Gözəl qəlb və qələm sahibi

 

Etiraf edim ki, yaşıdlarım haqqında - XX əsrin 50-ci illərində dünyaya gələnlər barəsində yazmaqdan xüsusi zövq alıram. Əkrəm Qaflanoğlu ilə də tanışlığımın, mehriban dostluğumuzun 32 illik tarixi var. İstedadlı gənclik çağları indi də gözlərimin qabağındadır. Onunla Qubanın İspik kəndində keçirdiyimiz günlər heç vaxt yadımdan çıxmaz. Sonralar onu cəmiyyətdə özünəməxsus rolu olan fəal bir insan kimi tanıdım. Dünya azərbaycanlılarının diaspor kimi formalaşmasında böyük rolu olmuş "Vətən" Cəmiyyətində sədr müavini kimi o, tanınıb qol-qanad açdı. Onun həyatında görkəmli yazıçımız, gənc ziyalıların böyük dostu, xalq yazıçısı Elçinin mühüm rolu olub. Yavaş-yavaş bədii-publisistik yazıları ilə tanınan Əkrəm bir gün mənə çağdaş gülüş mədəniyyətimizi əks etdirən əhvalatlardan ibarət bir kitabının əlyazmasını təqdim etdi, mən sonralar əldən-ələ gəzən həmin kitaba ön söz yazdım. Bu kitab onun tizfəhm bir ağıla, yazı mədəniyyətinə malik olduğunu əks etdirir.

Əkrəm ailəcanlılığın və dostcanlılığın gözəl bir simvoludur. Hələ ondan narazı qalan bir adam görməmişəm. Çünki Əkrəm xeyirxahlığı özünə peşə etmiş, aydın həyat idealına malik zərif ruhlu bir ziyalıdır.

Əkrəmin sağlam gülüşlə çağlayan lətifə və əhvalatları həm bu janrın inkişaf edib rəvac tapmasında, həm də cəmiyyətin gülüşlə saflaşmasında özünəməxsus rol oynayır. Gülüşün kökündə eybəcərlik yatır, budağında gözəllik bitir. Əkrəm bu gün məsuliyyətli bir işdə - Baş nazirin müavininin köməkçisi kimi məsul bir vəzifədə çalışır. Şah dağından aldığı vüqarını və təmiz nəfəsini, gur və şaqraq səsini, kağıza və qələmə olan sədaqətini, ailəsinə və dostlarına təmənnasız sevgisini, nəhayət vətənə, məhəbbət dolu ziyalı mövqeyini əzmlə qoruyub saxlayır.

 

Nizaməddin Şəmsizadə

Ədəbiyyat qəzeti.- 2011.- 1 iyul.- S.5.