İ.Qaspralı irsindən incilər
Filologiya
elmləri doktoru Abid Tahirli böyük ideoloq, naşir,
redaktor, yazıçı-publisist, tərcüməçi-tənqidçi
İsmayıl Qaspralının irsi, həyat və fəaliyyətindən
bəhs edən "Bütün türklərin və
bütün dövrlərin tərcümanı" adlı kitabını
nəşrə hazırlamışdır.
Əsərə Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anar "Sönməyən
çıraq" adlı ön söz yazıb.
Kitabın "İsmayıl
Qaspralı irsindən incilər" hissəsində
verilmiş kəlamlardan seçmələr təqdim edirik.
* Millətə xidmət etmək istəyirsənsə,
əlindən gələn işlə başla ("firəngistan
məktubları").
* Rahat, məsud olmaq tərəqqi etmək
istəyirsənsə, maariflənməlisən ("Sərgidə
mən nə gördüm").
* İnsanlar gözəl əxlaqlı və
gözəl xasiyyətlidirsə, cəmiyyət durmadan tərəqqi
edər, salamat və xoşbəxt olar, əks təqdirdə,
içdən çürüyən alma kimi tədric
dağılar.
* Xəstə ağacda sağ meyvə
olmaz.
* Vətən yolunda can və baş fəda
etmək, namus ilə dünyadan köçmək, namussuzluq
ilə varıb düşmənə əsir olmaqdan min mərtəbə
ləzzətli və şərəflidir.
* Allahdan qorxduğun kimi, yalan
danışmaqdan qorx, cəhənnəmdən
qaçdığın kimi, pis əməldən qaç, cənnətə
məhəbbət etdiyin kimi, insanlara məhəbbət et.
* Yola yolçu yaraşır
("Darrürrahat müsəlmanları").
* Kımız süzüb və ya
rakı ilə qədəh doldurub düşmənə
utanılacaq xidmət göstərməkdənsə, əmanət
və pak canı mərdanə fəda etmək daha
yaxşı deyilmi?
* Gerçək durumu bilmək bəlanın
çarəsinin yarısını həll etməyə bərabərdir.
* Döyüş zamanı
saçlı-saçsız (qadın-kişi) yoxdur, əsgər
vardır ("Arslan qız").
* Az tap, az ye, lakin halal ye.
*Millətin halına aşina olmasan, ona
xidmət edə bilməzsən ("Gün doğdu").
* Toplar, tüfənglər qazanmaz, hər
zaman ədalət və mərhəmət qazanar.
* …Hansı tərəfin ədaləti və
mərhəməti çox isə, o tərəfin
qazanması üçün dua edin.
* Borc verilməklə, yol gedilməklə
tükənir.
* Bəsləyən torpağa sevgi, ədalətli
hökmdara sədaqət.
* İnsanlar danışaraq - tanış,
fikir və əməlləri bir olduqda isə dost olurlar
("Baxçasaray məktubları").
* Cəhalətə yalnız elm qalib gələ
bilər.
* Beyni elm hərəkətə gətirir.
* Qardaşlar, xalqın bilik və mədəni
səviyyəsinin yüksəldilməsi işi ilə ciddi məşğul
olun.
* Dinimiz xeyrin üç şəkildə
verilə biləcəyini öyrədir: əməklə,
sözlə və sədəqə ilə. Bunların hər
üçü Allah qatında keçərli, xeyirli
sayılır, lakin kasıb yaxın adamına
çalışması ilə, alim öyrətməklə,
zəngin sədəqə verməklə yardım edər.
* Öyrənmişsinizsə, bilik və
xeyirxahlığın qaydalarını mənimsəmişsinizsə,
onları soydaşlarınıza verməyə
çalışın ("Rusiya müsəlmanları").
* Böyük zindanlar bir açarla
açılır… ("Sibirdə - Tümən şəhərində").
* Həyat, zaman
üstüörtülü sözləri təhlil edəcək
və yanlışlıqları atacaqdır ("Rus-Şərq
anlaşması").
*Bəşərin məişətinə əsas
ola biləcək haqq-ədalətdən başqa bir şey
yoxdur.
* Haqq-ədalət üzərində təsis
olunan məişət ən pak məişət olacaqdır.
Bu məişətin içində olan insanlar rahat yaşaya
biləcəklər.
* Kiminsə hüququmun əleyhinə
olmadığına inanaramsa və özüm də kimsənin
haqqına göz dikməmişəmsə, kim məndən
şikayətçi olacaq, mən kimdən şikayətçi
ola bilərəm ki?!.
*Avropa bir ixtiyardır, təcrübəsi
çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən
bəhrələnək, xətalarını təkrar etməyək:
məktəblərini, universitetlərini bizlər də təsis
edək, elmlə ağlımızı
ziyalandırdığımız qədər haqq və ədalətlə
ürəklərimizi doldurmağa çalışaq. Avropada
pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan
kimi götür-qoy edək: nədir, nəyə yararı var,
vicdan və haqq-ədalət xaricində deyil ki? ("Avropa mədəniyyəti").
* İslam aləminə maddi və mənəvi
bərabərlik, rahatlıq dalaşmaq, dartışmaq yolu ilə
deyil, haqq-ədalətlə gələcəkdir ("Məzhəbi-iştirakıyyun").
* Rus və müsəlman millətləri
arasında düşmənçilik,
dözümsüzlük, soyuqluq, qorxu və əndişə
yoxdur, lakin "rəsmi Rusiya"ya gəlincə belə
deyildir.
* Gələcəkdə millətlər
orduları ilə deyil, mədəniyyət və kəmalət
ilə iş görəcəklər.
* Mərhəmət, sədəqə,
öz soyuna yardım islam dininin mahiyyətindədir
("Rusiya müsəlmanlarının mədəniləşməsinin
başlanğıcı").
* Din və millət qayğısı
ziyalı və alimləri, bir an da olsun, tərk etməməlidir.
* Şanı uca Quranın bir kəlmə
ilə təfsiri "ədalətdir".
* Ədalətsiz, insafsız bir müsəlmanın
ağzına yüyən, başına noxta salıb, ədalətə
bağlanmaq şəriətə zidd deyil, əksinə, ona
uyğundur.
* Din - ədalətdir. Ədalət xaricində
hərəkət edənlərə, zalımlara meydan və
müsaidə verilməməlidir ("Zülm haradan gəlir").
* İnsanların görüş və
düşüncələri fərqli ola bilər. Lakin bu hal
milliyyət, xalq düşüncəsinə əngəl
olmamalıdır. Bir ananın üç övladının
üç fərqli fikri, düşüncəsi ola bilər.
Amma anaya münasibətdə fərqli fikir olmamalıdır.
* Millətin nə fikirdə və nəyə
qadir olduğunu gələcək göstərəcək. Mənə
gəlincə, siyasi inanc və görüşümün əsası,
təməli "türkoğlu türk" olduğumdur.
Öncə Türk olmadıqca nə aristokrat oluram, nə də
demokrat. Nə xalqçı oluram, nə sosialist. Əgər
mənə "türklükdən, millətçilik fikrindən
əl çək, səadətə çatarsan" - desələr,
mən bu cür səadətdən bədbəxtliyi
üstün tutaram. Mənim mən olmamağım nə
ağlıma gələr, nə vicdanıma sığar.
* Milli mənsubiyyət hər şeydən
müqəddəm, hər şeydən müqəddəsdir
("Zamanımızın məsələləri").
* "Yağmur yağar içərik,
yerdən çıxar yeyərik" - ilə bu gün
dünyada ömür sürmək mümkün olsa da, sabah
belə heyvan kimi keçinmək mümkün olmayacaqdır.
Bu miskinlik, bu fəaliyyətsizlik, bu hünərsizlik bizləri
məhv edəcəkdir.
* İş-güc və fikir birliyi kimi
şivə və dil birliyi də məişətin ən
mühüm şərtlərindəndir ("Türk dil
şivələri").
* Hər millətin dili olduğu və
dilin də ən böyük və ən birinci bir sərmayə
olduğu o qədər məlum məsələdir ki, bu
xüsusda müzakirə açmağa ehtiyac yoxdur.
* Sadə və hər kəsin
anladığı, işlək dilə malik olmayan xalqın gələcəyi
şübhəli və qaranlıqdır.
* Türk oğlu üçün sadə
türkcə cümlə sair dillərdən daha
yaxşıdır.
* …Hər dilin özünəməxsus
yaraşığı var: içində gizlənmişdir,
işlənmək ilə ortaya çıxar, xaricdən
lüğət toplamaq ilə deyil. Borcla nə xəzinə
dolar, nə dil zənginləşər.
* Qəzet hamı üçün
buraxılırsa, dili sadə və aydın olmalıdır
("Dil sadəliyi").
* Qəzet və xəbər dili necə
sadə isə, "ədəbiyyat və şeir" dili də
o dərəcə sadə olmalıdır ki, milli olsun.
* Bildiyim budur ki, dilimiz sadələşdirilməlidir,
sinif dili yox, hamının anlayacağı dil olmalıdır.
Bunun üçünsə ilk növbədə türkcə
lüğət tərtib və nəşr edilməlidir
("Osmanlıca və sadə türkcə").
* Türkcəsi olan bir kəlmə yerinə
digər bir lisanın kəlməsini istimal etmək ədəbi
cinayətdir ("Dil məsələsi").
* Dili lazımsız sözlərdən, yabançı
kəlmələrdən qurtarmaq üçün xüsusi bir
qurum lazımdır ki, bu da meydanda yoxdur ("İmla bəhsi").
* Hər dil qələm ilə və ədiblərin
kamalı ilə tərəqqi edər ("Uram dili").
* Bir xalqın ədəbi dili yoxdursa,
özü də yoxdur. Millət üçün dil can və
ruhdur ("Kitab və kitabçılıq").
* Qəzetlərimiz nə qədər
çox olursa-olsun, bundan millətə fayda gözlənilir, zərər
dəyməz, lakin hər bir mühərrir, hər bir qəzetçi
başqa bir dil, başqa bir şivə və imladan istifadə
edərsə, məsələ çox müşkülə
düşər.
* Dil ayrılığı, məkan
ayrılığından daha ağır, daha zərərlidir.
Millətin birliyi dilin birliyi sayəsindədir. Maarifə,
kamala yiyələnmək yalnız ədəbi dil sayəsində
mümkün ola bilər ("Lisan məsələsi").
* Dil məsələsi yalnız bir ədəbi
məsələ deyildir. Bəlkə daha çox ictimai, siyasidir.
Elm, tarix, etnoqrafiya və siyasi elmlərə aşina olanlara bu
iş gün kimi zahirdir. Vahid ədəbi dili olmayan qövm və
millət 5-10 yox, hətta 100 milyon can olsa belə, yenə millət
sayılmaz ("Bizim mətbuat").
* Şükür Xudaya! Maşallah zamana!
İyirmi illik bir həsrətimə qarşı "Həyat"
görüldü, "İrşad" eşidildi.
Ümidvaram ki, həyat irşada və irşad həyata xidmət
edib durğunluğu, ölümü ta qaf dağlarına qədər
qovmağa cəhd və qeyrət edəcəkdir.
* İnsanları bir-birindən üç
şey ayırır: məsafə, din fərqi, bir də dil fərqi.
*25 ildən bəri (1881-ci ildən bəri
nəzərdə tutulur - T.A.) dediyim, yazdığım,
çalışdığım budur: cığır
açmaq, yol açmaq, başqa heç nə.
Çünki qüdrətli, nəcib, ömürlü,
dözümlü və cəsarətli türk millətinin pərakəndə
düşüb, Çin səddindən Ağ dənizədək
yayıldığı halda, səssiz-səmirsiz və
dalğın qalması dilsizlikdən, yəni ümumi dilə
malik olmadığından irəli gəlmişdir. Bu etiqad ilə
yaşadım, bu etiqadla məzara gedəcəyəm. 25 ildən
bəri bu məslək üçün yoldaş gözləyirdim.
"Həyat"ın vücudu mənə böyük təsəlli
oldu ("Həyat").
* Ədəbi dilsiz bir arşın tərəqqi
edə bilmərik ("Dil haqqında").
* Türk şivələrini
ayrı-ayrı dil, türk tayfalarını başqa-başqa
millət kimi göstərmək təfriqə, nifaq
salanların məsələsidir. "Tərcüman"ın
məsləyi başqa olmuşdur, başqa olacaqdır ("Rosiyya"
qəzetinə cavab").
* …Adı olmayan adam özü də yox
kimidir. Dilsiz kişinin cismi də yox kimidir.
* …Rusların bir qisminə katsap, bir qisminə
xaxol, bir qisminə belarus, bir qisminə də kazak deyilsə də,
hamısı "rus" olduqları kimi, biz türkdilli xalqlar
da türk oğlu türklərik.
* Dayanmadan çalışaq, mühərrir
rəfiqlər, bizlər hazırda nə qədər qəzet,
risalə yazsaq da, dünyamızı dərhal islah edə bilməyəcəyimiz
məlumdur, lakin əlimizdən gələcək çox
mühüm bir işimiz də vardır. Bu da ortaq ədəbi
dilə təməl, əsas, bünövrə qoymaqdır. Bu
işə ziyadə diqqət yetirək ("Dostlarıma
açıq məktub").
* Aslan kimi millətimizin başına gələn
fəlakətlər və çarəsizlik hər su boyunda
bir xan və ya əmirə tabe olduğu deyildir, hər su
boyunda bir şivədə danışıb, indiyə qədər
ortaq yazı və ədəbi dili vücuda gətirməkdə
etdiyi qəflətdir ("Can, yəni dil məsələsi").
* Çalışaq, çalışaq,
ortaq ədəbi dil uğrunda çalışaq.
* Tərcümançıların millətə
ərz və təqdim etdikləri "dil və məslək"
maddələri sosializm və marksizm müddəalarından
çox asandır və millətin ruhuna, idrakına və
halına daha yaxın şeylərdir.
* Millətin ədəbi dilini vücuda gətirən
böyük ədiblərdir. Bu, doğrudur, fəqət,
bunlara zəmin hazırlayan millətin özüdür, adi,
sadə mühərrirlərdir.
* "Şəms-abad" deməklə
bir türk oğlu nə fars olur, nə şair, ancaq ana dilinə
təpik atmış olur ("Beldetüş-Şemsmi, veled
degil, oğulmu?")
* Vay politika, politika! Məktəblərə
girməsəydin, nə gözəl olardı! Tatar xalqı
mövcud deyil, tatar dili məlum deyil. Dilimizə nə ad
verilirsə-verilsin, türk dilindən başqa bir şey
olmayacaqdır.
* Böyük məktəblərin hər
birinə bir molla ayrılmasını istədikcə, buna
"panislamizm" dedilər. İndi milli dildə təhsil tələb
edirik, "pantürkizm" əndişəsi irəli
sürülür ("Dillərin birləşdirilməsi gəlir").
* …Hər cür mübahisə edilirsə-edilsin,
şəxsiyyətə toxunmaq caiz deyildir. Sevgili dostlar, bu
artıq ədəbi mübahisə deyil, bazar qavğası rəngini
alır. Mühərririn mühərrirə "xuliqan"
deməsi, həmkarına "sən" - deyə xitab etməsi
üsuldan, ədəbdən deyildir.
* Əfəndi qardaşlar! Ağ
kağızın üzərimizdə haqqı vardır! Bizlər
mübahisə edəndə hambal dilindən istifadə ediriksə,
hamballara nə qalar? ("Bakı qəzetləri").
* Bir çox məsələlərdə
avamın, xalqın haqqı böyükdür, müqəddəsdir,
lakin elm və ədəbiyyat baxımından alimlərə və
ədiblərə tabe olmaqla islah və tərəqqi
yolları açılır.
* Qəzetlərdə üç cür qələm
işlədilir: uçitel qələmi, müəllim qələmi,
ədib qələmi - qarmaqarışıqlıqdır! Əfəndilər!
Türk qələmi hacət, türk ("Əfəndilər,
dil gərəkdir, dil").
*Əgər indiyədək olduğu kimi hər
kəs öz kefinə görə bir dil, hər mühərrir
özünəməxsus bir imladan istifadə edərsə, nə
dilimiz, nə imlamız düzələcəkdir ("İmla
məsələsi").
* Müxtəlif adları olan, müxtəlif
məkanlarda məskunlaşan türk tayfalarının
"lüğətlərini" yan-yana qoyub baxdıqca
sözlərin yüzdə 90-nın müştərək
olduğu üzə çıxar ("Dil ətrafında").
* Bitməz, tükənməz
müşavirələrlə, "olarmı,
olmazmı"larla iş olmaz. İşə başlamalı,
tədriclə olsun, lakin əməli olsun ("İmla
fonetikası").
*Bəlkə mənə səbirsizlik
güc gəlir. Xeyir! Səbirsizlik məndə deyil, milli yazı,
milli maarif, milli istiqlal tələsir ("Türk yurdu"na).
* Avropa ədəbiyyatının qədrini
bilmədiyimizi, ona qarşı olduğumuzu zənn etməyin.
Xeyr! Söyləyəcəyimiz ancaq budur ki, iki fransız
romanından bir milli hekayə mənfəətlidir.
* Dünya belədir: nə tərəqqinin,
nə nöqsanın sonu var. Bugünkü tərəqqi ertəsi
gün daha bir tərəqqi istər, durmaq yoxdur. Zaman hər
gün tərəqqi istəyir.
* Ədəbi tənqid ədəbiyyatın
mizanıdır. Mizansız bazar, tənqidsiz ədəbiyyat
kimidir.
* Parça-bez bazarına arşın,
çörək bazarına okka necə lazımdırsa, ədəbiyyata
ölçü olan tənqid, bəlkə daha artıq
lazımdır.
* Tənqid lazımdır, lakin tənqidçi
kim olacaq? Bu elə işdir ki, təndirdə çörək
bişirməkdən, gəmi
kömürçülüyündən daha
ağırdır. Təkrar edirəm, çətin və
ağır işdir, lakin lazımdır. Ədəbi şivəni
qabıqdan və çürükdən ayıracaq tənqiddir.
* Bu gün ədəbi tənqid
olmadığı üçün kitabın adına görə
alınması düzgün deyil, içini araşdırmaq
lazımdır, çünki adı ilə mayası
arasında Balkan dağları ola bilər.
*Tənqid, yalnız nöqsanı gösərməkdən
ibarət deyildir. Bu əsərin nə dərəcə istifadəli
olduğunu meydana çıxarmaq, onu isbat etmək də tənqidə
məxsusdur… ("Osmanlı mətbuatı").
* Hüqonun "Səfillər"indəki
qəhrəmanlara Anadoluda rast gəlinməz, lakin onlar kimi
canları ağrıyan, onlar kimi şənlənən
insanlar burda da tapılar.
* Bir halvaçı halvasını, bir
bozaçı bozasını və küfəçi
bamyasını çığırıb-bağırıb tərifləyirsə,
bir dərəcəyə qədər başa düşülər,
çünki əvvələn, malına diqqət çəkilməsi
üçün başqa bir çarəsi yoxdur, digər tərəfdənsə,
halvaçı, ya da bozaçı ədəb müəllimi
deyildir. Lakin bir ədib, ya bir qəzetçi öz
yazdığını halvaçı kimi
çığırıb-bağırıb özü mədh
edərsə, bu çox çirkin şey olmazmı?
Şübhə yox ki, çox böyük ədəbsizlik
olar ("Tənqid").
* Ədəbiyyat ağıl, fikir, fəhm,
bilik və ibrət xəzinəsidir. Belə bir xəzinəyə
malik olmaq üçün çalışmaq və qeyrət
lazımdır. Ədəbiyyatsız bir qövm
çılpaq adama bənzəyər, çılpaqlıq isə
xoş hal deyildir.
* Ara-sıra kitab nəşr olunan şəhərlərdən
biri Bakıdır. Bu şəhərin mühərrirlərindən
Sultan Məcid bəy Qənizadə ilə Nəriman Nərimanovun
milli ədəbiyyatın inkişafı naminə çox
çalışdıqları şükranlıqla
görülməkdədir ("Ədəbi bəsirət").
* Neçə illərdən bəri (məqalə
1914-cü ildə qələmə alınmışdır -
T.A.) Tiflisdə çıxan "Molla Nəsrəddin"
jurnalı mətbuatımız arasında bəlli bir mövqe
tutmuşdur. Adından da göründüyü kimi, "Molla
Nəsrəddin" lətifə danışar, lakin lətifəsi
arxasında acı bir həqiqət gizlənər. Gülər,
lakin gülüşü istehzalıdır, yaxud düşmən
gülüşü deyildir, gülə-gülə verilən
nəsihətdir. Əhval və adətlərimizi ara-sıra
iynələr, biz kimi sənə, mənə sancılar. Bəlkə
bir az incidər, lakin incitsə belə, məqsədi xeyir və
irşaddır, nəticəsi şəfa verir ("Molla Nəsrəddin").
* Kənddə müəllimlik edən bir
qeyrət əhli alimin ən fəzilətlisidir ("İslam
ölkəsinin məişəti").
* Hacı Zeynalabdin əfəndini yad etdik.
Hacı dedikdə böyük və qalın əmmaməli,
uzun xalatlı, ya cübbəli uzun və ağ saqqallı adam
göz önündə canlanır, elə deyilmi? Hacı
imiş, amma xəyal etdiyimiz kimi deyilmiş! Kamal
yaşında, qara saqqallı, qara papaqlı bir adamdır. Onu
başı əmmaməli yox, başı ali fikirlərlə
dolu, xalatlı, cübbəsi uzun yox, gözəl əməllərdən
libaslı gördüm.
* İslam tərbiyəsi ilə
dövrün mərifət və elmini uzlaşdıran
müslimələr, ümid edirəm ki, dünyanın ən
yaxşı anaları olacaqdır.
* Bütün savadlı, məlumatlı
müsəlmanlara, onlardan törəyənlərə xitab
edirəm: millət və camaatın başında, içərisində
olaq, millətdən uzaq olmayaq ki, bizi görsün, ibrət
alsın, faydalansın ("Baxçasaraydan Daşkəndə
səyahət").
* Mənfəət gələr gedər, ədalət
əbədidir ("Belə deyilmi").
*Politika, politika, amma bir azcıq insaf və
həqiqət ta lazım deyilmi? ("Hal həqiqəti").
"Hörmətli ustad Əhməd
Müdhət əfəndi həzrətləri indiki nitqində
məni "böyük İsmayıl Qaspralı" kimi təqdim
etdi. Mənim üçün bu sözü rədd etmək,
vallah, çox ağır gələcəkdir. fəqət təsdiq
də etməyəcəyəm. Mən o "böyük"
sözü ilə ifadə olunan rəğbəti, iltifatı
başqa bir kəlmə ilə təbdil etmək istəyirəm.
Bəxtiyar İsmayıl, mən böyük deyiləm, fəqət
bəxtiyaram, xoşbəxtəm ("İstanbul
konfransındakı (1909) çıxışından").
Ədəbiyyat qəzeti.- 2011.- 1
iyul.- S.2.