“Üsyankar
Xaqani”
Yalnız ədalətdir yaradan, quran,
Göyə
də ədalət dayaqdır hər an!
Xaqani
Moskvada
yaşayıb-yaradan həmyerlilərimizdən
yazıçı Əbdül Hüseynovun “Üsyankar Xaqani”
romanı XII əsr Azərbaycan intibahının görkəmli
nümayəndələrindən biri olan dahi Azərbaycan
şairi və filosofu Əfzələddin Xaqani Şirvaninin həyat
və yaradıcılığına həsr edilib.
Böyük mütəfəkkir şairin on yeddi min beytlik
divanı, iki poeması və 60 məktubu qorunub
saxlanılır. Bütün dövrlər ərzində
Xaqani yaradıcılığı Qərbi Avropa, Azərbaycan,
İran, Türkiyə tədqiqatçılarının diqqət
mərkəzində olub. Xaqani nəinki Azərbaycan ədəbiyyatında,
eləcə də bütün İslam dünyasında
tanınmış şəxsiyyətlərdən biridir.
Müəllif
bu kitabı şairin yaşadığı dönəmlə
bağlı tarixi sənədlərə və faktlara əsaslanaraq
yazmış, şairin yaşadığı gərgin
dövrün yaddaqalan mənzərələrini
yaratmışdır. Kitaba şair, Rusiya və Azərbaycan
Yazıçılar birliklərinin üzvü Nəsib Nəbioğlu
ön söz yazmışdır.
Əsrlər
boyu millətimizim formalaşmasında, milli dəyərlərimizin
yaranmasında və inkişafında şübhəsiz
ayrı-ayrı tarixi şəxsiyyətlərin, şairlərin,
filosofların, alimlərin böyük rolu olmuşdur.
Onlarsız milli dəyərlərimiz bir məna kəsb etməz.
Bu cür tarixi şəxsiyyətlərə onların
yaşadığı dönəmin gözü ilə baxmadan
qiymət vermək çətindir. Tariximizdə olduqca unikal, əvəzi
olmayan tarixi şəxsiyyətlərimiz var.
Zaman
keçdikcə tarixə qovuşan, öz xeyirxah işi və
xeyirxah əməli, bədii yaradıcılığı ilə
xalqın qəlbində yaşayan, tarixi şəxsiyyətlərimiz
yazıçı və şairlərimiz tərəfindən
heç də unudulmamış, onların bədii
obrazları mütəmadi olaraq ədəbiyyatımıza gətirilmişdir.
Yaradılmış obrazlar, istər tarixi hadisələr, istərsə
də tarixi şəxsiyyətlərin obrazları gerçək,
bədii prizmalardan əks etdirilmişdir. Bu şəxsiyyətlər
haqqında yazılan tarixi romanlar, onların həyatını,
ədəbi baxışlarını əks etdirməklə
yanaşı, həm də həmin şəxsiyyətlərin
Azərbaycanın ictimai-siyasi həyatındakı mövqelərini
də işıqlandırır.
Keçmişdə
baş verən tarixi həqiqətləri öyrənib
olduğu kimi qələmə almaq əslində
yazıçı və şairlərin deyil, tarixçilərin
işidir. Yazıçıların vəzifəsi tarixi həqiqəti
bədii həqiqətə çevirmək, real faktlara
söykənərək öz zəhmətinin ən
başlıcası isə öz təxəyyülünün
məhsulu kimi təqdim etməkdir.
Tarixi
keçmişimizə, tarixi şəxsiyyətlərimizə
həsr olunmuş çox sayda əsərlər olmasına
baxmayaraq, tariximizin neçə-neçə qaranlıq səhifələri
bu günə kimi yüzilliklərin dərinliklərində,
tarixin bağlı, açılmamış səhifələrində
qalmaqdadır.
Maraqlı
tarixi romanları tanınan yazıçılarımızdan
biri də Moskvada yaşayan görkəmli
yazıçımız Əbdül Hüseynovdur.
Əbdül
Hüseynov cismən vətəndən kənarda yaşasa da
sözün əsl mənasında ömrünü Azərbaycan
ədəbiyyatına, Şərq ədəbiyyatına və
mədəniyyətinə, onun təbliğinə həsr edən
azsaylı yazıçılarımızdandır. Ə.Hüseynov
bir tarixçi alim kimi uzun illər Türkiyədə,
İranda, Monqolustanda işləmiş bu ölkələrdə
işlədiyi illərdə Azərbaycanın tarixi, mədəniyyəti
ilə bağlı böyük axtarışlar aparmış
bütünlükdə boş vaxtlarını keçmiş
tariximizi öyrənməyə sərf etmişdir. Sonralar
çoxsaylı tarixi qeydlərinə əsaslanan
yazıçının qələmindən bir-birinin
ardınca "İslam dünyasının cəngavəri",
"Taxta çıxan əkinçi", "Qan
qardaşları", "Mustafa xanın xəzinəsi",
"Cənuba yürüş", "Bəhramgurun məhəbbəti
və kədəri" kimi tarixi romanlar, ümumiyyətlə
otuzdan çox əsəri çıxmışdır. Əbdül
Hüseynov bu əsərlərin əksəriyyətində Azərbaycanın
tarixi reallıqlarını aydın açıb göstərmiş,
müxtəlif taleli insan obrazlarını canlı və
dolğun şəkildə qələmə
almışdı. Romanlarında və hekayələrində
yaratdığı neçə-neçə yaddaqalan
canlı obrazlarıyla ədəbi fikrimizi zənginləşdirmişdir.
"Üsyankar
Xaqani" romanı onun Azərbaycan dilinə şair və
yazıçı Sultan Mərzilinin tərcüməsində
təqdim olunan ilk tarixi əsəridir.
Müəllif
"Üsyankar Xaqani" romanında XII əsrdə baş
vermiş tarixi hadisələri, Xaqaninin uşaqlıq və gənclik
illərini, Şirvanşahlar dövlətinin hakimiyyət
uğrundakı mübarizəsini, saray çəkişmələrini,
Azərbaycan xalqının yadelli işğalçılara
qarşı mübarizəsini sənətkarlıqla qələmə
almışdır. Romanda həmçinin Xaqaninin bir şair,
bir filosof və böyük bir sənətkar kimi yetişib
formalaşdığı tarixi şərait aydın təsvir
edilmişdir. Dahi şairin obrazıyla yanaşı Şirvan
şahı II Məniçöhr, onun vəliəhdi Axsitan, Əbülüla-Gəncəvi,
Kafıyəddin Ömər, Fəriburz, Xizram kimi tarixi şəxsiyyətlər
də yaddaqalan surətlərdir. Zəngin həyat təcrübəsinə,
istedadına, apardığı elmi araşdırmalara əsaslanaraq
yazıçı sanballı bir əsər ərsəyə
gətirmişdir. Dahi şairimiz Xaqaninin vəfatının
800 illiyinə həsr olunmuş bu qiymətli əsəri
oxuyan hər kəs o dövrlə bağlı daha geniş,
daha dolğun məlumat əldə edə bilir.
Görüşlərimizin
birində Əbdül müəllim sevinc və maraqla
danışmağa başladı: "1979-cu ildə qismət
məni İrana gətirmişdi. İşdən sonra boş
vaxtlarımda kitabxanalara, muzeylərə gedir, Azərbaycanla
bağlı, tariximizlə bağlı kitabları oxuyur,
özüm üçün qeydlər edirdim. Mənim bələdçim
məni olduqca maraqlı yerlərə aparır, məni
maraqlandıran suallara dolğun və məharətlə cavab
verir tariximizin mənimçün qaranlıq səhifələrinin
açılmasında mənə yaxından yardım edirdi.
Günlərin bir günü biz Təbrizin Surhab məhəlləsindəki
"şairlər qəbiristanlığı"na gəldik.
Təmtəraqlı qəbirlər arasında adi bir qəbirə
rast gəldim. Bu sadə qəbir Şərqin böyük
şairi və filosofu Xaqani Şirvaninin qəbri idi. Məni
fikir götürmüşdü. Xəyal məni yüzilliklərin
ortalarına 12-ci əsrə aparmışdı. Mənə
elə gəlirdi ki, Xaqaniylə danışıram və elə
həmin anlarda ürəyimdən Xaqani haqqında bir əsər
yazacağımı keçirirdim…"
Əbdül
müəllim sözünə əməl etdi, 80-illərin
ortalarında "Pliqrim iz Şirvana" - "Şirvanlı
zəvvar" adlı romanını yazıb nəşr
etdirdi. İndi isə biz həmin əsəri "Üsyankar
Xaqani" adıyla oxucularımızın diqqətinə
çatdırırıq.
Müəllif
istər müxtəlif görüşləri, baş verən
mühüm hadisələri, istərsə də şairin
üzləşdiyi məqamları kifayət qədər
canlı, obrazlı təsvir edərək fikirlərini dərin
məzmunlu, ibrətamiz fəlsəfi kəlamlarla zənginləşdirir.
Əsərdən götürülən kiçik bir təsvir
nümunəsində bunu aydın görmək
mümkündür.
"Çarpışma
ani oldu. Ədilin keşməkeşli səyahətlərdə
sərtləşmiş əli ilanı boynundan bir çərək
gerisindən yapışaraq döşəməyə
sıxdı. İlan quyruğunu şallaq kimi qoluna
çırpır, gah da dolayıb sıxaraq canını
qurtarmaq istəyirdi. Bədil həmişə belində olan
bıçağını siyirib sol əlilə döşəməyə
sıxdığı ilanın təpəsinin ortasından yerə
sancdı. İlan çabalayıb açılaraq yerə sərildi.
Xaqani onunla
danışırmış kimi, acıqla
pıçıldadı:
- Ey
Allahın heyvanı, sənin mənim evimdə nə işin
vardı ki, aqibətin də belə olaydı? Kim səni
göndərib, göylərmi? Doğrudanmı məni
Şirvanda gözləyən təhlükələr
dağlarda gördüklərimdən betər olacaq. Seyid mənə
şan-şöhrətə can atmağı tapşırmışdı,
amma rahat ömür də demişdi. Rahatlığın
düşməni isə, başqalarının
paxıllığıdır. Onlar min-min ilanlar kimi
sürünüb gələcəklər, məgər
hamısının öhdəsindən gəlməkmi
olar?..."
Əbdül
Hüseynovun bu romanı ümumilikdə Azərbaycanın
keçmişinə yeni baxış nöqteyi-nəzərindən
dəyərli və layiqli bir əsər kimi Azərbaycan
xalqına, bütün Xaqanisevərlərə qiymətli hədiyyədir.
Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.-
S.1.