Onu sevməmək olmur
"Ədəbiyyat qəzeti"nin
redaktoruna
Hörmətli Ayaz müəllim!
Qəzetinizdə
hər vaxt İraq-türkman yazar və aydınlarına yer
ayırdığınıza görə sizə minnətdarıq.
Azərbaycan Yazarlar Birliyinin fəxri üzvü Mövlud Taha
Qayaçının vəfatı ilə bağlı prof.dr. Qəzənfər Paşayevin vida
sözünü veribsiniz. Mövlud Taha həqiqətən də
bizim tanınmış yazar və aydınlarımızdan idi.
İraqda və Türkiyədə demək olar ki,
bütün qəzet və dərgilər onun haqqında
yazılar verdilər. O, Azərbaycanı çox sevirdi
(ümumiyyətlə, Azərbaycanı sevməyən elə
bir iraqlı türkman tapmaq çətindir).
Nə
yaxşı ki, Qəzənfər müəllimin
yazısını və Mövludun türkman ellərində
çox sevilən "Dayı Mehdi" hekayəsini çap
edərək onun ruhunu şad edibsiniz. Taleyə baxın ki,
Mövludun ölümünə az qalmış
"Türkmaneli" dərgisində nəşr etdirdiyi
"Onu sevməmək olmur" adlı məqaləsi Qəzənfər
Paşayevə həsr olunub. Azərbaycanlı oxucu və tədqiqatçılar
bilmirlər ki, Qəzənfər Paşayev İraq-türkman
ləhcəsi və folkloruna dair material toplayarkən hansı
zorluqlarla qarşılaşıb.
Oxucular
üçün maraqlı olacağını
düşünərək mərhum Mövlud Tahanın həmin
məqaləsini təqdim edirəm.
Hörmətlə
Məhəmməd Bayat,
Azərbaycan Yazarlar Birliyinin fəxri
üzvü
Bakı - 27.06.11
İraq türkmanları ilə Azərbaycan
türkləri arasında çağdaş kültür
körpüsünün təməl daşını atma
şərəfini Rəsul Rza pay etmişdir. Kərkükə
yapdığı qısa ziyarəti sırasında xocamız
Əta Tərzibaşının üçcildlik "Kərkük
xoyrat və maniləri" kitabını əldə edən
Rəsul Rzanı - Azərbaycanda sərbəst şeir
cığırını açıb dərinləşdirən
ünlü şairi bu xalq yaradıcılığı
nümunələri elə təsirləndirmişdi ki, onun
çalışmaları Azərbaycanda bayatı janrına rəğbəti
bir dönüşə gətirib çıxardı.
Əta bəyin
adı keçən kitabı elm adamları tərəfindən
çox mühüm və zəruri sayılmış,
çoxsaylı araşdırmalara mövzu olmuş, bir
çox ədəbiyyatçının könlündə səltənət
taxtını qurmuşdu. Bu vadidə könül verən gənc
nəslin nümayəndələrindən biri də Qəzənfər
Paşayev olmuşdur. Qəzənfər İraqda fəaliyyət
göstərən Sovet şirkətində
çalışarkən, fürsətdən yararlanaraq xalqa
xidmət göstərmişdir. Q.Paşayev İraqda işlədiyi
altı il ərzində, böyük əlaqələr
qurmuş, bol-bol material toplamış, dəyərli işlər
görmüşdür. Siyasi baxımdan zorakılıqlarla
qarşı-qarşıya qaldığı da olmuşdu.
Onunla
tanışlıq mənə Bağdadda
"Qardaşlıq" ocağında qismət olmuşdu.
Sağlam, dinamik qəzet müxbirləri kimi bir əlində
qeyd dəftəri, bir əlində maqnitafon qeyd edir, səs
yazırdı. Sovet rejimi dönəmi idi. Kommunizm kabusu
İraqı da caynağına almışdı. Kommunistlər
1959-cu ildə Kərkükdə qətlam törətmişdilər.
Bizlərdə Qəzənfər Paşayevə münasibət
başqa idi. Azəri olduğu yardımına yetmişdi.
Çünki azərilər də Sovet rejiminin qurbanı hesab
olunurdu. Bununla belə, Qəzənfər ürəyini
açıb kimliyini göstərə bilməzdi. O, Abbas
Zamanov kimi millətçi adı qazanmışlardan söz
açaraq pasport kimi istifadə edirdi. Sovet pasportu
daşıdığı üçün kritik suallarla
qarşılaşdığı, kəndi inancı
acısından cavab verməmək nəticəsində
çəkdiyi sıxıntıları,
ölçülü-biçili danışma və
davranışlarına rəğmən o, Sovet-Bağdad
Elçiliyində nəzərdən düşmüş və
izlənmişdi. Onu sovetlərin əleyhdarları
türkmanlarla yaxınlaşmasına, türkman
"Qardaşlıq" ocağına ayaq açmasına,
"Qardaşlıq" dərgisində yazı
yazdığına görə suçlamışdı. Amma
Qəzənfər Paşayev diplomatik və
açıqgözlülük fərasəti ilə fəlakəti
adlamağı bacarmışdı.
Çox vəfalı
olan bu dostumla anılacaq anlarım kitab dolduracaq qədər
çoxdur. Bu yazımda ancaq bir olay üzərində
duracağam. 1966-cı ildə Qəzənfər material
toplamaq üçün Kərkükə gəlmişdi.
Bizim adətimiz
budur: Gərək müsafir bizimlə evdə qalsın. Lakin Qəzənfər
heç cür razı olmadı. Onu təhlükəsizliyinə
əmin olduğumuz Atlas küçəsində
"Qızıl Arslan" otelində yerləşdirdik.
Gün boyu və gecənin gec saatlarına qədər birlikdə
qalır, uyuma zamanı otelə gedirdi. Necə bir yerdə
qaldığına baxmaz, sıxıntı, soyuq, isti barədə
düşünməz, bəlkə də onları
düşünməyə vaxt tapmazdı. Fikri-zikri material toplamaq idi. Arada
müğənni Əbdülvahid Kuzəçioğluna
heyranlığını dilə gətirirdi. Onun haqqında
bilgi əldə etmək üzərinə, onun harada
çalışdığını sordu. Kuzəçioğlunun
neft şirkətində çalışdığı
cavabını alanda çaşıb qaldı.
- Həm vəzifə,
həm sənətlə məşğul olursa, bu qədər
əsəri necə yarada bilir?
Qəzənfərin
Kərkükə gəlişinin ya ikinci, ya
üçüncü günü axşam Kuzəçioğlu
ilə görüşməyi planlaşdırdıq. Qəzənfərin
qaldığı otellə üzbəüz Kərkükdə
çox məşhur Abbas Keçəçinin kəllə-paça
dükanı yerləşirdi. Əhməd Otraqçı və
Qəzənfərlə kəllə-paça yeməyə gedəcəkdik.
Qəzənfərin otağına gəldik. Qəzənfər
geyinib əşyalarını toplayırdı. Mən
bürküyə dözməyib balkona çıxdım.
Siqaret çəkməyə başladım. Elə bu vaxt
gördüm ki, Kuzəçioğlu qarşı tərəfdə
maşınını saxlayıb harasa getmək istəyir. Səsləndim.
Otel qarşısında Kuzəçioğlunu
qarşıladıq. Nəzakətlə davranmanın
ustası olan Kuzəçioğlu Qəzənfəri görən
kimi
Xoş gəldin,
qədəm-qədəm,
Sən
buralı, mən yadəm -
xoyratı ilə
min illik bir dostluq havası əsdirdi. Qucaqlaşdılar.
Yuxarı odaya çıxdıq. Mövsümsüz bir
bürkü vardı. Paşayev icazə almadan maqnitafonu işə
saldı. Fürsəti
əldən vermək olmazdı. Kuzəçioğlu
mahnını mahnıya qoşmuşdu. Əngəlliklər
isə sanki aralarında söz birliyi yapmışdılar.
Küçədə siqnal verə-verə gedən
maşınların səsini batırmaq üçün pəncərələri
qapatdıq.
Qəzənfər
sevinc içərisində idi. Sanki dəfinə
tapmışdı. Başqa bir aləmdə idi. Dünyadan xəbərsizdi.
Ələ keçirmiş fürsəti ən yaxşı
biçimdə dəyərləndirməyə
çalışırdı. Bu kiçik otaqda dörd nəfər
susuzluğu, istini unutmuşdu. Zorakılıqlara sevinc içərisində
qatlanırdıq. Kəndi düşən ağlamaz - deyirlər.
O da var ki, göydə axtardığını yerdə tapan,
tapdığını buraxmaz.
Kuzəçioğlu
oxuduqca coşur, açılırdı. Paşayevin
suallarını doyurucu bir şəkildə
cavablandırırdı. Örnəklər verir,
açıqlayırdı. Kuzəçioğlu oxuduqca ürəklərimiz
saz-söz dalğaları ilə
çırpınırdı. Paşayevin əldə etdikləri
ilə sevincdən ayaqları yerə dəymirdi.
Bu görüş istəksiz sona yetdi. Kuzəçioğlunu
gedəcəyi yerə yola salanda, dükanın
qapandığını gördük. Kəllə-paça
qonaqlığı başqa günə qaldı (Bizlər kəllə-paçanı
hər vaxt, xüsusən də axşamlar yeyərik - M.B.).
Kuzəçioğlunun göstərdiyi
könüllülük Qəzənfəri çox təsirləndirmişdi.
Hər zaman onu sorar və arar, görüşərdi. Son dəfə
bir heyətlə Bağdada gələn Qəzənfər Kuzəçioğlunun
Bakıda çəkdirdiyi (rəssam Nazim Rəhmanzadə)
portretini gətirmişdi. Bizimkilərdən birinə yol kirəsi
ödəyərək onu Kərkükdən Bağdada gətirməsini
istəmişdi. Ertəsi gün ondan siyasi səbəblər
dolayısı ilə gələ bilməm cavabını
almışdı (Kuzəçioğlunun portretini Bağdadda
akademik B.Nəbiyev, A.Mirzə və S.Abbasbəyli ilə birgə
"Qardaşlıq" nadisində (Mədəniyyət
ocağı) onların şərəfinə hazırlanan
yığıncaqda Qəzənfər Paşayev ona
çatdırmaq üçün
"Qardaşlıq"ın rəhbərliyinə
vermişdi - M.B.)
Sonra telefon bağlantısında Kuzəçioğlu
bu xüsusda kimsə ilə görüşmədiyini
bildirmişdi.
Bu olayı Paşayev yeni yayımlanan
"Borcumuzdur bu ehtiram" (Bakı - 2010) kitabında
açıqlayır. Nə isə…
Qəzənfər Paşayevi sevməmək
olmur.
Mövlud Taha
Qayaçı
Ədəbiyyat
qəzeti.- 2011.- 1 iyul.- S.3.