Xalq şairi Fikrət Qocaya açıq məktub

  

Qardaşım Fikrət! Qəribə görünə bilər ki, Yazıçılar Birliyində qarşı-qənşər otaqlarda oturduğumuz halda sənə məktubla müraciət edirəm. Amma şifahi söhbətdən və adi məktubdan fərqli olaraq açıq məktub yalnız bir şəxsə ünvanlanmır, onun bir məqsədi də müəyyən fikirləri geniş ictimaiyyətə çatdırmaqdır.

Sənə bu məktubla müraciət etməyimin səbəbi son vaxtlar bəzi qəzetlərdə və bəzi internet saytlarında baş verən qalmaqalla bağlıdır. Bu barədə deyilənlər deyilib və əlavəyə ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Kimin kim olduğu da üzə çıxdı. Mən sənə yalnız mərdliyin, etibarın üçün dərin təşəkkürlərimi bildirmək istəyirəm. Tək bir uzun illər üstünə heç bir kölgə düşməyən dostluğumuz naminə deyil, daha çox həqiqətə, haqqa, ədalətə qahmar durduğun üçün belə bir addım atmaqdan çəkinmədin. Billə-bilə ki, buna görə hər növ ləyaqətsiz həmlələrə düçar olacaqsan. Bu yazına görə, mənə və valideynlərimə namuslu münasibətinə görə belə haqsız və həyasız hücumlara məruz qalmağın məni çox incidir.

Amma sənin yazdıqlarınla əleyhinə yazılanlar göz qabağındadır, ağlı və insafı olan obyektiv oxucu kimin haqlı, kimin haqsız olduğunu özü müəyyənləşdirər.

Sənə etiraz edənlər, doğrudan da orijinal metod tapıblar. Sən bir şey deyirsən, onlar sözü başqa yerə çəkirlər. Sənin, eləcə də hörmətli Hüseynbala Mirələmovun (ona eləcə də adaşım Anar Mahmudoğluna da səmimi minnətdarlığımı bildirirəm) gətirdikləri faktların bircəciyini də təkzib edə bilmirlər, dəlillərinizin birini də inkar edə bilmirlər, fikirlərinizə məntiqi cavab tapmırlar, əvəzində yalnız söyüşü, təhqiri üstün tuturlar. Bu münaqişə bir də onu təsdiq etdi ki, belələrinin həqiqətə qarşı yeganə silahları söyüş, təhqir və böhtandır.

Əlbəttə, belə polemika üsulunun heç bir mənası yoxdur. Sən həqiqəti, faktı ortaya qoyacaqsan, opponentlərin bunun heç üstünü vurmadan qulaqlarını tıxayıb, gözlərini qapadıb, kor tutduğunu buraxmadığı kimi, nimdaş yalanlarını dönə-dönə təkrar edəcək. Şərin tərəfində durmaq məhz budur - həqiqətə göz yumub yalana, böhtana, iftiraya züy tutmaq.

Bu Yazıçılar Birliyinin rəhbərliyi nə matah vəzifə imiş ki, bunun üçün böyük bir təşkilata, onun keçmişinə və bu gününə, qocasına-cavanına bu qədər kin və nifrət bəsləyəsən... Yazıçılar Birliyini KQB tör-töküntüsü elan edənlər sovet vaxtında niyə bunu demirdilər, əksinə, bu təşkilata həvəslə daxil olur, onun tərkibində məsul vəzifələr tutur, rəhbər heyətlərinə məmnuniyyətlə üzv seçilirdilər.

Yazıçılar Birliyinə belə çirkin hücumlar Cəfər Cabbarlıdan üzü bəri bütün rəhmətə getmiş üzvlərinin ruhunu incitmək, indi də bu təşkilatın üzvlük biletini fəxrlə daşıyan yüzlərlə yazıçını təhqir etməkdir. Ən ağır günlərdə bu təşkilatdan üz döndərməyən, ən çətin zamanlarda dilimizin, mənəviyyatımızın, milli şüurumuzun etibarlı qoruyucuları olan yüzlərlə yazıçını KQB tör-töküntüsü adlandıranlar o dövrdə KQB-yə güldən ağır söz deməyə cəsarət edərdilərmi?

Düz deyirlər ki, "icazəli cəsarət" zəmanəsi yalançı qəhrəmanları ortaya çıxardı.

Əzizim Fikrət, nə etməli, belə insanlarla bir dövrdə yaşamaq bizim taleyimizdir. Hələ Allaha şükür etməliyik ki, indi 37-ci il deyil. Yoxsa danoslarla, böhtanlarla neçəmizin evini yıxardılar.

Sənin müdrik və ağrılı "Babalarım" şerində verdiyin suala mən də cavab tapa bilmirəm.

 

Biri qaçaq olub,

Mərd olub;

Biri qoçaq olub,

Mərd olub;

Biri kasıb olub,

Mərd olub;

Bəs namərdlər hardandı? -

Bax, bu mənə dərd olub.

 

Bu şeir çoxdan yazılıb, amma bu gün də aktualdır. Sevinirəm ki, hər şeyə rəğmən, nadan atmacalarına, çiy sözlərə baxmadan qələmin əvvəlki kimi kəsərlidir, sərrastdır. Elə ən son vaxtlarda çap etdirdiyin şeirlər bunu aydın-aşkar göstərir.

 

Kişinin şan-şöhrəti

Özünə ağır yükdü;

Ədası, şıltaqlığı

Qələm əhlinə görkdü.

Özünə baxır, görür

Özündən də böyükdü;

Bəzən elə darıxır

Dünya ona dar olur.

Tez-tez Qiblə dəyişir -

Səhər müxalifətdi,

Axşam iqtidar olur.

Yüz yol özündən deyər,

Başqasından söz deməz.

Yalançı deyil, amma

Bərk ayaqda düz deməz,

Paxıllığı tutanda

Öz-özünə "döz" deməz.

Bəzən ağı qaralar,

Bəzən də lap ağ eylər, -

Dostların uğurunu

Ürəyinə dağ eylər.

Heç özüm də bilmirəm

Nə deyim, vallah, buna.

Yazıqdı, bəla vermə, -

Bəlaya mübtəladı.

Ağıl ver, Allah, buna -

Ağıl da bir bəladı.

 

Birliyimiz yazıçıları iqtidara, müxalifətə ayırmadan hamıya - cavanına da, qocasına da onların yaradıcılığı baxımından qiymət verir, yazıçıların yubileylərini, kitablarının təqdimatını keçirəndə baxmır ki, bu müəllif iqtidardandır, ya müxalifətdən. Bu cəhətdən Yazıçılar Birliyi Azərbaycanda tolerantlığın, dözümlülüyün bariz örnəyidir. Bizi yamanlayanlar isə bunun tam əksini nümayiş etdirirlər. Əlvan dünyanın, ictimai həyatın bütün rənglərini, çalarlarını qavramadan, daltoniklər kimi hər şeyi yalnız qara rəngdə görürlər, bütün hadisələri yalnız və yalnız dar siyasət baxışıyla dəyərləndirirlər, bəyənmədikləri Sovet quruluşunun təməl prinsipini əsas götürürlər: "Bizdən deyilsənsə - düşmənimizsən".

Yazıçılar Birliyində cavanlara münasibəti gənclər-qocalar ziddiyyəti kimi qələmə vermək dəfələrlə təkrar olunan və dəfələrlə ifşa edilən yalandır. İstedadlı cavanlar həmişə Birliyin rəhbərliyi tərəfindən, onun mətbu orqanları tərəfindən hər cür qayğı görüblər və görəcəklər. İstedadsızlar ən çox istedada qısqanırlar - istər qoca olsun, istər cavan… Hər yazan da yazıçı olmur, istər cavan, istər qoca…

Qoca demişkən, yaşlılara hörmət, ehtiram tarixin bütün çağlarında, bütün mədəni xalqlarda mərifətin, əxlaqın, tərbiyənin göstəricisi olub. Azərbaycan mentalitetində də bu bizim ən önəmli mənəvi dəyərlərimizdən biridir. Bəzi cavanların yaşlılara ədəbsiz münasibətini görəndə ürəyimdən bir arzu keçir. Arzu edirəm ki, bizə qarşı belə naxələfliklə rəftar edənlər uzun yaşasınlar. İnanıram ki, ömürlərinin hansı çağındasa bu cür hərəkətlərinə görə xəcalət çəkəcək, peşman olacaqlar. İnsafa gəlməyənlər də qoy uzun yaşasın, bizim yaşımıza çatanda o vaxtın cavanları tərəfindən indi bizə göstərdikləri münasibətlə qarşılaşsınlar.

Kefini pozma, Fikrət Qoca! Nə qədər qoca olsaq da, dəyərik min cavana.

 

ANAR

 

18 iyul 2011

 

P.S. Bu yazını qələmə aldığım vaxt "Azadlıq" qəzetinin son nömrəsində gənc yazar Pərvizin iri məqaləsini oxudum. Şəxsən tanımadığım Pərvizin bu yazısında bəzi mətləblər diqqətimi çəkdi. Əvvəla onu deyim ki, mən Heydər Əliyev mükafatını alanda "Azadlıq" qəzetinin elə bir nömrəsində üç müəllifin üç müxtəlif yazısında məni böyük alicənablıqla, qanacaqla və nəzakətlə təbrik etmişdilər. Bu təbriklərdən biri də Pərvizin idi. Amma Pərviz bununla da kifayətlənməyib "Azadlığ"ın bundan sonrakı nömrəsində də məni son dərəcə nəcib, ədəbli şəkildə təbrik etdi. Mən də bu təbriklərə cavab olaraq Pərvizi Kitab mükafatı alması münasibətilə səmimi qəlbdən təbrik edir, ona yeni uğurlar diləyirəm.

Pərvizin son məqaləsindən bildim ki, mənim kitablarımı kiməsə bağışlayıb. Güman edirəm ki, hər halda bədii zövqü və ədəbi səviyyəsi olan bir şəxsə hədiyyə edib. Oxucularımın sayını artırdığına görə, öz şəxsi kitabxanasını kasıblaşdıraraq başqa birisinin kitabxanasını zənginləşdirmək bahasına etdiyi fədakarlığına görə də Pərvizə təşəkkürümü bildirirəm. A.

 

 

   Ədəbiyyat qəzeti.- 2011.- 22 iyul.- S.3.