Efir məktəbi

 

Mədəniyyət məfhumunun çox böyük bir məna kəsb etməsi danılmaz bir reallıqdır. Belə ki, hər bir fərd özünəməxsus nitq, davranış, ünsiyyət, idarəetmə mədəniyyətinə malikdir. Bunların inkişafına təkan verən sahələr isə ədəbiyyat, incəsənət, radio, televiziyadır. Haqqında geniş söhbət açdığımız 85 yaşlı Azərbaycan radiosunun isə həm ədəbiyyat və incəsənətin, həm də televiziya jurnalistikasının inkişafında müstəsna xidmətləri var. Radioda danışan - istər diktor olsun, istər aparıcı - natiq deyil. Amma gözəl danışıq qabiliyyətinə malikdir. Nədir bu gözəllik? Bu gözəllik dilə mükəmməl bələd olmaq deməkdir. Dilimizin bütün incəliklərini bilmək, onun saflığını, axarılılığını ifadə etmək bacarığına malik olmaq deməkdir. Bu baxımdan Azərbaycan radiosu insanlar üçün həmişə bir nümunə olub.

Dinləmə mədəniyyəti deyilən bir ifadə var. Gün ərzində hər birimiz neçə-neçə insanı dinləyir, həmçinin, neçə-neçə insan tərəfindən özümüz dinlənilirik. Bəzən olur ki, adi söhbətdə tərəflər bir-birinin sözünü kəsə-kəsə, səslərini ucalda - ucalda danışırlar. Bu qəbil insanları kənardan müşahidə etdikdə adama elə gəlir ki, onlar bu dəqiqə dalaşacaqlar. Bu, əlbəttə ki, etik normalar çərçivəsinə sığmayan bir haldır. Çox təəssüf ki, bu qəbil hallara bu gün bir sıra radio- televiziya verilişlərində də rast gəlmək olur. Xüsusilə də tok-şoularda. Həm də nədənsə çoxuna elə gəlir ki, tok-şoular elə belə olmalıdır. İnsanlar buya digər bir məsələ ilə əlaqədar öz fikirlərini məhz bu tərzdə çılğın, qəzəbli, bəzən də təhqiramiz bir şəkildə bildirməlidirlər. Guya onda veriliş daha canlı və daha maraqlı olur. Amma təbiidir ki, əslində belə deyil. Bu hay - küy çox zaman tamaşaçı və dinləyicini sözün əsil mənasında yorur.

Mətləbdən çox da uzaqlaşmaq istəmirəm. Radio-televiziya jurnalisti üçün dinləmə mədəniyyəti mühüm şərtlərdən biridir. Amma söhbət necə dinləməkdən gedir. Bir var özünü guya dinləyirsən kimi göstərmək, birvar sözün əsil mənasında dinləmək. Müsahibindediyini dərk edərək dinləmək. Bəzən olur ki, jurnalist verəcəyi sualları əzbərləyir. Həmsöhbətinə baxdığı bir halda, əslində onu eşitmir. Əzbərlədiyi növbəti sualı necə verəcəyini düşünür. Müsahibinin dediklərini eşitmədiyinə görə ona təkrar suallarla müraciət edir. Azərbaycan radiojurnalistikasında elə simalar var ki, onların yaradıcılığı 70-80-ci illərdə bizim üçün bir məktəb olub. Mailə Muradxanlı, Fəridə Aslanbəyova, Telman Qarayev, Vaqif Əlixanlı, Hüseyn Mehrəliyev, Əhməd Xaspoladov, Rəşid Kazımov və bir yazıda adlarını çəkə bilmədiyim digərləri. Telman Qarayevin Rəşid Behbudovdan aldığı bir müsahibə var. Hər kəs onu dönə-dönə dinləsə belə yorulmaz. Rəşid Behbudov müsahibə verməyə bir o qədər meylli adam deyildi. Onu danışdırmaq da boyük məharət tələb edirdi. Telman Qarayev o məharətin sahibi idi. Adını çəkdiyim o müsahibə efirdə müsahiblə ünsiyyətin ən gözəl nümunələrindən biri idi.

Söhbətimin əvvəlində nitq mədəniyyəti ifadəsini işlətdim. Azərbaycan radiosu 85 illik fəaliyyəti boyu elə sözün əsil mənasında nitq mədəniyyəti məktəbi olub. İndi sizə bu məktəbin qurucularından biri olan Fatma Cabbarova haqqında danışmaq istəyirəm. Onun radioya gəlişi uğurlu bir müsabiqə ilə bağlı olub. Belə ki, 1941-ci ildə radioda diktor yerinə müsabiqə elan olunub. Azərbaycan Pedaqoji İnstitutundan həmin müsabiqədə bir neçə qız iştirak edirmiş. Fatma xanım da onların arasında olub. Özü nəql eləyirdi ki, "studiyaya girənə qədər çox sakit idim. Amma elə ki, mikrofon arxasına keçdim, məni bərk həyəcan bürüdü. Ürəyim elə bərk döyünürdü ki, elə bilirdim, bu döyüntülər mikrofona da düşəcək. Studiyanın sakitliyi də məni vahiməyə salırdı."

Münsiflər heyəti hamını dinləyib sonra məşvərət eləyib. Son qərar açıqlananda məlum olub ki, o qızların arasından yalnız Fatma Cabbarova seçilib. Çünki onun səsi çoxnotlu, tələffüzü aydın və təmiz olub. Bundan başqa, oxu texnikasında da bir çox üstünlüklərə malik olub. O zaman Fatma xanımın iyirmi yaşı olub. Hamı bilir ki, müharibə illəri radionun kütləvi şəkildə dinlənilən bir dövrü olub. Ön cəbhədəki vəziyyəti hər kəs diqqət mərkəzində saxlayırdı. O dövrün populyar verilişlərindən biri "Cəbhədən və cəbhəyə məktublar" idi. Fatma Cabbarova o verilişlərdə öz gur nüfuzedici, həmçinin ürəyəyatımlı səsiylə neçə-neçə əsgər ailəsinin qonağı olardı. Odlu döyüş cəbhələrində düşmənə mərdliklə sinə gərən yüzlərlə Azərbaycan oğlunun ən müqəddəs hisslərinin ifadəsi olan əsgər məktubları onun səsi ilə Azərbaycanın hər guşəsində eşidilirdi. O illər radio birmənalı şəkildə arxa cəbhə ilə ön cəbhəni birləşdirən ən mühüm ünsiyyət vasitəsi idi.

Müharibədən sonrakı dövrdə radioda çox geniş yayılan janrlardan biri radio teatrı idi. Yalnız özünəməxsus keyfiyyətlərə malik incəsənət növü. Bu teatrda nə səhnə var, nə tamaşaçı. Aktyor da öz adi geyimində və qrimsizdir. Amma obraz yaratmalıdır. Özü də yalnız səsi və ifadə tərzi ilə. Fatma Cabbarovanın yaradıcılığında radio teatrlar özünəməxsus bir iz qoyub. 1977-ci ildə ondan aldığım müsahibədən bir hissəni təqdim etmək istərdim. Yeri gəlmişkən bildirim ki, bu sətirlərin müəllifinin "Ədəbiyyat qəzeti" ilə ("Ədəbiyyat və incəsənət") ilk əməkdaşlığı da məhz bu müsahibə ilə başlayıb. Fatma xanımın mikrofonlu günlərinin tarixindən kiçik bir səhifəni oxuyaq:

"1948-ci il idi. O zaman radionun ədəbiyyat redaksiyası klassik əsərlərə tez-tez müraciət edərdi. Azərbaycan teatr tarixində böyük xidmətləri olan Əliheydər Ələkbərov həmin redaksiyada rejissor işləyirdi. Bir gün məni yanına çağırıb dedi ki, Fatma, Puşkinin hansı əsərlərini oxumusan?

Dedim ki, "Yevgeni Onegin"i əzbər bilirəm. Sonra da Tatyananın Oneginə məktubunu əzbər dedim. Əliheydər müəllim mənə çox diqqətlə qulaq asandan sonra qalxıb, əllərimi sıxdı: - Afərin, Fatma, sən hazır Tatyanasan. İki gündən sonra bu poemanın məşqləridir. Sənə Tatyana rolunu tapşırıram.

Mən əlbəttə ki, çox sevindim. Amma dərhal da soruşdum ki, məndən başqa daha kimlər olacaq? Eşidəndə ki, mənimlə bərabər Əli Zeynalov, Kazım Ziya, Sadıq Saleh də bu tamaşada rol alıblar, doğrusu, bir az həyəcanlandım.

Deyilən vaxtda tamaşa efirdə səsləndi. Tamaşanın əvvəlində bir qədər sıxıldım. Sonra hər şey qaydasına düşdü. Tərəfmüqabillərimin gözəl ifalarını heyranlıqla dinlədikcə mən də, necə deyərlər, hadisələrin axarına düşdüm. Tamaşa qurtarandan sonra Əliheydər müəllim bizə bir-bir yaxınlaşıb hamımızı təbrik etdi. Mənə üz tutanda isə dedi ki, sağ ol, Fatma, sənin Tatyananı dinləyicilər nəinki eşitdilər, həm də gördülər."

Elə bu müsahibəni götürdüyüm 1977-ci ildə radionun Qızıl Fondundan bir lent yazısına qulaq asmışdım. 1954-cü ildə lentə alınmışdı. Qara Qarayevin "Yeddi gözəl" baleti. Dahi bəstəkarın ecazkar musiqisi ilə Fatma Cabbarovanın misilsiz sənətkarlığının sintezindən yaranan əsl radio-şedevr. Burda aparıcının təsvir manerasına heyran qalmamaq olmur. Baletin radiomontajının dinləyiciyə çatdırılması böyük məharət tələb edir. Sən demə, bu radiomontajı lentə almazdan əvvəl Fatma xanım baletin musiqisinə dönə-dönə qulaq asıbmış. Ona görə də mətni oxuyanda elə bil, özü baleti görürmüş.

Bir dəfə Fatma xanımdan soruşdum ki, ifanızda lentə yazılan tamaşalara qulaq asanda özünüz nə kimi hisslər keçirirsiz? Dedi ki, "lent yazısı qurtarınca özüm özümü həm təhlil, həm də tənqid edirəm."

Fatma xanım mütaliə etməyi çox sevərdi. Diktor otağına girəndə hər zaman onun əlində kitab görmək olardı. Ümumiyyətlə, o zamanlar kitabın dəyəri ölçüyəgəlməz idi. Bu gün çox şeylər dəyişib, bir çox dəyərlər yenilənib. Təbiidir ki, onların uğurlusu da var, təzadlısı da. Bütün bunların axarında öz məsləkini dəyişməyənlərdən biri də 85 yaşlı Azərbaycan radiosudur. Öz səsi və öz sözü ilə insanlara və insanlığa xidmət edən Azərbaycan radiosu.

 

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 1 iyul.- S.5.