Ədəbiyyatşünaslığımız müasir humanitar təfəkkür işığında

       

 Postsovet məkanında davam edən siyasi-iqtisadi, sosial-mədəni proseslər humanitar təfəkkürün inkişafına böyük təsir göstərərək yeni aksial yanaşmalar, dəyərləndirmələrin formalaşma proseslərinə təkan vermişdir. Bu proses keçmiş tarixi təcrübənin yenidən dəyərləndirilməsi və hazırkı durumun yeni yanaşmalar mövqeyindən araşdırılmasında özünü göstərməkdədir.

Ədəbiyyatşünaslıq elminə gəldikdə söhbət klassik irs, sovet dövrü ədəbi təcrübəsindən, müasir ədəbi gedişatdan gedir.

Humanitar elmi fikrin qollarından biri kimi Azərbaycan ədəbiyyatşünaslığının da "mürəkkəb nəzəri-metodoloji problemləri ortaya çıxdı, ...klassik və müasir ədəbi fikrin tədqiqindəki uğurları və hakim siyasi təsisatlara əsaslanan qəliblərdən irəli gələn tarixilik prinsipi əsasında öyrənilməsi əvəzinə populist çağırış və mülahizələr ortaya çıxdı... Digər tərəfdən, dünya ədəbiyyatşünaslığındakı nəzəri konsepsiyalarda da tənəzzül və böhran yaşanırdı. Bu mənada son əsrdə dünya ədəbiyyatşünaslığını vahid kontekstdə öyrənmək, bu prinsipləri müəyyənləşdirmək zərurəti meydana çıxdı". Gətirdiyimiz mülahizələr ədəbiyyatşünas alim Şirindil Alışanlının bu günlərdə "Elm" nəşriyyatında işıq üzü görmüş "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" monoqrafiyasının "Ön söz"ündən götürülmüşdür və müəyyən mənada müəllifin qarşısına qoyduğu məqsədlə əlaqəlidir. Əlbəttə, qeyd olunan mətləblərə bir və hətta bir neçə monoqrafiyada tam çatmaq qeyri-mümkündür. Müəllif özü də bunu çox gözəl anlayır. Və bu səbəbdən məqsədini "XX əsr Azərbaycan, eləcə də sovet dönəmi ədəbiyyat elminin nəzəri-metodoloji cəhətdən inkişaf yolu tarixi ədəbi-elmi prosesin fonunda" izlənməsi ilə müəyyənləşdirir.

Qeyd olunan problemlərin tədqiqində konseptual aksial yanaşmalar iki meyara əsaslanır: ədəbi-nəzəri fikri humanitar elmlərin kontekstindən təcrid şəkildə araşdırmağın qeyri-mümkünlüyü və tarixilik prinsipinə riayət edilməsi. Söhbət ədəbiyyatşünaslıq tarixinin təsvirindən getmir. Müəllif daha produktiv üsul seçmişdir: hər bir dövr üçün aktual olan və eyni zamanda hər bir milli ədəbiyyatşünaslığın səviyyəsini göstərən köklü məsələlərin araşdırılma vəziyyətini aşkarlamaq. Düzdür, tədqiqatçı bunları Azərbaycan ədəbiyyatşünaslığının təcrübəsi əsasında izləyir. Amma yeri gəldikcə rus və dünya ədəbi fikrinin təcrübəsinə də kontekstual planda müraciətlər edir. Budur bu problemlər: klassik irsin dəyərləndirilməsi məsələləri, ədəbi fikrin ("ədəbi-tarixi prosesin, yaxud ədəbiyyat tarixinin" daha dürüst olardı - S.O.) dövrləşdirilməsi problemləri, bədii metod konsepsiyasının təşəkkülü və inkişaf mərhələləri, poetika məsələləri.

Göründüyü kimi, seçilən problemlərin hərəsi ayrı-ayrılıqda bir (və bəlkə də bir neçə) monoqrafik tədqiqatın predmetini təşkil edir. Digər tərəfdən, bunların arasında sədd qoymaq çətindir: məsələn, klassik irsin dəyərləndirilməsində, sözsüz ki, metod, dövrləşdirmə, poetika məsələlərinə toxunmamaq qeyri-mümkündür. Eyni zamanda, məhz bu seçilmiş problemlərin sistemli tədqiqi ədəbiyyatşünaslığın tarixi təcrübəsini vahid nəzəri kontekstdə və əsas koordinatlar müstəvisində dəyərləndirməyə imkan verir. Başqa sözlə, tədqiqatda eklektik amil yox dərəcəsindədir.

Monoqrafiyanın səciyyəsi qovuşuq şəkildə aparılan iki istiqamətlə, müstəvi ilə müəyyənləşir: ədəbi-tarixi və nəzəri planların vəhdəti. Bu yerdə Çernışevskinin məşhur tezisi yada düşür: "Predmetin tarixi olmadan onun nəzəriyyəsi ola bilməz və tərsinə".

Ş.Alışanlının tədqiqatının özü orijinal bir ədəbiyyatşünaslıq təcrübəsidir. Bu tədqiqatda ədəbiyyatşünaslığın hər üç məlum sahəsi sistemli şəkildə reallaşdırılır: ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid. Yəni müəllif tədqiq etdiyi materiala müvafiq olaraq həm ədəbiyyat tarixçisi, həm nəzəriyyəçi, həm tənqidçi kimi yanaşa bilir. Və bununla da tədqiqatın özünəməxsus sinkretik üslubu müəyyənləşir: elmi-analitik, tənqidi-publisistik, qismən də essevari.

Monoqrafiyanın əsas obyekti - milli ədəbiyyatşünaslığımızın tarixi təcrübəsidir (M.F.Axundzadədən tutmuş müasir tədqiqatçılara kimi - 2 əsr). İşdə onlarla ədəbiyyatşünas, ədəbiyyat nümunələri, onların müəlliflərinin adlarına rast gəlinir. Amma söhbət ədəbi-tarixi prosesin təsvirindən getmir: araşdırılan materiallar yalnız seçilən problemə müvafiq sistemləşdirilir, dəyərləndirilir. Və bu dəyərləndirmələrdə əsas yanaşma meyarı - obyektiv tarixilikdir. Yəni, müəllif hər bir ədəbiyyatşünaslıq faktına siyasi-ideoloji konyukturadan (nisbətən) azad şəkildə qiymət verməyə çalışır. Həmin mövqe həm sovet dövrü ədəbi-tarixi prosesinə, həm postsovet ədəbi gerçəkliyimizin produktivifrat meyllərinə şamil edilir. Müəllifin təklif etdiyi aksial paradiqmanın əsas yönü pozitiv ortaq məxrəclə (həm sovet qəliblərdən, həm kapitalizmin meyarlarından azad) bağlıdır.

Tədqiqatçının əsas məqsədi mövcud təcrübəyə və onu təmsil edən simalara mümkün qədər obyektiv tarixi qiymət (yəni öz dövrünün iqlimi kontekstində) verməkdir. Daha dəqiq desək, burada söhbət tarixi relyativlikdən, yəni nisbilikdən gedir. Bəli, əsas və ən düzgün meyar - hər bir imperativlikdən uzaq olan tarixi nisbilikdir.

Monoqrafiyada kifayət qədər geniş metodoloji kontekst nəzərə çarpır ki, bu onun adında da əks olunmuşdur: "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı". Problemin bu cür qoyuluşu, bir tərəfdən, müəllifə materialla "davranmaqda" geniş sərbəstlik verir, digər tərəfdən isə, üzərinə kifayət qədər böyük məsuliyyət qoyur. Həqiqətən, yuxarıda qeyd olunan əsaslı problemlərin dəyərləndirilməsi yalnız ədəbiyyatşünaslığın çərçivələri ilə məhdudlaşmır: müəllif haqlı olaraq araşdırmanın dairəsini imkan daxilində, yeri gəldikcə, genişləndirərək, fəlsəfi, tarixi, estetik, kulturoloji, siyasətşünaslıq kontekstlərə müraciət edir. Məsələn, 6 cildlik "Estetik fikir tarixi", çoxcildli "Ümumdünya ədəbiyyatı tarixi", "Azərbaycan fəlsəfi tarixi", Y.Şpenqlerin ("Avropanın süqutu"), Xose Orteqa-Qassetin ("Estetika, fəlsəfə, mədəniyyət"), Fernan Brodelin ("Sivilizasiyaların qrammatikası"), A.Tojnbinin ("Sivilizasiya tarixin məhkəməsi qarşısında"), Y.Lotmanın ("Semiosfera"), A.Losevin, Y.Borevin, A.Knışın, N.Konradın, Semih Gümüşün əsərlərinə və digər yüzlərlə mənbəyə müqayisəli planda müraciət olunur. Ümumiyyətlə, tədqiqatın biblioqrafik aparatı xüsusi qeyd olunmalıdır. Söhbət yalnız kəmiyyət amilindən getmir: bir neçə yüz vahidlə ölçülən mənbələr sadəcə sadalanmır - demək olar ki, hər biri mətndə, yaxud ətəkdə öz ünvanlı yerini tapmaqdadır. Və əlbəttə ki, bu cür miqyaslı materialla tanışlıq müəllifə daha tutarlı qənaətlərə gəlməyə geniş imkanlar verir.

Məsələn, klassik irsin dəyərləndirilməsində yeni metodoloji prinsiplərin formalaşdırılması üçün "mənəvi sərvətlərə tarixən mövcud olan müxtəlif baxış bucaqlarını dövriyyəyə gətirmək" təklif olunur. bu kontekstdə müstəsna əhəmiyyət kəsb edən Azərbaycan mühacirət təcrübəsini "ayrı-ayrı əsərlərə münasibət məqamında yox, sistemli elmi təhlil və dəyərləndirmə istiqamətində öyrənməyin" səmərəsi ilə bağlı tezis irəli sürülür. Əslində mühacirət irsi sovet dövründən sonra xalqın tarixində labüdlüyü sanki proqnozlaşdırılmış yeni epoxaya o dövrün siyasi-ictimai, ədəbi-mədəni mənzərəsini bir çox hallarda daha dürüst şərh etmək üçün daha adekvat və dəyərli material verir. Lakin bu yerdə də Ş.Alışanlı seçdiyi əsas prinsipə ("tarixi tarazlılıq") sadiq qalır: "Mühacirət ədəbiyyatşünaslığı ədəbi materialın şərhində konkret elmi problem və sistemə malik olmasa da, fərqli nöqteyi-nəzər kimi metodoloji tutum kəsb edir". Müəllif haqlı olaraq qeyd edir ki, bu irs XX əsrin siyasi tarixini, ədəbi-mədəni mənzərəsini aşkarlamaqda müstəsna ümummetodoloji tutuma malikdir. Bundan əlavə, çağdaş siyasi, mənəvi institutlarımızın başlanğıcını mühacirlərimizin yaratdıqları siyasi-mənəvi institutlarla bağlayan müəllif emiqrantologiya elm sahəsinin Azərbaycanda təşəkkül tapmasının zəruriliyini əsaslandırır (yeri gəlmişkən, qeyd edək ki, bu il ərzində Ş.Alışanlı bu sahədə çalışmaları ilə seçilən N.Cabbarlı ilə birlikdə Türkiyə və Almaniyada ezamiyyətdə olmuş və mühacirət irsimizdən qiymətli materiallar gətirmişlər. Məqsəd "Mühacirət kitabxanası" adlı yeni proyekti reallaşdırmaqdır).

Klassik irsin resepsiyası problemi müstəvisində "dini filologiya", "dini təfəkkürün ədəbiyyatşünaslıqda yeri", "dini-fəlsəfi qaynaqların nəşri və tədqiqi məsələləri, klassik ədəbiyyatda sufizmin mövqeyi ilə bağlı məsələlərin mürəkkəb, mübahisəli "ədəbiyyatşünaslıq durumu" işıqlandırılır və bu haqda perspektivli metodoloji yanaşmalar əsaslandırılır. O cümlədən çox önəmli görünən tezislər klassik irsin dəyərləndirilməsində onun bədii-estetik tərəqqiyə xidməti amilinin meyar kimi götürülməsi fikrinə əsaslanır.

Ədəbi fikrin dövrləşdirilməsi probleminə gəldikdə qeyd etmək lazımdır ki, monoqrafiyanın müəllifi bir fəsildə, demək olar ki, bu problemə aid Qərbdə və Şərqdə məlum olan əsas nəzəriyyələrə qiymət verir və belə bir doğru qənaətə gəlir ki, dövrləşdirmə problemi humanitar fikrin əksər sahələrinə aiddirbu sahədə müştərək əlaqələndirilmiş tədqiqatlar yox dərəcəsindədir.

Bu məsələ ilə bağlı monoqrafiyada Həmid Araslının, Feyzulla Qasımzadənin, Mir Cəlalın və b. alimlərin "ədəbiyyatı tarixi" konsepsiyaları o dövr üçün meyar rolunu oynayan formasiyalar nəzəriyyəsi kontekstində dəyərləndirilir və həmin nəzəriyyənin sərhədlərinə sığmayan məqamlar vurğulanır. Bu sahədəki milli ədəbiyyatşünaslıq təcrübəsi paralel olaraq daha geniş fonda, məsələn, "Ümumdünya ədəbiyyatı tarixi" kontekstində də nəzərdən keçirilirbu tədqiqatın əsasında olan N.Konradın ictimai formasiyalarsivilizasiyalar nəzəriyyələrinə həsr olunmuş, məqaləsinin pozitiv məqamları və əyintiləri göstərilir.

Monoqrafiyada O.Şrenqler, A.Toynbi, M.Veber, İ.Hikmət, F.Köprülü, R.Yusifov, M.Baxtin, Y.Lotman, Y.Borev, Y.Akpinarb. məşhur alimlərin ədəbi-tarixi proseslə bağlı konsepsiyaları informativ planda təqdim olunmaqla onlara müəyyən münasibət bildirilir. bu kontekstdə qədim dövr, orta əsr, XIX əsr, XX əsr ədəbiyyatının bir çox mübahisəli məsələləri haqda mülahizələr yürüdülür (məsələn, Azərbaycan ədəbi-mədəni düşüncəsi qədim türk sivilizasiyaları kontekstində, yaxud ortaq türk ədəbi konteksti, Azərbaycan renessansı və s.). Dövrləşdirmə problemi ilə bağlı xüsusi diqqət XX əsr Azərbaycan ədəbiyyatına yönəlmişdir. Müxtəlif səciyyəli dövrləşdirmələri (əsas stereotip: XX əsrin əvvəlləri, sovet dövrü, müstəqillik dövrü) nəzərdən keçirən müəllif konkret ədəbi fakt, hadisə və təcrübələrə istinad edərək XX əsr ədəbiyyatını vahid tam kimi öyrənməyi məqsədəuyğun sayır. Bunun da elmi adekvatlığını müəyyənləşdirmək üçün, sözsüz ki, müəyyən tarixi məsafə gərəkdir.

Qeyd olunduğu kimi, tədqiqatda bir çox ədəbiyyatşünasların mülahizələri, mövqelərinə müraciət olunur və bəzilərinin adları daha çox "hallanır" ki, bunlar hətta bir növ qeyri-ixtiyari ədəbi portretlər təəssüratı yaradır - alimlik mövqeyi baxımından (A.Rüstəmova, B.Nəbiyev, Elçin, Y.Qarayev, Ə.Mirəhmədov və b.). Sözü gedən fəslin kontekstində belə (daha doğrusu - tam yeni) bir təəssürat S.Vurğunun (və qismən H.Hüseynovun) nəzəri baxışları ilə bağlıdır ki, bu şəxsiyyətə məxsusi diqqət yetirilir. Monoqrafiyada qeyd olunur ki, S.Vurğunun estetik görüşlərində o dövr üçün səciyyəvi olmayan fərdi baxış çox güclü idio, humanitar elmlərin dövrləşdirilməsində sənətin öz qanunlarından çıxış etməyə önəm verirdi. Məsələn, şairin 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin III cildinin dövrləşdirilməsi ilə bağlı ümumi tarixin dövrləşdirilməsindən mexaniki olaraq bədii ədəbiyyat tarixinə köçürülməsindən çəkindirməyə çalışması, ədəbi prosesin daxili qanunauyğunluqlarından ümumiləşdirilməsinə dair tövsiyələri xüsusi vurğulanır. S.Vurğunnun bir sıra məqalələrini qeyri-stereotip tərzdə təhlil edən monoqrafiya müəllifi belə bir əsaslandırılmış qənaətə gəlir ki, "S.Vurğunun ədəbi fikrin tarixi dövrləşdirilməsi, tarixi mövzuonun işlənməsi, tarixilikmüasirlik haqqında mülahizələrinin müasir elmi mənası bu gün də aktualdır".

S.Vurğunun nəzəri mülahizələrinin poetik-intuitiv məntiqini açıqlayan müəllif eyni təəssübkeşliklə tarixin özünəməxsus yaddaş məntiqinin bir növ qurbanı olmuş H.Hüseynov irsinə verilən bəzi təkziblərə qısaca toxunurqeyd edir ki, onun dissertasiyası XIX əsri Azərbaycan ədəbi-nəzəri və ictimai-siyasi fikir tarixində yeni dövr kimi müəyyən edən şərtləri ortaya qoyur. Onun böyük xidməti milli klassik irsi dövriyyəyə gətirməklə tarixi milli yaddaşı yaşatmaq əzmi idi.

Ədəbiyyat tarixinin dövrləşdirilməsi problemi, sözsüz ki, dünya ədəbi-tarixi prosesin qanunauyğunluqları kontekstindən kənar həll oluna bilməz. Və bu haqda kitabda kifayət qədər maraqlı faktlara müraciət edilir. Lakin bu problemin yalnız bədii fikrin təkamülü ilə bağlanması qeyri-produktiv görünə bilər: bədii ədəbiyyatın tarixinin ictimai şüurun bir sahəsi kimi ictimai-siyasi gedişatdan tam təcrid şəkildə reallaşması mümkünsüz görünür.

Monoqrafiya müəlifi mübahisəli məsələlərdən olan bədii metod problemi ilə bağlı mülahizələrini "metod konsepsiyasının" təkamülü - mərhələlər üzrə izləməkdə ən sadə və münasib üsul seçmişdir: M.F.Axundzadənin estetikasında metod problemi, XX əsrin əvvəlləri milli nəzəri fikrində metod problemi, 30-50-ci illər, 1960-80-ci illər, sovet sivilizasiyası (bəlkə də, formasiya termini daha münasib olardı), müasir nəzəri fikrin bu sahədə axtarışları. Bu mərhələlərin işıqlandırılmasında olduqca zəngin materialı kifayət qədər sərbəst və eyni zamanda korrekt təhlilə cəlb edən və klassik irs, romantizmrealizmin tipologiyası məsələlərinə xüsusi diqqət yetirən müəllifin yenə də Səməd Vurğunun nəzəri irsinə geniş yer verməsi diqqəti çəkir: "M.F.Axundzadədən sonra Azərbaycan hüdudlarından ümumittifaq elmi dövriyyəsinə məhz Səməd Vurğunun nəzəri irsi daxil olmuşdur". Və bu irsin sanki yeni oxunuşu təqdim olunur. Şairin ayrı-ayrı məqalələri, çıxışlarının təhlili əsasında kifayət qədər sistemli metod konsepsiyası "qurulur". Müəllifin əsas qənaətlərindən: "S.Vurğun "Azərbaycan ədəbiyyatında yeni ədəbi metodun formalaşmasını milli ədəbi ənənələrdən, milli bədii təcrübədən təcriddə götürmürdü", "S.Vurğun ədəbi-nəzəri irsi təsdiq edir ki, o, yaradıcılıq metodlarının bir-birini əvəz etməsinin qanunauyğunluqlarını, bu məqamda konkret milli ədəbiyyatla digər ədəbiyyatların qarşılıqlı əlaqələrinin rolu barədə müasir elmi prinsiplərlə səslənən mövqedə durmuşdur", "O, yeni yaradıcılıq metodunun yaranması üçün ictimai amillərlə yanaşı, yeni qəhrəman, yeni ümumiləşdirmə formaları, xarakterik zaman və məkan tiplərinin də rolunu qeyd edir, romantizm, realizmsosialist realizminin ifadə üsulundan fərqləri göstərirdi" və s. Maraqlısı odur ki, şairin metodla bağlı mülahizələrini, nəzəri müddəalarını aşkarlayan monoqrafiya müəllifi onları paralel olaraq onun öz bədii təcrübəsində "sınayır" və beləliklə də bu müddəaların şairin poetik aləmindən qidalandığını, təbiiliyini göstərir. Bədii metod probleminin tədqiqat təcrübəsi əsasında aparılan müşahidələri müəllif bir sıra metodoloji səciyyəli müddəalarla ümumiləşdirir. Söhbət dünya ədəbiyyatının vahid təcrübəsi kontekstində yaranmış yekdil bədii metod konsepsiyasının olmamasından, müasir estetik təlimlərlə konkret regionların bədii təcrübəsinin arasındakı uyğunluğunun araşdırılmasının labüdlüyündən, yeni yaradıcılıq metodla bağlı mübahisələrdə onun ayrı-ayrı ədəbiyyatlarda milli qaynaqları, təşəkkül və inkişaf xüsusiyyətləri, tipoloji cəhətlərinin nəzərə alınmasından, sosialist realizmi estetikasının milli ədəbiyyatların özümlü ənənələri əsasında öyrənilməsi ilə bağlı produktiv meyldən gedir.

Şübhəsiz, poetika ilə bağlı problemlərin "ədəbiyyatşünaslıq durumu" da çətin, mürəkkəb və nisbətən "gənc" mövzulardandır. Tədqiqatda bu sahənin əsasən tarixi poetika istiqamətində inkişaf etdiyi göstərilir. Söhbət əsasən ədəbi-tarixi prosesi poetik kateqoriyaların təkamülü fonunda öyrənməkdən gedir. "Çünki tarixi poetika səpkisində araşdırmalar millidünya ədəbiyyatı anlamının immanent qanunauyğunluqlarını ortaya qoymaqda bədii əsəri mövcud təhlil üsullarının (semantik, struktural, bütöv-sistemli və s.) imkanlarından istifadə etməyə yol açır". Bu problemin tarixini 1920-30-cu illərdən izləyən müəllif həmin sahənin təşəkkülündə Ə.Abidin, H.Zeynallının, Ə.Nazimin, M.Ələkbərlinin xidmətlərini vurğulayır və ayrıca bir mərhələ kimi dəyərləndirir və yaranmaqda olan "sosioloji kateqoriyaların" kontekstində bu şəxsiyyətlərin heca vəzni, ortaq türk ədəbi qaynaqları, Azərbaycan nəsrinin qaynaqları, tuyuq janrı, bayatı-mani janrı, folklorun poetikası ilə bağlı tədqiqatlarının dəyərini xüsusi qeyd edir. Və yenə də məxsusi diqqət S.Vurğunun poetik duyumuna yönəldilir. Şairin bədii metod, onun strukturu, üslub haqqında, klassik realist ədəbiyyatın tipikləşdirmə və romantik poeziyanın ideallaşdırma, romantik ümumiləşdirmə ənənələrinin sosialist realizminin bədii sistemində yeris. ilə bağlı mülahizələrinin dəyəri onun öz poetik təcrübəsində və ədəbi-tarixi prosesin müxtəlif fakt və hadisələrinə aidiyyətdə açıqlanır.

Ümumiyyətlə, qeyd etmək gərəkdir ki, monoqrafiyada zaman və məkan etibarilə çox zəngin material konseptual müstəvidə, xüsusi təhlil mədəniyyəti müstəvisində nəzərdən keçirilir.

Monoqrafiyada çox ciddi, mürəkkəb, bir çox hallarda nöqtəsi hələ qoyula bilməyən məsələlərdən açıq, sərbəst, peşəkar elmi söhbət aparılır, perspektiv tədqiqatlar üçün mövzular müəyyənləşdirilir. Və təbii ki, belə hallarda mübahisəli məqamlar da yox deyildir, subyektiv mövqelər görünməkdədir. Məsələn, poetikaya aid fəsildə sırf problemlə bağlı bir sıra monoqrfiyaların (“Füzulinin poetikası, Azərbaycan faciəsinin poetikası, Azərbaycan komediyasının poetikası” və s.) kənarda qalması, normativtarixi poetikalarnın sərhədlərinin ayrılmaması, poetoloji tədqiqatın kateqorial aparatının sistemləşdirilməməsis. bəzi suallar doğurur.

Amma suallarsız elm ola bilməz, əsl tədqiqatın dəyəri çətin məsələləri qaldırmaq, özündən əvvəlki təcrübəyə adekvatkorrekt şəkildə dəyər vermək, onlarla bağlı cəsarətli mülahizə yürütmək, gələcək tədqiqatçılar üçün istiqamətlər açmaq, ədəbi-tarixi prosesin proqnozunu vermək bacarığı ilə ölçülür.

Qətiyyətlə demək olar ki, Ş.Alışanlı bir monoqarfiyada Azərbaycan ədəbiyyatşünaslığının elmi baxımdan kifayət qədər obyektiv tariximüasir mənzərəsini milli prioritetlər və dünya aksial dəyərlər kontekstində verə bilmişdir.

Müasir humanitar təfəkkür işığında

 

 

Sara OSMANLI

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.- S.3-6.