Naxçıvan
Dövlət Universitetində Beynəlxalq
Ana Dili günü qeyd olundu
Bu münasibətlə universitetin pedaqoji fakültəsində təşkil olunan tədbiri giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmlər doktoru, professor Məmməd Rzayev tələbə və müəllimləri hər bir millət üçün böyük əhəmiyyət kəsb edən bu bayram münasibətilə təbrik etdi. Qeyd olundu ki, ana dili bütün millətlərin mədəni və maddi irsini qoruyan, onu daha da inkişaf etdirən güclü və səmərəli bir vasitədir. Ana dilini sevmək, onu mükəmməl bilmək və layiqincə təqdim etmək hər bir vətəndaşın müqəddəs borcudur.
"Azərbaycan dilçiliyi" kafedrasının müdiri, filologiya elmlər doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi Sevindik Vəliyev "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda məruzə edərək ümummilli lider Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasətindən danışdı. Vurğulandı ki, ulu öndər ölkəyə rəhbərliyi illərində Azərbaycan xalqının milli dilinə böyük əhəmiyyət vermiş, ana dilinə böyük siyasi, ideoloji nüfuz qazandırmağa müvəffəq olmuşdur.
"Ana dili xalqımızın mənəvi sərvətidir" mövzusunda məruzə edən "Fənlərin tədrisi metodikası" kafedrasının müdiri, pedaqoji elmlər doktoru Elbəyi Maqsudov ilk sözlərin söylənildiyi və fərdi düşüncələrin ifadə olunduğu ana dilinin hər bir şəxsin tarixinin və mədəniyyətinin təməli olduğunu diqqətə çatdırdı.
"İbtidai sinif müəllimliyi" ixtisası üzrə II kurs tələbəsi, Heydər Əliyev adına təqaüdçü Quliyeva Aygül və "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə III kurs tələbəsi Məmmədova Nigar çıxışlarında ana dilinin vacibliyindən söz açdılar.
Xatırladaq ki, hər il fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili günü kimi qeyd edilir.
Bu gün 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü
ilə YUNESKO tərəfindən Beynəlxalq Ana
Dili günü elan edilib.
Nərmin CƏFƏROVA
Ədəbiyyat qəzeti.- 2011.- 25
fevral.- S.2.