Azərbaycan radiosu – 85

 

“Nə yaxşı ki, siz varsınız...”

  

Şair Cabir Novruzun bir şeri var. Deyir :

 

Sağlığında qiymət verin

insanlara

Yaxşılara sağlığında yaxşı

deyin.

 

Cabir Novruz bu misraları ilə əslində insanları çox böyük bir xeyirxahlığa, savaba çağırır. Çünki Yer üzünün əşrəfi sayılan insana verilən dəyər bütün dəyərlərin fövqündə durmalıdır. Bu dəyərin ölçü vahidi isə ikicə kəlmə xoş söz də ola bilər. Nə yaxşı ki, siz varsınız deyib, kiminsə xeyirxah əməllərini sadəcə ona xatırlatmaqla da ola bilər. Bu silsilədən bu günkü ilk söhbətim Azərbaycanın ilk qadın radio jurnalisti haqqında olacaq. İlk qadın reportyor. Ağır çəkili səsyazma aparatı ilə müxtəlif məkanlardan reportaj hazırlayan ilk qadın radio jurnalist. Tanış olun: Məryəm Zöhrabova. O illərin radio dinləyiciləri yəqin ki, onu xatırlayırlar. Amma təbiidir ki, bir çoxunun da onun haqqında geniş məlumatı yoxdur. Məryəm xanım Şuşanın məşhur Zöhrabbəyovlar nəslindəndir. Onun nəsil şəcərəsinin şərəfli ömür yolunu, Zörabbəyovların Şuşanın ictimai-siyasi, mədəni həyatındakı böyük xidmətlərini bir yazıda əhatə etmək qeyri-mümkündür. Odur ki, yalnız bu nəslin bir çox mənəvi dəyərlərini varlığında yaşadan bu xanımın özündən söhbət açmaq istəyirəm. Onunla son dəfə bir neçə il bundan qabaq bir ayaqüstü söhbətimiz olub. Bu yazını hazırlayarkən onunla yenidən görüşməyə bir ehtiyac duymadım. Çünki təqribən 30 ilə yaxın bir kollektivdə çalışmışıq. Gələn il inşaallah 80 yaşı tamam olacaq. 1954-cü ildə radioya gələndə 22 yaşı vardı. O zamana qədər radioda qadın reportyor yox idi. Ötən əsrin 50-ci illərində radioda işləməyin, o ağır texnika ilə obyektə gedib veriliş hazırlamağın , dövrün ictimai-siyasi həyatının nəbzini tutmağı bacarıb, operativ proqramlarla dinləyici qarşısına çıxmağın nə demək olduğunu o qaynar həyatı yaşayanlar bilər. Elə Məryəm xanımın özü kimi.

O, 1932-ci ildə Şuşada məşhur "Qarabağnamə"nin müəllifi Mir Mehdi Xəzaninin nəvəsi tacir Abbasqulu bəyin ailəsində anadan olub. 1939-cu ildə dövlətli ailələrə edilən təzyiqlər ucbatından onlar şəhəri tərk etmək məcburiyyətində qalaraq Bakıya köçüblər. Məryəm Zöhrabova orta təhsilini Bakının 7 nömrəli məktəbində alıb.

Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinin jurnalistika bölümünü 1954-cü ildə bitirib. Elə həmin ildən də görkəmli jurnalist, pedaqoq Nəsir İmanquliyevin dəvəti ilə radioda redaktor vəzifəsinə təyin olunub. Məryəm xanımın "Ana" radio jurnalına redaktor təyin edilməsi də bir növ alın yazısıdır. Mübaliğəsiz demək olar ki, "Ana" radio jurnalı Məryəm ananın radioda çalışdığı bütün illər boyu ən populyar, dəyərli verilişlərdən sayılırdı. Bu verilişdə respublikanın bütün bölgələrində yaşayan anaların, qadınların, qızların çalışdıqları sahələrdə qazandıqları uğurlardan, arzu istəklərindən, Azərbaycan qadınına xas olan mənəvi dəyərlərdən söhbət açılardı. O illərdə cəmiyyətin ən sayılıb -seçilən qadınları " Ana " radio proqramının qonağı olardılar. Bu verilişlə Məryəm xanımın analıq missiyası sanki daha çox artmış olurdı. Kollektivdə elə bir hadisə olmurdu ki, Məryəm xanım ona biganə qalmış olsun. Xüsusi ilə mənəvi dəyərlərin qorunması baxımından. Onun nəzərindən heç nə yayınmırdı. Hər kiçik hadisəyə də dərhal münasibət bildirirdi. O zaman bəziləri bunu birmənalı qarşılamırdı. Amma bu gün o illərə yenidən baxanda düşünürsən ki, nə yaxşı ki, o vaxt Məryəm xanım kimi insanlar varmış.

Məryəm xanım radionun həmkarlar ittifaqının sədri idi. Kollektivin bir çox üzvləri müxtəlif problemlərlə bağlı tez-tez ona müraciət edərdilər. O da imkan daxilində heç kəsdən öz mənəvi yardımını əsirgəməzdi. Gənc, istedadlı müxbirlərə xüsusi qayğı ilə yanaşardı. Ümumiyyətlə, o illərdə ştatdankənar müxbirlərlə iş böyük əhəmiyyət kəsb edərdi. Hər bir redaksiyanın qonorar büdcəsinin 60 faizi məhz kənar müəlliflərə verilərdi. Bu gənc müxbirlər üçün həm maddi, həm də mənəvi bir dəstək idi. Yaxşı yadımdadır, Məryəm xanımdan tez-tez tapşırıqlar alan müəlliflərdən biri Elmira Əmrah qızı idi. O Elmira ki, sonradan Azərbaycanın tanınmış radio jurnalistlərindən biri oldu.

Azərbaycanın ilk qadın radio jurnalisti olan Məryəm xanımın mikrofonla ünsiyyəti yarım əsrdən çox oldu. Yarım əsrdən çox müddət ərzində Məryəm ana hər səhər yalnız bir ünvana tələsdi. Mehdi Hüseyn - 1 ünvanına.

Lap nağıllarda olduğu kimi, illər ildırım sürətilə ötüb keçdi. Bir zaman az qala böyük bir kollektivə ana olan Məryəm xanım bu gün Fərəhin, Məhinin anası, bir nəvələrinin sevimli nənəsidir. Bu da böyük şərəfdir. O da şərəfdir ki, uzun illər görüşmədiyin insanlar sənin haqqında düşünsünlər, xeyirxah əməllərini dilə gətirsinlər. “Nə yaxşı ki, sən varsan” - desinlər.

Necə ki, bu gün çoxu deyir: Nə yaxşı ki, siz varsınız, Məryəm xanım! Doğmalarınızın, əzizlərinizin arasında neçə-neçə gözəl günlər yaşayın!

Siz Azərbaycanın ilk qadın radiojurnalisti kimi bu sahənin bütün çətinliklərinə mərdliklə sinə gərməyə özünüzdə güc tapdınız. Efir məkanının fədailərindən oldunuz. Qoy, sizin hünəriniz bu gün radio jurnalistikada çalışan bütün xanım həmkarlarınıza nümunə olsun.

 

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.- S.2.