Cavidşünaslığa qiymətli töhfə

 

Naxçıvan Dövlət Universitetində "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" oncildlik külliyyatının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr, Muxtar Respublika ziyalıları ilə yanaşı, Azərbaycan elmi-ədəbi ictimaiyyətinin tanınmış nümayəndələri, görkəmli alimlər də iştirak etmişdir.

Universitetin rektoru, millət vəkili, akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq yeni nəşrin Azərbaycanın dövlət müstəqilliyinin 20 illik yubileyinə qiymətli töhfə olmasından, xalqımızın qeyri-maddi mədəniyyət abidələrinin dünya ictimaiyyətinə çatdırılması, milli mənəviyyatımızın təbliği baxımından əhəmiyyətindən danışmışdır. Akademik qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1981-ci ildə böyük mütəfəkkir və filosof şair, Azərbaycan romantizminin banisi Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyinin keçirilməsi dahi şairin şəxsiyyətinə və ədəbi irsinə, eləcə də Cavidlər nəslinə münasibəti köklü şəkildə dəyişmiş, bu istiqamətdə çoxsaylı elmi tədqiqatlar aparılmış, yeni nəşrlər, sanballı elmi monoqrafiyalar ortaya qoyulmuşdur. Fitri istedada, milli təfəkkür tərzinə malik Ərtoğrol Cavidin oncildlik külliyyatı cavidşünaslığa dəyərli ərməğan hesab oluna bilər.

Layihənin müəllifi və nəşrin tərtibçisi, AMEA Hüseyn Cavidin ev muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" oncildliyinin tərtibi və nəşri Azərbaycan cavidşünaslığının nailiyyəti kimi" mövzusunda məruzə edərək çoxcildlik haqqında ətraflı məlumat vermişdir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimovun rəhbərlik etdiyi redaksiya heyəti, H.Cavidin ev muzeyinin əməkdaşlarının gərgin əməyi sayəsində araya-ərsəyə gələn nəşrdə yalnız bu muzeydə saxlanılan materiallar əsasında Ərtoğrol Cavidin folklorşünaslıq irsi toplanmışdır. Azərbaycanın ən müxtəlif regionlarındakı toy və yas mərasimləri, el mahnıları və oyun havaları, muğamlarımız və aşıq sənəti nümunələri və xalq dastanlarının əksəriyyəti ilk dəfə məhz burada işıq üzü görmüşdür. Parlaq istedada malik, şair, bəstəkar, rəssam, musiqişünas və folklorşünas Ərtoğrol Cavidin Azərbaycan Dövlət Konservatoriyasının nəzdində SSRİ xalq artisti Bülbülün yaratdığı və rəhbərlik etdiyi Musiqi elmi tədqiqat kabinetinin əməkdaşı kimi topladığı bu xalq sənəti nümunələri, professional musiqişünas, folklorşünas kimi apardığı elmi-tədqiqatlar böyük dəyərə malikdir.

Sonra nəşrin redaksiya heyətinin üzvü və fasrdilli materialların tərcüməçisi, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Teymur Kərimli, tanınmış cavidşünas, filologiya elmləri doktoru, professor Kamran Əliyev, professor Cəlal Nağıyev, NDU-nun tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi Hüseyn Həşimli, filologiya elmləri doktoru, tanınmış folklorşünas Məhərrəm Qasımlı, ədəbiyyatşünas şair Rafiq Yusifoğlu, filologiya üzrə fəlsəfə doktoru Gülşən Əliyeva, filologiya elmləri doktoru, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Cavanşir Yusifli, filologiya elmləri doktoru, professor Tərlan Quliyev, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Həsənəli Eyvazlı, tələbələr adından Aybəniz Cəmaləddinova yeni çoxçildliyin özünəməxsus səciyyəvi cəhətlərindən, Cavid dühasının yetirməsi olan Ərtoğrolun ədəbi irsinin elmi məziyyətlərindən bəhs etmişlər. Qiymətli folklor-etnoqrafiya materiallarını özündə əks etdirən nəşrin hazırlanması zamanı aparılan transliterasiya və mətnşünaslıq işləri də yüksək qiymətləndirilmiş, vurğulanmışdır ki, mükəmməl elmi və nəfis poliqrafik tərtibatla hazırlanan nəşr Azərbaycanın qeyri-maddi mədəni irsinin, fitri istedadı və yüksək vətənpərvərliyi ilə Cavidlər ocağının layiqli nümayəndəsi Ərtoğrol Cavidin yaradıcılığının öyrənilməsində neçə-neçə gələcək elmi tədqiqatların isnad mənbəyi olacaqdır.

 

 

Mehriban SULTAN

 

Ədəbiyyat qəzeti.- 2011.- 1 iyul.- S.3.