Şairlik həqiqət aşiqliyidi

 

Müsahibimiz şair-tərcüməçi Akif Azalpdır

     

  - Akif müəllim, ötən il dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 570 illiyi münasibətilə onun Bakıdakı heykəli önündə düzənlənən tədbirdə Azərbaycan-özbək ədəbi əlaqələri haqqında etdiyiniz çıxışda qardaş xalqın ədəbi-mədəni həyatına bəslədiyiniz dərin sevgi hissi üst qatdaydı. Əslində bu söhbətin əvvəli elə həmin məqamdan, o sevgidən başlayır…

- Bilirsinizmi, bu iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinin dərin kökləri var. Özbəkistanda dahi Azərbaycan şairləri Nizami, Nəsimi, Füzuli və başqaları nə qədər böyük sayğı və məhəbbətlə yad edilir, oxunursa, Azərbaycanda da elə adını çəkdiyiniz görkəmli özbək şairi Nəvai eyni dərəcədə tanınır, tədqiq olunur. Eyni zamanda özbək şairəsi Zülfiyyə… Bu münasibət kökdən, tarixi ilişgilərdən, ruh birliyindən gəlir. Eyni atanın övladları olan türk xalqlarının təməli ədəbi düşüncədə, poeziya qatlarında ləyaqətlə hifz olunur. Tədqiq etdikcə, öyrəndikcə görürük ki, ulu öndər Heydər Əliyev demişkən, xalqlarımız bir bütövün yarıları kimidir. Mənim özbək ədəbiyyatına marağım həmin o bütövlükdən gəlir.

- Yəqin ki, ali təhsilinizi Özbəkistanda almağınız da bu münasibətdən qaynaqlanır…

- Bu da qəribə bir tale işidi… Bakı Dövlət Universitetinin üçüncü kursunda oxuyurdum. Türk xalqlarının ədəbiyyatına olan böyük marağımızı nəzərə alıb məni və tələbə yoldaşım Yaşar Qasımbəylini Daşkənd Dövlət Universitetinə köçürdülər. Təhsilimizi orada davam etdirdik. Şübhəsiz ki, bu, mənim özbək ədəbiyyatı, özbək dili üzrə mütəxəssis kimi yetişməyimdə xüsusi rol oynadı. İş elə gətirdi ki, orada aspiranturaya da daxil oldum, "Türkdilli poeziyada tuyuq janrı" mövzusunda elmi iş müdafiə etdim, Əlişir Nəvai adına Ədəbiyyat İnstitutunda əmək fəaliyyətinə başladım. Ömrümün otuz ili bu möhtəşəm elm ocağında keçib. Təbii ki, Nəvainin Bakıdakı heykəli önündə etdiyim çıxışın elə ürəkdən gəlməsində mənim həm də bu dahi şairin adını daşıyan mötəbər bir elm ocağında çalışmağımın özəl payı var. Bayaq da dedim, bu sevgi qarşılıqlıdı, Özbəkistanda bizim klassik ədəbiyyatımıza böyük sevgi və maraq var. Təkrar olsa da, deməliyəm ki, bu baxımdan Nizami, Nəsimi və Füzuli ön sırada dayanır. Hər üç dahi şairimiz haqqında Özbəkistanda kifayət qədər dəyərli tədqiqat əsərləri yazılıb. Bu prosesdə dillərinin tarixi ilişkiləri, anlaqlı olması da müstəsna rol oynayıb. Bu gün Özbəkistanda Yusif Səmədoğlu, Anar, Elçin, Əkrəm Əylisli, Vaqif Səmədoğlu, Fikrət Qoca, Ayaz Vəfalı və Ağamalı Sadiq Əfəndini yaxşı tanıyır və maraqla oxuyurlar. Elə mənim özümün tərcüməmdə Azərbaycanın bir çox şair və yazıçılarının əsərləri özbək oxucularına təqdim olunub. 2004-2008-ci illərdə hər iki qardaş ölkənin dövlət başçılarının yüksək səviyyədə baş tutan görüşləri bütün sahələrdə olduğu kimi, Azərbaycan-özbək ədəbi ənənələrinin inkişafına da yeni stimul verdi, bu sahədə yeni mərhələ oldu. Deyim ki, bizdə olduğu kimi, Özbəkistanda da ədəbiyyatın, mədəniyyətin inkişafına yetərli şəkildə dövlət dəstəyi var. Bu münasibət türk mənəviyyatından irəli gəlir.

- Akif müəllim, çağdaş Azərbaycan ədəbi həyatında müxtəlif "izm"lər qütbləşməsi daha qabarıq hiss olunmaqdadı. Bu proses hazırkı özbək ədəbiyyatına nə dərəcədə sirayət edib?

- Deyim ki, ədəbi həyatdakı bu rəngbərənglik bu və ya digər dərəcədə çağdaş özbək ədəbiyyatında da özünü büruzə verir. Ancaq hesab edirəm kökdən gələn, kök üzərində yeniləşən sənət daha yaşarı olur. Böyük sənətə aparan bütün yolların sonucda gəlib Füzuliyə dirənməsi həqiqəti var. Əsas olan fikir, düşüncə genişliyi, istedad yüküdü. Ədəbi əsərlərin özülündə bu dəyərlər dayanmırsa, uzun müddət hafizədə qala bilmir. Yaradıcı adamın öncə içi, aurası olmalıdı, adamı öz cazibəsində saxlaya bilməsidi, ziyalı örnəyinə dönməlidi. Bu münasibət çağdaş həyatımız, günümüz üçün daha vacibdi. Adam hərdən doğma münasibət, diqqət aclığı çəkir, istəyirsən səni duyan, anlayan insanın yanında bitib qalasan. Bu qədər məktəblər, ali təhsil ocaqları var, ancaq görürsən ki, yenə də adam ziyalı aclığı çəkir. Hər an, hər dəqiqə Füzuli, Nəsimi, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Cəlil ziyalılığının aydın yeri həmişə görünməkdədi. Duyub, anlayan adam üçün ziyalı mühiti ayrı şeydi. Bax, indicə ayrı-ayrı dövrlərdə öz xalqının ədəbi-mədəni həyatına böyük töhfələr vermiş insanlardan bir neçəsinin adını çəkdim. Fikir verirəm ki, bu adları həm çəkənin, həm də eşidənlərin üz-gözü işıqlanır, adamın canından qəribə bir insanlıq enerjisi keçir. Bu, çağdaş insanın həmin o insanlıq enerjisinə olan ehtiyacına qapı açmaq kimidi. Könül yaxşı olan, munis olana dartınan yaya bənzər. Onun yıxlamı, axarı anlayıb-duyana sarıdı. Yaxın günlərdə Yazıçılar Birliyində xalq şairi Fikrət Qoca ilə bir xeyli türk xalqları ədəbiyyatının çağdaş əlaqələri, bu sahədəki problemlər haqqında söhbət etdik, düşüncələrimizi bölüşdük. Deyim ki, Fikrət müəllimlə eyni mövzunu, düşüncəni, eyni münasibəti paylaşmaq çox rahat, maraqlıdı. Onun diqqəti, qayğısı öz həmkarları ilə sadəcə olaraq adamı utandırır. Bayağılığa yer qoymur. Belə olanda adam düşünür, məmnun olur ki, sənin gördüyün işlərin qədir-qiymətini bilənlər var, bu çabaları etməyə dəyər.

- Anar müəllimin hazırlayıb nəşr etdirdiyi "Min beş yüz ilin Oğuz şeiri" antologiyasında sizin də bir neçə şeiriniz yer alıb, maraqla oxudum və düzünü deyim ki, o şeirlərin ruhu, enerjisi daha çox çəkdi məni.

- Nə deyim, vallah! Mənim üçün poeziya izaholunmaz duyğu kimidi. Şeirin var olması ruhun ehtiyacını ödəmək məqamıdı. Hərdən yazmaya bilmirəm. Ana dilində işıq üzü görən "Turan havası" adlı şeirlər kitabıma maraqlı ön söz yazan xalq şairi Fikrət Qoca da bu barədə öz düşüncələrini sərgiləyib. Deyim ki, bu kitab mənə daha əzizdi - həm ruhi yaşantılarımın ifadəçisi, həm də doğma ana dilimin daşıyıcısı olması baxımından. Hazırda bir neçə şeir toplumu nəşrə hazırlayıram. Onlardan birini "Qarabağ yürüşü" adlandırmışam. Bu kitab mənim üçün öz aktuallığına görə daha önəmlidir. Kitabda Qarabağ ağrısı, dərdi, bu itkini doğuran səbəblərə obyektiv münasibət bədii sözün dililə sərgilənib. Ötən əsrin doxsanıncı illərinin olaylarına bir yaradıcı insan kimi vətəndaş mövqeyi ucalığından münasibət bildirmək mənim borcumdu. Eynən həmin mövzunun daha geniş, daha dərin qatlarına işıq salmaq ehtiyacından araya-ərsəyə gələn "Türkmənçay" və "Habil" poemalarım, "Mələklərin eşqi" adlı mənzum dramım da bu ovqatdan rişələnib. Bu əsərlər bir növ mənim ruhumun şəkilləridi. Mən uyğur, xakas, şor, türkmən, tatar xalq mahnılarını da eyni ruhla dilimizə çevirmişəm.

- Kitablarınızla, adını çəkdiyiniz əsərlərin əlyazması ilə tanış olarkən fikir verirdim ki, bu ruh daha çox Füzulidən, Nəsimidən, Caviddən və Əliağa Vahiddən gəlmədi… Elə təkcə "Əsdi yenə vəslin yeli meyxanə tərəfdən" misranızı yada salmaq kifayətdi.

- Ayrı cür necə ola bilər axı? Bu günə qədər oxuyub-əxz etdiyim dahi sənətkarların yazdıqları şeir yaradıcılığımda öz izlərini, təsirlərini qoymaya bilməzdi. "Mələklərin eşqi"ndə Dərvişin dililə deyirəm:

 

Hər həqiqət aşiqi əsmayi-hüsnaya dalar,

Hər kim ki, özün öyər, onun cəhdi qələtdi…

 

Hər kəsin öz ədəbi taleyi var. Yaradıcı insanlar daha çox həqiqət aşiqləridi. Bu meydanda "mən" faktoru qəbul edilən, mənəmlik iddiası acı təəssüf doğuran uğursuz cəhddi. İnsan öz əməlinə, əməyinin bəhrəsinə ikinci, üçüncü gözlə baxıb, cəmiyyətin münasibətini nəzərə almağı bacarmalıdı. İndi ədəbi həyatda Füzulini, Mirzə Cəlili, elə bir çox başqa görkəmli söz ustalarımızın haqqını dananlar, onlara göz yumanlar var… Belələri nakam şairimiz Mikayıl Müşfiqin "Yazalım, özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim" xəbərdarlığını unudan insanlardı. Unudanların unudulacağı isə qaçılmazdı. Bu gün hər bir Azərbaycan yazarının yaradıcılığı daha çox cəmiyyəti milli kimliyimizi dərkə, əzəli yurd yerlərimizin geri qaytarılması uğrunda ədalətli savaşa səfərbərlik etməyə xidmət göstərməlidi, bu missiya aparıcı hədəfə çevrilməlidi. Bu gün göy üzündə öz doğma səmtini itirmiş quşlar da, qədim qayım yurd yerlərimizin azadlıq yolunu inadla düşünüb arayan başlar da, düşmən başına yağdırılacaq daşlar da, sülh elçisinin məkrinə heyrətlə çatılmış qaşlar da deyir: "Ya Qarabağ, ya ölüm!"

Təbii ki, ədəbiyyatımız da eyni sıradan, səngərdən səslənməlidi. Bu gün ədəbiyyatımızın başlıca missiyası yaxınlaşmaqda olan, vaxtilə qırılmış türk dostluğu bağına daha möhkəm düyünlər vurmaqdan ibarət olmalıdı. Bu, xalqlarımız qarşısında, milli kimliyimiz qarşısında ən böyük xidmətdi!

 

 

Söhbətləşdi: Sərvaz

 

Ədəbiyyat qəzeti.-2011.- 10 iyun.- S.3.