Yazıçılar Birliyində

     

Fevralın 22-də Yazıçılar Birliyinin Natəvan klubunda şair-tərcüməçi Abbas Abdullanın "Seçilmiş əsərləri"nin və onun tərcüməsində Y.Kanevskinin "Emin ağa Borçalı" kitablarının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə Yazıçılar Birliyinin sədri Anar açaraq ana dilimizin keşiyində duran Abbas Abdullanın kitablarının təqdimatının məhz 21 fevral Ana dili günündə keçirildiyini söylədi, onu kitablarının işıq üzü görməsi münasibətilə təbrik etdi.

Tədbirin aparıcısı Qulu Ağsəs şairin "Sən mənim yarımsan, Araz, ay Araz" şerini yada salaraq Abbas Abdullanın yaradıcılığından danışdı. Tənqidçi-alim Vaqif Yusifli çıxış edərək dedi: "Rəsul Rza məktəbinin layiqli davamçısı Abbas Abdulla ədəbiyyat aləmində təsadüfi adam deyildir. O, Azərbaycan dilinin, ədəbiyyatının ağırlığını çiyinlərində daşıyır, həm sərbəst, həm də heca vəznində yazıb-yaradır. Onun yaradıcılığında bu iki xətt vəhdət halındadır.

1986-cı ildə qələmə aldığı "Kimliyim" şerində şair ömrünün fraqmentləri əks olunub. A.Abdulla ata kədəri, nisgili haqqında ən təsirli yazan şairlərdən biridir. O, vətənpərvər, xalqını, dilini sevən şairdir."

"Ana dilini Abbas Abdullanın şeirlərindən öyrənmək olar" - deyən şair Fikrət Sadıq qələm yoldaşının yaradıcılığından, insani keyfiyyətlərindən danışdı.

Tədbirdə İlyas Tapdıq, Mahirə Abdulla, Nəriman Əbdülrəhmanlı, Elbəyi Cəlaloğlu, Musa Ələkbərli, Tofiq Abdin, Oqtay Rza, Nizami Saraclı, Dayandur Sevgin, Fəxrəddin Meydanlı çıxış edərək Abbas Abdullanın yaradıcılığından, tərcümə sahəsindəki fəaliyyətindən, insani məziyyətlərindən söz açdılar, şairə yaradıcılıq uğurları arzuladılar.

Sonda Abbas Abdulla çıxış edərək Yazıçılar Birliyinin rəhbərliyinə, tədbirə toplaşanlara öz təşəkkürünü bildirdi.

"Seçilmiş əsərləri" kitabında Abbas Abdullanın indiyə qədər çap olunmuş əsərlərinin bir qismi toplanmışdır. Azərbaycan Yazıçılar Birliyi kitabı şairin 70 illik yubileyinə hədiyyə olaraq çapa hazırlamışdır.

 

 

 Ədəbiyyat qəzeti.- 2011.- 25 fevral.- S.4.