Həbiboğlu Anar, salam!
"Azərbaycan" jurnalının 12-ci sayında bir silsilə şeirlərini oxudum. Oxudum, gözlərimə inana bilmədim, qoydum kənara. Jurnalın baş redaktoru İntiqam Qasımzadə ilə növbəti görüşümüzdə Lənkəranda çox istedadlı bir şairin olduğunu mənə dedi. Gördüm söhbət səndən gedir. Özümü o yerə qoymadım. Şeirlərini yenidən oxudum. Allahım elə bil bizimlə zarafat edir. Birinə hər şey verir. İmkanlı ata - ana, özünə diribaşlıq, şəhərdə iş, ev, tanış-biliş. Dərnəkləri gəzir. İnternetdən, kitablardan, tay-tuşlarından eşitdiklərini deyir, sadalayır. Yazır, yazdığında vəzn, qafiyə yerində olur. Sözlər də əl-üzü yuyulmuş, saçı daranmış tərbiyəli yetimxana uşaqları kimi yan-yana düzülüb. Baxırsan şeirə də, şeirdəki sözlərə də adamın yazığı gəlir. Allahım bu yazığa hər şeyi verib, istedaddan başqa. Qapıdan qovursan, pəncərədən gəlir. Qarşısına əlini tutursan, barmaqlarının arasından süzülüb keçir. Axı istedadsız adamın sümüyü-onurğası olmur. O süzgəcdə ilişmir. İstedadlılar süzgəcdə ilişir. Alçaq qapıdan əyilib keçə bilmir. İstedadlı adamların yolu asan olsaydı, bəlkə tez tükənərdi. Çətinlik insanı bərkidir, ömrünü uzadır, onu düşünməyə, çalışmağa məcbur edir. Bilmirəm, bəlkə təsəlli tapmaq üçün ağlıma gəldi, bu sözləri yazdım. Bəzən istedadlı insana Allah hər şeyi verir. Amma o adamın istedadı çətinlikləri özü axtarır tapır. Özünü oddan-sudan keçirir. Həbiboğlu, sən taledən gileylənmə. Bu şair taleyidir sən yaşayırsan. Xoşbəxtliklə şairlik bir yerdə yaşamır.
Atam on beş il əvvəl ölüb,
Mən isə indi-indi
Hiss edirəm yetimliyimi
Uşaqlarımın başına
sığal çəkə-çəkə.
Bu misraları oxuyub
bir başqası deyə bilər ki, burda nə
var axı? Əlbət ki,
mən cavab tapa bilmərəm. Nə deyim axı? Tərəziyə qoyub çəkmək
olmaz. Metrə ilə ölçülmür.
İynəmək, dadına baxmaq
mümkün deyil.
Bunu görmək, duymaq, hiss etmək lazımdır. Mən bu misraların,
ölçüsüz-biçisiz misraların arxasında ürəyi içinə
sığmayan, ürəyi
özündən böyük
bir şairin dayandığını, özünə
arxalanıb dayandığını
görürəm. Elə
həmin şeirdən:
Böyürtkən mürəbbəsinin
ətrini verir
böyük qızımın
qara saçları.
Hər dəfə onları öpəndə
duyuram xatirələrin
tikansayağı ürəyimi
cızdığını.
Gizlənirəm o saçların qaranlığında
kövrəlməyimi görməsinlər
deyə/...
Axı düz on beş
il əvvəl
bacımın saçlarında
əriyib itmişdi
atamın gözləri.
Sən çox
istedadlı bir şair olduğunu hər kəsə sübut etməli deyilsən, Həbiboğlu
Anar. İnanan inansın, inanmayanlar
da sonra inanacaq. Oxuculara Həbiboğlu ilə
daha yaxından tanışlıq üçün
onun başqa kiçik bir şeirini nərdivan kimi qoyuram.
Məndən sonra
Bətnində bulud gətirdi
qəfil əsən
küləklər.
Sənin
kimi üzüağdı
bəyaz-bəyaz çiçəklər.
Sevgi də bir yuxu
idi
səni, məni ovudan.
Mənmi
namərd öpüb səni
oyatdım bu yuxudan.
Məndən sonra sevə bilsən
...nə olar ki,
sev, amma...
Məndən sonra sevə bilsən,
Gözlərinə inanma.
İndi inandınızmı ki, Lənkəranda çox istedadlı bir şair yaşayır, Həbiboğlu Anar adlı. Bilmirəm harda çalışır,
hansı peşə ilə çörəkpulu
qazanır, necə yaşayır. Amma bir arzum var; indiyə
kimi onu istedadı yaşadıb, amma bundan sonra
istedadının sənin
və bizim qayğımıza ehtiyacı
var. Sənin istedadını
xanımın öz övladı bilsin, övladların isə sevimli qardaşı kimi qorusun.
Fikrət Qoca
Ədəbiyyat qəzeti.- 2011.-
25 fevral.- S.5.