NEXT - özgə millət
Qatar
dayandı. Mən onun dağılmış bir körpü
başında, ya da yolu alt-üst olmuş bir düzənlikdə
dayanacağından çox qorxurdum. Dayandı,
qorxan gözə çöp düşdü. Sol tərəfdə bir aul görünürdü.
O da buludlar arasından pəncərə gözləriylə
dünyaya baxan romantik aullardan deyildi.
Burda bombalar
partlamış, binə-bənd mülklər baş bir yana, qanad bir yana olmuşdu. Bomba
dalğası damların dəmirlərini qoparıb,
üzünə təzək yapılı daxmaların
divarlarına pərçimləmişdi. Başlarının
bir tərəfi barıdan qopmuş, bəzi aynabəndlər,
oxundan çıxmış araba banı kimi yan üstəydilər.
Vaxtilə Uzun Hacının
fısdıqların arasında tikdirdiyi "Dördminar"
məscidinin minbərləri ülgüclə şam
başı üzülən kimi üzülmüş,
gümbəzinin taxta-tuxtaları budaqlardan yelləncək kimi
asılmışdı. Məscidin arxa
divarı yatmış, ön tərəfi bir neçə
yerdən mağara ağzı kimi
açılmışdı. Suvağı
sıyrılmış minarələri, çılpaq
sütunlarıyla bu xarabalıqlar böyük Nizaminin
"Bayquşların söhbəti" əsərinə
çəkilmiş illüstrasiyaları yada salırdı.
Sərnişinlər
vaqonlardan hay-harayla yerə tökülürdü. Kimi şalvarının
toqqasını çəkə-çəkə, kimi əlini
köynəyinin qoluna keçirə-keçirə məscidə
tərəf yüyürürdü. Bir
ürəyim deyirdi ki, sən də durma, qabaqlarına
çıx, sərnişinləri öz vaqonlarına qaytar.
İndi bizim saatı saata yox, saniyəni saniyəyə
satmağa ixtiyarımız yoxdur. Ağır xəstəmizi
həkimə çatdırmasaq, o da, körpəsi də əldən
çıxar! Burda ləngisək mən
"Kompozitor" gəmisinə çata bilmərəm.
Allah eləməmiş belə olsa, gəmi faciələr
burulğanına düşər. Onu frakta
götürən erməni hansı ölkələrə nə
daşıyacaq? Bəlkə növbəti
bir İraqı dağıtmağa silah-sursat? Özü də Azərbaycan bayrağı
altında? İndi Qarabağda ermənilər
narkotik bitkilər becərirlər. Yəqin ki, o
ağuları da Afrika, Avropa ölkələrinə
daşıyacaqlar! Özü də Azərbaycan
gəmisiylə?
Çıxıb
Ayda oturduq. Marsda su
tapdıq! Azərbaycanımızın dünya
oğlu Lütfi-Zadəmizin "qeyri səlis məntiq" nəzəriyyəsiylə
bir çox texnologiyalar qloballaşdı, torpaqlarda məhsuldarlıq
artdı. Bəs bu qadın doğuşunu
ləngidən bir preparat icad eləyə bilməzdimi? Eləyə bilərdi. Özü də elə
mükəmməlindən ki! Amma heç
ağlı olan da Allahın işinə qarışar?
Yoxsa mənim kimi "Cənnətin bağlı
yolları"nı yaz. Sonra avtomobil qəzası...
İndi əlac ona qalırdı ki, Mədinə
tərpənməsin, yerində hərəkətsiz qalsın.
Çay-çörəyini, meyvəsini
özümüz aparaq. Bu məscid, o aul
xarabalıqları onu çox əsəbləşdirər.
Stres keçirsə, demək işimiz bitdi.
Ağarza! Ancaq Ağarza çatardı dadımıza. Ətrafa göz gəzdirdim. O, əlyuma
kupesinin qabağında silgi ağacına əski
dolayırdı:
- Bəlkə
Mədinəgilin kupesini bayır tərəfdən kiliddəyəsən.
- Noolub? Nöşün? Türmə
kamerasıdı kupe?
- Mədinə
bu müsibətləri görsə, üzülüb, zay-may
olar! Hayıfdı.
-
Yaxşı da! İmamçun ağlayan,
yezidçün də ağlasın da bəs? Soora onun
prokuror təpərinə kim davam verər?
Nöş bağlamısan qapını?
Demokratiyamı nöş pozmusan! - deyib
divara dirəyər məni.
- Onda, bəlkə
Ağamusa dayıya bir dil yetirəsən, qatarı
sürsün itilib gedək burdan! Yoxsa qrafikdən
çıxardallar bizi. Mən gəmiyə
çatmaram, o yazıq da tələf olar? Bəlkə gedim bir şey boyun olum maşinistə?
- Yox, sən
ona dünyanı bağışlasan da, fikrindən döndərə
bilməzsən. Burada dayanmağı da səbəbsiz
döyü. Amma sən də darıxma.
Ağamusa dayı heç bircə dəqiqə də gecikmir
stansiyaya! Razyezdlərə də saniyəsində
gəlir. Əlbəttə, o burda vaxt itirəcək.
Amma qabaqda bir az sürətlə
sürüb stansiyasına öz vaxtında gələcək.
Darıxma, xəstə tələsməknən
armud yetişmir.
Ağarza
vaqonun giriş qapısını kəsdirmişdi. Yanlara
açılmış qolları, çiyninə
düşmüş başı, pırtdaşıq
saçlarıyla o, çarmıxa çəkilmiş
İsanı xatırladırdı. "Töküləcəklər
aşağı, qayıdanda da
palçıqlı-palçıqlı keçəcəklər
yuxarı başa. Hələ yerdə qalan
olsa, əl tormuzunu çək, birqadir də səni
dannasın" - deyə, donquldanırdı. Birdən boynunun ardında bir istilik duydu. Çevrildi. Mədinəni
görcək sağ əlinin ayaqaltı dəstəsinə
necə getdiyini özü də bilmədi. Dəmir təbəqə şaqqıltıyla
yuxarı atıldı.
- Xanım,
düşmək çox riskovanıdı ha. Maşinist
birdən xoddasa... sən də belə ağırayaq.
Söz Mədinəni
şillə kimi tutdu:
- Ay hay! Mədinə
bu xarabaları kürər, üzü də düşməz!
Nooldu, a can vaşlaq-qardaş. Bəs
bığları Budyonnudu! Sən vağzalda dedi ki,
maşinist namaz qılandı. Mən onun müsürman kişi olduğu indi kürdü. İnandı. Malodes. Bartol!
O, Namaz qılan heç vaxt next ulmaz, yerdə bir adam qoyub getməz!
Mədinə
dəmir yolunu məsciddən ayıran
cılqalığdaydı. Daşlar ayaqlarına mizraq
kimi batır, bıçaq kimi kəsirdi. Ancaq o uf demir,
sızıldamırdı. Ağrılardan
ağırlaşan bədənini sürüyüb
fıstıqların kölgəsindəki tabutlara,
"kalaşnikov"u bu əlindən o biri əlinə
ötürən partizanlara çatmağa tələsirdi.
Onun niyyəti vardı.
Şəhidləri
araya alan ağbirçəklər
başlarını qara şallarının içində gizlətmişdilər.
Onlar vaxsey-şaxsey deyə bağırmır,
oturduqları yerdə bir müddət hərəkətsiz
qalır, sonra nehrə kimi yırğalanırdılar. Amma yaşıl koftalı bir gəlin xalça
üstündəki cənazənin gah sağına, gah soluna
keçir, "O... vezaluş yolu! Ay mənim istəklim!"
- deyə hönkürür, göz
yaşlarını da
yığıb-yığışdıra bilmirdi.
Tabutların
yanında var-gəl eləyə-eləyə bu fəci səhnələri
səbirlə izləyən Şeyx məscid meydanına enib əlini
yuxarı qaldırdı. Səslər kəsildi. Şeyxin düyməsiz,
qayışsız ağ köynəyinin ətəyi
dizlərini örtür, xrom çəkmələrinin
qunçlarını da sürtürdü. Başına
kip oturmuş papaq alnının üst
qırışlarını basır, boynunun ardındakı
tükləri burub geri qaytarırdı. Papaq
günü görən tərəfdən sarıya, kölgə
tutan üzündən boza çalırdı. O,
başını endirəndə, enli, uzun saqqalı sinəsində
qabaran tükləri də basır, basdığı yerdə
də qalınlaşıb, codlaşırdı. Şeyx əllərini gözü bərabərinə
gətirdi. Əlləri titrəyirdi.
Ancaq bir-birindən aralı, uzun barmaqları
tez-tez qarılıb geri dartınır, kimisə
boğmağa, parçalamağa hazır
görünürdü. O, bir ağız - Allahu əkbər!
- dedi. "A...a...a... uğuldadı meydan. Günbatarnda bir-birinin belinə çıxan
dağların arxasında bir Niaqara şəlaləsi
coşdu sanki. Qatı, incə,
sürtünən, cığıldayan səslərin
qarışığından bir Çənlibel xoru coşdu
məscid qabağında. "Aaaa...a..min"
- dedi hamı bir səslə.
Şeyx
əlini qaldırdı. Uğultu xırp kəsildi. O, sözə
başladı:
-
Arkadaşlarım, - deyib başını qaldırdı. - Bir
neçə saat öncə yabancı düşmanlar Temirqaya
civarında bir fermanı yandırdılar. Qavqa
zamanı oranın okulundakı çocuq öyrənciləri,
uçitel - öyrətmənləri də bizim partizan Ulduz
Nurca xilas etdi. Çeçen
xalqını enmək mümkünsüz. Azad olmuş öyrəncilərdən bir zorlusu həmin
düşman tankına bir əl bombası salmış.
O tankdakı səkkiz gavurun səkkizi də gəbərmiş.
Sonra biz partizanların baş
komandanlığından yabancıları izləmək əmri
aldıq. İzlədik və burada yendik.
Şu qavqada biz iki partizanımızı itirdik.
faqat, bir genç çeçen kardeşimiz
şəhid oldu. Bir rəhmət diləyəlim!
- Allah rəhmət
eyləsin - deyə, meydandakıların xeyir-duasına
qoşuldular sərnişinlər də. Şeyx
sözünü davam etdirdi:
- Neçə
sənələrdi ki, gavurlar bizi dəmirçi kürələrində
bişirir, zindanlarda döyürlər. faqat,
anlamıyorlar ki, qığılcımlarımız əllərini
yandırar, gözlərini kor edər. Poladları
döyə-döyə xəncəllərə,
qılınclara, dəryazlara çevirdilər yabancılar.
Çeçenistan heç kəsə qul olmayacaq!
Qolları az qala dizlərinə çatan arıq partizan
sıravi adamlarla Şeyxə yaxınlaşdı. Tez-tez kirpik çalırdı. Hər
dəfə gözünü açanda kirpiklərindən
qığılcımlar sıçrayır,
qarabuğdayı sifətinə ağlıq gətirirdi.
- Bir kaç
kəlmə izn verərsinizmi Şeyxül-komutan əfəndim?
- Nerədə
qaldı bəs sənə tapşırdığım o
şehid papaqları, leytenant? - deyə söz
istəyənin sözünü kəsdi Şeyx!
- Peki,
hazır! Yuyuldu, təmizləndi o şehid
papaqları. Bu xurcunda koydum - deyərək
əlindəki arxa çantasının iplərini
açdı. - Bəlkə bir az
çabuq olaq Şeyxül komutan? Qatar da
çox durmasın. Yabancı
düşmanlar uçaq göndərərlər bura. Bomba salarlar.
Mədinə
yolu yormuşdu. Məscidə çata-çatdaydı. Qaratikan kolları ipək çaxçurunun
balaqlarını dağıtmış, baldırlarını
köz-köz açmış, dabanları döyülməkdən
sulansa da, dayanmaq bilmirdi. Leytenant:
-
Şeyxül komutan, lütfən icazə verin! - deyərək çantanı komandirin
ayaqları yanında yerə qoydu və gözlərini
qırpmadan əmrə müntəzir dayandı.
İzdiham
susurdu. Qurbağa
gölünə daş atmışdılar sanki! Şeyx çantadan qulaqları yuxarı çəkilib
bağlanmış bir meşin şapka çıxartdı.
Şapkanın enli günlüyü uşaq
lapatkasını xatırladırdı. Şeyx:
- Qalxın
ayağa, igid arkadaşlarım - deyə, qamətini
şaxlandırdı. Uçuq divarlara söykənib
fikrə getmiş daşlar üstə oturub siqaret
tüstülədən partizanlar yerlərindən dik
atıldı. - Siz ey qoç igidlər! - deyə
farağat duran partizanlarını bir-bir gözdən
keçirdi. Sakitliyi ancaq sinələrin
xışıltısı, ağır, yorğun nəfəslər
pozurdu. Şeyx əlindəki
şapkanı yuxarı qaldırıb, hamıya göstərdi.
- Bax, bu
şapkanı bu gün, buradaca rəhmətə getmiş
bizim kapitanımız əsl türk oğlu kibi şərəflə
daşıyıb başında. O kapitan ən kötü əməliyyatlarda
zəfər qazandırıb dəstəmizə. Günlüyündə bir qurşun izi
varmış. Alnını alan ikinci
qurşun həyatına son qoymuşdur. Mən o
rəhmətliyin şapkasın bu qavqada qəhrəmanlıq
göstərmiş sıra partizanımız Murtaza Rizaya etibar
ediyorum. Əminəm ki, bu papaq Murtazaya
çox-çox şərəflər gətirəcək.
Yer-yerdən
"Halaldı", "Layiqdi" - deyən səslər
eşidildi. Komutan çantaya əl apardı. Çıxartdığı papağın o
üz-bu üzünə baxdı. Papaq deyəndə
uzun saçaqlı qunduz dərisini yumrulayıb quyruğunu
başına tikmişdilər. Şeyx qəhərini
boğaraq:
- Bu papaq iki
saat bundan öncəyə kadar, indisə o
göy tabutda tatlı-tatlı uyuyan kardeşimiz Sərdar
Çaparın olub. O, kəşfiyyatçı bulud
içində quşu seçmək zorunda idi. İndi
bu papağı biz Ulduz Nurcana verəcəyiz. O Nurcan ayağı protezli, şikəst olsa da,
Temirqaya civarındakı öyrənciləri mühasirədən
çıxartmışdır. Bəs
özü burda yoxmu? Görmüyorum?
Nerədə bəs o Nurcan? Leytenant:
-
Şeyxül komutan, Ulduz Nurcan baş qərərgah tərəfindən
başqanın yanına dəvət olunmuşdur - deyərək,
komutandan aldığı qonur-qırmızı papağı
başı üzərinə qaldırdı: - Gözündə
qorxu yoxdu kəşfiyyatçı Ulduz Nurcanın. Belə
casura lap Şeyx Şamilin, bizim Uzun Hacının
papağı da halaldı - dedi.
Şeyx əlini
qaldıraraq:
- Ey canla-qanla
bir olan kardeşlər! Vaxt bitdi. - dedi. - Cənazələri
qəbir evlərinə çatdırmaq lazım! Şəriət
kurallarına binaən hər kişi
öz məzarlığında verilər torpağa. Çabuq olun. Atları furqonlara
qoşun - deyə əlavə etdi.
İzdiham
tərpəndi. Partizanlar tabutlara yaxınlaşdılar. Ağılar, şaxsey-vaxseyə qarışdı.
Yaşıl koftalı gəlin üzünü
cənazəyə sürtüb, xalça-palazı
cırmaqlayır, için-için ağlayırdı.
Ancaq ağbirçəklər susurdular. Onlar yerdən götürülən tabutların
qolları altına girir, kişilərin cərgəsində
öz yerlərini tuturdular.
Mədinə
artıq məscid meydanındaydı. Töyşüyürdü.
Amma dayanıb nəfəs dərmir, sağa,
sola burulmadan düz Şeyxə tərəf gəlirdi. Yaşlı partizanlar onu görməməzliyə
vurub, qulaqlarının ardını qaşıyır.
Arvadlar... Arvadlarsa əsgəri qaydada irəliləyən
bu zahı qadına ağzıaralı, məəttəl-məəttəl
baxır, bir-birini dümsükləyib,
pıçıldaşırdılar.
- Dayanın!
Yerə qoyun o cənazələri! - deyə,
əl-qol ata-ata yüyürürdü Mədinə. Belindəki durna şəkilli qurşaq
boşalıb sallanmış boynunun ardında düyünlənmiş
saçları açılıb çiyinlərinə
yapışmışdı. Şeyxin
gözü tərlan gözüdü. O, hay-harayla gələn
bu qadını hələ qaratikanlığı keçəndə
görmüşdü. Bəlkə komutan hərbi
rejimlərin üstündən xətt çəkib, bu yas
yerində daha çox Şeyx olmalı, qadını nəzakətlə
qarşılamalı, sonra o axışıb gələn sərnişinlərə
də xüsusi diqqət yetirməlidi? Yox! Təəssüf ki, bu mümkün deyil. Əlbəttə, bu dağılmış aula,
xaraba məscidə, yerdəki şəhidlərə görə
onu günahlandıran da tapılacaq. Lakin komutan heç
kəsə hesabat verən deyil! O, şeyxlikdən daha
çox döyüş meydanının əsgəridir. Yuxarıdan verilən əmrlərin
danışıqsız icraçısıdır. Əmrdən sapınmaq isə fərarilik deməkdir.
Həm də hər ağızdan gələn
avazı dinləməyə vaxt yoxdur. Düşmən
qaçır, onu məhv etməyə tələsməlidi.
Partizanlar
yerdən ikinci tabutu qaldırdılar.
- Dayanın,
- dedim axı mən - deyə, özünü yetirən Mədinə
əl atıb saqqallı partizanın qolundan
yapışdı.
- Qoymaram!
Şəhidlər heç yana
aparılmayacaq! - bağırdı Mədinə.
"Lənət
şeytana! Məni səbrimdən çıxarana cəza
düşər. Faqat, bir kadın canında bu kadar inad nerədən? Hökmünə,
cəsarətinə mərhəba!" - dedi ürəyində
komutan. Qadının
üsyankarlığına, cəsarətinə heyran olsa da,
bunu büruzə vermədi. O, Mədinəyə
yaxınlaşdı. Soyuq bir təmkinlə:
- Bir
kadar durun,
hanım efendim. İşimizə qarışmaq yasaq! Siz nədən böylə sinirlisiniz?
Açın, söyləyin! Bəlkə bu
şəhidlər arasında babanız, kardeşiniz, bir
doğmanız var? - soruşdu.
- Biz
çeçenlərdə doğma-ögey olmur. Bütün çeçenlər ana bir, ata bir
sayırlar özlərini. Burdakı şəhidlər
də qardaşlarımızdı.
- Çok
iyi. Çeçenistanda yaşayan türklər
də sizin kardeşleriniz. Təbii!
- O aul, bu
dağılmış məscid də sizin türklərindi,
eləmi?
- Hayır,
efendim. Burda hər şey çeçenlərin.
Bizim köyümüz Nohurluda.
- Bəs burda
nə gəzirsiz?
- Baş
komandanlığın əmriylə gəldi buraya partizan dəstəmiz.
Düşmanları izlədik. Çoxunu gəbərtdik. Ben sizə
Çeçenistan türkləri adından
başsağlığı verirəm! faqat,
emin olun. Bizim bu şehidlərimiz də Çanakkala şəhidləri
kimi anılacaqlar Türkiyədə!
Mədinə
başını bulayıb, dodaqlarını büzdü. - Başa düşmədim. Çanakkala hara, bura hara?
- Bəli! Əvət,
əvət, hanım efendim! Türk neredə
yaşasa da türkdür. Bir zamanlar bizim
Uzun Hacı paşamız vali olmuş bu yerlərdə. Babalarımız burda yurd salmışlar. Yəni bu vatanın uğrunda ölərək də
biz ulu Türkiyənin, türklüyün şərəfini
qoruyuruz. Siz mərak etmeyin! Şehidləri
layiqincə verəcəyiz torpağa. Günəş
qalxmaqda, hava qızmaqda. Biz tələsməliyik!
Komutan
partizanlara tərəf çevrilərək:
- Furqonların
banlarına ot-ələf koyun. Cənazələr
yırğalanıb, əzilməsin yollarda!
- Şəhidlər
burdan heç yana aparılmayacaq! - dedi Mədinə!
- Mən Qudermesın baş prokuroru Mədinəyəm.
Şeyx
diksinib, bir addım geri çəkildi. İri qara gözləri
böyüdü. Qalın qaşları
alnına dartıldı yenə. Çeçenistanda
kimi dindirsən, sənə Qudermesın kişi
qeyrətli prokuroru haqda maraqlı əhvalatlar söylər. O,
bu qadının baş komandan general Batay Basmanın arvadı
olduğunu da eşitmişdi. Lakin bu gözlənilməz
görüş komutanı karıxdırdı.
- Üzr istəyirəm.
Əfv edərsiz, hanım əfəndim? Bəs generalımızın karısı olaraq ətrafınızda
bir rəfiqəniz, ablanız yoxmu?
O,
böyründə tez-tez gözlərini qırpan leytenanta
çəpəki baxdı:
- Bir
nalça, döşəkçə yoxmu bəs hanım əfəndi
otursun! O, başının hərəkətiylə yulğun
kolları arasındakı üstü yarpaq naxışlı
maşını göstərdi:
- Çabuq
ol! O arabadan bir cam qəhvə gətir bura!
Mədinə:
- Bartol! Çox sağ olun - dedi. - Mən həm də
deputatam - deyə qımışdı:
- Dövlət
adamı kimi şəhidlərin taleyinə biganə qala bilmərəm!
- Çok iyi
- dedi. - Yok, yok. Merak etməyə dəyməz.
faqat, torpağa vermək, dəfn etmək
bizim şəriətə görə kişilərin zorundadı.
Ablalar erkəklərin işinə qarışmaz bu yerdə!
- Amma cənab
komandir, neçə əsrlərdi ki, Çeçenistanda
kişi-qadın birdi, hamısı əsgər, partizandı. Şəhid olmuş o igidləri də partizan analar
doğublar. O, əllərini qarnının üstündə
gəzdirdi: - Allah qoysa mənim övladım da qəhrəman
olacaq. Torpağımızı gavur ləpirlərindən
təmizləyəcək.
- İlahi, sən
bu bəndənin arzularını batil elə! - dedi Şeyx.
İzdiham - Amin! İlahi, amin! - deyə
cavab verdi.
-
Çok-çok üzr dilərim, hanım əfəndim -
dedi Şeyx. - Siz deyirsiniz şəhidlər elə burada dəfn
olunsun! Amma biz istərdik ki, hər şəhid
öz köyündə, anne-babasının gözü
önündə basdırılsın. Doğmaları
onlara heykəllər yapar, adlarına muzeylər açarlar.
- Amma cənab
komandir, axı indi o şəhidlər təkcə bir
ananın yox, bu auldakı bütün anaların
övladıdır. Onlar canlarından
keçib, bu auldakılara həyat vermişlər. Bəli,
şəhidlər elə burda basdırılacaq - dedi Mədinə,
- Adlarına muzey açmaqdan danışırsız. Axı nədi muzey? Soyuq, dilsiz
daş-divardı. Qapıları aylarla
açılmır. Cansız tablolar, şəkillər
heç nə demir. Amma bax, o məscid divarlarındakı
güllə dəlikləri şəhidlərin tele
yazılarıdı! O çılpaq sütunlar arasında
vıyıldayan küləklər şəhidlərin ruhuna
yasinlər kimi səslənəcək! Məktəbə
gedənlər burdan keçər, şəhərdən,
bazardan qayıdanlar da burda ayaq saxlar. Bayram
günlərində bütün analar şəhid
balalarına bayram payı gətirəcəklər. Ay
komandir-voyşlaq! Kazaklarla döyüşən
babalarımızın qanları axıb "Ana yer"
talasında. İndi orda möcüzəli-sirli
sümbüllər bitir. Siz şəhidləri
də elə burda basdırın. Bəlkə
burda elə bir sirli bulaq qaynayacaq ki, suyu bir çox xəstəliklərə
dərman olacaq.
Şeyxin
dodaqları qaçır, gözlərində
qığılcımlar oynayırdı. Qadın ağlabatan, humanist
təklifləriylə, uzaqgörənliyi, torpağa
bağlılığıyla get-gedə ucalırdı
komandirin gözündə. Prokuror olsa da,
göynən gedən deyildi. Elə həyət-bacada
gördüyü doğma xalaları, bibiləri kimi şirin
gəlirdi ona. Səsindəki titrəyiş,
gözlərindəki çırpıntılar da
böyük vətəndaş narahatlığından xəbər
verirdi.
- Ey
arkadaşlar, - dedi Şeyx komandir. - Müharibələr,
kazamatlar, bir çox kanunları dəyişməyə vadar
edir. Burda bizim suçumuz yox! Şimdi bir şəriət
kanunundan biz də vaz keçməliyik. Vaxtımız az, hava kaynar, köylərimiz çok uzaqda. Biz şəhidləri öz məzarlıqlarına
kovuşdura bilməriz. Halq deputatı,
prokuror hanımın təklifini qəbul ediyoruz. Türk şəhidlərimizi burdakı
çeçen annelerin gözü önündə verəcəyiz
torpağa.
-
Kardeşlerimizi burda basdıraq! - dedilər
yer-yerdən.
Partizanlar
sırıqlılarını budaqlardan asıb,
silahlarını qayalara, kollara söykədilər. Külünglər
şaqqıldadı. Kişi-qadına, sərnişinlər
döyüşçülərə qarışdı.
Külüngləri olmayanlar daş
qırıqları, qaya parçaları, sivri kötüklərlə
qazdılar. Mədinə əyilib
torpağı daşlardan ayırırdı. Birdən onurğasının çanağa birləşən
yerindən bir nizə keçdi elə bil. Aman, - deyib inildədi. - Sən qoru məni, ey
Tanrım, - deyə pıçıldadı. -
Yazığın gəlsin. Ölsəm də,
övladımı qoru! Nə olsun ki,
orduları, qoşunları var ərimin? Amma
ən sədaqətli arxası övladıdı hər
kişinin, - deyə yalvardı. Gileyinin,
yalvarışının kənardan eşidilmədiyini bilincə,
ürəyi yerinə gəldi.
Xalça
üstdəki cənazəni dövrəyə alan
qadınlar için-için ağlayırdılar.
Yaşıl koftalı gəlinin - Oo... Vezaluş yolu! Ay istəklim,
- deyən zarıncı Mədinəni də qəhərləndirdi.
Gəlinin
qırma kimi səpələnən göz yaşları
koftasının yaxasını , ətəklərini
də qaraltmışdı. Birdən
qollarını yanlara açıb qəbrin üstünə
çırpıldı. Və susdu. Bəlkə torpaq altındakının istisini, hərarətini
duymaq istədi. Sonra birdən
sıçrayıb qalxdı. - Ah Mursalım, məni tək
qoydun? Yox, qisas qiyamata qalmaz, - deyərək
başından qara şalı açdı, onu
yaxşı-yaxşı burub daşatana, kəməndəmi
döndərdi, bilmirəm. Ancaq
başı üzərində əsəbi-əsəbi yellədi
gəlin. Bizim qoçaq Həcərimizin
at belində qılınc oynatması gəldi gözüm
önünə. fransız
xalqının qəhrəman qızı Janna d Arkı
yadıma saldı gəlin. O Orleam gözəli
də əlinə bayraq götürüb ingilis qəsbkarlarıyla
döyüşlərə gedən fransız əsgərlərini
qələbələrə ruhlandırmışdır.
Dəsmalını gözləri altında gəzdirə-gəzdirə
gəlinə yaxınlaşdı Mədinə:
- Bacım,
görürəm göz yaşların
qırma-qırmadı, çox yandırıcıdı -
dedi. Sonra da böyründəki, qaya oyuğunda
qaralan avtomatlardan birini götürdü. -
Gözünün gilələrin yox, bax burdakı güllələri
boşalt düşmən başına, - deyərək
silahı gəlinin qoltuğunun altına yeritdi - Dayan,
başqa bir hədiyyəm də var, - deyə biləyindəki
qolbağını çəkib qopartdı. - Bacım, bax bu
qolbağı da biləyinə bağlayıram. Sən də
güllən qurtarsa bu qolbağını düşmənin
boğazına sarı! Sonra yaxşı-yaxşı çək!
- deyərək gəlinin başını
sinəsinə sıxdı! Sonra onlar
başdaşı təzəcə qoyulmuş qəbrə
yaxınlaşdılar. Torpaq çiçək
açmışdı sanki. Üstünə
yabanı zambaqlar atılmış, sarı-qırmızı
dağ çiçəkləriylə adamboyu
qalxmışdı qəbir. Mədinə əlinin
dalını gözünün altından keçirib
üzünü izdihama tutdu:
- Əziz
bacılarım, doğma qardaşlarım. Nə qədər ki, ayağımız
yer tutur Terek, Sunca, Arqun çaylarımızı heç kəs
quruda bilməyəcək! Ona görə ki,
bizim hər daşımızın altında bir bulaq
qaynayır. Amulestma dağımızı
heç kəs yıxa bilməz. Böyük
azı dişi kimi bir neçə qıçası var bu
dağın. Biri Türkiyədə, o biri Ətağa
ocağı olan Azərbaycanda, biri Əfqanyunda, bir
başqası da İordaniyada. Səmamızda
bayquşlara yer yoxdu. Şeyx Şamilin
çiynindən havalanmış Tərlanların
oylağıdı vətən göyləri. Əziz
bacılar! Deyirlər ki, cənnət
anaların ayaqları altındadır. Gəlin, cənnətimizi
yaradaq! Hər birimiz neçə-neçə
igid Baysanqur, burda şəhid olmuş Mursal kimi qəhrəmanlar
gətirək dünyaya. Kişilərinizi
çox sevin. Qoy keçəl, kar, kor
olsunlar. Qoy meymuna, ata, dəvəyə oxşasınlar! Özünüzü elə sevdirin ki, sizi görəndə
quzuya dönsünlər. Daş kimi bərk qolları,
sizi kukla kimi atıb-tutan lapatka əlləri olsun! Kişilər toxumdu, biz arvadlar mayayıq. İndi bir uşaq azdı, ekiz, üçəm
doğmalıyıq hər birmiz.
Yulğun
kolları arasındakı maşının sirenası təpələri
lərzəyə gətirdi. Partizanlar külüngləri
yerə çırpıb, silahları qapdılar. Sərnişinlər əl-ayağa düşdülər.
Şeyx komandir üzünü zirehli maşına tutaraq:
- Pulemyotlar atəşə
hazır! - deyə bağırdı. Üç nəfər maşına tərəf
cumdu.
Çoxçaplı
pulemyotun lüləsi zenitə milləndi. Günbatanda qırmızı
ulduzlu bir vertolyot göründü. Qaça-qaç
düşmüşdü. Büdrəyənlər
yanlarından keçənləri qamarlayıb qalxır, qatara
çatmağa can atırdılar. Mədinə
hamıdan qabaqda gedirdi. İnanmayan qoy
inanmasın. Amma ona indi dünyanın
yüz metrə qaçmaq çempionu Şelli Enn Freyzer də
çata bilməzdi. Öz hayınamı
qalmışdı Mədinə? Yox! O, baş verə biləcək
fəlakətdən bətnindəki övladını
qaçırdırdı.
Yusif Həsənbəy
Ədəbiyyat qəzeti.-
2011.- 8 iyul.- S.6.