-ayrı qəhrəmanların cəmiyyətlə əlaqəsi, mübarizliyi, hətta fərdi dünyası layiqincə bədii əksini tapıb.

Əsər belə bir annotasiya - epiqrafla açılır: "Azərbaycan ictimai-fikir tarixinin nəhəng simalarından olan Əhməd Ağaoğlu 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst çar idarələrinin xəyanətkar Antiazərbaycan siyasətinə cavab vermək üçün "Difai" adlı bir partiya və ya müdafiə təşkilatı yaratmışdı. Bakıdan Batuma, Qarabağdan Dağıstana geniş şöhrət qazanan təşkilatın on minlərlə üzvü var idi. "Dfiai"nin meydana çıxması ilə Qafqazda qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişdi.

"Difai fədailəri" romanında o dövrün adamlarını müdafiə hərəkatına qoşan səbəblər, Azərbaycanı xilas etmək yolunda ziyalılarımızın apardığı çətin və şərəfli mübarizə əksini tapmışdır".

"Difai fədailəri" romanı zəngin bədii qəhrəmanlar qalereyasına malikdir. Bunlar ilk növbədə "Difai" təşkilatının ən tanınmış fəallarıdır.

Əsərin baş qəhrəmanı isə görkəmli ziyalı, şərqşünas, avropaşünas, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğludur. O Əhməd bəy ki, Parisdəki Sarbonna universitetini bitirib doğma şəhəri Şuşaya qayıdır və bütün varlığı ilə qalan ömrünü xalqın maariflənməsinə, milli oyanışa, müstəqillik uğrunda mübarizəyə həsr etmək istəyir, bu yolda bütün əzab-əziyyətlərə hazırdır. Dözür də.

Ömrünün on ilini qorxmadan, çəkinmədən mübarizələrdə keçirən Əhməd bəyin bədii surəti əsər boyu getdikcə zənginləşir, təkmilləşir.

Romanda gənc Əhmədin Parisdə keçirdiyi tələbəlik həyatı, "Qürbətdə çalışıb-oxuyub, sünbül kimi dən bağlayıb vətənə dopdolu qayıtması", Bakıda "Kaspi" qəzeti redaksiyasında fəaliyyəti, Bakı Dumasının üzvü kimi gördüyü işlər, Şuşada, Gəncədə, Tiflisdə, Peterburqda keçirdiyi görüşlər olduqca təbii və səciyyəvi cizgilərlə qələmə alınmışdır.

Söz yox ki, Əhməd bəyin publisist, alim, maarifçi və siyasi xadim kimi ən böyük xidmətləri sırasında "Difai" təşkilatının yaradılması xüsusi yer tutur (Gəncə, fevral 1906-cı il). Romanda bu təşkilatın yaradılması ilə bağlı çağırılan yığıncaqda Tiflis görüşlərindən qayıdan Əhməd bəylə bağlı belə bir epizod var: "Əhməd bəy Tiflis görüşü, son illərdə Rusiya müsəlmanlarının bir araya gəlmək təşəbbüsləri və nəhayət, hökumətin keçirdiyi bütün islahatların xalqlara, o cümlədən Azərbaycan türklərinə də cəmiyyətlər, siyasi firqələr yaratmaq hüququ verməsi və bu hüquqdan yararlanaraq vaxtının çatması barədə danışdı və sözünü belə yekunlaşdırdı:

- Kəsəsi! Qardaşlar, Qafqaz müsəlmanları ölüm-dirim sualı qarşısında qalıblar. Özümüzü, ata-analarımızı, torpaqlarımızı qorumasaq, Azərbaycanda, Gəncədə, bəlkə də bütün Qafqazda türk qalmayacaq. Bu faciənin qarşısını almaq üçün güclü bir təşkilata, firqəyə ehtiyacımız var". Elə həmin gün yaranan qurum "Difai" təşkilatı olur. Həqiqətən, qısa müddət ərzində nəinki Azərbaycanda, hətta bütün Qafqazda Azərbaycan türklərini kütləvi qırğınlardan xilas edən "Difai".

"Difai"nin yaradılması dövrün tələbi idi. 1905-ci ildən rusların köməyi ilə təpədən-dırnağa qədər silahlanmış ermənilərin törətdikləri vəhşiliklərinin millətçi "Daşnaksütyun" təşkilatının terrorlarının, qırğınlarının qarşısını almaq üçün yaradılmış qurum idi "Difai". Bakı, Gəncə, Şuşa, Qarabağ ziyalılarının qəti qərarı ilə təşkilatlanan bu qurum Tiflisdə, Qafqaz canişinliyində - qraf İ.İ.Vorontsov-Daşkovun iqamətgahında ermənilərlə azərbaycanlıların keçirdiyi sülh danışıqlarından (fevral, 1906) dərhal sonra yaradıldı.

Tiflis görüşləri isə çox gərgin keçmişdi. Romanda bu görüşlərlə bağlı dörd bölmə vardır: "Bakı-Tiflis qatarında", "Yolüstü görüşlər", "Tiflis sülh danışıqları", "Sülh danışıqlarının pərdə arxası". Bu bölmələrdə tarixi reallıqlar bədii sənətkarlıqla təbii və inandırıcı şəkildə qələmə alınmışdır. Mən bircə epizoda xüsusi diqqət yetirmək istərdim. Tiflis görüşlərinin ən gərgin məqamları o dövrün arxiv sənədlərində və dövri mətbuatda kifayət qədər əks olunub. Məhz həmin o görüşlərin "Difai fədailəri" romanında bədii təsviri mükəmməl və inandırıcıdır. Bədii sözün və yazıçı təfəkkürünün gücü nəticəsində oxucu o dövrdə Qafqazda baş vermiş hadisələri daha dərindən dərk edə bilir.

Müraciət etdiyim, eləcə də əsərin otuz üç bölməsində qələmə alınan hadisə və əhvalatlar bir daha sübut edir ki, "Difai fədailəri" romanı həm tarixi reallıqlar, həm də bədii sənətkarlıq səviyyəsi baxımından dəyərli əsərdir.

Üç il ərzində Əhməd bəyin rəhbərlik etdiyi "Difai" təşkilatı qısa müddətdə nəinki erməni-müsəlman qırğınlarının qarşısını ala bilir, eyni zamanda, Qafqazda Azərbaycan türklərinin böyük gücə, təşkilatçılıq qabiliyyətinə, yeri gələndə bir yumruq kimi birləşmək bacarığına malik olduğunu sübut edir. Söz yox ki, "Difai" Azərbaycan türkünün milli-azadlıq mübarizəsi yolunda yeni bir başlanğıc idi. Hələ qarşıda görüləcək böyük işlər öz növbəsini gözləyirdi. Təqiblərdən və yaxınlaşan təhlükədən qurtulmaq üçün 1909-cu ilin payızında Bakını tərk edərək Türkiyəyə getmək məcburiyyətində qalan Əhməd bəyin məslək yoldaşlarına vida olaraq yazdığı məktub bu baxımdan maraqlıdır. Romanda həmin məktub belə verilib: "Biz məqsədimizə çatdıq. Azərbaycan türkünün öz şərəfini, ləyaqətini, milli və dini haqlarını qorumağa qadir olduğunu sübut etdik. Zamanı gələndə yenə sübut edəcəyik! Bu gün dünyanın diqqəti Türkiyədədir, qan qardaşlarımız bir ölüm-dirim mücadiləsinin içindədirlər. Oranın taleyi həm də bizim taleyimizdir. Keçmişimiz bir olub, gələcəyimiz də bir olmalıdır! Başımıza nə gəlibsə, bu birliyi qoruya bilməməyimizdən gəlib. Tarix baxmaq üçün deyil, nəticə çıxarmaq üçündür... Səhvlərimizi təkrar etsək, Böyük yaradan bizi bağışlamaz. İşimizi yarımçıq qoymuram, daha geniş mühitdə davam etdirməyə gedirəm. Millətlərin bu həbsxanadan çıxacağına və o böyük gündə görüşəcəyimizə inanıram. Yaşasın bütöv, Müstəqil Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Allah amanında qalın!"

"Difai fədailəri" romanının "Sonuc" adlı iki cümləlik axırıncı bölməsində (otuz yeddinci) doğma Vətənindən mübarizələrlə dolu doqquz illik ayrılıqdan sonra yenidən Bakıya gələn Əhməd bəyi görürük: "1918-ci ilin sentyabr ayının 15-də ağır döyüşlərdən sonra Türk-İslam ordusu Bakıya girdi. Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, albay Bilal Qarabağlı da Nuru Paşayla yanaşı ordunun önündəydilər".

Romanda oxucuların rəğbətini qazanan bir sıra digər bədii obrazlara da rast gəlmək olar: Şuşa, Gəncə, Tiflis, Naxçıvan, İrəvan, Bakı ziyalıları, konkret olaraq Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Ələsgər bəy Xasməmmədov, Ədil xan Ziyadxanlı, Molla Məhəmməd Pişnamazzadə, Ələkbər bəy Rəfibəyli, Həmid bəy Usubbəyli, Nəsib bəy Nəsibəyli, Mirzə Məhəmməd Axundlu, Həmidə xanım Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev və b.

Əsərdə qələmə alınan erməni obrazları Nikol Ter-Ovanesyan, Lalayan, Kalantar Xatısov, İspandaryan, Şuşa komendantı general Kalaşapov və onun xanımı, Qafqaz canişini general Vorontsov-Daşkov, general Malama, kargüzar Peterson və b. da olduqca təbii və inandırıcı təsir bağışlayır.

Ayrı-ayrı epizodlar, təsvirlər 1905-1906-cı illərdə Şuşada, Gəncədə, İrəvanda, Zəngəzurda, Tiflisdə, Bakıda baş verən erməni-müsəlman qırğınları barədə oxucuda kifayət qədər təsəvvür yarada bilir.

"Difai fədailəri" sırf tarixi-sənədli roman olsa da, onun ayrı-ayrı bölmələrində bəzi sevgi-məhəbbət, ailə-məişət təsvirlərinə də rast gəlmək olur. Lirik-psixoloji səpkidə, həm də bir sıra uğurlu bədii detallarla müşayiət olunan həmin təsvirlər əsərdə ayrı-ayrı qəhrəmanların xarakterlərinin daxili aləminin açılmasına xidmət edir. Bu baxımdan Əhməd bəylə Sitarə, Cəmillə Ayçiçək arasındakı sevgi, məhəbbət, toy və ailə məsələləri ilə bağlı əhvalatların qələmə alınması romanı daha da oxunaqlı edir. Azərbaycanlıların bəzi adət-ənənələrinin təsviri, erməni xislətinin iç üzünün faş edilməsi, çarizm üsul-idarəsinin ikiüzlü siyasəti, milli vətənpərvərlərin qəhrəmanlıqlarla dolu mübarizə yolu, Azərbaycan ziyalılarının bəzi nümayəndələrinin millət və Vətən naminə hər şeylərini qurban verməyə hazır olmaları və bir sıra digər səciyyəvi məsələlər əsərin bədii əhəmiyyətini xeyli artırır, onu oxunaqlı edir.

S.Rüstəmxanlı vaxtilə "Ömür kitabı" əsərində yazırdı: "Tarixi həqiqətləri siyasətə qurban vermək köhnənin xəstəliyidir... Tarixi araşdırmalar - keçmiş haqqında olsa da keçmiş üçün deyil, bu günü daha yaxşı dərk etmək və bu günün adlarını daha yaxşı duymaq üçündür".

"Difai fədailəri" əsərilə müəllif bir daha təsdiq etdi ki, tarixi həqiqətləri siyasətə qurban verməyib. Müəllif hər şeydən əvvəl bu əsərini məhz tariximizin bir neçə ilinin dərsi ilə onun bəzi şərəfli səhifələrini müasirlərimizə xatırlamaq, aşılamaq məqsədi güdüb. Və müəllif bu məqsədinə nail olub. Əslində mən deyərdim ki, S.Rüstəmxanlı "Ömür kitabı"ndan "Difai fədailəri" romanına qədər çox dəyərli, qiymətli ədəbi körpü sala bilib.

 

 

Vaqif Arzumanlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 25 fevral.-S.3.