Görkəmli gülüş
ustası
"Fitrətən narahat, nigaran bir ruh,
təbii gülüş vergisi və enerjisi, kinayə və
rişxənd - bütün bunlar şüuru və vicdanı
həmişə sayıq və ayıq saxlayır,
yaddaşı və qeyrəti kar və kor qalmağa qoymur, fərdi
istedadı və şəxsiyyəti bəzən, hətta
hamının məruz qaldığı nadanlıqdan və
manqurtluqdan qoruyur. Görünür, məhz bunun
üçün də həqiqi istedadın gülüş və
vicdan adlı xilas mələyindən üz çevirdiyi anlar
çox az olur. Sabit Rəhmanı yenidən oxuyanda mən buna
bir də inandım…"
Görkəmli tənqidçi Yaşar
Qarayevin Sabit Rəhmanın yaradıcılığı
haqqında dediyi bu fikirlər bu gün də yerində səslənir.
Sabit Rəhman elə bir yazıçıdır ki, onun
yaradıcılığı Yaşar Qarayevdən əvvəl
də, sonra da araşdırılıb və
araşdırılacaq. Onun yaradıcılığı nə
qədər təzə, tər, müasir səslənsə də,
amma yaşı 100-ü keçib. Bu yaradıcılıq 60
yaşında dünyasını dəyişmiş sənətkarı
özü ilə birgə yaşadır, xatırladır.
Sabit Rəhman ilk növbədə bir dramaturq və ssenarist
kimi xatırlanır, yaşayır. Baxmayaraq ki, o, neçə-neçə
hekayənin, povestin, romanın da müəllifidir. Baxmayaraq ki,
o, Milli Dram Teatrında ədəbi hissə müdiri, İncəsənət
İşləri İdarəsində, Yazıçılar
Birliyində, "Bakı" kinostudiyasında (indiki "Azərbaycanfilm"də)
ən yüksək vəzifələrdə
çalışıb. Neçə-neçə bədii
şuranın, redaksiya heyətinin üzvü olub. Onun qələmindən
hər şeydən əvvəl "Toy", "Xoşbəxtlər",
"Aşnalar", "Aydınlıq",
"Nişanlı qız", "Əliqulu evlənir",
"Yalan", "Küləklər" kimi dram əsərləri
çıxıb. O, "Ulduz", "Hicran" kimi musiqili
komediyaların libretto, "Əhməd haradadır", "Koroğlu"
və s. filmlərin ssenari müəllifidir. Onun Kərəmov,
Məhəmməd, Züleyxa, Əliqulu və b. kimi qəhrəmanları
dillər əzbəridir. Bütün bunlara görədir ki,
Sabit Rəhman anadan olmasının 100 illiyində də
hamıya doğma və əzizdir.
Görkəmli dramaturq və nasirin anadan
olmasının 100 illiyi münasibətilə srağagün
Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət
və Turizm Nazirliyinin birgə təşəbbüsü ilə
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yubiley tədbiri
keçirildi. Sənətşünaslıq elmləri doktoru
İlham Rəhimlinin aparıcılığı ilə
keçən tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar
çıxış edərək Sabit Rəhman
yaradıcılığının müasirliyindən, onun
incə yumorundan söhbət açdı. Bildirdi ki, uzun
müddət Sabit Rəhman sovet komediyasının banilərindən
biri kimi təqdim olunmuş,
yaradıcılığını bu aspektdən
araşdırmışlar. Əslində isə Sabit Rəhman
antisovet komedioqrafıdır. Buna misal olaraq
çıxışçı görkəmli dramaturqun
komediyalarındakı ifşa hədəflərini
xatırlatdı. Xalq yazıçısı təəssüflə
bildirdi ki, Azərbaycan teatrlarında bu gün Sabit Rəhmanın
əsərləri oynanılmır. Halbuki, Sabit Rəhmanın
yaradıcılığı, onun qaldırdığı
problemlər bu gün daha aktualdır. O, atası Rəsul
Rzanın Sabit Rəhmanla dostluğundan, özünün Emin
Sabitoğlu ilə isti münasibətlərindən də
söhbət açdı.
Xalq artisti, rejissor Ağakişi
Kazımov bildirdi ki, mən "Toy" komediyasını 42 il
əvvəl oxuyarkən onun antisovet ruhunu gördüm.
Çünki əsərdə əsas obrazlardan biri olan Zinətin
dilindən bildirilir ki, rayon mərkəzi ilə bizim kənd
arasında bir körpü var. Neçə ildir ki, həmin
körpü uçub. Hələ körpü bərpa edilmir
ki, edilmir. Bu qırılmış körpü əslində
mərkəzlə xalq arasında olan əlaqənin
timsalı, simvoludur. Digər tərəfdən Kərəmovun
ətrafındakılar onun başına bu oyunu niyə gətirirlər?!
Çünki Kərəmov bu kənddən deyil. Bu əsərdə
yerlibazlığa qarşı da bir eyham var.
"Əhməd haradadır" filmindəki
Şofer Əhməd rolunun ifaçısı, respublikanın
əməkdar artisti Elxan Qasımov filmin çəkilmə
tarixindən söhbət açdı. Bildirdi ki, həmin film
48 il əvvəl çəkilməsinə baxmayaraq, indi də
maraqla baxılır. O, qeyd etdi ki, bu film bir çox aktyorlarla
yanaşı, mənim də həyatımda mühüm rol
oynayıb. Çünki bu komediyanın ssenarisini Sabit Rəhman
kimi bir yumor ustası yazmış, onu Ədil İsgəndərov
kimi bir rejissor çəkmişdir. filmin uğurunda isə ona
musiqi bəstələmiş Rauf Hacıyevin böyük xidmətləri
var. Sonra aktyor film çəkilərkən bu böyük sənətkarların
tövsiyələrindən danışdı: "Həmin
filmdən sonra mən xeyli rola çəkildim. Amma
tamaşaçılar məni ən çox Şofer Əhməd
rolunun ifaçısı kimi tanıyırlar.
Yubiley tədbirində Sabit Rəhmanın
əsərlərində oynayan görkəmli aktyor və
rejissorlardan da söz açıldı.
Tamaşaçılar Nəsibə Zeynalovanın, Əliağa
Ağayevin, Mirvari Novruzovanın, Ağasadıq Gəraybəylinin,
Aqşin Vəlixanlının, Məmməd Sadıqovun, Hacıbaba
Bağırovun, Səyavuş Aslanın və digərlərinin
ifasında Sabit Rəhmanın pyesləri əsasında
hazırlanan tamaşalardan və ssenarilərinə çəkilmiş
filmlərdən fraqmentlərə baxdılar.
Akademik Milli Dram Teatrı, Ş.Qurbanov
adına Musiqili Komediya Teatrı, Gəncə Dövlət Dram
Teatrı, İrəvan Dövlət Dram Teatrı isə
görkəmli dramaturqun əsərlərindən
parçalarla çıxış etdilər.
Tədbirdə göstərilən bədii
parçalardakı rollarda respublikanın tanınmış
aktyorları Rafiq Əzimov, Əli Nur, Mətanət
Atakişiyeva, Laləzar Mustafayeva, Azər Mirzəyev, Telman Əliyev,
Əsgər Məmmədoğlu, Ələkbər Əliyev,
Xanım Qafarova və başqaları çıxış
etdilər.
Sabit Rəhman adına Şəki
Dövlət Dram Teatrının direktoru Hikmət Nəbili
şəkililər adından həmyerlilərinin yubileyini
keçirənlərə təşəkkürünü
bildirdi. Sabit Rəhmanın əsərlərinin Şəki
teatrındakı təcəssümündən söhbət
açdı.
Yeri gəlmişkən qeyd edək ki,
Sabit Rəhmanın sənət hekayələri silsiləsi Azərbaycan
səhnəsinin inkişafında xidmətləri olan
böyük sənətkarlara həsr olunub.
Məclisin sonunda Sabit Rəhmanın nəvəsi,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professoru Ceyran Mahmudova ailələri
adından Atababa İsmayıloğlunun ssenarisi əsasında
hazırlanan tədbiri təşkil edənlərə, zəhməti
olan hər kəsə öz təşəkkürünü
bildirdi..
A.Hacıbabayev
Ədəbiyyat
qəzeti.- 2011.- 1 iyul.- S.1, 3.