Uzaqdan gələndə ömrün sədası

     

Sağlığında "dərdim açılarsa özgəyə, yada - o dərdin üstündən bir xətt çəkərək unudun məni" - yazırdı Tahir Aslanlı. Bəlkə də daha çox bu tapşırmasına görə fevralın 23-də onun 60 yaşı çərçivəsində AYB-nin Natəvan klubunda keçirilən anım günündə söz alanlar kədərli notlara, dərd reallığına bir azacıq da ayaq yeri qoymadan danışdılar.

Mərasimi Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid açdı, anım günündə iştirak edənləri xalq yazıçısı, AYB-nin sədri Anarın adından salamladı. Tanınmış şair Tahir Aslanlının anım gününün keçirilməsinə təşəbbüs göstərənlərə, o cümlədən xalq yazıçısı, Baş nazirin müavini Elçinə minnətdarlığını bildirdi. Dedi ki, mən Tahir Aslanlının şeirləri ilə universitetdə onunla olan görüş zamanı tanış olmuşam: "Tahirin həmin görüşdə oxuduğu şeirlər indi də mənim yadımdadı. Onun şeirləri yaddaşda qalan, düşüncədə yaşayan şeirlərdi; lap özü kimi. Dostları həm də onu xeyirxah, istiqanlı, bacarıqlı bir insan kimi xatırlayırlar".

Tədbirin aparıcısı, tanınmış şair, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi Çingiz Əlioğlu Tahirli günlərin unudulmazlığını önə çəkdi: "Ən çətini bu gün onun haqqında keçmiş zamanda danışmaqdı. Tahirin ürəyi həyat şövqü, yaşamaq eşqi ilə dolu idi. Mən onu həmişə ətrafındakılara qarşı çox diqqətli, fəal insan kimi xatırlayıram. Hesab edirəm ki, dünyada mənim tanımadığım insanlar içində ölüm yaraşmayan ən işıqlı insanlardan biri Tahir idi. Onu mənimlə aramızda olan çox az yaş fərqi ayırırdı. Mənim özümün də daxil olduğum ədəbi nəslin içinə o, çox sürətlə, enerji ilə daxil ola bildi. Yeni poetik texnologiya, deyim tərzi ilə bərabər. O, poetik ovqatı tez tuturdu, bənzərsiz dostluq ünsiyyətinə malik idi. Onunla dünyanın o başına qədər getmək xoş olardı. Tahir həyatda əldə etdikləri ilə kifayətlənən insan deyildi, özünü ən çətin məqamlarda sınamağı sevirdi. Tahirin ölüm xəbərini üstümə ağır bir dağ çökürmüş kimi aldım. Sarsıldım. Tahir son dərəcə mənəvi imkanları olan bir insan idi. Ancaq hər məqamda şair olaraq qala bildi. Heç vaxt öz poetik axtarışlarından uzaq düşmədi. Onun ən böyük istedadından biri də özünü fəda edə bilmək bacarığı idi…"

Yazıçı Natiq Rəsulzadə də unudulmaz dostu haqqında xatirələrini dilə gətirdi. Onun rəsmiyyətdən uzaq bir insan olmasından danışdı: "İnsan nə qədər xatırlanırsa, bir o qədər yaşayır. Bu barədə onun haqqında yazdığım xatirə məqaləmdə söz açmışam".

Baş nazir müavininin müşaviri, yazıçı Əkrəm Qaflanlı dedi ki, Tahirin haqqında qəmli notlarla danışmağa adamın dili gəlmir. O, vaxtilə "Vətən" cəmiyyətinin Moskva təmsilçisi olmuşdu. Cəmiyyətin sədri, xalq yazıçısı Elçin Tahir Aslanlının yaradıcılığına yaxşı bələd idi. Eyni zamanda bilirdi ki, Tahir üçün Moskvada bağlı qapı problemi yoxdu. O, hər hansı problemin yoluna qoyulması üçün bütün sədləri dəf edə bilirdi. Tahirin babası zəmanəsinin tanınan aşıqlarından olmuşdu. Atası müdrik pedaqoq idi. Eyni zamanda o, Qubanın Çiçi kimi unikal, xalçaçılıq sənətinə verdiyi töhfələrə görə hələ XVIII əsrdən məşhur olan bir kənddə dünyaya göz açmışdı. Tahir fəal, prinsipial bir insan idi…"

Tədbirdə çıxış edən Yeganə Tofiq qızı T.Aslanlını uşaqlıq illərindən tanıdığını, onun bənzərsiz xarakterinin heyranı olduğunu dilə gətirdi.

Tanınmış şair Oqtay Rza SSRİ Yazıçılar İttifaqına gedişləri zamanı Tahirlə olan çoxsaylı görüşlərindən söz açdı: "O çox milli ruhlu, qayğıkeş bir insan idi. Mən indi onun doğma rayonunda adını daşıyan küçəylə addımlayanda Tahirlə bağlı unudulmaz xatirələrimi yenidən vərəqləyir, şeirlərini pıçıldayıram".

Şair Ağacəfər Həsənli T.Aslanlının əslində bütün ədəbi nəsillərə məxsus bir şair olduğunu vurğuladı, xatirələrini danışdı.

Xalq yazıçı, AYB-nin katibi Çingiz Abdullayev T.Aslanlının anım günündə iştirak etməyini özünə mənəvi borc bildiyini dedi: "Tahir hər şeydən əvvəl şair idi, müstəqil, fenomen şəxsiyyət kimi diqqəti çəkirdi. Həyatımın bütün anlarında müstəqil yaşamağa, müstəqil olmağa çaba göstərmişəm. Arzuladığım həmin müstəqillik Tahirin fitrətində idi".

Yazıçı Səfər Alışanlı dedi ki, Tahirin Qorki adına Ədəbiyyat İnstitutuna yenidən qayıdışı biz azərbaycanlı tələbələrin həyatını dəyişdi.

Şairlərdən Nazim Əhmədli və Maarif Soltan da ötən tələbəlik illərinin unudulmazlığından söz açdılar. Balaca Ayxan dayısına həsr etdiyi şeri söylədi, bədii qiraət ustaları Əli Nur və Zülfiyyə Eldarqızı şairin şeirlərini səsləndirdilər.

Sonda şairin qızı Dinarə Tahirqızı atasının xatirəsini əziz tutanlara minnətdarlığını bildirdi, şairin 60 yaşı münasibətilə nəşr olunan kitab təqdim olundu.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 25 fevral.- S.4.