Professor Vilayət Quliyevə
açıq məktub
Hörmətli
Vilayət müəllim!
Yenicə
çapdan çıxmış "Polşada Azərbaycan siyasi
mühacirət irsindən" adlı kitabınızı maraqla oxudum. Bəri başdan deyim ki, mən belə kitabları tərtib hesab etmirəm. Nə qədər arxiv materialından istifadə edibsiniz.
Mən
Polşa-Azərbaycan ədəbi əlaqələrinə dair bir çox
mənbələri, eyni zamanda
professor Murtuz
Sadıqovun, filologiya elmləri doktoru Gülər Abdullabəyovanın və sizin əsərlərinizi oxumuşdum.
Lakin iki ölkə
arasındakı ədəbi-siyasi əlaqələrin belə
dərin olduğunu təsəvvürümə
gətirə bilməzdim. Tarixi faktlarla zəngin olan belə
bir kitabı oxucu və
tədqiqatçılara ərmağan etdiyinizə görə
sizə “minnətdarıq” demək azdır.
Azərbaycanın dövlət
müstəqilliyinin bərpası yolunda mühacir fəaliyyəti dövründə Məhəmməd
Əmin Rəsulzadənin, eyni zamanda onun
silahdaşları, məslək dostları Mirzəbala Məmmədzadə,
Nağı Bayramlı və başqalarının Polşada apardıqları mücadilə
haqqında araşdırmalarınızı, bu görkəmli insanların həmin illərdə
Polşada yazıb çap
etdirdikləri məqalələri maraqla oxudum. Həm də mühacir
soydaşlarımızdan polkovnik İsrafil bəy İsrafilbəyovun Azərbaycan
Cümhuriyyəti ordusu barədə, polkovnik Cahangir bəy
Kazımbəyovun Gəncə üsyanı haqqında
yazmış olduqları məqalələri…
Deməyi özümə borc bilirəm ki, təqdim
etdiyiniz məqalələr o dövrün siyasi mühacirləri, Azərbaycan
istiqlalı düşüncəsini sönməyə, öləziməyə
qoymayan və bu yolda həyatlarını fəda etmiş insanlarımız barədə obyektiv, son dərəcə
ibrətamiz bilgi verir. Necə
ki, vaxtilə azərbaycançılıq
düşüncəsinin dönməz ideoloqlarından olan Əhməd bəy Ağaoğlu,
Həsən bəy Zərdabi haqqında
yazdığınız kitablarda həmin
tendensiyaları daha qabarıq şəkildə
önə çıxarmısınız…
Vilayət müəllim, siz o azsaylı ədəbiyyatşünaslardansınız
ki, xarici işlər naziri işləyəndə də, səfir
işlədiyiniz zaman kəsiyində də
ədəbiyyat aləmindən heç vaxt ayrılmamısınız, ədəbiyyatla
yaşamısınız. Bunun məntiqi nəticəsi
olaraq elm aləmində
boya-başa çatdığınız Ədəbiyyat
İnstitutunun alimləri ilə birgə
yazdığınız "Heydər Əliyev və Azərbaycan
ədəbiyyatı" adlı əsərə görə
keçən il Dövlət
mükafatına layiq görülübsünüz.
Uğurunuza sevinirik.
Qardaşım,
mən sizin ədəbi əlaqələrə
bağlılığınızı və bilik
səviyyənizi 28 il öncə Rauf İsmayılovun "Fransız - Azərbaycan ədəbi
əlaqələri" mövzusunda doktorluq dissertasiyasının müzakirəsində
görmüşdüm. Gənc
olmağınıza baxmayaraq yekun sözü demək
sizə həvalə olunmuşdu.
Biz sizin
yaradıcılığınızı həmişə maraqla izləyirik. "Azərbaycan"
jurnalı, "Ədəbiyyat qəzeti", "525-ci qəzet"
və başqa mətbu orqanlarda
çıxan yazılarınızı oxuyur
və bəhrələnirik.
Polşaya
dair silsilə yazınızı xüsusi vurğulamaqla, həm
səmərəli diplomatik fəaliyyətinizə,
həm də xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə
xidmət edən dəyərli əsərlərinizi uzun illər xaricdə işləmiş bir adam kimi
yüksək qiymətləndirirəm.
Azərbaycan-Polşa
mədəni-ədəbi, siyasi-ictimai əlaqələrinin
inkişafındakı xidmətlərinizə görə
Polşanın ən yüksək "Komandor"
ordeni ilə təltif
olunmağınız zəhmətinizin haqlı bəhrəsidir.
"Ədəbiyyatda
Nobel mükafatları laureatları",
"Səməd Ağaoğlu. Hekayələr,
memuarlar", "Əhməd bəy Ağaoğlu. Seçilmiş əsərləri", "Behbudxan
Cavanşirin məhkəmə prosesi", "Azərbaycan Paris
sülh konfransında", "Son illərin yazıları" kimi tərtib etdiyiniz və
ya qələminizin məhsulu olan bir-birindən maraqlı
kitablarınızı filologiya üzrə
fəlsəfə doktoru Asif
Rüstəmli sizin adınızdan mənə
hədiyyə edib.
Hər
ikinizə təşəkkür edirəm.
Vilayət
müəllim, Azərbaycanı təmsil etdiyiniz
Macarıstanla bağlı bir nisgilimiz var. Bu nisgilimiz qeyrətli
soydaşımız Ramil Səfərovla
bağlıdır. Ümid edirik ki, dəyərli bir azərbaycanlı kimi onun hüquqlarının bərpa
olunmasında əlinizdən gələni əsirgəməyəcəksiniz.
Sizə
diplomatik fəaliyyətinizdə və
yaradıcılığınızda yeni-yeni
uğurlar diləyirəm.
Hörmətlə,
Qəzənfər PAŞAYEV
10.07.2011
Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.-
S.3.