Bütün evlərin qonağı
Azərbaycan radiosunun 85 illiyi ərəfəsində,
onun səsinə səs verən yerli radioların da fəaliyyətini
qeyd etmək lazımdır.
1926-cı
ildən milli radio
efirdədirsə, 1936-cı ildən Balakən radiosu
da balakənlilərin səsi deməkdir.
Bu ümid
qaynağı, sehirli qutu
həmişə bütün evlərin sevimli qonağına çevrilib.
Radio
jurnalistləri isə səslə işləyən yazar desəm, yəqin ki,
səhv etmərəm. Bunu 40 illik təcrübəyə əsaslanıb
deyirəm.
Respublika radiosunun kiçik bir səhnəsi olan Balakən
radiosunun da bu il 75 yaşı tamam olur… Radiomuzun
həyatında iki mühüm
hadisə unudulmazdır.
1986-1996-cı
illər. Yubiley tədbirləri. Xalq yazıçısı, radioda
uzun müddət
çalışmış Mövlud
Süleymanlının albomumuza
yazdığı ürək sözləri, efir
dalğalarında işləyənlərin əməyini
yüksək qiymətləndirməsi bir jurnalist kimi məni də
hədsiz sevindirir.
1979-cu
ildə SSRİ Jurnalistlər Birliyinə üzv
qəbul olunanda sevimli
radionun keşməkeşli yollarından
ayrılmayacağımı bildirmişdim.
Əyalət müxbiri kimi
bu gün də fəaliyyətimi
davam etdirir,
vaxtaşırı milli radionun
qonağı oluram. Respublika mətbuatında da imzam var…
Balakən xəbərləri ilə hər dəfə efirə
çıxanda rahat nəfəs
alıram. Əlçatmaz, ünyetməz radio
dalğaları səfərə çıxanların, evdar anaların, ağbirçək nənə
və babaların daim sevinc
yeridir, yol-yoldaşıdır.
Heç
yadımdan çıxmaz, 1976-cı illərin isti
iyul - taxıl biçini
kampaniyası dövrü idi…
Həftədə üç dəfə
efirə çıxan yerli radio texniki səbəblərdən
üç gün susdu. 80 yaşlı Əbülfəz baba, 90 yaşlı İmiş
nənə redaksiyaya zəng vurdular.
-
Ay qızım, yerli xəbərləri
dinləyə bilmirik, raykoma
şikayət lazımdısa biz edək,
nə vaxt bizi sevindirəcəksən,
darıxırıq axı?!
1970-ci
ildə radioya gələrkən bərk həyəcan
keçirirdim ki, balakənlilərin
rəğbətini qazana biləcəyəmmi?
Səsimi dinləyənlər nə deyəcək?
Artıq
40 ildir ki, radio məni səadətə yetirib
- ünvanıma xoş sözlər deyilib.
Nəsibə Zeynalovanın, Əzizə
Cəfərzadənin, Bəxtiyar Vahabzadənin və digər
korifeylərin lent yazıları, fotoşəkilləri
indi radionun tarixinə
çevrilib. İşlədiyim müddətdə
səsin ecazkar qüvvəsini, onun təsir gücünü
hiss etmişəm, indi
də duyuram, həvəslə
yaşayıram.
Əməkdar
jurnalist Telman Qarayevə,
Mailə Muradxanlıya, Qaçay
Köçərliyə, Fəridə
Aslanbəyovaya minnətdaram.
O
zamanlar seminarlar
keçirilərdi, bilmədiklərimizi ana
radiomuzdan öyrənərdik. Studiyalarda bizi
sınağa çəkərdilər.
Canlı
yayımlarda dəfələrlə
çıxışlarım olub. Sevimli şagirdim
hazırda "Gənclik" redaksiyasının böyük redaktoru,
gözəl jurnalist verilişləri ilə
hamının diqqətini cəlb edən Aybəniz Məmmədəliyevanın
adını hörmətlə çəkirəm, zəngini
gözləyirəm. Axşamüstü
süfrə başında kənd həyatımızda tez-tez əlimizdə radio
Aybənizin verilişlərini izləyir, gənclər onun səsini tanıyır, mənə zəng
çalıb deyirlər:
-
Müəllimə, şagirdiniz efirdədir.
Bir dünya
sevinc mənə bəxş olunur bu zənglərdə,
inanın…
Yadıma
nənəmin xatirələri düşür:
-
Ay bala, radiolar təzəlikcə az-az
evlərdə var idi.
O qədər avam idik
ki, ona qulaq
asanda düşünürdük
ki, qutunun içində
yəqin adam var.
Mahama
dayı kimi. Bilirsiz o kim olub?
Kəndin
çobanı… Mahama dayı kənddə
seçilirdi, çoxlu qoyun-quzusu var idi. İlk
dəfə kənddə onun radiosu olub. Bir gün o namaz
qılanda radioya deyib: "Sən sus, mən namaz qılım,
sonra danış."
Dəstəmaz
alıb gəlib, görüb radio yenə oxuyur:
"Atadan-anadan yar şirin olar gülüm…" və s. nəğmələr…
Kişi
hirslənib. Bu tərbiyəsizə bax, vurub qutunun başına.
Ertəsi günü samavarın başına
ailəlikcə yığılıb çay içərkən
yadına radio düşüb. Arvadına deyib:
- Ay Pitimat,
aç görüm qutunu nə danışır? Yenə o mahnınımı oxuyur?
Arvad
düyməni basır. Xırıltılı səs otağa dolur, birdən
səs kəsilir.
- Ay kişi, niyə radio işləmir… dünən
oxuyurdu axı? - Arvadı soruşur.
Mahama
dayı əhvalatı danışır.
- Yəqin
küsüb. Mən ona dedim namaz qılıram sən kiri, o
kirimədi.
Mən də
başına vurdum, yəqin küsüb: Bəli, radio həmişə
xidmətimizdə olub. Müharibə illərində
həsrətlə onun ətrafına toplaşıb son xəbərləri
dinləmişik. İlk qələbəni
də, onun sevincini də onunla paylaşmışıq.
Allah
qoysa Qarabağımızın alınmasını da heç
şübhəsiz, ilk dəfə radiodan eşidəcəyik. O gün uzaqda deyil.
Zərxanım
Əhmədlini də mən 30 ildən çoxdur ki,
tanıyıram. Qələmini də, səsini də çox bəyənirəm.
Jurnalist həmkarıma
deyirəm: Nə yaxşı ki, radio var, onu yaşadan jurnalist
kollektivləri var.
Hamıya
ürəkdolusu sağ olun demək istəyirəm. Bizə örnək olan milli radiomuza
yaradıcılıq uğurları diləklərilə:
Zümrüd Həmzət qızı,
Balakən rayon radio verilişləri
redaksiyasının
redaktoru
Respublika Jurnalistlər Birliyinin üzvü
Haşiyə:
Bibim Səfiyyə xanım Dibirovanın ev
kitabxanasında mətbuatı oxuyurdum. Təzə "Ədəbiyyat
qəzeti"ni vərəqləyəndə
keçmiş radio işçisi, mənə bu yolda səbir
diləyən T.Paşazadə haqqında oxudum.
1978-ci
ildə Jurnalistlər Birliyinə üzv qəbul olunmaq
üçün zəmanət verənlərdən biri o
olmuşdu. Biz yerli radio onlara tabe olmasaq da, o, Balakənə zəng
vurub, qəzet redaktorunun niyə mənə zəmanət vermədiyini,
qadınların bu sahədə irəli çəkilməsinə
ehtiyac olduğunu söylədi. Beləliklə, mən rayonda birinci olaraq Birliyə keçdim.
Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.-
S.2.