Ənvər Nəzərlinin İrəvan səfəri

 

1960-cı illərin ortalarında təcrübə mübadiləsi məqsədilə Ənvər Nəzərli İrəvana gedir. Ermənistan KP MK-nın xarici əlaqələr şöbəsinin müdiri Mansaryan onu qarşılayıb "Armeniya" mehmanxanasına gətirib lüks nömrədə yerləşdirir. Gecə saat on bir radələrində növbətçi gəlib onu başqa nömrəyə köçürür. Səbəbini belə izah edir ki, otağın pəncərələri təsərrüfat həyətinə baxdığı üçün səs-küylüdür. Ə.Nəzərli imtina edəndə növbətçi təkidlə deyir:

- Sən öz millətinə sadiq əsl erməni olduğun üçün daha yaxşı nömrədə qalmalısan.

Bu nəticəyə nədən gəldiyini soruşanda növbətçi Ə.Nəzərliyə izah edir:

- Əzizim, Bakı kimi böyük şəhərdə "Yerevan" küçəsində yaşayırsan, familiyan da Nazaryandır.

Ə.Nəzərli savadsız erməninin Nəzərlini Nazaryan kimi oxumasını bildiyindən özünü o yerə qoymur. Ezamiyyət vaxtı bitir. Mehmanxana növbətçisi olan həmin erməni Mansaryanın yanında "soydaşına" mehribanlıq göstərərək deyir:

- Yoldaş Nazaryan, zaman Yerevana gəlsəniz, həmin nömrə sizinkidir. Bütün ermənilər sizin kimi olmalıdır

Mansaryan növbətçini tərs-tərs süzür. Ə.Nəzərli isə istehza ilə gülümsəyərək təşəkkür edib deyir:

- Soyadım Nazaryan deyil, Nəzərlidir. Özüm azərbaycanlının xalisindənəm.

Mansaryan əməlli-başlı pərt olmuşdu. Necə olmasın? İki gün öncə buna oxşar hadisə baş vermişdi. Onu Matenadarana aparmışdılar. Orada olan şüşə altındakı fars, ərəb Azərbaycan dillərində olan nadir əlyazmalarını qədim erməni kitabları kimi Ə.Nəzərliyə sırımaq istəyən erməni qızına o, bir söz demədən farsca olan kitablardan birini götürüb sərbəst oxuya-oxuya qıza tərcümə edərək deyir:

- Görürsənmi, "qədim erməni dilini" necə əla bilirəm, çalış sən öyrən.

Muzeydən çıxanda Mansaryan qayıdıb, qızın dərsini vermişdi. Bunu Ə.Nəzərli sövq-təbii hiss etmişdi.

 

Qubalı veteranın generala dərsi

 

Keçmiş sovet zamanında Böyük Vətən müharibəsi əlili bir qubalıya növbədənkənar, pulsuz "Jiquli" maşını verirlər. Kənd sakinlərindən biri veterana bildirir ki, iki min manata maşını ona satsın. Veteran razılaşır.

Aradan bir müddət keçəndən sonra veterana biri çuğulluq edib bildirir ki, maşını alan sənə kəf gəlmişdir. Ondan dörd min manat da almalısan. Başına döndüyüm veteran da onda ayılır ki, maşını alanın izi-tozu kənddə görünmür, o, Moskvadadır. Taleyin hər cürə sərt üzünü görən veteran təcili Moskvaya uçmalı olur (kəndçisi əməlli-başlı onun şəstinə xələl gətirmişdi).

SSRİ-nin Müdafiə Nazirliyində onun şikayətinə qulaq asıb, aidiyyəti məsələyə baxmaq üçün generalın yanına gətirirlər.

General onu könülsüz qarşılayır sonda bildirir ki, bu məsələyə Moskvada yox, Bakıda baxmalıdılar. Bu yerdə yemisən, turşulu . Generalın ağzında söz bitər-bitməz qubalı veteran qoltuq ağacını özünə dayaq edərək generalın gicgahına güclü yumruq ilişdirir. General yerə sərilir. Hay-küy qopur. Məsələ nazirə çatdırılır. Nazirin tapşırığına əsasən "xuliqanı" onun hüzuruna gətirirlər. Sorğu-sualdan sonra sonda qubalı veteran marşala deyir:

- O generalı başa salın ki, mən qıçımı Azərbaycanda deyil, burda itirmişəm

Müdafiə nazirinin əmrilə veterana kəf gələni tapıb, pulunu alıb qaytarırlar.

 

 

Əkrəm Qaflanoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 1 iyul.- S.5.