Azərbaycan mədəniyyəti örnəkdi

 

  Müsahibimiz köhnə bakılı, hazırda Amerikada yaşayıb-yaradan şair Nobert Yevdayevdir

 

- Bəri başdan deyim ki, istedadlı rəssam, gözəl şair-publisist, alim, Amerikada nəşr olunan "Novıy rubej" dərgisinin baş redaktoru, ən başlıcası, köhnə və sədaqətli bakılı kimi Azərbaycanda Nobert Yevdayev soyadı yaxşı tanınır. Burada sizin çoxlu dostlarınız var. Deyim ki, harada yaşamasından asılı olmayaraq, dağ yəhudilərinin Azərbaycana olan sonsuz marağı, sevgisi heç vaxt öləziməyib. Arada silinməz vəfa, əhd-peyman olub. İstərdim söhbətimizə elə bu dostluqdan, etibardan başlayaq. Təbii ki, hər sevginin, vəfanın qaynaqlandığı ilkinlik, qırılmaz bağlar var…

- Şübhəsiz ki, belədi. Hər şeydən əvvəl, Azərbaycan dağ yəhudilərinə isti qucaq açan ana kimi həmişə bizə əziz olub. Əsrlər boyu Oğuz, Qəbələ, Şirvan, Göyçay bölgələrində dağ yəhudiləri məskunlaşıb. Bu sırada Qubanın xüsusi yeri var. Burada azərbaycanlılarla dağ yəhudiləri uzun əsrlərdi ki, qaynayıb-qarışıb. Bir misal deyim, bu yaxınlarda Qubada dağ yəhudilərinin sıx məskunlaşdığı Qırmızı qəsəbədə bir yaxın adamın yas yerində iştirak edirdim. Fikir verdim ki, əvvəldən-axıra kimi həm azərbaycanlı, həm də yəhudi din xadimləri o yas mərasimini birgə yola verdilər, növbə ilə hər biri öz duasını, dini moizələrini etdilər. Bu, hər iki xalqın əsrlər boyu formalaşan, oturuşmuş milli-mənəvi dəyərlərindən, əxlaqından irəli gəlir. Bu iki xalq arasında bölünməyən heç nə yoxdu. Mətbəximizdən tutmuş geyimimizə qədər oxşar və ümumidi. Sadəcə olaraq dini inanclarımızın öz prinsipləri var. Hər iki xalqın düşüncəsində möhkəm yer salmış insanpərvərlik, xeyirxahlıq hissləri onları birləşdirir. Bax, məni Azərbaycana bağlayan, bu diyarın ruhunu mənə sevdirən məhz bu yüksək keyfiyyətlərə sahib olmasıdı.

- Yaxın günlərdə Dayandur Sevginin tərcüməsində sizin "Bakı ritmləri" adlı şeirlər kitabınızı oxuduqca heyrətlənməyə bilmirdim ki, uzun illər Bakıdan kənarda, Rusiya, Amerika həyatının cəlbedici qaynarlığı şəraitində yaşamağınıza baxmayaraq, siz ömrünüzün Azərbaycanla bağlı ən kiçik bir təfərrüatına belə biganə, sayğısız qala bilmirsiniz.

- Azərbaycanın xalq şairi Nəriman Həsənzadənin gözəl bir misrası var, yazır ki, “neyləyim, unutmur insan ürəyi…” Doğrudan da belədi. İnsan adlayıb, keçib getdikcə ötənlər onu daha cəlbedici bir ahənglə izləyir. Bakıya, Azərbaycana olan sevgi əslində mənim həyatımdı. 1956-cı ilə qədər Azərbaycanda yaşamışam, Bakı mühitində böyümüşəm. Oturub-durduğum dostlar-tanışlar azərbaycanlılar olublar. Azərbaycan mənim üçün ilk sevgi kimidi. Bu münasibət mənim yaradıcılığımda da öz əksini tapıb. Azərbaycan ədəbiyyatına çox borcluyam ki, mən azərbaycanlıların milli-mənəvi dəyərlərini məhz bu ədəbiyyatdan əxz etmişəm. Bu xalqın böyüklüyü onun ədəbiyyatında, mədəniyyətində bütün möhtəşəmliyi ilə əks olunub. Nizamini, Füzulini, Nəsimini, Səməd Vurğunu yetirən xalq əlbəttə ki, böyük ehtirama layiqdi. Azərbaycan ədəbiyyatı mənə çox, lap çox doğmadı və deyim ki, mən bir növ bu ədəbiyyatın içində, onun aurasında böyümüşəm. Azərbaycanın xalq şairi Səməd Vurğunla şəxsi tanışlığımı, dostluq əlaqələrimi, onun evinə hər gediş-gəlişimi ömrümün, taleyimin ən böyük bəxşeyişi kimi həmişə əziz tuturam. Cavanlıq illərində Abram Plavnin adlı bir şair dostum var idi. O, həm də Azərbaycan şairlərinin şeirlərini dilimizə çevirərdi. İndi taleyimə şükürlər edirəm ki, nə yaxşı Abram Plavninlə məni həyat yollarında görüşdürdü. Onun Azərbaycan ədəbiyyatına olan sevgisi məni öz çevrəsinə aldı. Bu günə qədər həmin təsiri öz üzərimdə hiss edirəm. Mənim Azərbaycan poeziyasına, onun böyük mədəniyyətinə, əsrarəngiz musiqisinə və təbiətinə olan məhəbbətim həm də Abramdan gəlir. Mən Azərbaycan musiqisini ana laylayı kimi əziz bilirəm. Pianoda bu bənzərsiz xəzinədən nümunələr çalmağı çox xoşlayıram. Çəkdiyim rəsm əsərlərimdə Azərbaycan musiqisinin, xüsusilə, sizin muğamlarınızın ruhunu verməyə çalışmışam. Bütövlükdə Azərbaycan mədəniyyəti mənim bütün fəaliyyətimi formalaşdırıb, əhatə edib. Yaradıcılığımın bütün uğurlu və işıqlı tərəfi Azərbaycan mədəniyyətindən gəlmədi. Azərbaycanın muğam sahəsini götürsək, bu, bir möcüzədi. Caz musiqisinin inkişafından bəhs etsək, bunun analoqu yoxdu. Bu yaxınlarda Beynəlxalq Eurovision müsabiqəsində Azərbaycanın birinci yerdə dayanması bu ənənədən gəlir, burada təsadüfi heçyoxdu. Ənənə üzərində inkişaf edən sənət sahəsi məhz bu cür beynəlxalq səviyyəli qələbəyə aparır. Bu qələbənin kökündə Azərbaycan insanının ruhu, varlığı dayanır.

- Bir az öncə söhbət əsnasında bizim Yazıçılar Birliyinin məsul işçisi Rauf müəllimlə haqqınızda danışarkən o, sizi Azərbaycan sevdalısı olan dəyərli bir şəxsiyyət kimi səciyyələndirdi. Yazıçı Ənvər Seyidovla bərabər ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor Mərkəzinin və Amerikada yaşayan Qafqaz yəhudilərinin mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən möhtəşəm tədbirlərə qatıldığı xoş anlardan, orada Azərbaycan mədəniyyəti, ədəbiyyatı haqqındakı əhatəli və məzmunlu çıxışınızdan ürəkdolusu danışdı, ədəbiyyatımızın dostu Raşbil Şamayevdən söz açdı. Deyək ki, siz bir növ öz söhbətinizin üstünə gəlib çıxdınız…

- O unudulmaz tədbir haqqında baş redaktoru olduğum dərgidə ətraflı məlumat, maraqlı fotolar dərc olunub. Təşkil olunan poeziya gecəsinin, rəsm sərgisinin, konsert proqramının xoş təəssüratları hələ də mənimlədi. Bu tədbir daha çox ABŞ, Azərbaycan, İsrail münasibətlərində mədəniyyətlərarası dialoqa aparan xalq diplomatiyasının mütləq vacibliyini önə çəkmək məqsədi güdürdü. Orada Azərbaycan nümayəndə heyətinin könülaçan iştirakı qəlbimizi dağa göndərdi. Raşbil Şamayevin Azərbaycan-yəhudi ədəbi əlaqələri haqqında söylədikləri hamımızın ürəyincə oldu. Tədbirdə Azərbaycanı təmsil edən nümayəndə heyəti, eyni zamanda Ənvər SeyidovRauf bəylə bir arada olmağımdan qürur duyurdum.

- Bilirik ki, Bakıya növbəti səfəriniz Dünya Azərbaycanlılarının III Qurultayı çərçivəsində gerçəkləşib. Gəlişiniz zamanı Bakını necə gördünüz? Baş şəhərimizin tanış və yeni siması sizdə hansı təəssüratları oyatdı?

- Bakı bütün dönəmlərdə mənim üçün gözəl və maraqlı şəhər olub. Hələ vaxtilə şəhərin baş memarı olmuş Əliş Ləmbəranskinin layihəsilə Bakıda gedən tikinti işlərini yaxşı xatırlayıram. O zaman biz burada inşa olunan, şəhərin simasını gözəlləşdirən ən adi tikiliyə belə sevinərdik. İndi isə tamam fərqli, möhtəşəm işlər görülüb. Heyran qalmamaq olmur. Ümumiyyətlə, Bakının xarakterində belə bir cəhət var ki, mədəniyyətə aid hər hansı yeniliyi, gözəl şeyləri özünə tez adaptə edir, dinamik inkişafı sevir. Bakının bugünkü inkişafı ilə ancaq fərəhlənmək olar. Bütövlükdə, Azərbaycan mədəniyyətini, burada gedən inkişafı ancaq öyrənmək lazımdı - bu, bir örnəkdi. Bu mədəniyyət əsasən müsəlman ölkələrinə nümunə, örnək olmalıdı.

- Dağ yəhudilərinin Qarabağ həqiqətlərinin dünyaya bəyan edilməsində həmişə öbyektiv, gerçək münasibət sərgiləməsi xalqımız tərəfindən ehtiramla qəbul olunur. Hesab edirəm ki, bu münasibət həm də tarixə obyektiv xidmət düşüncəsindən irəli gəlir…

- Bu, maraqlı bir məsələdi. Adətən Qarabağ məsələsində erməni tərəfi dağ yəhudilərini qınayırlar ki, guya biz bu münaqişədə Azərbaycanı müdafiə edirik. Onlar bunu deyirbizi obyektiv olmamaqda günahlandırırlar. Əslində isə biz tarixi həqiqəti dəstəkləyirik. Məhz bu həqiqətin işığında dağ yəhudiləri Qarabağ döyüşlərində azərbaycanlılarla çiyin-çiyinə mübarizə aparıb, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş soydaşımız var, neçə-neçə şəhid vermişik. Ona görə ki, azərbaycanlıların haqq işi uğrunda mübarizə apardığını dəqiq bilirik. Vaxtilə Rusiyanın Van və Ərzurumdakı baş konsulu Mayevskinin xatirələrindən bir məqamı xatırlayıram: "Balkan yarımadasından bir çox xalq qəhrəmanı bizə məlumdur. Lakin erməni xalq qəhrəmanları haqqında nə bilirik? Hanı onların azadlıq mübarizlərinin adları? Onlar yoxdur! Niyə? Ona görə ki, bu mübarizlər hər şeydən əvvəl öz xalqının xilaskarları deyil, məhz cəlladları rolunu oynamışlar. Erməni quldur dəstələri həmişə sadəcə olaraq qarmaqarışıqlıq törədir, qırğın salır, sonra isə ustalıqla aradan çıxır, gizlənirlər". Hətta ermənilərin öz tarixçisi İsaxanyan "Qafqaz tarixi" kitabında yazır: "Qarabağın dağlıq hissəsində yaşayan ermənilər Türkiyə və İrandan gəlmiş qaçqınlardır. Azərbaycan torpağı onlar üçün təqib və təhdidlərdən sığınacaq yeri olmuşdur". Bu, bütün zamanlar üçün belə olub. Tarixi həqiqəti ört-basdır etmək olmaz

 

 

Söhbətləşdi: S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 8 iyul.- S.3.