Yazıçılar Birliyində

 

İyulun 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Yeni Azərbaycan Partiyasının dəvətilə Azərbaycana səfərə gəlmiş Rumıniya nümayəndə heyətinin üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Birliyin birinci katibi, xalq şairi Fikrət Qoca, Nazim İbrahimov, Arif Əmrahoğlu, Milli Məclisin üzvləri Hüseynbala Mirələmov, Asəf Hacıyev və başqaları iştirak edirdilər. Anar qonaqları salamlayaraq Yazıçılar Birliyinin yaranma tarixi, mətbu orqanları, bölmələri, üzvləri haqqında qonaqlara məlumat verdi.

Nümayəndə heyətinin sədri, Buxarest şəhərinin II sektorunun meri Dk. Nekulay Ontsanu çıxış edərək Rumıniya-Azərbaycan dostluq əlaqələrindən, mədəniyyət, ədəbiyyat sahəsindəki fəaliyyətlərindən, Azərbaycan yazarlarının rumın dilində nəşr olunan kitablarından, mədəniyyət, incəsənət, elm xadimlərinin azərbaycanlı həmkarları arasında genişlənən münasibətlərdən söz açdı.

Görüşün sonunda Nekulay Ontsanu Anara xatirə hədiyyəsi təqdim etdi.

 

***

 

Bu günlərdə millət vəkili Qənirə Paşayeva Azərbaycan Yazıçılar Birliyinin qonağı olmuş, xalq yazıçısı, AYB-nin sədri Anarla olan söhbət zamanı milli söz sənətinin inkişaf perspektivləri, ədəbiyyatımızın, xüsusən xaricdə, o cümlədən soydaşlarımızın sıx yaşadıqları bölgələrdə təbliği məsələləri müzakirə olunmuşdur. Katib A.Əmrahoğlunun və "Ulduz" dərgisinin baş redaktoru E.Hüseynbəylinin də iştirak etdiyi tədbirin sonunda Q.Paşayevaya Azərbaycan Yazıçılar Birliyinin üzvlük bileti təqdim olunmuşdur.

 

***

 

Müasir mərhələdə bütövlükdə həyatın bütün sahələrini, o cümlədən bədii ədəbiyyatın inkişafını və təbliğini internetsiz təsvir etmək mümkün deyildir.

Hazırda ölkəmizdə ədəbiyyatla, mədəniyyətlə bağlı çoxsaylı resurslar fəaliyyət göstərir. Bunların sırasında Aydın Xanın bir neçə il əvvəl yaratdığı Milli Virtual Kitabxana portalının öz yeri vardır. Bu günlərdə portal, yaradıjısının təşəbbüsü və istəyi ilə Azərbaycan Yazıçılar Birliyinın resursuna çevrilmişdir. Portal Yazıçılar Birliyinin mənəvi, maddi dəstəyi və Aydın Xanın rəhbərliyi ilə fəaliyyətini davam etdirəcək, Azərbaycan Yazıçılar Birliyinin öz saytı isə müstəqil resurs kimi qalacaqdır.

 

 

 Ədəbiyyat qəzeti.- 2011.- 15 iyul.- S.2.