Yeni nəsrin tənqidçisi
XX əsr Azərbaycan bədii və
nəzəri-estetik fikri tarixində
"60-cılar" adlanan ədəbi nəslin
istedadlı nümayəndələri arasında Akif Hüseynovun ciddi siması aydın görünür.
Həmin nəsli tənqid sahəsində isə Y.Qarayev, Ş.Salmanov, A.Səfiyev,
A.Əfəndiyevlə yanaşı, bir də
Akif Hüseynov təmsil
edirdi.
Məhz bu tənqidçilərin
fəaliyyəti ilə ədəbi-estetik fikirdə yeni səs, təzə nəfəs duyulmağa başladı, ədəbi tənqid
sənətin estetik kamilliyi
üçün mənəvi məsuliyyəti
öz üzərinə götürərək,
nəzəri fikrin sürətli tərəqqisi üçün möhkəm özül
oldu. Y.Qarayev teatr və dramaturgiyadan,
Ş.Salmanov çağdaş
poeziyadan, A.Səfiyev komizmdən, A.Hüseynov isə "yeni
nəsr" adlandırdığı 1960-cı illər nəsrindən
yazırdı. Yüksək peşəkarlıq, dərin analitizm, elmilik, obyektivlik və prinsipiallıq onların məqalə,
resenziya və ədəbi
icmallarının məzmununda görünən
başlıca keyfiyyətlərdir. Akif Hüseynovu çiyin-çiyinə fəaliyyət
göstərdiyi həmkarlarından və sələflərindən
fərqləndirən əsas cəhət onun
daha çox bədii
mətndən çıxış etməsi idi.
Belə tədqiqat üsulu ona 1960-cı illər nəsrinin özgünlüyünü dövrün,
zamanın kontekstində araşdırıb qiymətləndirməyə
stilmul verdiyi kimi, bu nəsri
özündən əvvəlkilərdən ayıran orijinal məziyyətləri də
aydınlaşdırmağa şərait yaradır. Sadalanan
keyfiyyətlər tənqidçinin ötən əsrin - XX yüzilliyin yetmişinci
illərində çap etdirdiyi
"Zamanın və nəsrin hərəkəti",
"Yazıçı mövqeyi və qəhrəman",
"İlin nəsri" adlı ədəbi-elmi
icmallarının məzmununda aydın görünür.
A.Hüseynov 60-cı illərin bədii nəsrində
müşahidə etdiyi sənət məziyyətlərini
"Zamanın və nəsrin hərəkəti"
icmalının ilk cümləsində bəyan
edir: "Bədii fikrin strukturundakı, insana
və həyata münasibətdəki əhəmiyyətli dönüş, irəliləyiş və
keyfiyyət dəyişiklikləri müasir
nəsrimizdə reallığın artması, şəxsiyyətə,
onun psixologiyasına daha
həssas münasibət, humanist
idealın güclənməsi, münaqişələrin,
problemlərin təsvirdə daha çox mənəvi-əxlaqi aləmə
keçməsi, insanla mühit,
cəmiyyət arasındakı qarşılıqlı əlaqələrin
daha dərindən nəzərə alınması
kimi ümumiləşdirilə bilər".
Göründüyü kimi, bir cümlə ilə
A.Hüseynov 60-cı illəri
bütünlüklə sosialist realizmi sənətində bədii
düşüncənin yeni mərhələsi
kimi səciyyələndirən əlamətləri
dəqiq müəyyənləşdirir. Doğrudan
da 1950-ci illərin ortalarında
keçirilən sovet
yazıçılarının ikinci
qurultayından sonra sovet
ədəbiyyatında dəyişilmə, təkamül
aydın nəzərə çarpır. Bədii
fikirdə estetik təravət duyulur. 1930-40-cı illərdə, hətta
50-ci illərin birinci yarısında
yazılan povest və romanlardakı əhvalatçılığın,
hadisələr və surətlər çoxluğunun,
uzun və yorucu təsvirlərin
yerini mənəvi-əxlaqi problemlərin,
insan psixologiyasının yığcam və
inandırıcı bədii şərhi tutur,
insana humanist
münasibət qüvvətlənir. Bədii təsvirdə
psixologizmə diqqət və həssaslıq, dildə
emosionallıq, təhkiyədə təbiilik qüvvətlənir.
Surətlərin ənənəvi-sxematik şəkildə
"mənfi" və "müsbət" qütblərə
ayrılması bədii təcrübədən tədricən
çıxır. Yazıçılar obrazların iç dünyasına, mənəvi aləminə
nüfuz etməklə onların insani
yaşantılarını daha qabarıq
göstərirlər. Yeni nəsr "doğmalara,
şəxsiyyətin həqiqi azadlığı və zəkasına
uyğun gəlməyən bütün maneə və sədlərə
qarşı çıxır ki, bu da cəmiyyətin
özündə demokratiyanın, insan
hüquqlarının genişləndirilməsi kimi əlamətdar proseslə
bağlıdır". Bütün bu yaradıcılıq məziyyətləri
ədəbiyyata 1940-cı illərdə gələn İsa Hüseynovun,
İsmayıl Şıxlının (onlardan
daha əvvəl İlyas
Əfəndiyevin) hekayə, povest və
romanlarında duyulursa, yeni
nəslin əsərlərində artıq modern
bir ədəbi-bədii istiqamət - cərəyan
kimi görünür.
Bu nəslin istedadlı nümayəndələrinin
hamısı: şair və nasir də, dramaturq və publisist də həyatı və insanı təkcə
müşahidələri əsasında yox,
həm də hissləri, duyğuları, ürəkləri ilə
əks etdirirlər. Bu keyfiyyətlər tənqidçilərin də
ilhamını coşdurur, onlar
öz məqalə və kitablarında bədii
nəsrin mənəviyyat məsələlərinin canlı, real təsviri sahəsindəki
uğurlarından razılıqla danışır, hətta məqalələrinə
bu məsələni xüsusi
vurğulayan metaforik adlar seçirdilər. Məmməd
Arif Anarın "Ağ
liman" povesti
haqqında məqaləsini "Ağ limanlar və qırmızı gəmilər",
Əziz Mirəhmədov Əkrəm Əylislinin "Kiçik qardaş"
hekayəsindən bəhs edən resenziyasını "Doğma gözlər, yad
ürəklər", Yaşar Qarayev gənc Elçinin
yaradıcılığı haqqında
düşüncələrini "Duyğuların rəngi",
Qulu Xəlilov Əlibala Hacızadənin
"Təyyarə kölgəsi" romanı haqqında məqaləsini
"Ziyalı aləminə səyahət"
adlandırmışdı.
Belə
adlar tədqiqat predmeti
haqqında ilkin məlumat verir,
tənqidçinin hansı məsələyə daha çox diqqət yetirəcəyini
sezdirirdi. A.Hüseynov
da "Ulduz" jurnalında
çap etdirdiyi məqalələrinin
birinə metaforik ad seçmişdi: "Dəli Kür"ün ləpələri". Məqalə
İsmayıl Şıxlının "Dəli Kür" romanının təhlilinə həsr
edilmişdi. Tənqidçi
əsərin özünəməxsusluğunu, bədii təhlil
prosesindəki yazıçı fərdiyyətini, romanın janr-üslub xüsusiyyətlərini
aydınlaşdırmaqla bütövlükdə nəsrin ideya-estetik təkamülünü, bədii-epik
hərəkətin - irəliləyişin istiqamətlərini
göstərmiş olurdu.
Ümumiyyətlə,
1960-70-ci illər ədəbi tənqidinin, eləcə də A.Hüseynovun ciddi əhəmiyyət
verdiyi məsələlərdən biri ədəbiyyatda müasirlik
idi. Həmin dövrdə çap
olunmuş "Körpüsalanlar",
"Sərinlik", "Teleqram",
"Ağ liman",
"Mənim nəğməkar bibim" kimi roman və povestlər
ilk növbədə müasirlik
baxımından təhlil olunur, hadisələrin,
mövzu və problematikanın orijinallığı
qiymətləndirilirdi. Həmkarlarının çoxundan fərqli olaraq
A.Hüseynov müasirliyi
təkcə mövzuda, problematikada
deyil, ilk növbədə
nəsrin poetika-janr, üslub
baxımından təkamülündə, təhkiyə tərzinin
yeniləşməsində görürdü.
Məlumdur ki, 1930-cu illər nəsrini,
xüsusilə roman və povestləri (məsələn, Ə.Əbülhəsənin "Yoxuşlar", "Dünya
qopur", S.Rəhimovun "Şamo", M.Hüseynin
"Səhər" romanlarını) səciyyələndirən
başlıca əlamət epik vüsət,
təsvir və təhkiyədə monumentallıq,
detalların əhatəli təqdimi idi.
Bu xüsusiyyətlər çox
halda əsərin təhkiyəsinə
ağırlıq, uzunçuluq gətirirdi.
60-cı illər nəsrinin bədii strukturuna
isə yığcamlıq, təsvir və təhkiyədə
çeviklik xas idi. Akif Hüseynov yeni
nəsrin bu xüsusiyyətlərindən
bəhs edərkən "hadisələrin, süjetin
yığcamlığını, həyatın konkret təcəssümünü", "inikas obyektinin konkretliyini" nəzərdə tutur və bunu
"gerçəkliyə yeni mövqedən
yanaşan, reallığa can
atan nəsr" üçün
təbii sayırdı. Çünki
"gerçəkliyə yeni mövqedən
yanaşan nəsr öz
qüvvəsini əvvəlcə həyatın bir parçasında, nisbətən kiçik meydanda
sınamalı idi". Okeana
çıxmaq üçün dənizdən
keçilməlidir. Cəmiyyəti tam göstərə bilmək üçün
fərdi öyrənmək vacibdir. İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı,
İsmayıl Şıxlı, İsa Hüseynov, Bayram Bayramov, daha sonralar Sabir Əhmədli,
Yusif Səmədoğlu, Anar,
Əkrəm Əylisli, Elçin kimi sənətkarlar məhz bu
yolla gedərək, fərdin
timsalında bütöv bir
zümrənin, təbəqənin mənəvi aləmini, real yaşantılarını əks etdirə
bilirdilər. A.Hüseynov bu
keyfiyyəti yeni nəsrin özünəməxsusluğu
kimi dəyərləndirir və həmin
keyfiyyətin meydana gəlməsini şərtləndirən
mənbələri düzgün müəyyənləşdirirdi.
Tənqidçiyə görə yeni nəsr
ilk növbədə 1930-50-ci illərin ən
yaxşı bədii yaradıcılıq ənənələri zəminində
yetişmişdir. Lakin bu fikri söyləməklə o,
yeni nəsr yaradıcılarının bəhrələndiyi
mənbələrin çevrəsini heç
də məhdudlaşdırmaq istəmirdi: bu
yazıçılar, tənqidçiyə görə, nə
qədər milli bədii təcrübədən
bəhrələnirdisə, bir o qədər də dünya
ədəbiyyatından, xüsusilə, sovet
yazıçılarının sənətkarlıq təcrübəsindən
təsirlənir və bəhrələnirdilər. Dünya ədəbiyyatından
yaradıcılıqla bəhrələnmə gənc
yazıçıları müasir həyat
haqqında, gerçəkliyin bədii təcəssümü
sahəsində yeni, orijinal
boyalar tapmağa, milli xarakterlər yaratmağa
sövq edir və onlar bu vəzifənin
öhdəsindən uğurla gəlirdilər.
A.Hüseynovun müşahidə və təhlillərində
uğurların mahiyyəti konkret bədii
hadisələrin və nümunələrin, məsələn,
İsa Hüseynovun
"Yanar ürək" povestinin
timsalında göstərilir. Tənqidçi yazır: "Yanar ürək"
romanı tipli əsərlər nəsrimizi,
hər şeydən əvvəl, gerçəkliyə səthi
yanaşmadan xilas etmək
vəzifəsini öhdəsinə götürdü
və buna görə də prosesin qeyri-adi dərəcədə
təravətli və cazibədar hadisələri kimi geniş maraq doğurdu; ən
başlıcası isə sənəti cəmiyyət həyatının
hazırkı hadisələrinə, ondakı dəruni dəyişikliklərə
çox sayıq münasibətlə,
reallıq hissi ilə zənginləşdirdi".
Nəsrin hərəkətini və
zamana uyğunluğunu
Akif Hüseynovun dediyi kimi, gerçəkliyə
bədii müdaxilənin, realizmin qüvvətlənməsi
ilə yanaşı, həm də ədəbi qəhrəmanların
dəyişməsi, yeniləşməsi şərtləndirir.
1950-ci illərin ikinci yarısından başlayaraq ənənəvi mənfi və müsbət qəhrəmanları
şəxsiyyəti real, fərdi dolğunluğu və mürəkkəbliyi,
qüvvətli və zəif cəhətləri, daxili ziddiyyətləri və müxtəlifliyi,
təbiiliyi və səmimiliyi ilə seçilən insan əvəz edir.
Belə qəhrəmanların içərisində
zəhmətkeş bir kolxozçu
da var, adi
traktorçu da, raykom katibi də, kolxoz sədri də, mülkədar da, mühəndis də, aqronom
da, müəllim də… Müəyyən
həyat təcrübəsi keçmiş
insanlar da var, hələ həyatın isti-soyuğunu
kifayət qədər görməyən gənc də. Ancaq ictimai mövqeyindən,
vəzifəsindən, yaşından asılı olmayaraq, bu qəhrəmanların
əksəriyyətini yazıçılar canlı insan, bütöv xarakter kimi təqdim edirdilər.
Bu cür təqdimatda
obrazın fərdi cizgilərinin qabarıqlığı, sosial mahiyyətinin dərinliyi ilə
canlandırılmış xarakteri görünürdü ki,
A.Hüseynov bu cəhəti
milli nəsrin "orijinal
qələbələrindən biri kimi" qiymətləndirirdi. O, mülahizələrini
konkret bir obrazın -
"Yanar ürək" povestinin
qəhrəmanı Sultan Əmirlinin xarakterinin təhlili yolu ilə
aydınlaşdırır. Tənqidçiyə görə
"Sultan Əmirli özü
xalqa, ideallarımıza
inamını itirmiş, elin
dayağından, etimadından məhrum olmuş
bir şəxsiyyətdir" və "bu obrazla
yazıçının ifadə etdiyi
fikirlər cəsarətli, vacib və mənalıdır".
Sultan Əmirli çoxcəhətli, fərdi
cizgiləri ilə seçilən surətdir. Akif Hüseynov
bu həqiqətləri qəbul etsə də,
"Yanar ürəy"in əsas müvəffəqiyyətini
və yazıçının vətəndaşlıq cəsarətini
"xalq həyatına həssas
münasibətlə, yeni və dərin
baxışla" izah edirdi.
Belə yanaşma bir tərəfdən obrazı
başqalarından fərqli baxış bucağından
görməyə, digər tərəfdən Akif
Hüseynovun özünün
tənqidçi mövqeyini ifadə etməyə
- nəsrimizin inkişafında yeni mərhələnin
təşəkkül tapdığını əsaslandırmağa
imkan verirdi.
Akif
Hüseynovun müşahidələrinə
görə yeni nəsrin mahiyyətində
mühüm dəyişikliklər yaradan, onun humanist
idealını zənginləşdirən, ideya-bədii təravətini
təmin edən başlıca xüsusiyyət - bədii
düşüncədə şəxsiyyətə - insana maraq və diqqətin
güclənməsidir. Doğrudan da,
əvvəlki dövrlərdən fərqli olaraq
yeni nəsrdə zamanın problemlərini,
xalqın milli xarakterini
və etnik yaddaşını qəhrəmanın
- şəxsiyyətin simasında canlandırmaq, bir fərdi "milli şəxs"
səviyyəsində ümumiləşdirib təqdim etmək
yeni nəsr üçün
səciyyəvi əlamət idi. Bütün sovet ədəbiyyatında olduğu
kimi, Azərbaycan nasirlərinin əsərlərində
də obrazların taleyinə, onların fərd olaraq insani
yaşantılarının bədii təcəssümünə
diqqət çoxalmışdı. Bu
keyfiyyətlər tarixi romanlarda,
məsələn, "Dəli Kür"
və "Qarlı aşırım"ın bədii strukturunda, xüsusilə Cahandar
ağa, Kərbəlayı İsmayıl,
Abbasqulu bəy obrazlarının təqdimində
aydın görünür. A.Hüseynov həmin əsərləri təhlilə
cəlb etməklə Azərbaycan nəsrində bədii tərəqqinin
səciyyəsini, xüsusilə milli xarakter yaratmaq sahəsində
yazıçıların qazandığı nailiyyətləri
əyaniləşdirir.
Ümumiyyətlə,
özünün uçuş
startını 1960-cı illərdən götürən yeni nəsri fərqləndirən əlamətdar
məziyyətlər sırasında bədii qəhrəmanın
tipi məsələsi mühüm
yer tutur. Yeni ədəbiyyat yeni qəhrəmandan
başlanır. Ona görə Akif Hüseynovun
araşdırmalarında bu məsələ
xüsusi təhlilə cəlb edilir. "Yazıçı mövqeyi və qəhrəman"
icmalında Anarın "Ağ liman", Ə.Əylislinin "Adamlar və ağaclar",
"Güllü paltar
mövsümü", Elçinin
"Bir görüşün
tarixçəsi", M.İbrahimbəyovun "Ondan yaxşı qardaş
yox idi", İ.Məlikzadənin
"Evin kişisi"
kimi povest və hekayələrindəki
Nemət, Sadıq, Canəli, Məmmədağa, Məsməxanım,
Cəlil müəllim surətlərini çağdaş
insanın - azərbaycanlı fərdin mənəvi aləmini
əks etdirən "yeni qəhrəman tipi" adlandırmaqla onların milli nəsr tarixindəki mövqeyini
müəyyənləşdirir.
1930-50-ci
illərin ədəbiyyatı kimi
1960-80-ci illərin ədəbiyyatı da
(həm poeziya, həm nəsr, həm də
dramaturgiya) ideya-estetik
məzmunca sosialist, formaca
milli olan sovet ədəbiyyatı idi.
Müxtəlif xalqların dillərində yaranan bu ədəbiyyat
çoxmillətli ədəbiyyat sayılırdı. Yazıçının milli mənsubiyyətindən asılı olmayaraq bu ədəbiyyatın
nümayəndələrinin hamısı vahid yaradıcılıq metodu
- sosialist realizmi əsasında
yazırdılar. Bu ədəbiyyatların
hər birində milli ideallar
bəşəri arzularla vəhdətdə
verilirdi. Təbii ki, ədəbi tənqid də sovet
ədəbiyyatının beynəlmiləl və bəşəri
mahiyyəti ilə yanaşı, milli
müəyyənliyin də tədqiqinə ardıcıl diqqət
yetirir, sovet ədəbiyyatında
milliliklə beynəlmiləlliyin dialektik
vəhdətini şərtləndirən amillərin
izahına xüsusi əhəmiyyət
verirdi. Bu baxımdan
Azərbaycan ədəbiyyatşünaslığında iki sanballı tədqiqat əsəri seçilirdi: Qasım
Qasımzadənin "Ədəbiyyatda millilik
və beynəlmiləllik" (1982) və Akif
Hüseynovun "Müxtəlifliyin birliyi" (1983) monoqrafiyaları. Bu kitabların ikincisində çoxmillətli
sovet ədəbiyyatının ideya-estetik birliyi, sosialist məzmunla milli forma arasındakı əlaqə, sənətin
milli müəyyənliyini şərtləndirən
amillər, milli xüsusiyyətlərin
təzahür sahələri tədqiq olunur.
Müəllif "məzmunca sosialist, formaca milli" formulunun geniş elmi təfsirini verərək bu
formulun ideya-estetik
qatlarını və daxili, milli müəyyənlik məsələsini
aydınlaşdırır.
Monoqrafiyada milli xarakter problemi xüsusi fəsildə
tədqiqata cəlb edilmişdir. Bu, təsadüfi deyildir.
Məlumdur ki, 60-cı illərdə milli xarakter məsələsi
təkcə ədəbiyyatşünaslığın deyil, ictimai fənlərin:
tarix, fəlsəfə, psixologiya
və sosiologiyanın da maraq
və mübahisə obyekti olmuşdur. Həmin dövrdə
milli xarakteri "illüziya" (V.İ.Kozlov),
"həyatda olmayan bir
şey" (T.Y.Burmistrova)
sayanlar və onu irqçilik baxımından izah
edən alimlər var idi.
Bədii mədəniyyətin milli müəyyənliyi,
milli psixologiya
haqqında hətta sovet alimlərinin
özlərinin də arasında mübahisələr var idi. Buna görə istər cəmiyyətdə,
istərsə də bədii ədəbiyyatda milli
xarakter barədə söhbətlər ciddi nəzəri-metodoloji səciyyə
daşıyırdı. Akif Hüseynov milli xarakteri "millilik
problemində ən əhatəli, ən tutumlu
məsələ" hesab edərək onun tarixi səciyyə
daşıdığını da xüsusi nəzərə
çatdırır. Belə düzgün
yanaşma tənqidçinin təhlillərinə
dərin elmilik gətirir. O,
"Dəli Kür" romanındakı Cahandar ağa, Mələk,
Güləsər surətlərini məhz milli
kolorit baxımından təhlil etdiyi üçün
yazıçının bu surətlərə
qarşı oxucuda oyatdığı rəğbət
və sevgini daha da qüvvətləndirir. Allahyarla bağlı təhlilləri isə, əksinə,
bu surətə qarşı ikrah hissləri oyadır.
Azərbaycan ədəbiyyatında
yeni nəsrin hərəkətini
zamanın hərəkəti ilə qarşılıqlı əlaqədə
öyrənən A.Hüseynov nəsr prosesinin konkret mənzərəsini
daha təfərrüatlı təhlil etmək
üçün bir
sıra hallarda ona konkret zaman kəsimində
- bir ilin hüdudunda diqqət
yetirir. Bu baxımdan onun Nizami
adına Ədəbiyyat İnstitutunda
hazırlanan və müxtəlif illəri əhatə edən
"Ədəbi proses" kitabları üçün yazdığı "Nəsr"
icmalları həm nəzəri təhlillərin səviyyəsinə,
həm də fakt zənginliyinə görə
seçilir. Həmin icmalların bir qismi tənqidçinin
"Sənət meyarı" (1986) kitabında
toplanmışdır. Bu icmallar
ilk növbədə tədqiqat obyektinin masştablı olmasına görə
fərqlənir. A.Hüseynov öz nəzəri mülahizələrini
ümumiləşdirmək, müasir nəsrin
inkişaf meyllərini düzgün
göstərə bilmək üçün
bütün ədəbi nəsillərin
nümayəndələrinin çap olunmuş əsərlərini
(yaxşısını da,
ortababını da, pisini
də) oxumaq zorunda
qalır ki, bu iş tənqidçidən böyük
səbir və dözüm tələb edir. A.Hüseynovun tənqidçilik
fəaliyyətində qazandığı bir
çox uğurların səbəbi elə
onun səbirli, dözümlü,
soyuqqanlı olması ilə bağlıdır.
Akif Hüseynov özünəxas yazı ədası,
təhlil mədəniyyəti olan tənqidçidir.
Müasirlik, həyatilik, milli
kolorit, yığcamlıq, bədiilik, novatorluq onun sənət əsərindən
tələb etdiyi başlıca keyfiyyətlərdir.
Analitizm, obyektivlik, elmilik və bütün
bunların hamısı ilə birlikdə səmimilik onun tənqidçi "mən"ini
başqalarından ayıran özgün əlamətlərdir.
Onun yazı və tənqid manerasını
fərqləndirən bir əlamət də
var ki, bunu
həmkarı Arif Səfiyev dəqiq
müəyyənləşdirmişdir: tənqidi
düşüncənin vüsətli olması və tənqidçi
üslubunun epiklik məziyyəti!
Doğrudan da sanki nəsrə məxsus epik
genişlik onun tənqidçi
üslubunun da epiklik keyfiyyəti kəsb etməsinə səbəb
olmuşdur…
Zaman ƏSGƏRLİ
Ədəbiyyat qəzeti.- 2011.- 22 iyul.-
S.3.