Oxuculara təqdim edilən
“İnsanın böyüklüyü” hekayəsi
tanınmış italyan yazıçısı Dino Buttsatinin
(1906-1972) 1958-ci ildə ölkəsinin nüfuzlu Streqa
mükafatına layiq görülmüş məşhur
toplusunun son nəşrindən (D.Buttsati: “Altmış hekayə”,
Milano, Mondadori - 2010) götürülmüşdür.
Tərcüməçi
İnsanın
böyüklüyü
Keşikçilər
zülmətə qərq olmuş həbsxananın
qapısını açıb, balaca, saqqallı bir qocanı
içəri itələyəndə artıq, qaranlıq
düşmüşdü.
Qocanın
saqqalı dümağ və elə bil, özündən də
böyük idi. Ondan bu cansıxıcı, yarıqaranlıq
karserə zəif işıq süzülür, bu içəridəki
dustaqlarda müəyyən təəssürat oyadırdı.
Ancaq
qaranlıq olduğundan, qoca dərhal seçə bilmədi
ki, bu mağaraya bənzər həbsxana çalasında ondan
başqa da adamlar var, ona görə də soruşdu:
-
Kimsə var burada?
Cavab
əvəzinə gülüş və acıqlı
donqultular eşidildi. Sonra - qəbul olunmuş qayda-qanuna
görə, hamı bir-bir özünü təqdim etməyə
başladı.
-
Rikkardon Marçello, qarət, ağır formada - deyə kimsə
xırıltılı səslə dilləndi.
-
Bettseda Karmelo, dələduz - residivist, - deyə bir
başqası sanki quyudan gələn boğuq səslə
özünü təqdim etdi.
Sonra:
- Marfi
Luçano - zorlama.
- Lavataro Maks
- günahsızam.
Qaranlıqda
qulaqbatırıcı qəhqəhə səsləri
eşidildi. Zarafat dələduzların xoşuna gəlmişdi,
insan qanına susamış islaholunmaz quldur Lavataronu kim
tanımırdı ki?
Sonra yenə:
- Espozito Enea
- qətl. - Danışanın səsində
açıq-aydın qürur hissi duyulurdu.
- Muttironi
Vinçentso - ata qatili. Bunun etirafı isə lap qalibiyyət
nidası kimi səslənirdi... Yaxşı, bəs sən,
qoca birə, sən kimsən?
- Mən... -
deyə təzə gələn cavab verdi, - düzünə
qalsa, heç özüm də bilmirəm. Məni saxlayıb
sənəd tələb etdilər, məndə isə
heç vaxt, heç bir sənəd olmayıb.
- Yox, bir...denən
tüfeyli, avara! -deyə kimsə nifrətlə söyləndi.
Bəs, adın nədi?
- Adım...
Adım Morrodur, hm, hm... ləqəbim də ... Böyük!
- Deməli,
Böyük Morro. Neynək, pis fikirləşməmisən! -
deyə, kimsə bir başqası qaranlıqdan istehza ilə
söz atdı. - Ancaq adın sənin üçün bir qədər,
çox böyükdür. Sənin kimisinin onuna bəs edər.
- Tamamilə
dogrudur, - deyə qoca mülayimcəsinə hay verdi. Ancaq bu mənim
günahım deyil. Bu ləqəbi mənə ələ
salmaq məqsədi ilə veriblər, indi isə artıq
gecdir. Özü də, o, mənə yalnız
başağrısı gətirir. Bax, məsələn...
yoox, bu çox uzun əhvalatdır...
- Bura bax,
döşə gəlsin, görək, - deyə məhbuslardan
biri qocanın üstünə kobudcasına çəmkirdi,
- burada vaxtımız kefimiz istəyən qədərdir.
O birilər də
onu dəstəklədilər. Cansıxıcı həbsxana
günlərində hər bir əyləncə bir bayram idi.
- Nə deyirəm
ki... - deyə qoca sözə başladı. - Bir gün mən
adını çəkmək istəmədiyim bir şəhərdə
gəzib dolaşırkən, möhtəşəm bir saray,
onun da qarşısında müxtəlif Tanrı təamları
ilə ora-bura vurnuxan nökərləri gördüm. Yəqin
burada hansısa bayrama hazırlıq gedir, - deyə mən
düşündüm və sədəqə diləmək məqsədilə
bir qədər yaxınlaşdım. Ancaq heç
ağzımı açmağa macal tapmamışdım ki,
boyu, yalan olmasın, iki metrlik natarazın birisi yapış
yaxamdan və başla bağırmağa: - Budur, budur oğru!
Dünən ağamızın çulunu oğurlayan bu idi! Hələ
cürətinə bir bax, yenidən qayıdıb gəlib!
Neynək, indi biz sənin aşının suyunu verərik!
- Mənim? -
deyə təəccüblə soruşuram. Mən ki, dünən
buralardan ən azı otuz mil uzaqda olmuşam. Necə olur,
axı?
- Mən səni
bax, bu gözlərimlə görmüşəm! Çulu
dalına atıb aradan çıxanda görmüşəm,
- deyə o, bağıraraq məni sarayın həyətinə
tərəf sürüklədi.
Mən diz
çöküb, yalvarmağa başladım:
- Dünən
mən buralardan ən azı otuz mil uzaqda olmuşam. Sizin bu
şəhərdə də birinci dəfəyəm.
Böyük Morro adıma and olsun!
- Necə-necə?
- deyə həmin o qudurmuş, gözlərini bərəldərək
bağırdı.
-
Böyük Morro adıma and olsun ! -deyə mən təkrar
etdim.
Bu pəzəvəng
isə birdən necə qəhqəhə çəkməyə
başlasa yaxşıdır:
-
Böyük Morro? Ay camaat, tez bura gəlin, siz bir buna, bu həşərata
baxın, sən demə, bunun adı Böyük Morro imiş!
Sonra o,
üzünü mənə tutub deyir: - Sən heç bilirsən,
Böyük Morro kimdir?
-Morro mən
özüməm, başqa birisini də tanıyıb eləmirəm.
-Böyük
Morro, - deyə bu yaramaz məni qandırmağa
başlayır, - başqa birisi yox, bizim möhtərəm
ağamızdır. Sən, murdar dilənçi isə
cürət edib onun adına sahib çıxırsan. Ancaq bil
ki, bu dəfə ilişmisən . Budur, ağamız
özü də gəlir.
Həqiqətən
də. Səs-küyü eşidən saray sahibi özü də
həyətə çıxdı. Bu çox varlı tacir,
bütün şəhərdə, bəlkə də
bütün yer üzündə ən zəngin adam idi. O, mənə
yaxınlaşır, sorğu-suala tutur, baxır və gülməkdən
uğunub gedir. Təkcə mənim kimi bir dilənçinin
onun adını daşıya bilməsi fikri onu əməlli-başlı
əyləndirir. Sonra o, nökərinə əmr edir ki, məni
buraxsınlar, məni evinə dəvət edir, var-dövlətlə
dolu zallarını göstərir, hətta bax, belə-belə
qızıl topaları və qiymətli daş-qaşlar
saxladığı,zirehli divarları olan bir otağına da
aparır,məni yaxşıca yedirtməyi əmr edir və
deyir:
-Ey, adı
adımdan olan dilənçi qoca! Bu əhvalat xüsusən
bir də ona görə çox qəribədir ki, Hindistana səfərim
zamanı mənimlə də eynən belə bir hadisə
baş vermişdi. Mən mallarımı satmaq məqsədi
ilə oradakı bazara yollanmışdım. Adamlar
apardığım bahalı şeyləri gördükdə,
məni dövrəyə alaraq, sorğu-suala tutmağa
başladılar ki, kiməm və haradan gəlirəm.
-Mənim
adım Böyük Morrodur, - deyə mən cavab verirəm.
Onlar isə üz-gözlərini turşudaraq söyləyirlər:
- Böyük Morro? Səndə nə böyüklük ola
bilər, miskin alverçi? İnsanın
böyüklüyü onun idrakındadır! Yer üzündə
tək bircə Böyük Morro var, o da bizim şəhərdə
yaşayır. O, bizim məmləkətin fəxridir və sən,
fırıldaqçı, öz lovğalığına
görə indi onun qarşısında cavab verməli
olacaqsan!
Elə oradaca
məni qamarlayırlar, əlimi-qolumu bağlayıb,
varlığından xəbərim də olmayan həmin o Morronun
yanına aparırlar. Sən demə, bu adam hamının az
qala, Tanrı kimi sitayiş etdiyi adlı-sanlı alim, filosof və
riyaziyyatçı, astronom və münəccim imiş.
Xoşbəxtlikdən, o, dərhal başa düşdü ki,
anlaşılmazlıq baş verib, güldü, əl-qolumu
açmağı əmr etdi, məni öz iş
otağına, rəsədxanasına, öz əlləri ilə
hazırladığı qəribə cihazlarına baxmağa
dəvət etdi. Nəhayət, dedi:
-Ey möhtərəm
yadelli tacir! Bu əhvalat xüsusən bir də ona görə
çox qəribədir ki, Levant adalarına səyahətim
zamanı mənimlə də eynən belə bir hadisə
baş vermişdi. Mən tədqiq etmək istədiyim bir
yanar dağın zirvəsinə pay-piyada qalxarkən, o yerlər
üçün qeyri-adi olan üst-başımdan şübhələnən
bir dəstə döyüşçü kimliyimi yoxlamaq məqsədi
ilə məni saxladı. Adımı söyləməyə
macal tapmamışdım ki, qollarımı qandallayıb məni
şəhərə doğru sürükləməyə
başladılar. - Böyük Morro? - deyə onlar hiddətlənirdi.
Səndə nə böyüklük ola bilər, miskin müəllimciyəz?
İnsanın böyüklüyü onun qəhrəman əməllərindədir!
Yer üzündə tək bircə Böyük Morro var. O da
bu adanın ağası, qılıncı bircə dəfə
də olsa günəşin altında bərq vurmuş
bütün döyüşçülərin ən cəsurudur!
İndi o, sənin başını bədənindən
ayırmağı əmr edər!
Və onlar məni,
həqiqətən də, qorxunc görkəmi olan
hökmdarlarının hüzuruna gətirdilər. Xoşbəxtlikdən,
mən ona hər şeyi anlada bildim və bu zəhmli
döyüşçü belə qəribə təsadüfə
gülərək qandallarımı açmağı əmr
etdi, mənə bahalı libaslar bağışladı, onun
yaxın və uzaq adalarda yaşayan bütün xalqlar üzərində
çaldığı qələbələrinin şanlı
şəhadətlərini seyr etməyim üçün məni
öz sarayına dəvət etdi. Axırda isə dedi:
- Ey, mənimlə
bərabər eyni adı daşıyan möhtərəm alim!
Bu əhvalat xüsusən, bir də ona görə çox qəribədir
ki, Avropa deyilən o uzaq diyarda döyüşərkən mənimlə
də eynən belə bir hadisə baş vermişdi. Mən
öz döyüşçülərimin önündə
bir meşədən keçib gedərkən kobud
dağlılar qabağımı kəsib soruşdular: - Sən
kimsən ki, silahının cingiltisi ilə bizim meşələrin
sükutunu pozursan?
- Mən
Böyük Morroyam, - deyə söyləyirəm və
öz-özümə düşünürəm ki, təkcə
adımı çəkməklə onların canına lərzə
salacağam. Onlar isə mərhəmətlə gülümsəyərək
deyirlər: - Böyük Morro? Sən, yəqin, zarafat edirsən.
Səndə nə böyüklük ola bilər, avara
döyüşçü? İnsanın
böyüklüyü ehtiraslarını ram edə bilməsində
və ruhunun ucalığındadır! Yer üzündə
yalnız bircə Böyük Morro var və indi biz səni
onun yanına aparacağıq ki, sən insanın əsil
böyüklüyünün nə olduğunu öz gözlərinlə
görə biləsən. Və onlar məni, həqiqətən
də, öz kasıb daxmasında cır-cındır
içində həyat sürən, onların dediyinə
görə, bütün ömrünü təbiəti dərk
etməkdə və Tanrıya ibadətdə keçirən,
qar kimi bəyaz saqqallı bir qocanın yaşadığı
tənha dərəyə gətirdilər və mən tam səmimiyyətlə
boynuma almalıyam ki, həmin o vaxta qədər hələ
heç vaxt bu dərəcədə təmkinli, həyatından
razı və olsun ki, xoşbəxt bir insan övladı görməmişdim;
ancaq, doğrusu, həyat yolumu dəyişmək mənimçün
artıq çox gec idi.
Adanın
qüdrətli hökmdarı müdrik alimə, alim varlı
tacirə, tacir isə onun qapısına sədəqə
üçün gəlmiş kasıb qocaya bunları söylədi.
Onların hamısının adı Morro idi, hamısı da
bu və ya digər səbəbdən “Böyük” ləqəbini
almışdılar.
Qoca hekayətini
danışıb qurtaranda, qaranlıq həbsxana
otağındakı dələduzlardan biri soruşdu:
- Deməli,
belə... - əgər mənim bu kəlləmin içindəkilər
zir-zibil deyilsə, onda belə çıxır ki,
daxmadakı həmin o lənətə gəlmiş qoca, - yəni
o, hamıdan böyük, - elə sən özünsən?
-Eh, əziz
balalar,-deyə qoca nə “hə”, nə də “yox” cavabı
vermədən, donquldandı: - Bu həyat ki, var, - çox qəribə
şeydir!
Bu yerdə
qocanı dinləyən dələduzların hamısı bir
anlığa susdu, çünki bəzi şeylər, hətta
ən alçaq yaramazları belə, düşünməyə
məcbur edir.
Dino Buttsati
İtalyan dilindən çevirəni: Cəmşid
CƏMŞİDOV
Ədəbiyyat qəzeti.-2011.- 22 iyul.-
S.5.