Talelərlə oynayanda 

     

  Onun öz aləmi, öz dünyası vardı. Orta məktəb müəlliməsi idi. Şagirdlərinin uğuruna sevinir, sevdasızlığına təəssüflənirdi. Atasını, anasını itirmiş, ailə həyatı qurmamış bu 41 yaşlı qadın dünyada əslində tənha idi. Dərdini bölməyə, sirrini deməyə, ürəyindən keçənləri kiminləsə bölüşməyə bir simsarı yox idi. Uşaqlıqdan mehrini saldığı ulduzdan savayı. Tənhalıq ona güc gələndə o, həmin ulduza pənah aparır, onunla xısın-xısın dərdləşirdi. Ömür yolu relslər üzərində hərəkət edən, bu yolda dövr edən tramvaya bənzəyən qadının qarşısında günlərin birində bir kahkaşan - məhəbbət kainatı açılır. Ondan 3-4 yaş kiçik şagirdi qapısını döyür, saf məhəbbətdən dəm vuraraq onunla ailə həyatı qurur… Və…

Çox keçmir məlum olur ki, bu gənc kişi onun taleyilə oynamışdır, yalanlar söyləmiş, vaxtını keçirmək, pul qoparmaq üçün bir insan həyatı ilə əylənmişdir. İndi isə gizli oyunları açıq şəkildə davam etdirmək istəyir, həyasızlaşır, mənən pak bir insana gələcək həyatını əxlaqsızlıqla qurmağı təklif edir. Amma bir məsələni unudur; hər bir insanın, hər bir qurumun, hər bir cəmiyyətin əxlaqı ilə oynamaq, onu aldatmaq, ləyaqətini təhqir etmək nə qədər xatalıdır. Onların qisası, intiqamı yaman olur. İstər bir insan olsun, istərsə də bir xalq, ya bir millət. Sonda elə də olur. Qadın onun ləyaqətini alçaltmış, ona təhqiramiz münasibət bəsləyən Gənc kişidən heyfini çıxır, qisasını alır, onu zəhərləyib öldürərək "qatilə" çevrilir.

Xalq yazıçısı Elçinin "Qatil" pyesinin qısa məzmunu belədir. Bu günlər H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında bu pyes əsasında hazırlanan tamaşada müəllif ideyasından çıxış edən yaradıcı heyət bir problemi açmaq istəyir - kimdir qatil? Bir insanın timsalında cəmiyyətin həyatına qəsd edən, onu mənəviyyatsızlığa doğru sürükləyən Gənc kişimi, yoxsa ondan qisasını alan Qadınmı?! Tamaşa bütöv halda Qadına haqq verir. Çünki tamaşaçı simpatiyası, məhəbbəti onun tərəfindədir. Elə quruluşçu rejissor Firudin Məhərrəmov da qarşına bu məqsədi qoyub. Həm rejissorun, həm də quruluşçu rəssam Sevinc Həsənovanın işi diqqəti çəkir.

Əsərdən məlum olduğu kimi, hadisələr bir məkanda - Qadının otağında baş verir. Əsərdə mətbəxdə baş verən hadisələr barəsində isə biz obrazların dilindən eşidirik. Amma Sumqayıt tamaşasında mətbəxin divarı kətan parçadan verilib. Oradan olan hadisələri, qoyulan əşyaları tamaşaçı siluetlər vasitəsi ilə görür. Beləliklə, ikili təsvir "arxa" planda baş verən hadisələri də canlandırmağa, tamaşaçıya əyani çatdırmağa kömək edir. Digər tərəfdən, otaqda qoyulmuş televizordan tamaşanın musiqi tərtibatında vasitə kimi istifadə edilir. Daha doğrusu, o şərti musiqini təbiiləşdirməkdə vasitə olur. Musiqi isə obrazların, xüsusən də Gənc kişi obrazının xarakterinin açılmasına kömək edir.

Əsərdən fərqli olaraq tamaşada 4 obraz saxlanılıb. Daha doğrusu, bir obraz - şagird Həsənzadənin anasının obrazı ixtisar edilib. Lakin dialoqlarda adı qaldığından bu obrazın əsərdən çıxarılması o qədər də sezilmir.

Sumqayıtlı aktyorların ifasında "Qatil"də iki obrazın ifaçısı xüsusilə uğurlu seçilmişdir - Gənc kişi rolunda Oktay Mehdiyev və Qadın rolunda Xatirə Süleymanova.

Qadın - Xatirə Süleymanova hələ gözəlliyini itirməyib, təravətlidir. Sifətində cazibə, səsində lətafət var. Müəllif əsərin sonunda, qisas aldığı səhnəyə hazırlaşdırmaq üçün onu kimya müəlliməsi kimi verir. Aktrisanın ifasında Qadın əsərin birinci hissəsində Qonşu qadınla söhbətlərində, Gənc kişinin gəlişi anlarında təbiidir. Budur, o, sevir. Qarşısında yeni dünya açılıb. O, sevdiyi insana, keçmiş şagirdinə inanıb. O, igiddir. Vətənin azadlığı uğrunda vuruşub. Namusludur. Kimsəsiz bir qızın namusunu qorumaq üstündə həbsxanaya düşməkdən belə çəkinməyib. Savadlıdır. Geniş mütaliəsi var. Bir çox əsərlərin qəhrəmanlarından sitatlar gətirir. Boy-buxunlu, qəddi-qamətlidir. Niyə də xoşbəxt olmasın? Ona elə gəlir ki, sevgilisinin yeganə qüsuru tapa bilməməsidir. Onu da özünə dərd eləmir. Düşünür ki, ona da bir əncam çəkər. Dərs dediyi Həsənzadənin atası haradasa böyük bir vəzifədə çalışır. Həmişə də uşağa yüksək qiymət yazdırmaq istəyiblər. Amma müəllimənin haqlı mübarizəsini, iradəsini sındıra bilməyiblər. Deməli, indi arzularına çata bilərlər.

Bu səhnələrdə Qadın - Xatirə Süleymanova uçmağa qanad tapmır. O, sevgisinə qovuşub. Onunla birgə yurdsuz-yuvasız bir insan - keçmiş şagirdi Gənc kişi də xoşbəxtliyini tapıb. Aktrisa ilk səhnədəki tənhalıqdan uzaqlaşıb sevgisinə qovuşmasına keçid anını inandırıcı oynayır. Amma istərdik ki, Gənc kişinin onu aldatdığını, onun kimsəsizliyindən istifadə edərək basına müsibətlər açdığı səhnələrdə də fəal olaydı. Obrazın sarsıntılarını, onu "qatilliyə" aparan məqamları dərin psixoloji çalarlarla verəydi. Bu işdə pyesin janrını psixoloji dram kimi təyin edən quruluşçu rejissorun da ona köməyi dəyə bilərdi. Bəlkə bu məsələdə mətbəxdəki kimya "laboratoriya"sından istifadə etmək olardı. Amma bütünlükdə Xatirə Süleymanova daxili potensialı olan bir aktrisa kimi öz ifası ilə diqqəti çəkir. Xüsusən də, "Ulduzlar aləmi" səhnəsində.

Müəllif insanın öz ideallarına, arzularına qovuşmağın çətinliyini, bəlkə də mümkünsüzlüyünü göstərmək üçün baş obrazın yuxusu vasitəsi ilə əsərdə ulduzlar aləmi səhnəsini təsvir etmişdir. Xatirə xanım burada obrazın daxili tərəddüdünü, dünyanın hər yerində olduğu kimi, insanın ideallarına ləyaqətli yollarla qovuşmağının çətinliyini açıb göstərir. Obrazın tərəddüdləri, xasiyyətindəki təmizlikdən əl çəkə bilməməsi (hətta ən böyük idealı yolunda belə) bu səhnələrdə tamaşaçı diqqətindən yayınmır.

Gənc kişi rolunun ifaçısı Oktay Mehdiyev ilk səhnələrdə - Qadınla görüş anlarında obrazın yazıq, kimsəsiz cildinə girə bilməsi bacarığını çatdıra bilir. Əslində əsərdə yağışlı gün bir tərəfdən Gənc kişinin Qadının evinə girməsi üçün bir bəhanə kimi verilmişdisə, digər tərəfdən simvolik məna daşıyır. Bu yağış əslində Qadının taleyinə düşən yağmurdur. Aktyorun oyununda diqqəti çəkən məqamlardan biriodur ki, o, tənha anlarında obrazın əsl xislətini, avara olmasını, məsuliyyətsizliyini tamaşaçıya çatdıra bilir. O, tənha anlarında divanın üstünə yayxanıb televizorun səsini qaldıraraq qeyri-ciddi musiqiyə qulaq asır. Bir sözlə, Oktay Mehdiyevin ifasında Gənc kişinin Qadınla görüşdüyü səhnələrlə tək olduğu səhnələr arasındakı fərq aydın şəkildə sezilir.

Aktyorun ifasında yalanı yalan dalınca deyən, oxuduğu kitabların qəhrəmanlarından gətirdiyi sitatları ancaq xeyiri üçün işlədən, vaxtilə oğurluq üstündə həbs olunmuş, Qarabağ kimi yaralı bir dərdlə alver edən insanın bütün xisləti, iyrənclikləri üzə çıxır. Bütün bunlar bilinəndə Qadın ona - "Bura bax, sən öz bədbəxtliyinin, öz acizliyinin intiqamını məndən alırsan?" - deyə sual verəndə onun həyasız şəkildə" - Mən niyə bədbəxt oluram? Gör, kim mənə aciz deyir?! Səndən aciz adam var, dünyada?" - cavabını qaytarması səhnəsində Gənc kişi - Oktay Mehdiyev daha da həyasızlaşır. Əslində, bu səhnədə Qadın başa düşür ki, bu həyasızdan can qurtarmağın bir yolu var; onu qətlə yetirmək. Daha doğrusu, qətli haqqında fərmanı Gənc kişi özü verir. Oktay Mehdiyev Gənc kişinin ölüm səhnəsində yaşamaq istəməsi ehtirasını da tamaşaçıya çatdırır.

Qonşu qadın rolunda Növrəstə Həşimova səmimi, saf qonşu obrazını yaratmağa çalışır. Ömründə qatil tutmaq arzusu ilə yaşayan Qonşu kişi - polis işçisi rolunda İlqar İbrahimovun ilk səhnələrdəki oyunu xoş təsir bağışlayır. Uzun müddət polisdə işlədiyi illərdə cəmi 1-2 qanunpozan tutan bir insanın - xeyirxah, yaşlı polis işçisinin rolu ona yaraşır. Amma əsərin sonunda onun ən böyük "arzusuna" qovuşması, qatillə üzləşməsi səhnəsində bir qədər diqqətli olmalıydı. Çünki təmiz polis işçisinin dünyada ən pak qadın kimi tanıdığı bir şəxsin "qatilə" çevrilməsi səhnəsində aktyor təkcə müəllif mətnindəki "İstəmirəm… istəmirəm…" kəlmələrini deməklə kifayətlənməməliydi. Aktyorluq sənətinin imkanlarından istifadə edib obrazın daxili, psixoloji sarsıntılarını verəydi.

Tamaşanın uğurunda onun musiqisininxüsusi payı var. Telman Qəniyevin tərtib etdiyi musiqi demək olar ki, psixoloji anlarda vaxtında səslənir.

Tamaşa sona yetir. İstər-istəməz tamaşaçı özünə bir sual verir: Kimdir qatil?! Kimdir günahkar? Əgər cəmiyyətin hüquqi qanunları ilə yanaşsaq, şübhəsiz, qadın. Çünki o adam öldürüb. Amma tamaşanın bizə təlqin etdiyi mətləb isə başqa bir fikri canlandırır. Əsl qatil xalqın, insanın inamından sui-istifadə edənlərdir. Onların mənəviyyatı ilə oynayanlar öz xeyirləri üçün cilddən-cildə girib sərvətlərini talamağa çalışanlardır. Görəsən onları da bu əsərdəki qatilə tətbiq oluna biləcək cəza gözləyirmi? Elə "Qatil" tamaşasında da bu suala cavab axtarır.

Yeri gəlmişkən deyək ki, "Qatil" 2002-ci ildə yazılmış, 2003-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Sonrakı illərdə həmin əsər S.Vurğun adına Rus Dram Teatrının, Türkiyə teatrlarının səhnəsində uğurla hazırlanmışdır.

 

 

Atababa İsmayıloğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.- S.2-3.