"Bu
sevda ölüncədi…"
Müsahibimiz yazıçı Nahid
Hacızadədir
- Nahid
müəllim, alman filosofu Kant ruhi sakitlik və ya taledən
razılığı könül xoşbəxtliyinin
başlıca meyarı hesab edirdi. Səmimi sözümdü,
sizin memuar xarakterli bütün yazılarınızın
hamısı bir yerdə ruhi sakitlik və ya taledən
razılıq manifesti kimi oxunur. Bu manifestdə uşaqlıq,
yeniyetməlik, gənclik illərinizlə bir yerdə unudulmaz
Rəsul Rza, Əli Vəliyev, Süleyman Rəhimov, İlyas Əfəndiyev,
Bəxtiyar Vahabzadə, Sabir Əhmədli, Əliağa
Kürçaylı, Ənvər Əlibəyli və
başqaları ilə nəfəs-nəfəsəsiniz…
-
Böyük şairimiz Səməd Vurğunun qəlbimə,
yaddaşıma həkk olunmuş ölməz bir misrası
var: "Könül duyduğunu xatirə saxlar". Ancaq xatirələri
qələmə almadıqca, yazılmayınca itib-batır,
sozalır. Hər unudulan xatirə dəyərli bir şəxsiyyətin
vacib portret cizgiləri, əsas detallarıdı. Madam ki,
söhbətə sitatlarla başladıq, birini də yada
salmaq istəyirəm, alman filosofu Lixtenberq təkidlə deyirdi
ki, sözün əsl mənasında insan - bizim indiki
müasirimiz deyil, biz onu indi tarixdə axtarmalıyıq. Əlbəttə,
mən çağdaş insanın cəmiyyətdəki
aparıcı mövqeyinə zərrə qədər kölgə
salmadan artıq tarixə dönmüş, tarixləşmiş
şəxsiyyətlərin ömür yolunu, fəaliyyətini
təməl daşı, örnək olaraq yaşatmağı
çox vacib sayıram. İllah da düşünəndə
ki, bu tarixləşən, tarixə çevrilən insanın
elə sənin öz taleyində, uğurlarında müstəsna
rolu olub, xatırlamaya, qələmə əl atmaya bilmirsən.
Hər insan sirli-sehrli bir aləm, yazılmamış bir
kitabdı. İllah da yaradıcı insan olmuş ola.
Onların könül dünyası daha cazibədar, təlatümlü,
coşqun, fikir, düşüncə üfüqləri isə
daha əngin və əlçatmaz olur. Bu dünyanın
öz günəşi, ayı, ulduzları, öz fəsilləri
var. Allahdan razıyam ki, bu cür bənzərsiz
yaradıcı insanlar aurasında yaşamışam, onlardan
öyrənmişəm, əxz etmişəm, onların
könül işığından mənim də ömür
yoluma pay düşüb. Mən o böyük insanların cəmiyyətimizdəki
yerinə, milli kimliyimizi dünyaya ləyaqətlə təqdim
etmək əzminə heyran kəsilmişəm, məftun
olmuşam.
- Sizi dinlədikcə yadıma Pifaqorun dəqiq
bir müşahidəsi düşür: "Həyat
meydandır - kimi yarışmağa gəlir, kimi alverə…
Amma xoşbəxt tamaşaya gələnlərdi". Xatirə-memuarlarınızı
oxuduqca dönə-dönə fərqinə varmışam ki,
siz həyat meydanına daha çox tamaşaya gələn
xoşbəxtlərdənsiniz…
-
Bilirsinizmi, mən həmişə dərk etməyə can
atmışam. Söhbətimizin əvvəlində
adlarını çəkdiyiniz və onlardan da başqa bir
çox dəyərli şəxsiyyətlər, dostlar bu yolda
mənə yardımçı olub. Deyilmişlərin
doğruluğuna qəlbən inanmışam ki, kim
ölüb, ancaq unudulmayıbsa - ölməzdir, kim kamilsə
- körpə, məsum uşağa bənzəyir. Mən
yazılarımda, xatirələrimdə söhbət
açdığım şəxsiyyətlərin məhz bu məziyyətlərini
önə çəkmək, açıb göstərmək
istəmişəm. Götürək elə xalq
yazıçısı Əli Vəliyevi… Çox nadir, bənzərsiz,
koloritli bir insan idi. Adı, şəxsiyyətilə bağlı
yaddaşlarda qalan o qədər maraqlı söhbətlər,
xatirələr var ki!.. Əli Qaraoğlu ilə bağlı hər
hansı xatirəni yada salanda istər-istəməz ürəklər
işıqlanır, dodaqlara təbəssüm qonur. O, təpədən-dırnağa
kommunist idi. Əqidəsi yolunda ölümə belə getməyə
hazır olduğunu dönə-dönə sübut eləmişdi.
Ancaq onun kommunizmə bağlılığı heç bir mənsəb,
karyera istəyinə hesablanmamışdı. Bu, kommunizmin
timsalında insan haqlarının, inkişafın təminatına
olan maraq və istəkdən irəli gəlirdi. Onun istəyi
içdən gəlirdi, heç bir siyasi, iqtisadi marağa
hesablanmamışdı. Deyərdi ki, Nahid, bala, səni bilmirəm,
məni bu Şura hökuməti adam eləyib, “mən onun
çörəyi ilə böyüyüb bu mərtəbəyə
çatmışam. İnqilab olmasaydı, bu hökumət gəlməsəydi,
Allah bilir mən harda itib-batmışdım. Bəlkə sümüklərim
də sürmə olmuşdu”. Əli müəllimin o
şükranlığı ruhi şükranlıq idi. Təbii
ki, aldanışdan xali deyildi. Tutaq ki, doktor Nəriman Nərimanov
ömrünün sonuna doğru bu aldanışın mənəvi
faciələrini, yanlışlığını
özündə ehtiva edən qənaətlərini oğlu Nəcəfə
yazdığı məktubda ən incə detallarına qədər
cəmiyyətə çatdıra bildi və bu böyük
etiraf onun öz ömrünə son qoydu. Nərimanovun bu
etirafı təbii idi. O, siyasət adamı kimi baş verənlərin
içində olduğundan mahiyyətə varmağa daha
çox şanslı idi. Əli Vəliyevsə çarizm məşəqqəti
yaşamış sadə bir qələm əhli,
yazıçıydı. Siyasətin alt qatından əvvəl
onu üst qatda sürdürülən firavan həyat,
inkişaf illüziyası daha çox cəlb edirdi. Sadəliyi
və sadədilliyi, hər şeyə yaxşı tərəfdən
münasibət göstərməsi də öz işini
görürdü. Bununla belə, Əli Vəliyev unikal
xarakterini, məsum təbiətini, xeyirxahlıq hissini, ən
başlıcası, şəxsiyyət
bütövlüyünü sonacan hifz edə bildi, mərd
yaşadı. O nəsil qələm adamlarının
yaradıcılıq özəllikləri, inam və
etiqadları xalq yazıçısı Elçinin bu yaxınlarda
"Ədəbiyyat qəzeti"ndə dərc edilən, eyni
zamanda bir çox nüfuzlu elm ocaqlarında müzakirə
olunan "Sosrealizm bizə nə verdi?" silsilə məqalələrində
çox obyektiv şəkildə incələnib. Bu çox ədalətli
mövqedir. Təbii ki, çağdaş ədəbi nəsil
Səməd Vurğunun, Süleyman Rüstəmin, Rəsul
Rzanın, Osman Sarıvəllinin, o dönəmdə
yazıb-yaratmış digər sənətkarların
yaradıcılığına da bu mövqedən
yanaşmalıdır.
- Bu söylədiklərinizi xalq
şairi Rəsul Rza haqqında xatirələrinizdə də
önə çəkibsiniz…
- Rəsul
müəllimlə bağlı xatirələr daha
böyük bir söhbətin mövzusudur. Hər dəfə
bu qüdrətli insanın adı çəkiləndə
gözlərim önünə 1943-cü ilin qarlı bir
qış axşamı gəlir. Həmin o qış
axşamı böyük qardaşım Fərrux aram-aram dərsini
hazırlayırdı. Oxuduqlarını ucadan təkrarlayırdı.
Əzbərlədiyi şeirdə balaca, yetim, uzaqelli qərib
bir oğlandan söhbət gedirdi. Sətirlər, misralar
söz-söz ruhuma hopur, qəlbimə yazılırdı.
Yaddaşımdan hələ də pozulmayıb o sözlər,
o sətirlər. Şeirin əvvəlindəki hekayət də,
şeirin özü də məni qanadlarına almışdı.
Mən xəyalən özümü uzaq, isti bir diyarda,
yaşıdlarımın arasında hiss edirdim… Pəncərələrdə
buzdan naxış salan o qış gecəsində
"İnqalesyo" ürəyimdə naxışlandı və
ömürlük yaddaşımda qaldı. Qəribə yuxu
gördüm o gecə. Gördüm ki, sifətindən nur
yağan, mehriban bir əmi başıma sığal çəkə-çəkə,
layla deyirmiş kimi, bir-birindən kövrək misraları qəlbimə
axıdır… Məktəbə gedəndən bir neçə
il sonra öyrəndim ki, bu şeiri Rəsul Rza yazıb.
İllər
keçdikcə onun neçə-neçə şeirini əzbərlədim,
poemalarını oxudum və bu böyük sənətkarla qəlbən
ülfət bağladım. Sonra gəldi tələbəlik
illəri. Bizim dövrümüzdə kitaba böyük sevgi
vardı. Ədəbiyyat muzeyinin birinci mərtəbəsindəki
kitabxanaların satıcıları biz tələbələrə
yeni nəşr olunan kitablar haqqında məlumat verir,
tanınmış şair və yazıçıların
imza günləri təşkil olunurdu. Bu imza günlərinin
biri də ustad Rəsul Rza ilə keçirildi. Həmin tədbirdə
o, mehribanlıqla adımı soruşdu, adımın mənasını,
harada, neçənci kursda təhsil almağımı
soruşdu. Sənətkar fəhmilə mənə dedi ki,
gözlərindən yaradıcılıqla məşğul
olduğunu oxuyuram, nəsə yazırsan… Sonra
"Könül səsləri" toplusunu götürüb
avtoqraf yazdı, "xatirə saxlarsan" - dedi. Sevinclə
kitabı alıb dostlarımın yanına qayıtdım.
Kitab mağazasından çıxa-çıxa açıb
avtoqrafı oxudum. Belə yazmışdı: "Əziz
Nahid, gün o gün olsun ki, sən də öz
kitabını mənə bağışlayasan". Və
gün o gün oldu… İllər sonrası ustad sənətkar
iş yerimə - televiziyaya gələndə məni
görüb mehribanlıqla "evimizin altındakı
mağazada kitabını gördüm, ancaq acıqla
almadım, dedim yəqin özün
bağışlayarsan" - dedi. Ani olaraq Ədəbiyyat
muzeyinin alt mərtəbəsindəki kitabxanada Rəsul müəllimlə
ilk tanışlığımı, o unudulmaz avtoqrafı
xatırladım. Özümü toplayıb "ürək
eləmədim, çəkindim" - dedim. Sonrakı illərdə
neçə-neçə müsahibəsini,
çıxışını lentə köçürmək
üçün razı salıb, vədəsini aldım.
Dostlaşdıq. Hazırladığım verilişlərin
vasitəsilə Cənubi Azərbaycanda, Türkiyədə
olan soydaşlarımız, Türk dünyası ustad sənətkarın
şeirlərini onun öz səsilə dinləmək
imkanı əldə etdi. İnsanlara çatdırdı ki,
bir günümüzü belə, bir anımızı belə
xırda, ucuz hisslərin qurumuyla qaraltmayaq. Rəsul Rzanı
sevənlər də var idi, kölgəsini
qılınclayanlar da. O, hücumlar qarşısında sal
qaya kimi dayanardı - mərd-mərdanə, yenilməz, məğrur!
Rəsul müəllim rəhmətlik Teymur Elçinlə, Ənvər
Əlibəyli ilə bərk dost idi. Ona görə də
tez-tez Radio Verilişləri və Televiziya Komitəsinə gələrdi.
Hər gələndə gənc bir istedadın
müşkül işini yoluna qoyub qayıdırdı. Rəhmətlik
İsa İsmayılzadə həmişə deyərdi: "Mən
Rəsul Rzanın çörəyini yeyirəm…" Türk
dünyasının böyük şairi Nazim Hikmətin Rəsul
Rzanın yaradıcılığından necə məftunluqla
söz açmasını heç vaxt unuda bilmərəm. Bu
iki söz ustası iki qardaş kimiydilər.
Neçə
illər sərasər balaca səsyazma otağında Rəsul
Rza şeirlərinin sehrinə düşmüşəm. Həmişə
bu barədə söz düşəndə deyərdi ki,
Nahid, hesabımla sən mənim ən etibarlı, həm də
dözümlü dinləyicimsən.
- Nahid müəllim, etibarlı dinləyici
olmaqla yanaşı, sizi həm də yaxşı oxucu kimi
tanıyırıq. Oxuduğunuz ilk bədii kitabı
xatırlayırsınızmı?
- Bu,
görkəmli sənətkarımız İlyas Əfəndiyevin
"Kənddən məktublar" kitabı olub. 1950-ci ildə,
mən altıncı sinifdə oxuyanda ədəbiyyatdan bizə
dərs deyən Xıdır müəllim vermişdi ki,
oxuyum. "Kənddən məktublar" məni necə sehirlədisə,
neçə gün onu əlimdən yerə qoya bilmədim,
oxudum, dönüb bir də oxudum. Uzun müddət
kitabdakı hekayələrin təsirindən ayrılmadım.
Beləcə, İlyas Əfəndiyevin ecazkar sənət
dünyasının qapısını açdım. Və
ömürlük o sehrdən çıxa bilmədim. Bu sehrin
marağı xoş bir gündə məni İlyas müəllimlə
şəxsən görüşdürdü,
dostlaşdıq. Arada soruşardım ki, ustad, dilinizin bu şeiriyyəti,
zənginliyi haradandır? Gözlərini azacıq
qıyıb "Hardan olacaq, - deyirdi, - ilk növbədə
anam Bilqeyis xanımdan, el-obadan, yəni xalqdan, sonra da mütaliədən…"
Xalq, el-oba
onun dini-imanı, Məkkəsi, Kəbəsi idi. Mən 1980-ci
ildə o böyük sənətkarın xeyir-duası ilə
Yazıçılar İttifaqına üzv qəbul olundum.
Bundan həmişə qürur, iftixar hissi duyuram. Hərdən
düşünürəm: "Məni İlyas Əfəndiyev
şəxsiyyətinə, çoxşaxəli
yaradıcılığına bağlayan nədir?"
Özlüyümdə yəqin etmişəm ki, bunun birinci səbəbi
onun səmimiyyəti, işıqlı bir sənətkar
olmasıdır. İlyas Əfəndiyevin səmimiyyəti -
böyük hərflərlə yazılan səmimiyyətdir.
Ustad sənətkarın iş otağındakı kitab rəflərindən
birindən Ernest Heminqueyin məşhur portreti baxırdı.
İlyas müəllim deyirdi: "Onu həyatda və sənətdə
mərdanəliyinə görə sevirəm". Bu keyfiyyət
onun özünün də xarakterinə xas idi. Tez-tez unudulmaz Əli
Vəliyevi, vaxtilə hekayəsini dinləyəndən sonra
"Əli müəllim, fikriniz necədir?" sualına
"Bizim evdə iki fikir ola bilməz, Qumru xanım demədi?
Bəsin deyil?" - deməsini xatırlayırdı. Deyərdi
ki, "Əziz, mehriban dost, bilirsən ki, biz Səməd
Vurğunla qardaş kimi olmuşuq". Deyirdim: "İlyas
müəllim, bunu tək mən yox, bütün Azərbaycan
bilir. "Şəhərdən gələn ovçu"
hekayəniz bu məhəbbətin nişanəsidir".
Ayrı-ayrı
görüşlərimiz zamanı 1938-ci ildə - məktəblilərin
qış tətilində Bakıya gəlişindən, mərhum
yazıçımız Əbülhəsən Ələkbərzadə
ilə tanışlığından söhbət
açardı: "Soruşdu ki, əzizim, əzizim, nə
istəyirsən? Dedim: - Hekayə yazmışam, istəyirəm
baxasınız…"
İlyas Əfəndiyev
xalqın ürəyindən qopan sənətkar idi. Onun
dramaturgiyası yarım əsrdən artıqdır ki, Azərbaycan
səhnəsində qüdrətlə səslənir, gur səslə
danışır. Böyük bir aktyor nəsli onun əsərləri
ilə sənət zirvəsinə ucalmışdır. Bir
sözünü heç unutmuram, deyərdi ki,
yazıçıya yazmaq qalacaq… Mən bu sözləri dəfələrlə
görkəmli yazıçımız Mirzə İbrahimovun
da dilindən eşitmişəm. Hələ ilk gənclik illərimdə
Mirzə İbrahimovun "Gələcək gün"
romanını dönə-dönə oxumuşdum. Aradan illər
keçəndən sonra bu əsəri rus və uyğur dillərində
də oxudum, müqaisələr apardım və dilimizin zənginliyinə,
Mirzə İbrahimov qələminin sehrinə, qüdrətinə
yenidən vuruldum. Mirzə müəllimin Səməd
Vurğuna olan hədsiz bağlılığı da şairin
büllur sənət dilinə olan münasibətdən irəli
gəlirdi. Həmişə Tanrısına minnətdarlıq
edirdi ki, onu Azərbaycanın belə nəhəng söz
ustası ilə görüşdürüb, onları
qardaş edib.
Böyük
ədib Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri
işlədiyi vaxt Azərbaycan dilinin dövlət dili kimi
işlənilməsi haqqında fərman
imzalamışdı. Sovetlər Birliyinin dünyaya meydan
oxuduğu, rus şovinizminin tüğyan etdiyi bir vaxtda bunun
necə böyük risk, hünər və qəhrəmanlıq
tələb etdiyini düşündükcə adam heyrətə
gəlir.
- Nahid müəllim, siz
danışdıqca gözlərim önünə xalq
yazıçısı Süleyman Rəhimovun bir fotoşəkli
gəlir. O şəkildə böyük sənətkar əlində
telefon dəstəyi harasa zəng edir. Bağladığı
qalstukun üstündəki Ay-ulduz şəkli elə bil qəsdən
qabağa, ön plana verilib. Bu, o dövr üçün Azərbaycan
ziyalısının milli kimliyi necə böyük ləyaqətlə
qabartmasının nəm-nişanı kimi adamda hədsiz
qürur hissi doğurur.
- Bə nədi?
O kişilər sinələrini qabağa verməsəydilər,
yazmasaydılar, millətdə millətlikmi, milli ruhmu
qalardı? Görkəmli yazıçı, yorulmaz tədqiqatçı
Mir Cəlal Paşayevin bir xatirəsi yadıma
düşür. Böyük dramaturqumuz Cavid əfəndidən
danışırdı. Deyirdi: "Cavid əfəndi bir dəfə
gözləmədiyim halda məndən soruşdu: - Komsomol, nə
yazırsan? Dedim: - Elmi iş, yəni dissertasiya. Soruşdu ki,
mövzun nədi? - Azərbaycan qadın yazarlarının
yaradıcılığı… Bir az fikrə getdi. Sonra
üzünü mənə tutub dedi: - Komsomol, heç
kağıza, mürəkkəbə heyfin gəlmir? Sənə
məsləhət görürəm ki, bu mövzunu burax
getsin. Üzünü Füzuliyə çevir. Füzulidən
yaz. Qoy sənin adın tarixdə Füzuli ilə bərabər
yaşasın… O kişiyə min-min rəhmət ki, mənə
ağıllı məsləhət verdi, yuxudan
ayıltdı".
Belə
xatırlayırdı, belə deyirdi Mir Cəlal. İzah edirdi
ki, kökə, türkçülük əxlaqına,
düşüncəsinə qayıdış Füzulidən
keçir. Cavid əfəndi də sözünün alt yapısında
bunu çatdırmaq istəyirmiş. Ümumiyyətlə,
bizim bütün qüdrətli sənətkarlarımızın
yaradıcılığının alt qatında bu mövzu
dayanıb, bu ideya təbliğ olunub. Götür Ənvər
Məmmədxanlını oxu, Osman Sarıvəllini,
Süleyman Rüstəmi, İsmayıl Şıxlını,
Bəxtiyar Vahabzadəni, Məmməd Arazı, Xəlil
Rzanı, Söhrab Tahiri, Balaş Azəroğlunu, Nəriman Həsənzadəni,
Sabir Rüstəmxanlını, Şahmar Əkbərzadəni
oxu. Mən hələ Əli bəy Hüseynzadəni, Əhməd
Cavadı, Müşfiqi, Almas İldırımı demirəm.
Bu böyük sənətkarları türkçülük,
azərbaycançılıq duyğusu, savaşı birləşdirir,
bir atanın övladlarına, mənəvi qardaşlara
çevirir.
- Nahid müəllim, qardaş dediniz,
yaxın dostunuz, gözəl yazıçımız Əlibala
Hacızadəni xatırladım. Çoxları sizi doğma
qardaş bilirdi. Mərc gəlib udduğum vaxt da olub ki, biri
Biləsuvardan, biri Gədəbəydəndi…
- Əsas
olanı mənəvi, ruhi qardaşlıqdı. Mən Əlibala
Hacızadə ilə ürək dostu, sənət dostu
olmuşam, qardaşdan yaxın olmuşuq. Kitablarımdan birinə
yazdığı ön sözdə yazmışdı:
"Oxucular elə biləcəklər ki, qardaş
qardaşı tərifləyir". Vaxtilə
özünün də dediyi kimi, bizi tələbəlik illəri
doğmalaşdırıb qardaş eləmişdi.
Ömür yolumuz, taleyimiz də bənzər idi - hər
ikimiz anasız böyümüşdük. Çox zərif,
həssas adam idi. Onun məşhur romanları vaxtilə
yüz əlli, iki yüz min tirajla nəşr olunur, göz
qırpımında oxucularını tapırdı. Əlbəttə,
ağız büzüb "kütləvilik, çox oxunmaq
heç də yüksək sənət meyarı deyil" -
deyənlər də vardı. Əlibalanın qibtəolunacaq
oxucu auditoriyası var idi. Dost olaraq biz onun uğurlarından
qürur hissi keçirirdik - mən, tanınmış
şairlər İlyas Tapdıq, Oqtay Rza
yazıçı-publisist Əlövsət Bəşirli…
Birgə günlərimiz çox olub.
İlyas
Tapdığın yaradıcılığını yüksək
qiymətləndirirdi. İlyas həqiqətən də
ustadlıq haqqı qazanan şairlərimizdəndi. O, Azərbaycan
uşaq ədəbiyyatının öncüllərindəndi.
Oqtay Rzanın da sözündən-söhbətindən olmaz…
Düz on beş il əvvəl mənə "Qızıl
yubileyin öndədir hələ" adlı gözəl bir
şeir həsr edib. Hərdən götürüb oxuyur,
dodaqaltı gülümsünürəm:
Çətin
suallıdır həyat dərs kimi,
Tərs
kimi intizar, qəm payın da var.
Yalçın
"Qalalarda qalan səs" kimi
Göylərə
ucalan harayın da var.
Bir yana baxanda Oqtay düz yazır. Çox
çətinliklərim olub. Yada salanda
adamın qəlbi sıxılır. Nə
yaxşı ki, ömür yolumda Nəsir İmanquliyev, Teymur Əliyev
kimi bənzərsiz insanların hədsiz qayğısı
oldu. Çox şeyi unutdurdu mənə.
Professor Qəzənfər Paşayevin 70
yaşına yazdığım bir məqaləni "Alimlik və
insanlıq istedadı" adlandırmışam. O məqalədə
mən Qəzənfər müəllimin maraq və fəaliyyət
dairəsini cızmağın, onu layiqincə qiymətləndirməyin
asan olmadığını xüsusilə önə çəkmişəm.
İndi ömür yolumda silinməz iz qoymuş
bütün xeyirxahlarımı məhz həmin fikir
ucalığından xatırlayır, yad edirəm.
Professor Əli Sultanlını, Cəfər Xəndanı, Həmid
Araslını, Muxtar Hüseynzadəni, Yusif Məmmədəliyevi
necə unutmaq olar? Onlar əsl alimlik və
insanlıq istedadının daşıyıcıları idilər.
Professor Teymur Əhmədovla söhbətlərimiz
zamanı tez-tez xatırlayırıq o böyük
insanları. Bir də uşaqlıq illərimdə
evimizin qabağından keçib rayon mərkəzinə gedən
bir yol vardı - o yolu unutmuram. O yolla qarlı qış
günü çinarboylu oğlanlar cərgəyə
düzülüb rayon mərkəzinə, oradan da cəbhəyə
gedirdilər. Yadımdadı, kəndin
atlarını da yığıb bir-bir qapanda çəkir,
sonra onları da "əsgər" aparırdılar. Povestlərimin birində bu səhnəni vermişəm.
Hərdən bacım oğlu Firuz Mustafa deyir ki,
mən o səhnəni oxuyanda hönkür-hönkür
ağlamışam, atların kişnərtisini eşitmişəm.
Kəndimizdə Hüseyn müəllim
vardı, Allah o kişiyə rəhmət eləsin. 1944-cü ildə kəndin o başından
qapı-qapı düşüb məktəb yaşı
çatan uşaqların adını yazırdı. Quzudan təzəcə gəlib doqqazın
ağzında dayanmışdım. Məni də
harayladı ki, a bala, sən də gəl! Qaçıb
uşaqlara qoşuldum. Analığım hikkəli-hikkəli
"Hara aparırsan onu, ay Hüseyn müəllim, - dedi, - bu
quzuya kim gedəcək?" Hüseyn
müəllim başını da döndərmədən
"məktəbə də gedər, quzuya da!" -
dedi. Elə də oldu. Sonrasını
da ta özün məndən yaxşı bilirsən.
Görürəm pitdə-pitdə oxuyubsan əsərlərimi
də, yazdığım xatirə-memuarlarımı,
haqqımda yazılanları da… Hüseyn Arif demişkən,
"Ömür deyir qocalmışam, ürək deyir yaşa
hələ…" Allahın verdiyi ömrü
xalqa, ədəbiyyatımıza şərəflə xidmət
boynumun borcudu. Bir xalq mahnısında deyildiyi kimi: "Bu
sevda ölüncədi".
Hazırda
"Yaddaşımda yaşayanlar" adlı irihəcmli əsər
üzərində işləyirəm. Buraya iyirminci əsrdən
üzü bəri ünsiyyətdə olduğum sənət
sənət dostlarımla bağlı ən unudulmaz xatirələrimi,
düşüncələrimi cəm etmişəm. Həyatı
nə bilmək olur... Baxıb görürəm
axırda yazılanlar qalır dünyada.
Söhbətləşdi: Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 8 iyul.-
S.4.