Türk dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da
Türk dünyası...
Çəkilən
adlar üzərində dayansaq, Nəsimi üzərinə
prof.dr. Qəzənfər Paşayevin ötən il
işıq üzü görmüş "Nəsimi
haqqında araşdırmalar" kitabını, Nəsiminin qəbrinin
Türkiyədə olması ilə bağlı versiyaların
güncəlləşməsini; Kərbalada Füzuli şeir söləninə
2009-cu ildə bu sətirlərin müəllifinin də daxil
olduğu Azərbaycan nümayəndə heyətinin getməsini,
hər iki şairin (Nəsimi və Füzuli) əsərlərinin
latın qrafikalı əlifba ilə (Prezident sərəncamına
uyğun olaraq) 25 min sayla nəşr edilməsini vurğulaya
bilərik. Ancaq Soylu, heç şübhəsiz, yalnız bu
faktları istəmir, o adlar içində olan mahiyyəti, Nəsimi,
Füzuli
adları ilə kodlaşmış energetikanı, necə
deyim, mənəvi-ruhi halı, o halın çağdaş
inikasını nəzərdə tutur. Elə isə gəlin,
yenidən Ziya Göyalpa üz tutaq. Sosial inkişafının
üç ayrı-ayrı aşamasında bir-birinə bənzəməyən
üç müxtəlif mədəniyyət dairəsinə
girmiş türklər qövm dövləti həyatındaykən
Uzaq Doğu, Sultan dövləti dövründəykən
Doğu mədəniyyətinə girmişlər, milli
dövlət dövründəykən isə Batı mədəniyyəti
yolunu tutmuşlar, - deyə düşünən klassik
türkçünün fikirlərinə yenidən müraciət
etsək, görərik ki, sanki Ziya Göyalpdan Soylu Atalıya,
Akif Səməd rəhmətlik demiş, "bircə
qarış yol var imiş": "…Mədəniyyət dairələrinin
də özlərinə məxsus coğrafiya sahələri və
bu sahələrin müəyyən sınırları var.
Örnəyi, bir nağıl, ya da bir adət müəyyən
bir nöqtəyə qədər yayılır, ondan o yana gedə
bilmir. Ona görə ki, hər mədəniyyət başqa
bir sistemə mənsubdur. Bir qayda olaraq, hər mədəniyyətin
başqa bir məntiqi, başqa bir gözəllik
anlayışı, başqa bir həyatgörüşü
vardır. Buna görə də mədəniyyətlər
bir-birinə qarışmırlar. Yenə buna görədir
ki, bir mədəniyyəti bütün sistemi ilə qəbul
etməyənlər, onun bəzi bölümlərini mənimsəyə
bilmirlər.
…Mədəniyyətlərin
coğrafiya sınırları ayrı olduğu kimi, tarixi
inkişafları da bir-birindən asılı deyildir. Bu
inkişafların bir başlanğıcı və bir sonu
vardır."
***
…Ziya Göyalpın vətənində -
türkün həmişə müstəqil dövlətində
- Türkiyədə illər öncədən ədəbi
camiə faktiki olaraq iki cəbhəyə bölünüb -
solçular və sağçılar. Sanki Türkiyə
torpaqları kimi - bir bölümü Avropadı, bir
bölümü Asiya; sanki türk siyasi həyatı kimi - sol
partiyalar, sağ partiyalar… Sanki Avropa Birliyi tərəfdarları
və Türk birliyi tərəfdarları kimi… Və məhz
burada söhbətə yeni ayaq vermək istərdim. Son illər
bəlli oldu ki, sən demə üzü Avropa Birliyinə
doğru olub da Türk PA, Türk Dövlət
Başçıları Konseyi yaratmaq olarmış… Sanki
solnan sağ zaman içində bir-biri ilə konsensusa girir,
zamanla diffuziya olunur və yeni xəlitə yaranır… Bax, sol
sağ kimi, heca ilə əruz da uzun illərin, başqa
sözlə, tarixin pressinqi, bəzən də doğal
axışla diffuziya edib şeir dünyamızda. Zamanla,
qazaxların sözü ilə desək, "altun
arna"sını bulub… Özünüz deyin, biz Azərbaycan
ədəbiyyatını Nizamisiz, Füzulisiz təsəvvür
edə bilərikmi? Yaxud özbəklər Nəvaidən
imtina edəcəkmi? Əsla
yox! O üzdən, Qazaxıstanda şamançılıqla
islamizmin "təbii anlaşma"sı kimi, zamanla başqa
dillərdən aldığımız qaçınılmaz
sözlər kimi, artıq hardasa bizim olmuş ədəbi
türkləri də ən azından klassika kimi qəbullanmışıq,
etiraf etmişik, sayğı duymuşuq…
İstanbula gedək,
bir klassik sağa, bir klassik sola diqqət kəsilək: Nəcib
Fazil
Qısakürəyin - türk şeirinin enlikürək kişisinin
"Canım İstanbul"unda oxuyuruq:
…Yeddi təpə
üstündə zaman bir naxış işlər!
Yeddi rəng,
yeddi səsdən saysız sərzənişlər…
Eyüb yetim,
Kadıköy süslü, Moda qurumlu,
Adada ruzgar
uçan ətəklərdən sorumlu.
Hər səhər
Hisarlardan oxlar çıxar yayından
Hələ nərələr
gəlir Topqapı Sarayından
Ana kibi yar olmaz,
İstanbul kibi diyar;
Güləni belə
dursun, ağlayanı bəxtiyar…
Gecəsi
sünbül qoxan,
Türkcəsi
bülbül qoxan
İstanbul,
İstanbul…
Və Nazim Hikmətin
Mən bir ceviz
ağacıyam Gülhanə Parkında,
nə sən bunun farkındasın, nə
polis farkında…
misraları ilə ünlü olan şeiri…
Demək, ülkülü əsərlər
də, dilin bütün gözəlliyi ilə
qullanıldığı şeirlər də bizimdir. İstər
bir türk hadisəsi olaraq, istər dil, istərsə də sənət
hadisəsi olaraq…
***
Türkə şənlik yaraşır,
türk şeiri ağı yüklü ola bilər, ancaq
ağlaşma yaya bilməz. Türkün ağısı, kədəri,
nisgili bir başqadır:
Harda qaldı Kərkükün gözəl
havası,
bir başqaydı suyu, günü, dəvası.
Yandırdı, qovurdu bizi
Kərkük sevdası,
Türkmən sevdası…"
***
Yenədəlik olmasın, türk
xalqları ədəbiyyatı, başqa sözlə, Türk
dünyası ədəbiyyatı elə dünya ədəbiyyatıdır.
Daha doğrusu, dünya ədəbiyyatının bütün
təzahürlərini daşıyır. Dünya
insanının keçirdiyi hər türlü hiss-həyəcan
türk şeirinə yad deyil. Türk şeirinin xarakterində
elə dünya şeirinin xarakteri, mənzərəsi
ümumiləşib.
…Şeir əgər türkün
arzularını ifadə edirsə, necə deyərlər, məzmunca
türkcəsə - türk halındasa, o şeir
formasından asılı olmayaraq türk şeiridir (məlumunuz,
qədim türk şeiri özü heç də bir
anlamlı şəkildə hər yerdə türk məzmunu
daşımayıb, vahid forma nümayiş etdirməyib).
Başqa bir özəlliyə də deyinmək
istərdim. Olur ki, bir şair həm solçu təfəkkürün
məhsulu olan şeirlə çıxış edir, həm də
sağçı… Nəhayətdə də, belə deyək,
"mərkəzçilik" edir.
Solçu-sağçı demişkən, bu
ayrımçılıq bizdə - Azərbaycanda bütün
kəskinliyi ilə təzahür etmir, nə
dinarçılıq, nə ifrat
açıq-saçıqlıq şeirə böyük
ölçüdə gəlmir. Bununla belə bəzən
olur ki, bir şair həm rakı, qadın, bilməm nə barədə
yazır, həm irfan şeiri yazır, şeirində Quran
intonasiyası (əsintisi) yaratmağa çalışır.
Ümidvarıq, bu keçici hal olub, ictimai-siyasi formasiya dəyişikliyi
kimi zamanla oturuşacaqdır. İrfan demişkən, Türk
dünyasının miqyası, ayrı-ayrı mədəniyyətlərlə
qovuşması, iç-içə olması, yaxud
sınır qonşusu olması özünəməxsus
situasiyalar yaratmışdır. Örnəyi, çuvaş
şairi irfan şeiri yazmayıb, yəqin yazmayaq da, Kərbaladakı
türkman şair də çuvaş şeirindəki
azadruhluluğa (bəlkə
"açıq-saçıqlığ"a desək, daha
doğru olar) yetməyib (və bəlkə bu heç olmayacaq
da)…
***
Baxış açımızı bir qədər
yeni dövrə yönəldək. Görəsən, bayaqdan
danışdıqlarımız yeni dövr yazılarında
necə inikas olunub? Sual oluna bilər, hazırda yeni nəsil
türk yazarlarının yaradıcılığında
aparıcı mövzular hansılardır, hansı tendensiyalar
özünü göstərir?
Bu suala birmənalı cavab vermək
çətin olsa da, deyə bilərik ki, hər nə qədər
şeirin ilahi eşq, sevgi, həsrət və s. sınır
tanımayan əzəli-əbədi mövzuları olsa da,
örnəyi, azərbaycanlı şairlə yakut şairinin,
çuvaş şairi ilə kərküklü şairin
şeirləri, özbək yazıçısı ilə
köstəncəli, dobrucalı yazıçının nəsri,
həm bir çox hallarda mövzu-məzmun, həm də əsasən
forma baxımından bir xeyli fərqliliklər
daşımaqdadır. Əslində bu fərqlilik problem kimi qəbul
edilməməli, əksinə, bir xalçanın ilmələri
kimi, bir ustanın işlədiyi fərqli naxışlar kimi
gözəl görünməlidir. Bununla belə,
gözünlə yox, ruhunla oxuyanda görürsən yakutun
da, çuvaşın da, özbəyin də, uyğurun da,
tatarın da, balkarın da ürək
çırpıntısı eynidir, qələm fərqli
coğrafiyalarda, fərqli əllərdə eyni ritmlə
döyünüb… (Necə ki, yuxarıda ayrı-ayrı nəsillərə
mənsub şairlərdən gətirdiyimiz örnəklərlə
bunu sərgiləməyə çalışdıq). İstər-istəməz,
Sabir Rüstəmxanlının ünlü deyimi yada
düşür: "Bu dərd mənə tanış gəlir".
İstər-istəməz bütövlüyə, birliyə,
ortaq keçmişin energetikasına qayıdış, bəlkə
inersiya ilə ora gediş görünür soy
qardaşlarımızın şeirlərində, ümumən
ədəbi yaradıcılığında…
Bayaq belə söz işlətdik: Xalq
ruhunun cəsarəti! Bir çox hallarda türk insanı nədən
yazıbsa da xəlqilik, ruhsallıq və cəsarət
özünü göstərib. Bu yerdə hörmətli
alimimiz Nizami Cəfərovun sözlərini xatırlayaq. Beləliklə,
"yeni dövrə yönələk" deyərkən
yenidən "yada düşən çox köhnə
zamanlar"a qayıdaq.
- Deyirəm, ortaq olmayan, əksinə
ayrılmış ədəbiyyatlı bugündənsə,
ortaq keçmiş daha cazibdir, yəqin… Professor türk
xalqları ədəbiyyatını qədim, orta, yeni və ən
yeni olmaqla 4 qrup üzrə dövrləşdirir. Onun fikrincə,
Qədim dövr, türklərin monqollar və
tunqus-manuçurlarla ortaq qurduqları ("etnomədəni,
etnososial, etnosiyasi" birlik olan) Altay birliyindən
ayrıldıqları zamandan başlayaraq eramızın II
minilliyinin əvvəllərinə qədər davam edir. Nizami
müəllim "Qədim türk ədəbiyyatı
türk xalqlarının ümumi, ortaq mənəvi-mədəni
sərvətidir" - deyə vurğulayır.
Türklərin etnocoğrafi
diferensiasiyasının dərinləşdiyi II minilliyin əvvəllərindən
etibarən özünü göstərən coğrafi
bölünmələrini:
1) Doğu (karluq türkləri), 2)
Quzey-batı (qıpçaq türkləri), 3)
Güney-batı (oğuz türkləri) kimi sıralayan
prof.dr. Nizami Cəfərov orta yüzilliyin sonlarına qədər
davam edən həmin dövrdə yaranan ədəbiyyatı
orta dövr türk ədəbiyyatı adlandırır. Və
haqlı olaraq, həmin dövrün "qədim
ümumtürk ədəbiyyatının ortaq özəlliklərini
qoruyub saxlamaqla yanaşı, bölündüyü
coğrafiyalar üzrə müəyyən fərqli əlamətlər
də qazandığı"nı yazır.
Türklərin orta yüzilliyin sonu yeni
dövrün əvvəllərindən (XVI-XVII yüzilliklərdən)
başlayan yenidən diferensiasiyasının
çağdaş türk xalqlarının yaranması ilə
sonuclandığını vurğulayan türkoloq-alim
"Türk(osmanlı türkləri), Azərbaycan, özbək,
uyğur, tatar, başqırd, türkmən, qırğız,
Altay… xalqları nəinki özlərinəməxsus fərqli
sosial-siyasi, mədəni əlamətlər nümayiş
etdirməyə, hətta daxili iddialarla ortaq sərvətləri
də bölüşdürməyə təşəbbüs
göstərirlər" - deyir.
Nizami müəllimin özünün də
vurğuladığı kimi, türklərin müstəqil
bir etnos, xalq kimi tarix səhnəsinə
çıxdıqları dövrdən (e.ə. I minilliyin
ortalarından) zəmanəmizə qədər
yaratdıqları ədəbiyyatın əsasları onun tərtib
etdiyi və 2006-cı ildə işıq üzü
görmüş dördcildlik "Türk xalqları ədəbiyyatı"nda
əhatə olunub (I cild: Qədim türk eposu (dünyanın
yaranması haqqında, Boz qurd dastanları, Oğuz kağan
dastanı, Siyenpi dastanı, Alp Ər Tonqa dastanı, Ərgənəkon
dastanı, Köç dastanı), Qədim türk şeiri
(döyüş türküsü, Axın (yağma)
türküsü, Ağı, Yaz türküsü,
qışla yazın türküsü, ov türküsü,
İdil türküsü, Sevgi türküsü, Müdriklik
türküsü, Türk maniçi şeiri, Türk buddist şeiri),
Tonikuk kitabəsi, Kül tiqin kitabəsi, Bilgə xaqan kitabəsi,
Türk maniçi nəsri (Xuastuanift), Türk buddist nəsri
(Altun Yaruk), Dədəm Qorqud kitabı, Yusif Balasaqunlu. Qutatqu-Bilik,
Əhməd Yüqnəki. Atibətül - Həqaiq, Əhməd
Yasəvi. Divani-hikmət, Nizami Gəncəvi;
II cild: Manas, Yunus İmrə, İmadəddin
Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli,
Baqi;
III cild: Koroğlu, Nədim, Molla Pənah
Vaqif, Məhtumqulu, Mirzə Fətəli Axundzadə, Abay, Tofiq
Fikrət, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə;
IV cild: Cambul, Səməd Vurğun, Nazim
Hikmət, Mustay Kərim, Musa Cəlil, Qafur Qulam, Qaysın
Quliyev, Əziz Nesin, Məhəmməd Hüseyn Şəhriyar,
Çingiz Aytmatov, Oljas Süleymenov.
Yenə hörmətli professorun öz
sözlərinə müraciət edək: "Türk
xalqları ədəbiyyatının yeni dövrü XVII əsrdən
XX əsrin əvvəllərinə qədər davam edir.
Yeni dövr türk ədəbiyyatı
Orta dövr türk ədəbiyyatından daha çox
"türk xalqları ədəbiyyatı"dır. Yəni
hər bir türk xalqının özünün
yaradıcılıq məhsuludur. Lakin bu o demək deyil ki,
ortaq xüsusiyyətlər, ümumi tipologiya tamamilə aradan
qalxır… Əslində, yeni dövrdə olduğu kimi, XX əsrin
əvvəllərindən başlayan ən yeni dövrdə də
türk xalqları ədəbiyyatı "gen"dən,
yüzillər, minillər boyu davam etmiş "ümumi
tarix"dən gələn elə ortaq əlamətlər
daşıyır ki, onların tamamilə aradan qalxması,
"etnik yaddaş"ın pozulması, praktik olaraq,
mümkün deyil.
Ən yeni dövr türk ədəbiyyatı
yaxud ədəbiyyatları iki min beş yüz illik ümumi
türk ədəbiyyatı, tarixinin həm ideya-məzmun, həm
də forma-ifadə texnologiyaları baxımından üzvi tərkib
hissəsidir."
Təbii ki, böyük alimimizin
sözügedən nəşrə daxil etdiyi ismlər, alimin
fərqləndirmələri kiminə görə doğru,
kiminə görə düzəlişə açıq
siyahı təsiri bağışlaya bilər, örnəyi,
Hüseyn Cavid, Abdulla Tukay, Əhməd Cavad kimi ədiblərin,
haqqında danışdığımız dördcildlikdə
yer alması umula bilər, lakin bütün hallarda bu işin
missiyası, ümumən istəklərin akta çevrilməsi
alqışa layiqdir.
Bu işin missiyası demişkən, gizlin
deyil ki, bir çox ədiblərimizin
yaradıcılığı bir yana qalsın imzaları belə…
yalnız və yalnız adları belə
türkçülüyə xidmət edib. Anar kimi, Elçin
kimi. Mən bildiyim qədər Anardan qabaq Anar, Elçindən
qabaq Elçin olmayıb. Və doğal olaraq, onlara bu adın
özləri tərəfindən deyil böyükləri,
doğmaları tərəfindən verildiyi aydındır.
Odur ki, ədəbiyyatımızın böyük isimləri
Rəsul Rza, Nigar Rəfibəyli və İlyas Əfəndiyevi
bir daha rəhmətlə anırıq. Heç quşqusuz,
yalnız adqoyma olayına görə deyil, eləcə də
yaradıcılıqlarına görə, ədəbiyyata
böyük xidmətlərinə görə. Eyni zamanda, bir
çox ədiblərimizin əsərlərindəki qəhrəmanların
özbəöz Azərbaycan-türk adı neçə yeni
doğulan övladın adında əbədiləşib:
Aydın, Sevil, Oqtay, Aybəniz, Tural, Günel kimi. Bu gün
dramaturq Hüseynbəyli də, şair-publisist Mirzəbəyli
də, şair, naşir İsgəndərzadə də
Elçin adı daşıyır… Fikrimizin davamı olaraq onu
da vurğulayaq ki, Türk dünyası yalnız
yaradıcılıqda deyil, nə xoşdur,
yazarlarımızın təxəllüslərində də
öz ifadəsini bulub: rəhmətlik Xəlil Rza Ulutürkdə
olduğu kimi; rəhmətlik Eldar Nəsib Sibireldə
olduğu kimi, bu gün Yusif Günaydında, Rahid Uluseldə,
Azər Turanda, Eluca Atalıda, lap cavanlardan Kəramət
Böyükçöldə olduğu kimi… (Yeri gəlmişkən,
Kəramətin bu il işıq üzü görmüş
"Çöl" romanı da bildiyim qədər gənc
yazarın təxəllüsünün energetikasına
uyğundur. Başqa bir gənc yazar - Cəlil Cavanşirin
"Mərkəz"in 2 iyun 2011-ci il tarixli sayında
yayınlanmış "…Çölün süjeti, strukturu
və dili" adlı incələmə yazısında
oxuyuruq: "Romanın …"Ustadnamə" ilə
başlaması çox təqdirəlayiqdir. Belə ki, tərəkəmə
həyatından yazılan romanın bu cür maraqlı
strukturda yazılması müəllifin milli kimliyinə sahib
çıxa bilməsi kimi izah olunmalıdır."
Xoşdur ki, bir gənc yazar başqa bir gənc yazarın
"Dastan bağlamaq cəhdi"ni də təqdir edir və
bunu onun türk dünyagörüşünə, folklorumuza,
tərəkəmə mədəniyyətinə,
dastançılığa olan münasibəti kimi səciyyələndirir).
***
Keçirəm növbəti bölümə.
Yaxşı, İsa Muğanna, Bəxtiyar
Vahabzadə, Anar, Elçin, Mövlud Süleymanlı, Yusif Səmədoğlu,
Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Məmməd
İsmayıl, Abbas Abdulla, Vaqif Bayatlı Odərdən, rəhmətlik
Çingiz Aytmatovdan, Oljas Süleymenov, Muxtar Şaxanov, Murat
Acı, Yavuz Bülənd Bakilər və Feyzi Halıcı,
Harid Fədai, Mişşi Yuxma, rəhmətlik Əbdüllətif
Bəndəroğludan sonra ədəbiyyata gəlmiş
yazarlardan kimlərin adını çəkə bilərik? O
adamlarınmı şeirlərində bol-bol türk şəhərlərinin,
türk qəhrəmanlarının adını çəkirlər,
patetikaya, pafosa varırlar? Təbii, yox! Çuvaşların
sözü ilə ifadə etsəm, şükranlıqla deməliyəm,
"Epir purna! Pul!
Pulatpr!" - "Vardıq, varıq, var olacağıq!"
…Yuxarda ümumiləşməsini
aparmağa çalışarkən ifadə etdiyimiz kimi,
şeirdə türkçülük, türkçü
şeir (Türk dünyası şəhərlərinin,
türk boylarının, qəhrəmanların adını
sadalamaqdan ibarət olmamaq həqiqətini özündə
daşımaqla yanaşı) dili, təfəkkür şəkillənməsi,
bəzən mövzudan asılı olmayaraq türk ruhunu,
türkçü ülkünü və türk şeir gələnəyini
yansıtması ilə alqılana bilər. Örnəyi, Elxan
Zal Qaraxanlının "Polonez" poemasını
götürək. Belə baxanda, Polşa hara, Türk
dünyası hara - deyə sual edilə bilər,
sözügedən poemanın bu məruzədə
xatırlanmasının uyğunluğu dartışıla bilər.
Ancaq poemanı oxuyanlar bir həqiqətə ortaq olacaqlar:
Elxanın bu yaradıcılıq uğuru tükçü şeirin uğurudur - dili, təhkiyəsi,
obrazlar silsiləsi, polyak qızı Annanı sevən
qıpçaq (türk) bəyin (bu elə yazarın
özüdür) yaşama, dünyaya baxışları ilə…
Nəzərə alanda ki, onun "Savaş ayələri"
var, "Türk əsrinin türküləri" var,
Elxanın mövzusunda nə qədər sabitqədəm
olduğu bəsbəlli olur. Çünki bu sonradan
qazanılmış mövzu deyil, onun içindən, Sabir bəyin
sözləri ilə desək, "qan yaddaşı"ndan gəlir.
Eyni sözləri,
nəsr və dramaturgiya üzrə Aygün Həsənoğlunun
haqqında deməliyəm. Gözlərimiz önündə
bir Banuçiçək öz ulusunun ədəbi tarixini yaradır,
yalnız şəhidlərin, qazilərin deyil, kərküklülər
demiş, "acı, am(m)a gerçək" olan əsirlərin
- girovların, itkinlərin taleyini qələmə alır,
bıkmır, usanmır… Onun dərdini anlatdığı
dünyanın, vətəninin ərazisi 86,6 min kv.km deyil, o, hələ
Qəbələdə orta məktəb öyrətməni
olandan Türk dünyası sevdalısıdır. Əslində
öyrətmən olandan da qabaq - doğulandan. Əgər
inansaq ki, "Oxumaqla yazıçı olunmur, insan anadan
yazıçı doğulur"…
Az qala Türk
dünyasının əksər şeirsevərlərinin
tanıdığı Rüstəm Behrudi, rəhmətliklər
Akif Səmədlə Eldar Nəsib Sibirelin, habelə Şaiq Vəli,
Aşıq Əli Quliyev, Dərviş Osman, Məmməd Dəmirçioğlu,
Məmməd İlqar, Vəli Xramçaylı, Dəyanət
Osmanlı, İbrahim İlyaslı, Elbariz Məmmədli, Füzuli Sabiroğlu, Xanverdi
Turaboğlu, Qalibə Gültəkinin yaradıcılıq
örnəklərində, eləcə də, Namiq Hacıheydərli,
Hafiz Hacxəlil, Səfəq Azər, Əhməd Şahid(ov),
Dilqəm Əhməd, İnam Alpout kimi gənclərin
şeirlərində Türk dünyası sevdası,
davası, türk birliyi ülküsü özünü
qabarıq şəkildə göstərir.
Fərqli
nəsillərə mənsub olan şair və
yazıçılar - Turqut Özakman, Feyzullah Budak, İsmət Özəl,
rəhmətlik Ərdəm Bəyazit, Baki Yıldırım
Ceyhan, Fəyyaz
Sağlam, Ali Akbaş, Xeyrəddin İvgin, İsa Kayacan, Ali
Yağmur Tunalı, Nail Tan, Mətin Turan, Osman Baş, Mustafa
Ceylan, Məlahət Ecevit, Nazim Payam, Bayram Durbilməz, Ənvər
Uzun, Arif Ay, Sabit İncə, Yusuf Candəmir, Mehmet Əli Əşməli
(Seyri), Alptəkin Cövhərli, Əhməd Coşğun
(Türkiyədən); Nadirbek Alimbekov, Aşim
Çakırbekov, Anatay Omurkanov, Altınbek İsmayılov
(Qırğızıstandan); Əbildə Aymak, Baktıbek Bəmişulı,
Bekaris Şoybekov, Nurqali Jusufbay, Asker Düysembiyev
(Qazaxıstandan); Muhəmməd Saleh, Osman Azım, Xurşud
Dövran, Törə Mirzə, Fəridə Butayeva, Eşkobil
Şükür, Xasiyyat Rüstəm, Kuçkor Norkobil, Cabbar
və Nazar Eşenkul qardaşları (Özbəkistandan); Oraz
Yağmur; Oğulcənnət, Şəhribostan (Türkmənistandan);
Rəşid Minhac, Rüstəm Sulti, Çulpan Zarif
(Tatarıstandan); Alan Qloş, Yanqurçi Acı,
Örüzlan Bolat, Zülfiyyə Temirbulatova (Quzey Qafqazdan);
Seyran Süleyman, Tahir Kerim (Kırımdan); Raisa Sarbi, Svetlana
Azamat, Valeri Turkay (Çuvaşıstandan); Krivoşapkin-Ayina,
Valeri Lukovitsev (Yakutiyadan); Pureqan Sıbır (Sibirdən);
Jaksılık Samiytulı, Vilyam Molotov (Doğu
Türkistandan); Vasi Filoğlu, Tudora Arnaut (Qaqauz Yerindən); Hüseyn
Özkan, Mustafa Çolak (Batı Trakiyadan); İsmayıl
Bozqurd, Bəstə Sakallı, Erhan Arıklı, Arif Albayrak,
Şirin Zəfəryıldızı, Fatma Akilhoca (KKTC-dən); Ənvər
Mahmut, Emel Emin, Nevzat Yusuf, Nüdrət Ali Mahmut, Güner
Akmolla, Aledin Ahmet (Rumıniyadan); Nəsrin Ərbilli, Mustafa
Ziya, Mehmet Ömər Qazançı, Abdülaziz Bayatlı,
Nüsrət Merdan, Şəmsəddin Kuzəçi, Fövzi Əkrəm Tərzioğlu,
Sami Yusuf Tütüncü (İraqdakı
soydaşlarımızdan) həm indiyədək olan ədəbi
yaradıcılıqları ilə, həm də təşkilati
çalışmaları ilə Türk dünyası
miqyasında düşüncə sərgiləyiblər.
Onların bir çoxu öz ölkələrindən kənarda
keçirilən onlarla festival, simpozium və bənzəri
etkinliklərə qatılmış, öz ölkələrinin
sınırlarından qıraqda işıq üzü görən
dərgilərdə çap olunmuş, bir
çoxlarının kitabı yayınlanmış, sözlərinə
musiqi bəstələnmiş, əsərləri səhnələşdirilmişdir.
***
Ədəbi
rotamızı Bakıya yönəldək.
Azərbaycan
yazıçılarının ötən qurultayından bəri
ədəbiyyat təsərrüfatımızda Türk
dünyası ünvanlı olaylara nəzər salsaq, nələri
fərqləndirmək olar, hansı xüsusların üzərində
dayanmaq olar?!. Gəlin
birlikdə yadımıza salaq:
"Türk
dünyası ədəbiyyatı" dərsliyinin, Ramiz Əskərin
hazırladığı "Türk ədəbiyyatı
tarixi" ikicildliyinin işıq üzü görməsini
şükranlıqla xatırlayıram. Hələ SSRİ
dövründə "Odlar yurdu" ilə
başladığı missiyanı neçə ildir daha da
böyüdərək ümumtürk miqyası
qazandırmış Ramiz müəllimin
çalışmalarının bilmirəm hansını demək
olar, oradan Türk dünyası görünməsin,
üfüqü genişlik görünməsin… Mahmud
Qaşqarlının
"Divani-luğat-it-türk"ünü, tam həcmdə
dilimizə uyğunlaşdıran Ramiz Əskər, Türkmənistan
ədəbiyyatının ən ünlü isimlərinin əsərlərini
də ötən illərdə Bakıda
kitablaşdırıb. O cümlədən, Məhdumqulunun,
Oraz Yağmurun, habelə özbək ədəbiyyatından
"Baburnamə"ni.
Həm Ramiz
müəllim, həm Akademiyanın müxbir üzvləri
Tofiq Hacıyev, Nizami Cəfərov, professorlar Qəzənfər
Paşayev, Güllü Yoloğlu, Əli Şamil, dr. Qalibə
Gültəkin, Əsəd Cahangir və başqaları
türk ellərində keçirilən çeşidli elmi
konfranslarda respublikamızı təmsil ediblər.
Yaradıcılıqlarının
az qala başdan-başa hamısının Türk
dünyası ünvanlı olduğunu deyə biləcəyimiz
bu əbəbiyyatşünaslar, türkoloqlarla yanaşı
Azər Turanın, Elman Mustafanın, Yusif Günaydının
çeşidli mətbu orqanlarda Türk dünyası
sözünü və özünü güncəl
saxlamasını vurğulamalıyam.
Azər
Turanın Zəlimxan Yaqubun ədəbi şəxsiyyəti
üzərinə yazdığı "Əzəl-axır
dünya Türkün dünyası" kitabı mövzumuz gərəyi
ən çox öyülməli kitablardan biri olub, yalnız
haqqında yazılan xalq şairini anlatmır, ümumən
Türk dünyasına baxışı sərgiləyir, həmçinin
Turan təxəllüslü Azərin istək və arzularını şəkilləndirir…
Dərin kitablar
qalıb
dədələrdən
bizlərə,
yazıblar
oxumuşuq,
yazarıq
oxuyalar! -
deyən,
"Dur ayağa, məmləkətim",
"Çıxış edir Xəlil Rza",
"Döyüşən türk, oyanan türk, qalxan
türk" kimi şeirləri, "Türkiyə dəftəri"ndəki
şeirləri, "Saz", "Yunus İmrə"
dastanlarını yazan, "Özü
basdırdığı ağaca söykənən" Zəlimxan
Yaqubun oxucuları, yazarları köklədiyi hava hələ çox "Əzəl-axır
dünya türkün dünyası"nı
doğuracaqdır.
Azər
Turanın millət vəkili Qənirə Paşayeva ilə
birgə yazdığı "Əli bəy Hüseynzadə
Turan" adlı kitabı (2009) adından da
göründüyü üzərə, Əli bəy
Hüseynzadənin ömür yoluna, elmi-ədəbi, ictimai fəaliyyətinə
nəzər salır. Onun 2009-cu ildə çıxan
"Xalid Səid Xocayev. Şəhid türkşünas"
kitabının məzmunu da adından bəlli…
AMEA-nın Ədəbiyyat
İnstitutunun direktoru akademik Bəkir Nəbiyev, direktor
müavini prof.Məhərrəm Qasımlı, prof.Teymur Kərimli
və institutun bir çox digər əməkdaşları
türk ellərində keçirilən çeşidli elmi
konfranslarda respublikamızı, ədəbiyyatbilmimizi təmsil
ediblər.
Təranə Həşimovanın
"Poeziya körpüsü" (2004) Orta Asiya ilə elmi-ədəbi
əlaqələr tarixinə həsr olunmuşdur.
Almaz Ülvinin Nəvai
yaradıcılığı, Özbək-Azərbaycan ədəbi
ilişkiləri üzrə elmi araşdırmaları son illərdə
kitablaşdırılmışdır.
Türkiyənin
özündə yaşayan ədiblərimiz - Çanaqqala
Universitetində dərs keçən görkəmli
şairimiz Məmməd İsmayıl, tanınmış alimlər
Arif Acaloğlu və Tamilla Abasxanlı qardaş ölkədə
düzənlənən böyük ədəbi etkinliklərin
əksəriyyətində iştirak ediblər. Onların təqdimatı
ilə İstanbulda, Ankarada, Əskişəhərdə,
qardaş Cümhuriyyətin digər şəhərlərində
neçə kitabda, dərgi və qəzetdə Azərbaycan ədəbiyyatı
tanıdılıb.
Xalq
yazıçıları Anar, Elçin, xalq şairləri Fikrət Qoca, Zəlimxan Yaqub, Sabir
Rüstəmxanlı, eləcə də Məmməd Aslan,
Ramiz Rövşən, İlyas Tapdıq, Abbas Abdulla,
Çingiz Əlioğlu, Rəşad Məcid, Akif Əhmədgil,
Elçin İsgəndərzadə, Elçin Hüseynbəyli,
İntiqam Qasımzadə, Elxan Zal Qaraxanlı, Gülayə
Şınıxlı, Rəsmiyyə Sabir, Aygün Həsənoğlu,
İlqar İlkin, Zakir Sadatlı, Səlim Babullaoğlu,
Aydın Xan, Faiq
Balabəyli, Narıngül, Şəfəq Sahibli, bu sətirlərin
müəllifi və bir sıra başqa şair,
yazıçılarımız qardaş Türkiyədə
keçirilən ayrı-ayrı festival, simpozium və
konfranslarda nümayəndə olaraq iştirak ediblər.
Onlardan bir çoxu qardaş ölkədən ödüllərlə
qayıtmışlar. Bunlar, eləcə də adıkeçən
şair və yazıçılarımızın qurduğu
hər yeni ilişki də ədəbiyyat təsərrüfatımızın
bugünkü mövzumuz üzrə faktları kimi deyilə
bilər.
Xalq şairi
Sabir Rüstəmxanlının "Göy Tanrı",
"Difai fədailəri" əsərləri, "Cavad
xan" filmi hesabat dövrümüzün parlaq örnəklərindəndir.
Aşıq Əli
Quliyevin irfan şeirləri "Qəm daşıyan dərviş
oldum" adı ilə 2011-ci ildə
kitablaşdırılmışdır.
Bakıda Nəvainin
heykəlinin ucaldılması, Azərbaycan və Özbəkistan
dövlət başçılarının iştirakı ilə
təntənəli açılış törəninin
keçirilməsi, eləcə də paytaxtda Koroğluya abidə
ucaldılması ilə Prezident sərəncamının verilməsi
böyük ədəbi-mədəni hadisələrdəndir.
Koroğluya abidə qoymaq yalnız qəhrəmanlığa
deyil, eyni zamanda dastana, aşığa, saza abidə
qoymaqdır.
Azərbaycan
Yazıçılar Birliyinin 75 illik yubiley tədbirləri,
"2010-cu il, Bakı-İslam Mədəniyyətinin
Paytaxtı" ili çərçivəsində düzənlənən
bir sıra fəaliyyətlər, o cümlədən Ağacəfər
Həsənlinin tərtib etdiyi, Türkiyə ədibləri
ilə başlayan və böyük hissəsi Türk dövlətlərini
(xalqlarını) çevrələyən
yaradıcılıq örnəkləri ilə süslənmiş
"Sevgi fəsli" toplusunun nəşri, Xəzər
şeir axşamlarının, KİBATEK Şeir şöləninin
düzənlənməsi, 2010-cu ilin iyun ayında DGTYB-nin (Gəncliyə
Yardım fondu ilə birlikdə), Azərbaycanda Atatürk Mərkəzinin
mənəvi, TİKA-nın maddi dəstəyi ilə
"Yunus İmrədən Məhəmməd Füzuliyə: İnsan sevgisi"
adlı uluslararası elmi simpoziumunun gerçəkləşməsi,
Azərbaycanda "Mövlanə günləri"nin
keçirilməsi, "Mövlanə günləri"
sırasındakı ədəbi faktlardan Fəridə Hacıyevanın,
Gülhani Pənahın, Ədalət Əsgəroğlunun, Əsəd
Cahangirin (onun "Namaz" əsəri Mövlanə Cəlaləddin
Rumi ödülünə layiq görülmüşdür) və
başqalarının Mövlanə ünvanlı şeirləri,
habelə Mövlanə irsi üzərinə bir sıra
araşdırmaların çapını, iri həcmli məqalələri
qeyd edə bilərik.
Gülamayıl
Muradın Anadolu türkcəsində çıxan
"Qarabağ harayı"ı yadıma düşür.
Xalq şairi Nəriman
Həsənzadənin "Nuru Paşa" poeması
özünə özəl diqqət tələb edir. Mənə
qismət olub, azərbaycanlıların və digər
Türksoylu ölkələrin əməkdaşlıq mərkəzinin
"3 mayıs - Türkçülük günü"
münasibətilə düzənlədiyi törəndə həmin
poemanın bir bölümünü xalq şairimizin öz
dilindən eşitmişəm, əsər, əsərin qəhrəmanı
barədə onun öz yorumlarını dinləmişəm.
Yeri gəlmişkən, Nəriman Həsənzadənin 80, Zəlimxan
Yaqubun 60, Sabir Rüstəmxanlının 65 illik yubiley tədbirlərinin
formatı, proqramı hər üç yubiley tədbirini
Türk dünyasının mədəniyyət hadisəsi
kimi incələməyə əsas verir.
Türk ellərinə,
türk böyüklərinə, qəhrəmanlarımıza
və dəyərlərimizə şeirsəl münasibət, bir müddət
Türkiyədə yaşamış qocaman şairimiz
İlyas Tapdığın yaradıcılığında
önəmli yer tutur ("Türk dilim", "Anamur",
"Görünür", "İstək" və s.).
Adil Cəmilin
"Manas" eposunu (Keneş Yusupov variantı) dilimizə
çevirməsi və bu dastan haqqında monoqrafiyası
önəmli faktlardandır. Adil Cəmilin
manasşünaslıqda, İslam Sadığın
koroğluşünaslıqda, professorlar Buludxan Xəlilovun,
Güllü Yoloğlunun bütövlükdə
türkologiyada sabitqədəm çalışmaları, bu
çalışmaların kitablaşması ümumən
ictimai-mədəni həyatımız üçün önəm
kəsb edir - deyə düşünürəm.
Ehtiramın
2010-cu ildə işıq üzü görmüş
"Sevgi dolu Türkiyə" kitabı onun, rəssam Nəvai
Məhəmmədoğlu
və şair İbrahim İlayslının qardaş ölkəni
ziyarətlərini, Anadoludan aldıqları mənəvi
enerjini anladır.
İlqar
Qasımovun tərtib etdiyi, "Dərdli, ağrılı qardaşlarımız" adı ilə 2005-ci ildə
çıxmış Kırım-tatar poeziyasından
çevirmələr və məqalələr toplusunu da,
Zakir Sadatlının tərtibçisi olduğu, daha bu
günlərdə işıq üzü görmüş
çox dəyərli bir kitabı - Əziz Alpoudun "Həyatımın
hekayəti" əsərini də ədəbi təsərrüfatımız
içrə Türk dünyası ədəbiyyatı
faktı kimi dəyərləndirərdim.
"Nobel"li
Orxan Pamukun "Bəyaz qala" romanı dilimizə
çevrilib və nəşr olunub. Kitabın göstəriciləri:
sayı 500, səhifə sayı 153.
"Bəyaz
qala" Türkiyədə Orxan Pamukun ən çox
satılan kitablarındandır. 13 dilə çevrilən bu
kitab Pamuku dünyada tanıdan ilk əsər olma özəlliyini
də daşıyır. Ötən il isə
yazıçının "Yeni həyat" romanı dilimizə
uyğunlaşdırılıb. Gənc yazar Fərid Hüseynin verdiyi bilgiyə
görə, 2012-ci ilin yanvar ayında müəllifin daha bir
kitabının, "Mənzərədən
parçalar"ın da nəşri nəzərdə tutulub
ki, artıq bu kitabın da çevrilməsi prosesi
yekunlaşmaq üzrədir.
Fərid
Hüseynin Qismətlə birgə hazırladığı
"Unudulmaz sevgi şeirləri" 2010-cu ildə işıq
üzü görüb. Topluda qardaş Türkiyədən Cəmal
Sürəyya, Fazil
Hüsnü Dağlarca, Atilla İlhan, Oqtay Rıfat, Mətin
Altıok, Bədri Əyyuboğlu kimi ustad sənətkarların
eşq şeirləri yer alıb.
Abbas Abdullanın 2007-ci ildə işıq
üzü görmüş "Urum Kırım arası"
kitabı konkret olaraq "Türklük və Türk
dünyasına şeirlər"i içərir.
Əkbər
Qoşalı
(ardı var)
Ədəbiyyat
qəzeti.- 2011.- 1 iyul.- S.4, 6.