Türk
dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da
Türk dünyası...
(Əvvəli 23-24-cü
saylarımızda)
Yunus Oğuz isə
"Türkün gizli tarixi" ilə
çıxdığı yola əmin addımlarla davam edir. O
yolu tarixləşdirərək, romanlaşdıraraq…
"Attila" kimi, "Nadir şah" kimi, "Təhmasib
şah" kimi… Sizə bilgi verim, həm "Nadir
şah", həm "Təhmasib şah", həm də
"Attila" Türkiyə türkcəsinə, ingiliscəyə,
habelə bir sıra başqa dillərə çevrilərək
İstanbul, London kimi dünya mədəniyyətində
önəmli yer tutan şəhərlərdə nəşr
olunub ("Nadir şah" və "Təhmasib şah"
Azərbaycanın Təhsil Nazirliyi tərəfindən sinifdənxaric
oxu vəsaiti kimi tövsiyə olunan nəşrlər
siyahısındadır). Yunus bəyin daha bugünlərdə
işıq üzü görən romanı da, gözlənildiyi
kimi Türk dünyası ünvanlıdır: "Əmir
Teymur - Zirvəyə doğru"…
Bu
yerdə Fəthi
Gədiklini dinləyək: "…Ümidsiz olmamaq gərəkir,
hər kəs əlindən gələni etməlidir
az-çox, kiçik-böyük demədən… Sonra bunlar
birikə-birikə çox olar, böyük olar. İnamlı
olaraq yolumuza davam etməliyik!"
Südabə
Sərvinin tərtib etdiyi "Mən Manas oğluyam"
kitabı da bu sıralamada qeyd olunmalıdır.
Elxan
Zalın təbirincə, "Türk dünyasının ən
böyük detektiv ustası" xalq yazıçısı
Çingiz Abdullayevin detektiv əsərlərinin Türkiyədə,
eləcə də bir çox digər türk dövlət və
topluluqlarında özünəözgü oxucu kontingenti
toplaması faktını son illər ardıcıl olaraq
türk xalqlarının dillərinə çevrilməsini də
unutmamalıyıq.
Fazil
Hüsnü Dağlarcanın Tofiq Məlikli tərəfindən
dilimizə uyğunlaşdırılmış kitabı da,
Nazim Hikmətin "Günəşi içənlərin
türküsü" kitabının Bakıda nəşri də
hesabat dövrümüzün payına düşür.
***
Teleməkanda
TRT Avaz, eləcə də Avazın İTV ilə,
qırğız və türkmən TV-ləri ilə ortaq
yayınları, AzTV-nin "Turan" proqramı (özəlliklə,
Zərnişan Azayevanın çalışmaları) fərqləndirilə
bilər. Anar müəllimin AzTV-də "Min beş yüz
ilin Oğuz şeiri"
üzərinə apardığı verilişləri, həmsöhbətləri
ilə yaratdığı bilgi axışını
sayğıduyarlıqla vurğulamalıyıq.
Ümumiyyətcə,
istər bu məruzənin hazırlanmasında əsas
qaynaqlardan biri olmuş "Min beş yüz ilin Oğuz şeiri" ikicildliyi, istər
"Otel otağı", istərsə də "Muhakkak
görüşürüz"ü ilə, habelə mətbu
çıxışları, məqalələri ilə ustad
yazıçımız Anar Türk dünyası ədəbiyyatına
xidmətin, türksoylu ölkələr arasındakı
ilişkilərin ədəbi inikasının özgü
örnəklərini yaratmışdır. Bunun Anar müəllimin
son illər qardaş Türkiyənin ayrı-ayrı şəhərlərinə
dəvət edilməsi, onunla görüşlərin təşkili,
ona ödüllərin verilməsi də bir daha təsdiq edir.
…Ödül demişkən, "Mən Qarabağın bir kəndini
"Nobel"dən üstün tuturam" deyən də Anar
müəllimdi… Və nə xoş ki, bu fikrin müəllifi
olan böyük ədəbiyyat xadimi məhz 2011-ci ildə
ard-arda iki önəmli milli ödülə layiq
görüldü: "Qızıl kəlmə" və
ardınca respublikamızın ən böyük
ödülü olan, Heydər Əliyevin adını
daşıyan ödül.
Yenədəlik
olmasın, "Min beş yüz ilin Oğuz şeiri" yenə ən çox
üz tutduğumuz qaynaqlardan biri, bir çox hallarda
birincisidir. Az qala bir araşdırma mərkəzinin, bir
institutun işini görən ustad yazıçımız hələ
neçə illər üz tutacağımız ədəbi
qaynaq yaratmışdır.
Anarın
"Ağ qoç, qara qoç"unun hesabat dövrü ərzində
bir neçə dəfə nəşri, bu əsər üzərinə
yazılmış "Ağ saç, qara saç" (Əsəd
Cahangir) kitabı heç şübhəsiz,
türkçü düşüncənin hadisəsi, Türk
dünyası ədəbiyyatının faktıdır.
Azərbaycandan
kənarda işıq üzü görmüş nəşrlərə
diqqət yetirək:
…Rəsul
Rzanın 100 illiyi şərəfinə TÜRKSOY-un dəstəyi
ilə "Bəngü" basım evində çıxan
"Gecənin susqun nəğməsi" seçmə
şeirlər toplusu İmdat Avşarın
uyğunlaşdırmasında qardaş ölkə
oxucularına təqdim olunmuşdur.
Rəsul
Rzanın bundan öncə Anar, Ali Akbaş, İmdad Avşar tərəfindən
hazırlanan "Seçmə şeirləri" isə
TÜRKSOY-da işıq üzü görmüşdü.
(Yeri gəlmişkən, İmdat Avşar son illər öz ədəbi
fəaliyyətində Azərbaycan ədəbiyyatına ən
çox müraciət edən yazarlardandır. Biz də
şükranlıq borcu olaraq onun öykülər toplusunu nəşrə
hazırlamışıq, hesab edirəm, AYB-nin
qurultayqabağı nəşrləri arasında bu kitabın
da işıq üzü görməsi məqsədəuyğun
olardı).
2008-ci
ildə İstanbulda "Beş qatlı evin altıncı
qatındakı adam" kitabı işıq üzü
gördü. Ayşə Atayın nəşrə
hazırladığı bu əsərin "Tanıtım"ında
deyilir: "Anar mövzularını çağdaş Azərbaycan
toplumundan almaqla birlikdə milli olandan evrənsəl olana
ulaşmağı bacara bilmiş çoxyönlü bir yazar
olaraq diqqəti çəkir. Azərbaycan ədəbiyyatının
"fövqəladəni arama çabası" olaraq görə
biləcəyimiz Anarın hekayə və romanları, adətən,
şəhər həyatı içərisində
yalnızlaşan "kiçik insan"ın iç
dünyasına açılan qapılardır." (Qeyd edək
ki, Anar müəllimin 70 illik yubileyi münasibətilə
yayınlanan kitabda oxucular Ayşə Atayın qələmindən
xalq yazıçımızın maraqlı yaşam və
yaradıcılıq yolunu, sənətinin qaynaqlarını,
özəlliklərini və əsərlərinin həssas bir
dəyərləndirməsini bulacaqdır).
Anar
müəllimin Nazim Hikmətə həsr etdiyi 357 səhifəlik
"Kərəm kibi"si ("Xatirə" türü,
oktyabr - 2009) yenə "Bəngü"də işıq
üzü görüb (2010). "Modern türk şeirinin ulu çinarlarından
Nazim Hikmətlə həyatdaykən tanışma və
görüşmə imkanı bulan Anar, özünə aid və
ya birinci əldən edildiyi tanıqlarla zənginləşdirdiyi
"Kərəm kimi"də, Nazimin şeir və ədəbiyyat
anlayışına olduğu qədər, sovetlərdəki
macərasına və şəxsiyyətinə də
işıq salır."
Ümumiyyətcə,
Anar müəllimin demək olar, bütün nəsr əsərləri
qardaş ölkədə işıq üzü
görmüş, neçə əsəri Türkiyə
teatrlarında səhnələşdirilmişdir.
Türkiyədə
çap olunmaq məsələsinə münasibət bildirən
Anar müəllim deyir: "Əgər türk
oxucularının Azərbaycan ədəbiyyatı qardaş
xalq və qardaş məmləkət haqqında bilgilərinin
artmasında mənim yazılarımın azacıq da olsa bir
xidməti bulunursa, bundan xoşbəxtlik duymam
doğaldır".
Bu
günlərdə yeni nəsr toplusu İmdat Avşarın uyğunlaşdırmasında
"Aydınlıq gecələr" adı ilə "Bəngü"də
işıq üzü görmüş Elçinin də nəsr
əsərlərinin əksəri Türkiyə türkcəsinə
uyğunlaşdırılmış, istər kitab, istər dərgi
səhifələrindən qardaş ölkə oxucularına
çatdırılmış, bir neçə pyesi
İstanbul və başqa şəhərlərdə səhnə
həyatı yaşamışdır. Xalq
yazıçısı Elçinin hələ sovet
dövründə yazdığı "Yaxın-uzaq
Türkiyə"də daha uzaqlardan başlayan və bu
yaxınlaradək davam etmiş, gələcəkdə də
davam edəcək özünəözgü ədəbiyyat
sürəci var ki, o sürəc milliliklə bəşəriliyi,
milli kültürlə dünyəvi mədəniyyəti
harmoniyaya gətirir. Hesab edirəm, xalq
yazıçısının bu yönü də türkiyəlilər,
eləcə də digər türk xalqları
üçün doğma və maraqlıdır.
Təsadüfi
deyil ki, Elçin son illər Türkiyədə əsərləri
ən çox nəşr edilən, ən populyar
çağdaş dünya yazıçılarından biri
sayılır. "Aydınlıq gecələr"in
qardaş ölkədə nəşr olunan iyirmi
üçüncü kitab olması da dediklərimizi təsdiq
etməkdədir. Elçinin "Mahmud və Məryəm",
"Ağ dəvə", "Ölüm hökmü"
romanları, habelə povestləri, hekayələri
"Ötükən", "Milli kitabxana basım evi",
"Everest", "Yayınları", "Da
Yayıncılıq", "Cem" və b. basım evlərində
müxtəlif vaxtlarda bir neçə dəfə nəşr
edilmişdir.
Xalq
yazıçısının "Qatil", "Mənim
sevimli dəlim", "Mənim ərim dəlidir",
"Mən sənin dayınam", "Mahmud və Məryəm"
kimi pyesləri qardaş ölkə teatrlarında tamaşaya
qoyulmuş, həm tamaşaçılar, həm də mədəniyyət
xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
İstanbul Böyük Bələdiyyə Teatrının
"Ulduzlar altında qətl" ("Qatil")
tamaşası dəfələrlə xarici ölkələrdə
göstərilmiş, tamaşaların sayı etibarilə
rekord göstəricilər əldə etmişdir.
Türkiyə
ədəbiyyatşünasları xalq
yazıçısının yaradıcılığı
haqqında tədqiqat işləri yazmışlar. Atatürk
Universitetində ədəbiyyatşünas Sədat
Adıgözəl "Elçinin romanlarının
struktural-sosioloji təhlili" mövzusunda doktorluq işi
yazmış və başarı ilə müdafiə
etmişdir.
Elçin
"Türkdilli ədəbiyyatın inkişafındakı
xidmətlərinə görə" Fateh Universitetinin,
"Çağdaş ədəbiyyatın və türk
dilinin inkişafına görə" Memar Sinan Universitetinin və
bir sıra digər fəxri ödüllərə layiq
görülmüşdür.
2008-ci
ildə "Bengü Yayıncılığ"ın xətti
ilə İstanbulda Cəlil Məmmədquluzadənin nəsr əsərlərindən
örnəklər Ayşe Günerinin
uyğunlaşdırmasında "Danabaş köyü"
adı ilə yayınlanmışdır.
Azərbaycan
nəsrinin qüdrətli qələmlərindən olmuş mərhum
xalq yazıçısı İsmayıl
Şıxlının "Dəli Kür" romanı 2009-cu
ildə İstanbulda Yıldız yayın və
reklamçılıq şirkətində nəşr edilib.
***
Hesabat
dövründə Qırğızıstanda Azərbaycan
ünvanlı bir sıra kitablar işıq üzü
görüb. Bişkekdəki Türkdilli Ölkələrin
Siyasətinə Dəstək Fondunun və Bakıda fəaliyyət
göstərən "Avromed" şirkətinin sifarişi
ilə Qırğızıstan paytaxtındakı
"Biyiktik" nəşriyyatında qırğız dilində
çapdan çıxmış, Nizami Gəncəvinin
"Yeddi gözəl" poeması belə kitablardandır.
Dahi Azərbaycan şairinin şeirlərini
qırğızcaya Eqemberdi Ermatova çevirmişdir.
Bu
yaxınlarda isə Bişkekdə daha bir Azərbaycan ədibinin
- görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal
Paşayevin üçcildlik seçilmiş əsərləri
qırğız dilində işıq üzü görüb
(Bundan öncə Mir Cəlal Paşayevin "Bir gəncin
manifesti" povesti də qırğız dilində çap
olunmuşdu). Mir Cəlal Paşayevin üçcildliyi
Türkdilli Ölkələrin Siyasətinə Dəstək
fondunun və Azərbaycanda fəaliyyət göstərən
"Avromed" şirkətinin dəstəyi ilə nəfis
şəkildə nəşr edilib. Üçcildliyi qırğız
dilinə Qırğızıstan Milli Yazıçılar
İttifaqının sədri Abdrahman Alımbayev, ittifaqın
katibi Seyit Altımışov, yazıçı Mukan Asanaliyev
çeviriblər. "Biyiktik" nəşr olunmuş
üçcildliyin baş redaktoru Qırğızıstan
Milli Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun
direktoru, akademik Abdıldacan Akmataliyev, redaktorları
Qırğızıstanın xalq şairi Sooronbay Cusuyev,
Qırğızıstanın xalq yazıçısı
Tölöqön Qasımbekov və Uluslararası Aytmatov
Akademiyasının akademiki, xalq yazıçısı Cumadin
Kadırovdur.
Üçcildliyi
Ədibə Paşayeva, Novruz Məmmədov və Aqil
Hacıyev tərtib etmişlər.
Üçcildliyə
ön sözü professor Aqil Hacıyev yazıb. Geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuş, hər
cildi 550 səhifə olan üçcildlik
Qırğızıstanın bütün kitabxanalarına,
elm və təhsil ocaqlarına pulsuz paylanmışdır.
Türkdilli
Ölkələrin Siyasətinə Dəstək Fondunun
sifarişi və maliyyə dəstəyi ilə
"Biyiktik" nəşriyyatında qırğız dilində
işıq üzü görən növbəti kitab xalq
şairi Bəxtiyar Vahabzadənin "Biz bir gəminin
yolçularıyıq" ("Biz bir kəmidəniz", yanvar
- 2011) adlı kitabıdır. Kitabda "Ön söz"
yerinə dünya şöhrətli yazıçı
Çingiz Aytmatovun və tanınmış şair Yeqor
İsayevin Bəxtiyar Vahabzadənin
yaradıcılığı haqqında vaxtilə
yazmış olduqları məqalələr verilib.
Bütövlükdə
380 səhifəlik kitabda mərhum xalq şairinin
"Gülüstan" poeması (Azərbaycan,
qırğız və rus dillərində), habelə digər
poema və şeirləri dərc edilib.
Kitabı
qırğız dilinə Baxtıqul Çoturova, Mukan
Asanaliyev və Altınbek İsmayılov çeviriblər.
***
Azər
Turanın çağdaş türkçü şeirin
bayraqdarlarından olan xalq şairi Zəlimxan Yaqubun haqqında
yazdığı, ünlü ədəbiyyat adamı Nizaməddin
Onkun Türkiyə türkcəsinə axtardığı
(haqqında yuxarıda da bir neçə kəlmə
dediyimiz), "Əzəl-axır dünya türkün
dünyası" əsəri 2009-cu ildə Ankarada,
"Uyum-Ajans"da işıq üzü görüb.
Zəlimxan
müəllim bundan öncə də türkiyəli oxuculara
bir neçə dəfə kitabla xitab etmişdir. Örnəyi,
elə şairin öz adı ilə "Uyum-Ajans"da, Nizaməddin
Onkun uyğunlaşdırması ilə yayınlanmış
"Zəlimxan Yaqub" (2003 - Ankara), "Qum saatı"nda
işıq üzü görmüş "Səni sevmək
üçün gəldim dünyaya" (2003 - İstanbul)
kitablarının adını çəkə bilərik. Xalq
şairinin 2009-cu ildə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı
böyük elçisi Hülusi Kılıçın
"Ön söz"ü ilə açılan "Dünya
türkün dünyası" kitabı da Azad
Ağaoğlunun uyğunlaşdırmasında Türkiyə
türkcəsində yayınlanmışdır.
Zəlimxan
müəllimin Axıska türklərinin əzablı həyatından
söz açan "Sürgün" və içəriyi
adından bəlli "İçimdə ağlayan
Krım" poemaları isə 2010-cu ildə Alma-Atıda
işıq üzü görmüşdür.
Bu kitablar
bir yana, 61 yaşlı Zəlimxan müəllimin illər
öncə qələmə aldığı "Əlli
yaşın dastanı" poemasını oxuduqdan sonra Bəxtiyar
Vahabzadənin yazdığı bu sətirlər həm hər
şeyi əyan edir, həm də öz güncəlliyini
saxlayır: "Mən "Əlli yaşın
dastanı" poemasınının 36 sətirlik "Hardan gəlir
Zəlimxan?" fəslini Türk dünyası ədəbiyyat
və sənətinin manifesti, proqramı
adlandırardım..."
Azər
Turanın "…Yad sözlərə və özgə
düşüncələrə yönəlməməsi,
sazın və klassik irfanın bəxş etdiyi doğma
obrazlarla baş-başa qalması, məhrəm
keçmişlərə ehya verməsi Zəlimxan Yaquba
çağdaş Azərbaycan şeirində ayrıca bir
mövqe qazandırdı. Çağdaş poeziyamızda
yaddaş amilini önə çəkməsi də onun
adı ilə çox bağlıdır" fikri də
razılaşmamağın mümkün olmadığı
fikirlərdir.
Sayğıdəyər
xalq şairimiz Sabir Rüstəmxanlının "Hatayı
yurdu" ("Xətai yurdu") Hüseyn Adıgüzəlin
uyğunlaşdırması ilə İstanbulda 2004-cü ildə
yayınlanmışdır. Nəşriyyat Sabir bəyin
tanıtımını yaparkən "Ömür
kitabı"nı xatırladır və bu sözləri
işlədir: "SSRİ-nin sarsılmağa
başladığı ilk illərdi, böyük bir millət
və Vətən sevgisi ilə oluşmağa başlayan
durumlardan əndişəli və qayğılı,
düşünən, çözüm yolları arayan, irəligörüşlü,
könlünü yaxan, qovuran sancılarının ifadəsi
olan "Ömür kitabı", Azərbaycan və
bütün Türk dünyasında ədəbi-politik bir
olaya dönüşdü." Bu arada, Sabir bəyin
"Göytürklər" romanını da bir daha
xatırlamaq, bu tarixi romanı ədəbiyyatımızın
son illərdəki hadisələrindən biri kimi
vurğulayaraq, bəlkə özəl bir məruzə tələb
etdiyini deməliyəm. Həmin romanın 2010-cu ildə
qardaş Daşkənddə özbək dilində nəşr
olunduğunu və böyük ilgi gördüyünü nəzərinizə
çatdırmaqdan da məmnunluq duyuram.
Xalq
şairi Fikrət Qocanın "Ömrümdən anlar"
şeirlər kitabı Türkiyədə, "Türk
dünyası ədəbiyyatı" dizisindən 2005-ci ildə
çıxmışdır.
Görkəmli
yazıçı Kamal Abdullanın ünlü
"Yarımçıq əlyazma" romanı işıq
üzü gördüyü vaxtdan bəri istər Azərbaycan,
istərsə də xarici ölkələrin mətbuatında
geniş rezonans doğurmuşdur. Roman artıq Türkiyədə
də nəşr edilib və qardaş ölkə mətbuatında
əsər haqqında məqalələr, yorumlar,
araşdırma yazıları çap olunub.
Yazıçı
mətbuata verdiyi müsahibələrin birində deyir: "…Ən
böyük sevinc Azərbaycan ədəbiyyatının …uzaq
və yaxın ölkələrə kimə həsr
olunmuş mövzu ilə daxil olmasıdır. Dədə
Qorqud, Şah İsmayıl Azərbaycanı yetərincə təmsil
edən adlardır."
Görkəmli
şairimiz Ramiz Rövşənin 226 səhifəlik "Nəfəs"i
2008-ci ildə "Bəngü"də yayımlanıb.
"Nəfəs"
kitabı xalq yazıçısı Anarın
"Rövşən aydınlıq deməkdir" adlı
"Ön söz"ü ilə açılır. Kitabda
şairin müxtəlif illərdə yazdığı
populyar şeirləri ilə yanaşı, "Süd dişinin
ağrısı" və "Canavar ovu" poemaları da
yer alıb. Nəfis şəkildə çap olunan kitab
qardaş ölkə oxucularını Ramiz Rövşən
yaradıcılığı ilə ilk dəfə geniş həcmdə
tanış edir. "Bəngü", kitabı şairin
"Gedəcək" şeiri ilə tanıdır.
Görkəmli
yazıçımız Vidadi Babanlının ünlü
"Vicdan susanda" romanı, Qafqaz Universitetinin əməkdaşı
dr. Ərdal Karaman tərəfindən ("Vicdan
sustuğunda" adı ilə) Türkiyə türkcəsinə
uyğunlaşdırılıb və adıkeçən
universitetin dəstəyi ilə nəşr olunub (2011).
"Vicdan
susanda" eyni zamanda Tehranda da (ərəb qrafikalı əlifba
ilə Azərbaycan dilində) işıq üzü
görüb (Qeyd edək ki, "Vicdan susanda" hələ
sovet dövründə böyuk tirajlarla Özbəkistanda və
Tatarıstanda, digər respublikalarda da çap olunub).
Xalq
şairi Vaqif Səmədoğlunun "Mən buradayam, Tanrım"
şeirlər kitabı 2005-ci ildə Arif Acaloğlunun
uyğunlaşdırması və Anar müəllimin geniş
"Ön söz"ü ilə "Kömən
yayınları"nın "Türk dünyası şeir
dizisi"ncə Türkiyədə
yayınlanmışdır. Məlumunuz, Türkiyədə
çox kitab çıxır, ancaq Vaqif müəllimin
kitabının "Türk dünyası şeir dizisi"ndən
çıxması faktı məncə, diqqətəşayan
və məmnunedici hal kimi fərqləndirilməlidir.
Xatırladığım qədəri vaxtilə Abbas
Abdullanın şeirlər kitabı da belə bir ünvanla
(Türk dünyası ədəbiyyatı dizisi)
çıxmışdı.
Millət vəkili,
yazıçı Aqil Abbasın "Dolu" romanı da
"Bəngü"də çıxıb. Xocalı
soyqırımının 17-ci ildönümündə
(fevral-2009) yayınlanan roman, bəlli olduğu kimi,
Qarabağda yaşananları anladır. "Bəngü"nün
"tanıtım"ında deyilir: "Dolu" Türkiyədə
yayınlanan və Qarabağ olaylarını anladan ilk kitab
olma özəlliyini daşıyır. …Yazar, hər hansı
bir tərəfı suçlu olaraq göstərmir.
Olayları bütün çılpaqlığıyla
anladaraq yorumunu oxucuya buraxır. Yapılanları
doğruları və yanlışlarıyla gözlər
önünə sərir. "Dolu" romanı tarixi ədəbiyyata
daşıyan bir əsərdir…" ("Dolu"nu Türkiyə
türkcəsinə Alpərtunqa Altaylı və Seyfəddin
Altaylı uyğunlaşdırıb).
Natəvan
Dəmirçioğlunun "Yetim" psixoloji povesti Seyfəddin
Altaylı və Ture Alirzaqızı tərəfindən
Türkiyə türkcəsinə
uyğunlaşdırılıb. Povest insanın özü
kimi qalmasını, ucalmağı bacaran, şair demiş
"içindəki gücə dayanan" insanın əzmini,
qələbəsini anladır. Əsərin türkcə
xarakter yiyəsi olan qəhrəmanı elə xanım
yazarın özünün türk insanına
baxışını da təcalla etdirir. Xanım Dəmirçioğlunun
nəsr əsərləri Türkiyədə çıxan
bir sıra toplu və dərgilərdə də yayınlanmışdır.
Əjdər
Olun "Komutanın meymunu" əsəri də "Bəngü"nün
(2010-cu il) nəşrləri sırasında yer alır. "Əjdər
Olun, realist bir söyləm və naturalist bir gözləm
içindən, qurğuya dayalı olmayan, gerçək
olayları və insanları anlatdığı bu kitabda,
Qarabağ soyqırımı başda olmaq üzərə Azərbaycanda
yaxın tarixi dönəmlərin və bu dönəmlərdə
yaşanan faciələrlə dolu toplumsal olayların arxa
planına, hakim bir təpədən və geniş bir pəncərədən
baxmaq mümkündür". Bu tanımlama "Bengü"nündür.
Elçin
İsgəndərzadənin 2008-ci ildə "Mizampaj"da
çıxan üstü xarıbülbüllü
"Ölkələr… İnsanlar… Sevdalar…" şeirlər
toplusu xarıbülbül, türkülər və elə
kitabın adı doğrultusunda ölkələr, insanlar,
sevdalar soraqlıdır.
Əbülfət
Mədətoğlunun şeirlər kitabı da hesabat
dövrü ərzində Türkiyədə işıq
üzü görüb.
Qəşəm
Nəcəfzadənin Fəthi Gədikli tərəfindən
Türkiyə türkcəsinə
uyğunlaşdırılmış "Savaş, ayaqqabı,
ölüm" şeirlər kitabı 2008-ci ildə Ankarada
("Bəngü"də), Şəfəq Sahiblinin "Tənha
kuğu" şeirlər kitabı isə 2010-cu ildə
İstanbulda ("Bilgə Oğuz"da) işıq
üzü görüb.
Xəzangülün
"Bitməyən xəzan"ı 2008-ci ildə
İstanbulda (yenə "Bəngü"nün xətti ilə)
yayımlanıb. Kitabda yaşadığı toplumda, nəfəs
aldığı mühitdə görmək istədiklərini
tapa bilmədiyi zaman, ülvi arzuları, istəkləri və
gözəllikləri ilahiləşdirərək göylərə
yüksəldən şairin sehirli dünyası görsənir.
Nasir Kamil Əfsəroğlunun
hekayələr kitabı da Türkiyədə, "Kor
seyrçilər" adı ilə nəşr olunub.
Kitabı Türkiyə türkcəsinə
uyğunlaşdıran və "Ön söz" yazarı
Seyfəddin Altaylıdır. Türk Ədəbiyyatı Vəqfi
tərəfindən nəşr olunan kitab 360 səhifədən
ibarətdir və yazarın 30-a yaxın hekayəsini əhatə
edir.
Keçmiş
İstanbul baş konsulumuz, yazıçı Səyyad
Aranın "Ağlama kağızı" adlı kitabı
da Türkiyədə işıq üzü görüb.
"Milenyum" basım evində çap olunan kitabda
yazarın "Ağlama kağızı", "Soyuq
günəş", "Şikəst", "Axır
çərşəmbə", "Külçə",
"Bir yaz gecəsi macərası", "Qorxuluq",
"Yetiş Simurq quşu", "Şeytanın
qurbanı", "Qaybullahın qarı", "Gül
qoxusu" və "Sandıqda qalan muştuluq" hekayələri
yer alıb. Bəlli olduğu kimi, "Ağlama
kağızı" hekayəsini yazıçı 37-ci ilin
repressiya qurbanlarına və onların ata üzü görməyən
uşaqlarına həsr edib. Hekayədə Eldar adlı
uşağın acı taleyi öz əksini tapıb
(Keçmiş İstanbul baş konsulumuzdan söz
düşmüşkən, Azərbaycanın Abbas Abdulladan Səyyad
Aranadək bütün İstanbul baş konsulları qələm
adamı olub. Çox yəqin ki, onların
çalışmaları içində, "Konsul
menyularında diplomatik ədəbiyyatla yanaşı, ədəbi
diplomatiya da olmuşdur. Bu ədəbi diplomatiyanı fəaliyyətdə
olan böyükelçilərimiz, konsullarımız Eldar Həsənov,
Vilayət Quliyev, Həsən Həsənovun timsalında
görmüşük. Arzu edərdik ki, bütün
böyükelçiliklərimiz bu işə könül
versin).
Prof.dr.
Nizami Cəfərovun 2006-cı ildə İstanbulda
çıxan "Klassiklərdən
çağdaşlara" elmi-publisistik kitabı (məqalələr
toplusu) Türkiyədə işıq üzü görən
azsaylı Azərbaycan ədəbiyyatşünaslıq əsərlərindəndir
(uyğunlaşdırma Yasəmin Bayerə aiddir).
Vaqif
Sultanlının "Azərbaycan mühacirət ədəbiyyatı"
əsəri də Türkiyədə nəşr olunub (2007-ci
il).
Azərbaycan
ədəbiyyatının Türkiyədə təbliğində,
ümumən türkoloji nəşrlərin işıq
üzü görməsində əməyi olan alimlərdən
biri də prof.dr. Kamil Vəli Nərimanoğludur. Professor Nərimanoğlu
hesabat dövrü ərzində Bakıda da bir sıra kitablar
nəşr etdirmişdir ki, onlar da Türk dünyası
ünvanlıdır, başqa sözlə türkologiyaya
aiddir.
Hesabat
dövründə Türkiyədə həmçinin
"Naxçıvan ağzı" monoqrafiyası nəşr
olunub. Türk Dil Qurumunda Azərbaycan və Türkiyə alimlərinin
birgə hazırladığı "Naxçıvan
ağzı" monoqrafiyası 734 səhifədən ibarətdir.
Monoqrafiyanın
müəllifləri AMEA-nın müxbir üzvü Əbülfəz
Quliyev, Türkiyə alimlərindən dr. Tuncer Gülensoy və
dr. Paki Küçükeridir.
Üç
əsas bölmədən ibarət olan monoqrafiyanın
bölmələrindən birində bölgədən
böyük zəhmətlə toplanmış zəngin
şivə materialları öz əksini tapıb.
Monoqrafiyanın bir bölməsi leksik və qrammatik vahidlərin,
yəni söz və şəkilçilərin
sözlüyünü, indeksini təşkil edir.
Hesabat
dövrümüzdə Türkiyədə işıq
üzü görmüş "Dillən, telli sazım"
adlı toplunu görkəmli şairimiz Məmməd İsmayıl
tərtib edib. "Dillən, telli sazım" Azərbaycan
aşıqları və saz şairləri antologiyası"
Çanaqqala 18 Mart Universitetinin mətbəəsində
çap edilib. 640 səhifədən ibarət olan kitabda
ön söz, sazın yaradılış hekayəsi,
aşıq və el şairlərimizin həyat hekayələri
və şeirlərindən seçmələrə yer
verilib.
Kitabın
leytmotivini "Harda türk var, orada saz, harada saz var, orada
türk vardır" kəlamı təşkil edir.
"Gələnəksəl
Azəri masalları", "Xəzər qıyısında
yerlə göy" qardaş ölkədə son illər
yayınlanmış Azərbaycan ünvanlı ədəbi nəşrlərdəndir.
Bu iki nəşr barədə iki cümlə də olsa
fikrimizi bildirək. İlk öncə deməliyəm ki,
keşkə anadolulu qardaşlarımız bizi Azəri
adlandırmaqdan əl çəkib də öz
adımızla çağıraydılar… İnsan adı kimi
millət adı, kitab adı da düzgün yazılmayınca
oxucu bir anlamda elə adda itirdiyi qədər yanlış
yönə köklənir - deyə düşünürəm.
İkinci
topluya gəlincə, açığı mən bu hekayələr
toplusunun hansı prinsiplər əsasında tərtib
olunduğunu anlamadım…
Hesabat
dövründə Türkiyənin "Ufuk ötəsi
yayınları" basım evində 1980-90-cı illər Azərbaycan
prozasını təmsil edən yazıçıların əsərlərindən
ibarət (orijinal adı ilə) "Dört
dörtlük" kitabı işıq üzü
görüb. Kitaba nasirlərdən Əlabbas, Aslan Quliyev, Nəriman
Əbdülrəhmanlı, Fəxri Uğurlunun hekayə və
povestləri daxil edilib. Əsərləri Türkiyə
türkcəsinə A.Nəbili və X.Telmanoğlu
uyğunlaşdırıb. Kitaba "Ön söz"ü
şərqşünas professor Əskər Rəsul yazıb.
Kitabda yer alan əsərlər və onların müəllifi
olan dörd yazıçı qardaş ölkə
oxucularına ilk dəfə bu toplu ilə tanıdılıb.
Nazilə
Gültacın da imzası qardaş Türkiyədə
çıxan "Qardaş qələmlər",
"Çukurova sənət", "Ece" dərgilərinin
oxucularına yaxşı tanışdır. Son iki il ərzində
ardıcıl olaraq bu dərgilərdə onun şeir və
hekayələri çap olunub. Üstəlik, o,
"Ece"nin redaksiya heyəti tərəfindən Azərbaycan
təmsilçisi təyin olunub.
O, şair Əhməd
Otmanın, gənc şair Funda Gökçenin şeirlərini,
yazıçı Murat Aktunanın hekayələrini dilimizə
uyğunlaşdırıb və "Kaspi" qəzetində
çap etdirib.
2009-cu ildə
Türkiyədə Həyat Şəminin də şeirlər
kitabı işıq üzü görüb. Həyat
TÜRKSOYun Sivasda düzənlədiyi şeir şölənində,
habelə "Buruciyyə şeir axşamları"nda,
ayrı-ayrı simpoziumlarda, konfranslarda uğurla iştirak
etmişdir.
Rəsmiyyə
Sabirin "Sahilsiz adam" şeir kitabları qardaş ölkədə
2011-ci ilin may ayında yayınlanmışdır (bundan
öncə xanım yazarın Kərkükdə də
şeirlər kitabı işıq üzü
görmüşdü (2006). Haşim Salihin nəşrə
hazırladığı həmin kitab "Kölgəsiz dar
ağacları" adlanırdı). Onun kitabını
yayınlanmış Eko Avrasiyanın başqanı Hikmət Ərəndən
bu günlərdə aldığım ismarıcda deyilir:
"Rəsmiyyə xanımın kitabı Türkiyə Cümhuriyyətinin
ayrı-ayrı vilayət, il və ilçədə,
ünlü universitetlərdə yerləşən 200
kitabxanaya göndərilmiş və ilgi ilə
qarşılanmışdır." Təbrik edirik.
Lap bu
günlərdə isə Türkiyədə "Azərbaycan
şairi Məhəmməd Hadi" kitabı işıq
üzü görüb. Kitabın müəllifi Mehmed Gəncəlidir.
Türkiyədə
türkiyəli yazarların qələm məhsulu olan və
azərbaycanlı fikir adamlarına, ədiblərimizə, o
cümlədən Şəms Təbriziyə, Şah
İsmayıl Xətai və b. həsr olunmuş kitablar
çıxıb, heç quşqusuz, bizim xəbərimiz
olmayan ədəbi əsərlər də mövcuddur,
inşallah, zamanla onlar barədə də bilgi əldə edib
başqa yazılarımızda söz açmağa
çalışarıq.
***
DGTYB-nin
"Türkməneli ədəbiyyatı" (2007 - Ankara),
ikicildlik "Kərkük şairləri" (2005 - Ankara. Hər
iki nəşri Şəmsəddin Kuzəçi
hazırlayıb), ikicildlik "Çağdaş Azerbaycan
şiiri" antolojisi (2008-2009 - Bəngü, Ankara), "Məlahət
Ecevitin şeirlər kitabı DGTYB yayınları
seriyasından çıxdı.
"Bəngü"
2008-2009-cu illərdə iki cild olmaqla Ankarada işıq
üzü görmüş "Çağdaş Azerbaycan
şiiri" antolojisi barədə bu sözləri işlədib:
"20-ci yüzilin sonunda qardaş ölkə Azərbaycanın
başından keçən fəlakətləri yaşayan
şairlərin əsərlərinin "Çağdaş
Azerbaycan şiiri" antolojisində yer alması ayrıca
önəmlidir."
Qeyd edim ki,
şeirləri Türkiyə türkcəsinə İlqar
İlkin, Rəsmiyyə Sabir və Oqtay Hacımusalı
uyğunlaşdırmışlar.
Bu işlərin
hər biri ədəbi təsərrüfatımızın
mövzu üzrə faktları olaraq vurğulana bilər.
Ankarada
çıxan "Qardaş qələmlər" Azərbaycan
yazarlarının demək olar, üzdə olan hər bir
imzasına yer vermişdir. Yeri gəlmişkən,
"Qardaş qələmlər" və
bütövlükdə Avrasya Yazarlar Birliyi artıq Türk
dünyasının ədəbi mərkəzlərindən
biri halına gəlmişdir.
***
Bu gün
TÜRKSOY-un çalışmalarını da diqqətdən
qaçırmamalıyıq. Azərbaycan ədiblərinin
kitabları haqqında dedik, vaxt azlığını göz
önündə tutaraq yalnız bir neçə digər nəşr
haqqında qısa bilgi verməklə hesab edirəm bu qurumun ədəbiyyat
yönündə çalışmaları barədə
müəyyən təsəvvür yaratmaq mümkün
olacaqdır:
Prof.dr.
Qurbandurdı Gəldiyev və prof.dr. Fikrət Türkmənin
hazırladığı, türkmənlərin şeir
yaradıcılığını göstərən Türkmən
şeiri antolojisi";
Oraz
Yağmurun hazırladığı və Türk
dünyasının şeir coğrafiyasını cızan,
keçmişdən günümüzə uzanan zaman cizgisi
üzərində Türk dünyası üçün bir
kültür körpüsü salan "Türk
dünyasının şeir antolojisi";
Dr.
Z.B.Samdanın hazırladığı və türk
xaqanlıq dönəminin tarixi yazılmış Orhun-Yenisey
Anıtlarından Kül-Tiginin anladıldığı
"Kül-Tigin" kitabı;
Yrd.dos.dr. Fərhad
Tamir və Xəlil Arıcanın hazırladıqları, Qazax
ədəbiyyatının daşıdığı milli
fikirləri, yaşam biçimlərini, gələnək və
görənəklərini anladan, Qazax bozkırının bilgə
yazarı Muxtar Auezova aid seçilmiş öykülərin
yer aldığı "Muxtar Auezov. Öykülər"
kitabı;
Dos.dr.
V.E.Maynoqaşeva ilə dos.dr. Fatma Özkanın yayına
hazırladıqları, Xakas xalqının böyük bilim
adamı prof. Nikolay Katanovun Güney Sibirdə yaşayan Xakas,
Tıva kimi türk xalqlarının folklor və
etnoqrafiyasını yansıtdığı əsər
("N.F.Katanov. Bilimsəl əsərlərindən seçmələr");
Prof.dr.
Ravil Bikbayevlə dos.dr. Qaynislam İbrahimovun
hazırladıqları başqırd xalqının milli qəhrəmanı
və şairi Salavat Yulayevi tanıdan əsər ("Salavat
Yulayev");
Dos.dr. Mətin
Ərgünlə Qaynislam İbrahimovun hazırladıqları
və başqırdların xalq dastanlarından ibarət
yayın;
Dr. Rüstəm
Sultinin hazırladığı və tatar xalqının
tarixini misralara tökmüş olan Edigey dastanını
mövzu alan eyni adlı ("Edigey") kitab;
Alevtina
K.Maytakovanın hazırladığı "Huban Arığ.
Xakas türklərinin qadın igidlik dastanı";
H.Dündar
Akarcanın hazırladığı "İsmail bəy
Qaspıralı və Ziya Göyalp simpoziumları
(Bildiriler)" toplusu;
Prof.dr. Əminə
Gürsoyun yayına hazırladığı, yalnızca
qırğızların deyil, ehtiva etdiyi mifoloji özəlliklər
və şamanizm ünsürləri ilə bütün
türklüyün ensiklopediyası olan "Manas kitabı"
("Manas" TÜRKSOY-un ilk yayını olma özəlliyini
də daşıyır).
***
Haşiyə:
…Bir qədər öncə, simpoziumlardan, festivallardan
danışdıq. Sizə deyim, biz hələ DGTYB-ni
qurduğumuz 1998-ci ildə ayrı-ayrı türk ellərindən
gəlmiş yazarlara deyirdik ki, görüşlər, həsrət
gidərmələr, tanışlıqlar gözəldir, ancaq
bütün bunların artıq bilavasitə işə
çevrilməsi, konkret sonuclara bağlanması gərəkməkdədir.
İstedadlı gənclərin üz tutacağı yeni
ünvanlar oluşdurulmalı; sağduyulu türk gəncliyi
toplumun, ulusun, dünyanın halını bədii ədəbiyyatda
əks etdirməyə, ədəbi məhsulların
mübadiləsinə, yeni yaradıcılıq mükalimələrinə
stimullaşdırılmalıdır - hər nə qədər
bu alanda bəlkə birilərimiz bir işlər
görmüşüksə də, bu istəklər müəyyən
qədər bu gün də güncəl olaraq qalmaqdadır…
Bir özəlliyə
də diqqət çəkmək istərdim: Bu da
respublikamızda yayınlanan ədəbi dərgi və qəzetlərdə
yer alan Türk dünyası ünvanlı təqdimatlardır.
Burada bəzən coğrafiyanı çevrələmək
üçün verilmiş zəif şeirlərə,
öykülərə də rast gəlirik. Nə qədər
işlək söz də olsa, deyim, biz kəmiyyət yox,
keyfiyyət marağında olmalıyıq. Doğrudur, fərqli
ideoloji məkanlarda, fərqli quruluşlarda yaşayan,
ayrı-ayrı dövlətlərin vətəndaşları
olan yazarların, özəlliklə gənclərin bir
çatı altında birləşməsi, onlarla iş, onlar
arasında seçim etmək o qədər də asan məsələ
deyil. Bununla belə, bu iş yürüdülməli, bəlkə
ilk baxışda mümkünsüz kimi görünən
işlər mümkün edilməlidir. Özü də,
yuxarıda vurğuladığım kimi, əgər
Türksoy-lu Ölkə Başçılarının Daimi
Şurası, TürkPA və hələ-hələ
TÜRKSOY varsa…
"Ortaq
türk əlifbası: keçmiş və gələcək"
məsələsi barədə bir neçə kəlmə:
"Türk
dünyasında ədəbiyyat, ədəbiyyat(imiz)da Türk
dünyası…" adlı məruzədə əlifba və
dil məsələsinə toxunmadan keçinə bilmərik.
"…Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini,
mədəniyyətini yaşadan, inkişaf etdirən onun
dilidir. Dilimizi isə yaşadanlar, zənginləşdirənlər,
inkişaf etdirənlər şairlərimiz,
yazıçılarımız olmuşdur. Biz adətən
böyük tariximiz haqqında, xalqlarımızın
böyük mədəniyyəti haqqında danışarkən
birinci növbədə onların yaratdıqları bədii əsərlərə,
şairlərimizin, yazıçılarımızın əsərlərinə
istinad edir, bunları nümunə gətirir və təbliğ
edərək, eyni zamanda öz tariximizi, mədəniyyətimizi
təbliğ edirik. Qədim dövrlərdə "Dədə
Qorqud", "Manas", "Alpamış",
"Koroğlu" dastanları, xalqlarımızın
hamısına mənsub olan dahi şairlərimiz,
yazıçılarımız - Nizami, Yunus İmrə, Əlişir
Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri
xalqlarımızın tarixini, mənəvi dəyərlərini
əks etdirən, xalqlarımızı dünyada tanıdan
ölməz əsərlər yaratmışlar…"
Bu sözləri
ümummilli liderimiz Heydər Əliyev 6 noyabr 1996-cı ildə
- Türk Dünyası Yazıçılarının III
Qurultayında nitq söyləyərkən deyirdi.
Bəlli
olduğu kimi, hələ 150 il öncə görkəmli Azərbaycan
ədibi Mirzə Fətəli istifadədə olan ərəb
əlifbasını islah etmək istəyirdi. İlkin olaraq o,
həmin əlifbadakı nöqtələrdən imtina edilməsini
təklif edirdi. Sonrakı aşamada isə büsbütün
latın qrafikalı əlifbaya keçilməsini
düşünürdü. Bu məqsədlə də dönəmin
Osmanlı sultanına və İran padşahına məktublar
yazmış, yüksək səviyyəli görüşlər
keçirmişdi. İran rəsmiləri məsələyə
olumlu yanaşmadığı halda, rəsmi İstanbul öz
olumlu münasibətini bildirmişdir. Lakin təəssüf
ki, Osmanlı xanədanının münasibəti də
praktik müstəvi üzərinə keçməmiş,
havadan asılı qalmışdır.
Əlifba
islahatı yönündə hərəkətlər XX
yüzilin başlanğıcında da davam etdi. 1926-cı ildə
Bakıda keçirilən I Türkoloji Qurultayda Rusiyanın
işğalı altında olan türklərin latın
qrafikalı əlifbaya keçməsi haqqında mövqe
ortaya qoyuldu. Ancaq bəllidir ki, 1938-40-cı illərdə
sovetlər türk xalqlarını ayırmaq üçün
kiril əlifbasına keçidi təmin etdilər. Sonrakı
illərdə isə bu əlifbanın da üzərində
oyunlar oynandı və xalqlarımız daha da
uzaqlaşdırıldı. Türkiyədə isə
Atatürk devrimlərindən bir də əlifba və dil islahatı
oldu, uzun illər dünyadakı yeganə müstəqil
türk dövləti olan qardaş Türkiyə bu əlifbaya
sadiq qaldı.
Sovetlər
dağılan illərdə - 1990-cı ildən başlayaraq
Azərbaycan və Orta Asiya türk respublikalarında yenidən
əlifba islahatları istiqamətində işlər
görüldü. Hamıdan öncə Azərbaycan rəsmi
şəkildə latın qrafikalı əlifbaya keçmə
qərarı aldı. Ardından da Türkmənistan tam olaraq
latın qrafikalı əlifbaya keçdi. Özbəkistan və
Qazaxıstan bu prosesi 2012-ci ildə bitirməyi
planlaşdırır. Ancaq təəssüflər olsun ki, Qırğızıstanda
bu yöndə dövlət düzeyində heç bir hərəkət
yoxdur. Üstəlik rus dili bu ölkədə ikinci dövlət
dili statusundadır. Ümid etmək istərdik ki, Bişkek
yönətimi də artıq belə bir addım atacaq. Yəqin
digər türk dövlətləri bu işdə qardaş
Qırğızıstana yardımçı olmalıdır.
Qazaxıstan və Özbəkistanın əlifba
islahatlarında gözlənilən son addımları
Qırğızıstana da təsirsiz ötüşməyəcəkdir,
deyə düşünürük.
Lakin burada da
bir sorun vardır? Sorun odur ki, yeddi bağımsız türk
dövlətində latın qrafikalı əlifbanın
beş fərqli biçimindən istifadə edilir və bu da
normal hesab edilə bilməz.
Ortaq əlifbanın
oluşması üçün bütün türk
xalqları bu və ya digər şəkildə güzəştə
hazır olmalıdır. Azər Həsrətin Atatürk Mərkəzində
bir neçə ay öncə (2010 - sentyabr) düzənlədiyi
"Ortaq türk əlifbası: keçmiş və gələcək"
adlı konfransda bu məsələlər müzakirə
olundu. Yeri gəlmişkən, Azərin yönətdiyi
yalquzaq.com sitəsi bir aya yaxındır, şərti ortaq
türk əlifbasında yayınlanır.
Sözügedən
konfransda terminoloq Firidun Əhmədov deyirdi: "Mən maşın
texnologiyası ilə işləyirəm. Əlifbalar
arasında keçid asan məsələdir. Özü də
nəzərə almaq lazımdır ki, çağdaş
informasiya texnologiyaları buna imkan verir. Sadəcə məsələni
kütləviləşdirmək üçün türk dilləri
ortaqlaşmalıdır. Bunun üçün güclü
türk dövlətlərinin imkanlarını bir yerə gətirmək
lazımdır. Bilginiz üçün deyirəm ki, Dilmanc.az
çevirmə proqramını biz hazırlamışıq və
maraqlıdır ki, Anadolu türkcəsindən azərbaycancaya
çevirmə çox rahatdır. Çünki dilimiz eyni
struktura malikdir. Qrammatika uyğunlaşdırılmalıdır.
Yeni sözlərdə ortaq mövqe olmalıdır.
Bütün bunlar üçün gərək
türkçülük iradəsi olsun. Ortaq sözlüklər,
qarşılıqlı sözlüklər tərtib edilməlidir.
Türk ləhcələri arasındakı dil
yaxınlaşması təmin edilməlidir."
"Türk
eli" jurnalının baş redaktoru Mübariz
Aşırlının "Türkə qılıncdan daha kəskin
qüvvət: Ortaq dil, ortaq əlifba" məqaləsindən
alıntılara diqqət yetirək: "…Böyük mütəfəkkir
Hüseyn Cavid, "Turana qılıncdan daha kəskin, ulu
qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət"
demişdir. Deyilə bilər ki, türk milləti eyni
soykökdən olduğu üçün zatən eyni mədəniyyət
anlayışına malikdir və burada görüləcək
çox iş yoxdur. Amma bugünümüzün gerçəkliyi
budur ki, Türk dünyasının hər şeydən
çox mədəniyyət məsələsində
inteqrasiya etməsinə böyük ehtiyac var. Türk
xalqları arasında düşüncə birliyi olmasa qurulan
təşkilatlar, sərf olunan enerji heç bir nəticə
verməyəcək.
Burada əsas
amil kimi, dil faktorunun və yazı məsələsinə
görə əlifba faktorunun böyük önəmi var. Diqqət
yetirdikdə bu problem özünü çox açıq
şəkildə büruzə verir. Toplantılarda, müzakirələrdə,
yazılarda həmin problem hiss olunur. Gerçəklik budur ki,
türk xalqları bir-birini anlamaqdan ötrü başqa dilin və
çevirmənin köməkliyindən istifadə etməli
olurlar. Ona görə hazırda həllini gözləyən ən
önəmli məsələ budur. Artıq bu problemin həlli
üçün münbit şərait var və tam olaraq
zamanın yetişdiyini də dilə gətirmək olar."
Yadıma
düşür, Nadirbek Alimbekova "Vektor"un
ödülü verilərkən Anar müəllim
çıxışına bu sözlərlə
başladı: "Mən hamınızın başa
düşməsi üçün ortaq türkcəmiz olan
"rus türkcəsi"ndə çıxış edəcəyəm".
Böyük yazıçının bu ironiyası və gənc
qələmlərin yuxarıda diqqətə
çatdırdığımız fikirləri problemin fərqli
nəsillərə eyni cür təsir etdiyini bir daha sübut
edir.
***
…Sona
yaxınlaşırıq, bəs Güney Azərbaycan ədəbiyyatında
axım edən ədəbi olaylar barədə nə demək
olar?
Güney ədəbiyyatı
barədə Sayman Aruz ötən ay burada - Natəvan klubunda məruzə
etdi. Yalnız qısaca olaraq onu deyək ki, ədəbiyyatımızın
bu qolunda da maraqlı hadisələr baş verir.
Əkbər QOŞALI
Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.-
S.4-6.