İ.Qaspralının Ə.Hüseynzadəyə "Açıq məktub"u
Rusiya müsəlmanları
arasında maarifçi türkçülük hərəkatının
görkəmli xadimlərindən biri, “Dildə, fikirdə,
işdə birlik” tezisini irəli sürmüş, onu otuz bir
il naşiri və redaktoru olduğu “Tərcüman” qəzeti
vasitəsilə Krımdan Kaşğara qədər geniş
bir ərazidə - Volqaboyunda, Qafqazda, Orta Asiyada, Sibirdə
ardıcıl surətdə təbliğ etmiş Qaspralı
(Qasprinski) İsmayıl bəy Mustafa ağa oğlunun
doğum günündən 160 il keçir.
İ.Qaspralının ictimai-elmi-ədəbi
fəaliyyətinin geniş tədqiqi respublikamız müstəqillik
əldə etdikdən sonra mümkün oldu. Bu sahədə
ilk ciddi araşdırmaların “Ədəbiyyat qəzeti” səhifələrində
dərc olunduğunu qeyd etməklə bərabər, görkəmli
ədəbiyyatşünas, professor, pedaqoq, unudulmaz Xeyrulla Məmmədovun
böyük xidmətini ayrıca vurğulamaq gərəkdir.
Onun vaxtilə “Ədəbiyyat qəzeti”ndə
(17 iyul 1992-ci il) “Tariximiz bu gün” rubrikası altında
çap olunmuş məqaləsini kiçik ixtisarla oxuculara təqdim
edirik.
…Nəcib, …cəsarətli
olan türk millətinin pərakəndə düşüb Səddi-Çindən
Ağ dənizə qədər çayradığı halda
nüfuzsuz… qaldığı lisansızlığından, yəni
lisani-ümumiyə malik olmadığından irəli gəlmişdir.
İ.Qaspralı
"Tərcüman" (1883-1916) XIX əsrin
sonu, XX əsrin əvvəlində Rusiya müsəlmanları
mühitində nəşr edilən qəzet və
jurnalların ən uzunömürlüsü, geniş miqyasda
yayılanı və iki ay "Ziyayi-Qafqasiyə", səkkiz
il yarım "Kəşkül", bir il doqquz ay "Şərqi-Rus",
1905-ci il inqilabından sonra Qafqazda, Krımda, Volqaboyunda,
Türküstanda çıxan müxtəlif məsləkli
dövri mətbuat orqanları ("Həyat",
"İrşad", "Tanq", "Molla Nəsrəddin",
"Vətən xadimi", "Nur", "Azad xalq",
"Yıldız", "Əl-əsəri-Əl-cədid",
"Əl-islah", "Fikir", "İdil", "Dan
yıldızı", "Vaxt" və s.) ilə paralel fəaliyyət
göstərmişdir. 1891-ci
ilin oktyabrında "Kəşkül"ün
bağlanmasından 1903-cü ilin martında "Şərqi-Rus"un
nəşrə başlamasına qədər təxminən
12 il "Tərcüman" Rusiya imperiyasının müsəlman
əhalisinə məxsus yeganə qəzet olmuşdur.
Qarşısında "Səddi-Çindən Ağ dənizə
qədər" böyük bir ərazidə, "Asiyada və
Avropanın bir qismində" pərakəndə halda
yaşayan, "digər mllətlərə nisbətən elm,
…sərvət və mədəniyyətcə geridə
qalan" soydaşlarını və dindaşlarını
vahid ideya ətrafında birləşdirmək, bir məqsəd
uğrunda mübarizəyə səfərbər etmək, beləliklə,
onların sosial, iqtisadi və mədəni dirçəlişinə
nail olmaq vəzifəsi qoyan İsmayıl bəy Qaspralı
onu Ümumrusiya müsəlmanlarının həyatını
əks edən qüvvətli reflektora çevirmişdi.
"Tərcüman"
imkanı daxilində Rusiyanın müsəlman bölgələrində
gedən prosesləri eyni səviyyədə
işıqlandırmağa və müxtəlif problemlərini
müzakirəyə qoymağa ardıcıl surətdə,
yorulmadan cəhd göstərirdi. Buna görə də o
hamının intizarla gözlədiyi kütləvi orqan
olmuşdu. Birinci rus inqilabından sonra türkdilli nəşrlərin
sayı çoxalarkən də "Tərcüman" mətbuat
dünyasında ağsaqqallıq estafetini əldə
saxladı. O, əvvəlki kimi Rusiyanın müsəlman əhalisinin
müştərək orqanı rolunda çıxış
etməyə və onların hərəkət istiqamətini
müəyyənləşdirməyə səy göstərirdi.
Qəzet
inqilabın meydana çıxardığı fikir, dil,
üslub, imla polifonizmi şəraitində mətbuat və ədəbiyyatı
iyirmi iki il əvvəl irəli sürdüyü müsəlman-türk
birliyi ideyasını həyata keçirməyə dəvət
etdi. Özü isə fəaliyyətini təkmilləşdirib,
əsrin tələb və ehtiyacları mövqeyindən yeni
istiqamətdə daha mənalı və məzmunlu tədbirlər
həyata keçirməyə başladı. Naşirlik,
redaktorluq, yazıçılıq və pedaqoqluq etdiyi uzun illər
ərzində çatdığı yüksək mövqe,
topladığı zəngin təcrübə,
qazandığı böyük hörmət
İ.Qaspralını xalqa ağlı və qələmi ilə
xidmət göstərmək istəyənlərin sevimli
müəlliminə çevirdi. Krım yarımadası,
Bağçasaray şəhəri həmvətənlərinin
tərəqqisi işinə xidmət etmək istəyənlərin
Kəbəsi oldu. Hamı üzünü bu qibləyə
tutdu və "zülmət səltənəti"ndən
qurtuluş üçün nicat istədi. Bu isə
İ.Qaspralıya Rusiyadakı soydaşları arasında
yetişən ziyalıların bir neçə nəsli ilə
dostluq və əməkdaşlıq etmək və fəaliyyətlərini
işıqlandırmaq imkanı yaratdı.
Kazan, Orenburq,
Qarasubazar, Bağçasaray, Uralsk, Sibir tatarları kimi, Cənubi
Qafqaz türklərinin həyatı, əliqələmli Azərbaycan
ziyalılarının fəaliyyəti həmişə
böyük Krım "murza"sının diqqət mərkəzində
idi.
"Tərcüman"ın
redaktoru kimi fəaliyyət göstərdiyi otuz bir il ərzində
Azərbaycan həyatında elə bir əlamətdar hadisə
olmamışdır ki, İsmayıl bəy ona münasibət
bildirməsin və elə bir az-çox tanınan ziyalı
yox idi ki, qəzetdə adını zikr etməsin. İllər
bir-birini əvəz edib, ictimai fikrin inkişafında təzə
meyllər əmələ gəldikcə, ədəbi hərəkata
yeni qüvvələr cəlb olunduqca İsmayıl bəyi əhatə
edən adamların tərkibi dəyişir, qələm
savaşında "nozühur" adlar səslənirdi.
Ötən əsrin 80-90-cı illərində o,
"üsuli-cədid"i özünə məslək
seçib xalqın maariflənməsi yolunda böyük səylə
çalışan Səid və Cəlal Ünsizadə
qardaşları, Əbdüssəlam Axundzadə, Molla
Hüseyn Qayıbov, Səfərəli bəy Vəlibəyov,
Firidun bəy
Köçərli, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov,
Məhəmməd Tağı Sidqi Səfərov və
başqaları ilə sıx əlaqə
saxlamışdı. Ədib bunların ictimai fikrin
oyanışı, siyasi şüurun yüksəlişi və
milli mədəniyyətin dirçəlişi sahəsində
xidmətlərini qəzetdə vaxtaşırı
işıqlandırıb təbliğ etməklə müasir
tərəqqi ideyalarının intişarına misilsiz xidmət
göstərmişdir.
Əsrimizin
başlanğıcında İ.Qaspralının siyasi
baxışlarında, ictimai görüşlərində
ciddi dəyişiklik yarandı. O, "islamı əsri bir surətdə
anlamaq" şüarı ilə meydana çıxıb,
"dildə, fikirdə, işdə birlik" düsturunu
"bütün türkçülük cərəyanının
lisan, ədəbiyyat, ictimaiyyət, hətta siyasət sahələrinə
tətbiq" etməyə başladı. Buradan irəli gələrək
birinci rus inqilabından sonra ona Azərbaycanda ideyaca yaxın
olan, islamçılıq və türkçülük məfkurəsinin
təbliğinə rəhbərlik edən Əlimərdan bəy
Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd
bəy Ağayevlə sıx əlaqə yaratdı. Onlarla bir
cinahda çiyin-çiyinə durub, eyni məfkurənin məcrasında
irəliləməyə başladı. Bu fikir birliyi
onların "Şərqi-Rus" qəzetinin redaktoru
M.Şahtaxtlıya münasibətlərində ilk dəfə
açıq surətdə təzahür etdi.
1905-ci ildə
Peterburqda məşhur tatar alimi və publisisti Əbdürrəşid
İbrahimovun evində Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy
Hüseynzadə, Alim Məqsud, Bünyamin Əhmədin
iştirakı ilə gizli surətdə keçirilmiş bir
yığıncaqda "Müsəlman ittifaqı"
adlı siyasi partiya yaratmaq haqqında fikrə qoşulan
İ.Qaspralı onun həmin ilin avqustunda Nijni-Novqorod şəhərində,
Oka çayı üzərində "Qustav Struve" gəmisində,
1906-cı ilin yanvarında Peterburqda Əlimərdan bəy
Topçubaşovun rəhbərliyi altında keçirilən
birinci və ikinci qurultayında iştirak etdi.
Bu vaxtdan etibarən
"Tərcüman"da digər maarif və ədəbiyyat
xadimləri ilə yanaşı Əli bəy Hüseynzadə,
Əhməd bəy Ağayev, Məhəmməd Hadi bədii
yaradıcılığı və naşirlik fəaliyyətinin
təbliği ön plana keçdi.
Böyük millət
xadimi "Tərcüman"da tez-tez onlardan söhbət
açır, əsərləri haqqında rəy dərc
edirdi. Ə.Ağayevin şəxsi mənafeləri xatirinə
İslamı parçalayıb təriqətlərə
bölən, Quranın hökmlərini bir yana qoyub hədisləri
şəri qanun kimi təbliğ edən və bu yolla varlanan
ruhaniləri tənqid edən "Müshibeyi-İslamiyyə".
İslam, Axund və Hatifül-qeyb" əsəri, M.Hadinin
"firdövsi-ilhamat" kitabı, Ə.Hüseynzadənin
lirik şeirləri islamçı və türkçü ədəbiyyatın
dəyərli nümunəsi kimi təbliğ olunur.
Müsəlman
ittifaqı və türk birliyi İsmayıl bəyin müqəddəs
amalı idi. Onun təntənəsi yolunda qarşıya
çıxan hər hansı bir maneə ədibi ciddi şəkildə
narahat edir, onu dəf etmək üçün böyük səy
və müdriklik göstərirdi. 1906-cı ildə mərkəzi
Rusiyada çıxan "Azad", "Ulduz", "Ülfət",
Bakıda nəşr olunan "Həyat" və
"İrşad" qəzetləri arasında
yaranmış ixtilaflara İ.Qaspralı soyuqqanlı baxa bilmədi.
Onlara dərhal münasibət bildirib, naşir və
redaktorları subyektiv hissləri bir yana qoyub, ümumi mənafeyə
xidmət göstərməyə çağırdı. Məlum
olduğu kimi, inqilabın astanasında "Həyat"ı Ə.Hüseynzadə
ilə müştərək redaktə edən Ə.Ağayev1905-ci
ilin dekabrında ondan ayrılıb "İrşad"
adı altında özünün müstəqil
orqanını yaratdı. Bu, mətbuat dünyasında
müstəqillik əldə etmək arzusundan daha çox o
zaman Şeyx Cəmaləddin Əfqaninin təsiri altında
islamçı mövqedə duran Ə.Ağayevlə
turançılıq ideyasını təbliğ edən Ə.Hüseynzadə
arasında məfkurə müxtəlifliyindən irəli gəlmişdi.
Müasir şəraitdə hər iki fikir cərəyanını
milli mənafe baxımından əhəmiyyətli hesab edən
İ.Qaspralı iki qüdrətli ədib arasında ixtilaf
üçün əsas görmürdü.
"Həyat"
ilə "İrşad" ikiyə ayrılmış bir
vücuddur. Bir vücudun hər nədən olursa- olsun, ikiyə
ayrılması ağrısız-acısız
olmayacağı məlumdur" - deyib onları
barışığa çağırdı. Volqaboyu vilayətlərdə
nəşr olunan dövri mətbuat orqanlarının "Tərcüman"ın
türklər üçün ümumi ədəbi dil yaratmaq
uğrunda mübarizəsinə məhəl qoymayıb, məhəlliçiliyə
meyl göstərmələri İ.Qaspralı tərəfindən
tənqid olunduğu kimi, "Füyuzat"ın da qəliz ibarələr
işlətməsi onu razı salmamışdı. "Füyuzat"ın gözəl tərtib
və "gözəl təb" olunduğunu xüsusi qeyd
edən və nəşrini alqışlayan mühərrir
jurnalın "avam arasında ziyadə müntəşir"
olması fikirlərinin zehnlərə və ürəklərə
sirayət etməsi üçün onun dilini sadələşdirməyi
məsləhət görürdü.
İ.Qaspralının
birinci rus inqilabı günlərində müsəlman həyatında
gedən ideoloji proseslərdə mövqeyi, xüsusilə Ə.Hüseynzadə
ilə şəxsi və ideya bağlarının səviyyəsi
və dərəcəsi haqqında 1906-cı ilin martında
"Tərcüman"da dərc olunmuş "Açıq
məktub" aydın təsəvvür verir. Məlum
olduğu kimi, Ə.Hüseynzadəyə yüksək mədəniyyət
nümayiş etdirərək "Həyat"ın
1905-1906-cı illərdə çıxan nömrələrini
ayrı-ayrılıqda cildlədib üzərində Hacı
Zeynalabdin Tağıyevin şəkli olan səhifədə
xüsusi bir müraciətlə dostlarına, redaksiya əməkdaşlarına,
qəzetin nəşrində xidməti olan digər şəxslərə
hədiyyə göndərmişdi. Bundan İ.Qaspralıya da
pay düşmüşdü. Hədiyyəni yüksək
qiymətləndirən İ.Qaspralı "Tərcüman"da
Əli bəy Hüseynzadəyə minnətdarlıq ifadə
edən dediyimiz "Açıq məktub"u dərc
etmişdi. "Açıq məktub" birinci rus
inqilabı illərində bir amal uğrunda döyüşən,
müsəlman-türk dünyasının iki böyük
şəxsiyyətinin bir-birinin idealına və sənətinə
hörmət və məhəbbətini öyrənmək
baxımından tərbiyəvi əhəmiyyəti
böyükdür.
Xeyrulla MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2011.- 1 iyul.- S.1, 2