Söz adamı çəkəndə
Sevinc Abasova:
"Aqşin Babayev -
həyatı, yaradıcılığı". 2011
Sadə
və ilkin hisslərə biganə qalan ömrün birtərəfli
və sxematik olması deyimi
gerçəklikdi. Filologiya
üzrə fəlsəfə doktoru Sevinc Abasovanın yaxın günlərdə
"Elm və təhsil" nəşriyyatında
işıq üzü görən "Aqşin Babayev - həyatı,
yaradıcılığı" monoqrafiyası da məhz öz işinə
böyük əmək sərf etmiş dəyərli bir
qələm adamının, tanınmış elm
xadiminin yaşantılarına biganə qala bilməmək düşüncəsinin əməl
faktı kimi araya-ərsəyə gəlib.
Hesab edirik ki, filologiya
elmləri doktoru, professor
Aqşin Babayevin
istedadının ən başlıca, ilkin
cəhəti insanı duymaq, onu kəşf etməkdir və yerdə qalan nə varsa bundan sonra gəlir. Elə
bu səbəbdən də bu səmimi, həssas alimin
yaradıcılığından görkəmli sənətkarların
sənədli ömür yolu
bir küll halında keçir. Bu
yazılanlarda fərqli qələm adamlarının bənzərsiz
yaradıcılıq və şəxsiyyətlərinə əbədi
heyranlıq və minnətdarlıq duyğusu
üst qatdadı.
Sevinc
Abasova monoqrafiyaya daxil etdiyi "60-70-ci illərdə
ədəbiyyat-sənətkar və zaman"
məqaləsində daha çox
bu məsələlər üzərində
dayanır, eyni zamanda doğru bir konsepsiyadan çıxış edir ki, mənəvi-əxlaqi
kamilliyin atributlarından olan
təvazökarlıq böyük nemətdir:
"Təvazökarlığı həm də insanı
şəxsiyyət olmağa aparan müqəddəs yollardan
biri kimi qiymətləndirmişlər.
Bu baxımdan Aqşin
Babayevin həm müxtəlif vəzifələr
daşıması, həm şəxsiyyəti, həm də ədəbi-elmi
və bədii yaradıcılığı
bütövlükdə təvazökarlıq nümunəsidir".
Alimin bu dəyərləri haqqında Sevinc xanımın tədqiqata cəlb etdiyi hər bir
yaradıcılıq nümunələri kifayət qədər
mötəbər, çox, "özü də yaxşı söz
deyir". Bu deyilənlər tədqiqatçının "ədəbi-proses
və mərhələlər kontekstində, lirik,
epik və dramatik
növlərini tələbləri əsasında, Aqşin Babayev kimi xüsusi yaradıcılığa
malik olan üslublar, sənətkarlıq prinsipləri əhatəsində
kötürülüb təhlil edildikdə
daha kamil,
inandırıcı görünür"
fikrini bir daha önə çıxarır.
Müəllif "Tikdim ki, izim
qala" məqaləsində daha çox A.Babayevin ədəbi mühitə gəlişi,
şeir yaradıcılığı
üzərində dayanır, onun
lirikasını xalq şairi
Fikrət Qocanın mülahizələri
kontekstində incələyir, ayrı-ayrı
monoqrafiyalarından söz açır.
"Kiçik
janrın ibrət dərsləri"ndə isə tədqiqatçı
A.Babayevin hekayə
yaradıcılığını önə çəkir,
"Ata canı", "Unutmaq
olmur", "Şehli
çəmən", "Heyva
ağacı", "Çörəkçinin nəğməsi",
"Vida", "Qartal
sevgisi", "Bir
ürəyin hərarəti" və s.
haqqında qənaətlərini çatdırır,
vurğulayır ki,
onun hekayələrinin mövzular
aləmi olduqca geniş,
rəngarəng, tipik şəraitin təbiətinə,
tələb və ehtiyaclarına uyğunluğu,
təbiiliyi, orijinallığı, təbliği-təsir gücü ilə seçilən, hətta ilk görünüşü
ilə səmimi təəssürat doğuran
bədii həqiqətlərdir.
Sonra
gəlir "Povestlərdən düşən
işıq"… Müəllif şərh verir
ki, A.Babayevin novestlərində
həyat materiallarına, obrazların fəaliyyət istiqamətlərinə
uyğun olaraq, təqdim-təbliğ,
təsdiq-inkar məsələləri həm bədii
kateqoriyaların prinsiplərinə, həm də müsbət
idealın tələblərinə uyğun
şəkildə nizamla idarə olunur. "Mən də bir
əsgərəm", "Bir parça həyat", "Halal
çörək", "Ayrılıq" və s. də bu prinsiplə tədqiqata
cəlb olunur.
"Sosial zaman və bədii həqiqətlər"də
müəllif daha çox
A.Babayevin romanları üzərində
dayanır, "Zəlzələ", "Dünyanın
axırı" əsərindən söz
açaraq bildirir ki, bu oxunaqlı qələm
nümunələri bütövlükdə "həyata, insana - bütün
yaxşılıqlara məhəbbət hissilə qələmə
alınıb".
"Səhnədən - ekrandan - efirdən gələn səslər"
məqaləsində A.Babayevin ulu öndər Heydər Əliyevə ithaf etdiyi "Xilaskar" adlı sənədli-publisist
pyesindən ətraflı bəhs olunur,
"Yaralar", "Olmuş
əhvalat", "Əlin cibində olsun"
kimi səhnə əsərlərinin,
"Nekroloq", "Dəvətnamə",
"Mükafat" kimi
televiziya pyeslərinin, "Dörd divar", "Günlərin bir
günündə" və s. radio pyeslərinin məziyyətləri
araşdırılır.
"Biblioqrafiya" bölümündə isə daha çox A.Babayevin həyatı, elmi-pedaqoji
və ictimai fəaliyyətinin əsas
tarixlərini əks etdirən məlumat yer
alıb. Tədqiqatçı bu görkəmli
alim və yazıçı-publisistin
ayrı-ayrı illərdə müxtəlif dillərdə nəşr
olunan kitabları, çap
edilən məqalə və oçerkləri haqqında
materialları da yeni nəşrə
daxil edib.
Monoqrafiya filologiya elmləri doktoru T.Hüseynovun elmi redaktorluğu, filologiya
üzrə elmlər doktorları S.Sultanova
və R.Həsənovun rəyləri ilə çap
olunub.
Sərvaz
Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.-
S.5.