Həqiqət sorağıyla
"Bayatı"
kitab mağazasının təşkilatçılığı
ilə AYB Natəvan klubunda Teyyub Qurbanın "Həqiqət
olduğu kimi" kitabının imza günü
keçirilmişdir.
İmza
günündə tədqiqatçı-alim Şəmistan Nəzirli,
tarix elmləri doktoru Cəmil Həsənli, ədəbiyyatşünaslardan
Sabir Nəbioğlu, Elməddin Əlibəyzadə, Firidun Qurbansoy, jurnalistlərdən
Mirvari Rəhimzadə, şairlərdən Kələntər
Kələntərli, Ramiz Məmmədzadə, bəstəkar
Sərdar Fərəcov,
sabiq millət vəkili Maksim Musayev və b.
çıxış edərək arxivlərin qovluqlarından
arayıb gətirdiyi sənədlər əsasında
keçmişimizi işıqlandıran tədqiqatçı-alim
Teyyub Qurbanın yaradıcılıq məziyyətlərindən
söz açmışlar. Bildirmişlər ki, Teyyub
Qurbanın topladığı sənədlər möcüzəli
bir nur kimi tarixi həqiqətlər üzərinə səpilmiş
yalan və riyaları əridir, onun şəfəqlərində
tarixi ədalət üzə çıxır. Həyatda
çox zaman xəbislərlə rastlaşan, ədəbi-tənqidi
və pedaqoji fəaliyyətində maneələrlə
üzləşən Mikayıl Rəfilinin başına gələnləri
Teyyub Qurban onun o zaman Azərbaycana rəhbərlik edən Mir Cəfər
Bağırova yazdığı məktublara istinad edərək
araşdırır, onun öz dilindən nəql edir. Ən
başlıcası, kitabda sübut edir ki, bu şəxsiyyəti
xəbislərin caynağından məhz Mir Cəfər
Bağırov qorumuşdur. Çıxışçılar
T.Qurbanın digər kitabları kimi, bu əsərinin də
geniş oxucu kütləsi tərəfindən rəğbətlə
qarşılanacağına əminliklərini bildirmiş, bu
gün Teyyub Qurban kimi arxivlərdə işləməyə səbri
çatan, bu xəzinədəki ziynətləri üzə
çıxaran tədqiqatçıların kifayət qədər
olmamasından təəssüflənmişlər.
İmza
günündə qeyd olunmuşdur ki, kitaba ön söz yazan
Mikayıl Rəfilinin qızı Selcan xanımın təkcə
bir xatirəsi nə qədər tarixi təhrifləri, populist
çıxışları üzə çıxarır.
Selcan xanım giriş sözündə bildirdi ki, ötən
əsrin 50-ci illərində böhtanlarla, təqiblərlə
üzləşən atam bütün vəzifələrdən
uzaqlaşdırılmış, ictimai fəaliyyətinə
qadağalar qoyulmuşdu. Biz onun həbsini gözləyirdik.
Belə bir vaxtda, axşamdan keçmiş Mir Cəfər
Bağırov şəxsən özü bizə gəldi, əvvəl
bizimlə bir süfrə arxasında çay içdi, sonra
atamla başqa bir otağa keçərək təkbətək
xeyli söhbət etdilər. Nəticəsi isə səhəri
gün axşamüstü bilindi. Həmin gün atam çox
sevincək evə qayıtdı və bildirdi ki, mən
bütün vəzifələrimə bərpa olunmuşam.
İmza
günündə çıxış edənlər bildirdilər
ki, yaxşı olardı Mikayıl Rəfilinin əsərləri
indiki nəslə çatdırılmaq üçün
latın qrafikası ilə nəşr olunaydı. Bu
sıradan alimin "Azərbaycan ədəbiyyatı qədim
dövrlərdən indiyə kimi" doktorluq işinin
çapının vacibliyini vurğuladılar.
Tədbirin
sonunda Teyyub Qurban imza gününün təşkilatçılarına
və məclisə gələnlərə təşəkkürünü
bildirdi. Tədqiqatçılara arxivlərlə ünsiyyət
bağlamağı tövsiyə etdi. O, bildirdi ki, məhz bu
halda onların yazdıqları və
danışdıqları elmə və xalqa nəsə verə
bilər. Tədqiqatçı-alim ona təəssüfləndi
ki, bəziləri sənədləri arayıb tapmaq əvəzinə
eşitdikləri şaiələrə, söhbətlərə
əsasən televiziyada, radioda çıxış edirlər.
Unutmaq olmaz ki, arxiv materiallarına əsaslanmayan bu səpkili
şaiələr, söhbətlər müxtəlif dövrlərin
tələblərinə, onları yayanların istəklərinə
müvafiq quraşdırılmışdır.
Yeri gəlmişkən
deyək ki, kitabın redaktoru əməkdar elm xadimi,
Mikayıl Rəfilinin tələbəsi Paşa Əfəndiyevdir.
Əsərə filologiya elmləri doktoru Əjdər
Ağayevin "Bu gün sevməsələr də, yarın
sevərlər məni", Saleh Tahirovun "Arxiv bir xəzinədir"
məqalələri də daxil edilmişdir. "Həqiqət
olduğu kimi" "Adiloğlu" nəşriyyatında
çapdan çıxmışdır.
A.İsmayıloğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 1 iyul.- S.3.