İki heca

 

Səhər oyan, gecə yat,

Qulaq söykə balınca.

İki hecadır həyat,

Ölüm iki heca.

 

İki hecadır Günəş,

İki hecadır işıq.

Biri göyə yaraşıq,

Biri yerlə barışıq.

 

Torpaq da iki heca,

İnsan da iki heca.

Deynədə iki heca,

Yazanda iki heca.

 

Gülzar da iki heca,

Məzar da iki heca.

 

Gör bir necədi dünya,

Gör bir necədi aləm.

İki hecadı dünya,

İki hecadı aləm.

 

Bir hecalıq o başa,

Bir hecalıq bu başa.

İki hecadır ömür,

Yaşa, qardaşım, yaşa

 

 

O səsin ardınca

 

Anam Sara xanımın xatirəsinə

 

Bu da bir qəribə, sirli möcüzə,

Bu da bir müəmma, açılmaz qapı.

Məni haraylayan, çağıran səsə

Cavab verməmişdən ürəyim qopur.

 

O səsə təşnəyəm, çat-çatdı bağrım,

O səsin ardınca uçan dəliyəm.

O səsdir əzabım, o səsdir ağrım,

Bu möcüzədir? Mən bilməliyəm

Bax, bu əllərimlə bükmüşəm ağa,

Sızlayıb-ötmüşəm göz yaşlarımla.

Anamı tapşırıb ana torpağa

Üstünü örtmüşəm göz yaşlarımla.

 

Başa düşməmişəm bu fəndi mən ,

İlahi ağlımı alıbmış, demə.

Anam o dünyaya köçüb gedəndə

Səsi bu dünyada qalıbmış, demə.

 

O səs itib getsə, mənim sonumdur,

O səs var, köksümü didirəm hələ.

O səs son ümidim, son gümanımdır,

O səsin ardınca gedirəm hələ

2006

 

 

Doğuş

 

Günəşin aşiqi Yerdir,

Yerin aşiqi Günəş.

Dəniz Günəşi doğur,

İşığı Günəş.

 

Sahildə oynaşan dalğalar -

Dənizin nadincləri.

Həm izdivacdan

doğulanları var,

Həm bicləri.

 

Yan-yanaşı

Eyni məkanda

Torpaq çiçək doğur,

Qaratikan da.

 

Dünya nizamla qurulub,

Heç bir qüsuru yoxdur.

Daşda da gül bitir,

Heç nəyin qısırı yoxdur.

 

varsa, hamilədir,

Doğuşdadır bütün aləm.

Başdan fikir doğur,

Ürəkdən sevinc, ələm.

 

Kimdir kökünə varan,

Kimdir bu sirri açan:

Dağ var -

Şir ürəkli oğul doğur,

Dağ var -

qorxaq siçan.

 

HayıfÇoxdur dünyada

Alababat, miyanə

Mərdləri analar doğur,

Namərdləri zamanə

 

 

Belə olur həmişə

 

Onda ki, canavarlar

Quzu cildi geyirlər,

Sürünü xımır-xımır,

Qanlı-qanlı yeyirlər.

Əllərindən qan daman

Oğruya "Can!" deyirlər,

Doğru çəkilir şişə

Belə olur həmişə

 

Tülkü böyüklük edir

Vergiyə, sığortaya,

Dərin soyulan zaman

Bir kimsə gəlmir haya,

Bu dünya qurulandan

Şeytan girib ortaya,

Tanrı çəkilib ərşə

Belə olub həmişə

 

Nizam-intizam güdən

Arılardır pətəkdə,

Ona da şərbət verib

Oynadırlar küləkdə.

Bir baxıb görürsən

Yaxşı qalıb ətəkdə,

Yaman dırmanıb döşə

Belə olur həmişə

 

Vətən dara düşəndə

Siçanlar deşik gəzir,

Şirlərin meydanında

Quyruqsuz pişik gəzir.

Şöhrət, mənsəb dalınca

Bir sürü düşük gəzir,

Yaltaqlıq olur peşə

Belə olur həmişə

 

Onda ki, namərdlərin

Başına gül ələnir,

Od götürən şairin

Köksünə kül ələnir.

Petefilər döyüşür,

Müşfiqlər güllələnir,

Qan çilənir Günəşə

Belə olur həmişə

Belə olub həmişə

Ağaclar qaça bilmir

 

 

Fikrət Qocaya

 

Hər namərddən qaçan var,

Qəmdən, dərddən qaçan var.

Dərd ardınca düşəndə

Çıxıb kənddən qaçan var

Ağaclar qaça bilmir.

 

Tülküdən dovşan qaçır,

Qana bulaşan qaçır.

Bu meşədə ilişən,

İşi dolaşan qaçır

Ağaclar qaça bilmir.

 

Elə ki, tufan qopur,

Hərə bir səmtə çapır.

Quşlar hava yolunda,

Siçanlar bir yer tapır

Ağaclar qaça bilmir

 

Sökülməmiş hələ dan

Girir meşəyə nadan.

Donquldanır, hirslənir,

Ayı çıxır aradan

Ağaclar qaça bilmir

 

Dağ çəkilir dağ üstə,

Qırğındır torpaq üstə.

Yarısı şəhid düşüb,

Yarısı ayaq üstə

Ağaclar qaca bilmir

 

 

Mən bu dünyadan deyiləm

 

Mən - haqqa sığınan ozan,

Mən bu dünyadan deyiləm.

Məni hardan tanıyasan?

Mən bu dünyadan deyiləm.

 

Mayam Günəşdən süzülüb,

Ömrümə illər düzülüb.

Ayağım yerdən üzülüb,

Mən bu dünyadan deyiləm.

 

Mən öz zəmimi biçmişəm,

Dəni samandan seçmişəm.

Qıl körpüsündən keçmişəm,

Mən bu dünyadan deyiləm.

 

Özünü tay tutma mənə,

Kalsan, kal söz atma mənə,

Əlini uzatma mənə,

Mən bu dünyadan deyiləm.

 

 

Ağasəfa

 

Ədəbiyyat qəzeti.- 2011.- 10 iyun.- S.6.