"Müasir şərqşünaslığın aktual problemləri"

     

  İyunun 1-2-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə "Müasir şərqşünaslığın aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

AMEA Rəyasət Heyətinin konfrans zalında keçirilən açılış mərasimini giriş sözü ilə açan AMEA aka. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ötən il Şərqşünaslıq İnstitutu Babeş-Bolyai Universitetinin Türkologiya Mərkəzi Asiya Araşdırmaları İnstitutu arasında elmi əməkdaşlığa dair saziş imzalanıb. Bu əməkdaşlığın ilk addımı kimi də ötən il Rumıniyanın Kluj-Naboka şəhərində hər iki institutun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirildi. Hazırda isə ikinci belə tədbir Bakıda keçirilir. Son aylarda Yaxın Şərqdə baş verən hadisələri xatırladan Gövhər xanım, bu prosesləri, eləcə də digər Şərq ölkələrinin həyatında baş verənləri nəzərdən keçirməyin, onlara qiymət verməyin şərqşünasların borcu olduğunu söylədi.

Azərbaycanda hələ Orta əsrlərdə böyük alimlərin Şərq mədəniyyətini öyrəndiklərini vurğulayan G.Baxşəliyeva dünyada şərqşünaslıq elminin 19-cu əsrdən inkişafının başlandığını və azərbaycanlı alimlərin bu işdə çox böyük rol oynadıqlarını dedi: Müasir dövrümüzdə bu elmin Azərbaycanda inkişafına AMEA-nın Şərqşünaslıq və Əlyazmaları institutlarının, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin görkəmli alimləri çox böyük töhfələr veriblər. Şərqşünaslıq İnstitutunda bu sahənin həm klassik, həm müasir dövrü üzrə dəyərli tədqiqatlar aparılır. Türkoloji araşdırmalara çox böyük diqqət yetirilirbu istiqamətdə Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutu ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyətin də böyük səmərəsi olacaq.

Daha sonra söz Rumıniyanın Babeş-Bolyai Universitetinin rektoru, professor, doktor Andrey Marqaya verildi. Konfransın iki ölkənin elmi müəssisələri arasında məhsuldar əməkdaşlığın bir bariz nümunəsi olduğunu söyləyən çıxışçı, bundan böyük şərəf duyduqlarını dilə gətirdi: “Şərqşünaslıq elminin incəliklərini duymaq böyük zəhmət tələb edir. Avropada şərqşünaslıq elminin əhatə dairəsi haqqında böyük müzakirələr aparılır və Şərq məfhumuna Atlantik okeanından Sakit okeana qədər əraziləri daxil edirlər.”

Şərqi Avropanın, o cümlədən Azərbaycanın mədəniyyətini dünyaya tanıtdırmağın əhəmiyyətindən danışan Andrey Marqa, rəhbərlik etdiyi universitetin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunda bu sahədə aparılan fəaliyyətdən söz açdı. Orta Asiya türk dövlətləri ilə əməkdaşlıqlarından söz açan rumıniyalı alim, Qazaxıstan və Türkmənistanla görülən birgə işlərdən danışdı və bu sahədə Azərbaycanın elm ocaqları ilə əməkdaşlığın xüsusi yerini qeyd edərək bu işin yaxın gələcəkdə parlaq məhsullarının ortaya çıxacağına inamını bildirdi.

Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, professor, doktor Təhsin Cəmil Bakıda 5 ilini keçirdiyini və bura hər gəlişində çox şad olduğunu söylədi: "Özümü azərbaycanlı və bakılı hesab edirəm. Bakıya, azərbaycanlılara könül bağlamışam. Azərbaycanda xoşbəxt oluram. Azərbaycanın tarixini, mədəniyyətini, ruhunu Avropada tanıtmaq bizim üçün məsul bir vəzifədir.”

2010-cu ildə rəhbərlik etdiyi institutda Azərbaycanşünaslıq şöbəsi açıldığını deyən Təhsin Cəmil, ölkəsində bu sahəni öyrənən tələbələrin sayının getdikcə artdığını, Azərbaycan mədəniyyətinə, tarixinə böyük maraq olduğunu bildirdi.

Ötən il ilk dəfə Kluj-Nabokada, bu il isə Bakıda keçirilən bu cür konfransların mütəmadi olaraq bir il Avropada, bir il isə türk dövlətlərinin birində keçirilməsinin planlaşdırıldığını söyləyən T.Cəmil, növbəti konfransın Yunanıstanda və ya Macarıstanda keçiriləcəyi ehtimalını qeyd etdi.

Sonra Tbilisi Dövlət Universiteti, Arxeologiya kafedrasının professoru, fəlsəfə doktoru Marina Puturidze, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev, YUNESKO-nun Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Şahin Mustafayev, Türkiyənin Nevşehir Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, doktor Ömər Bayram çıxış edərək konfransın əhəmiyyətindən danışdılar və tədbir iştirakçılarına uğurlar arzuladılar. Sonra Azərbaycan, Rumıniya, Türkiyə, İran, Gürcüstan və digər ölkələrdən 150-yə yaxın alimın qatıldığı konfrans öz işini Şərqşünaslıq İnstitutunda "Tarix", "Din tarixi, fəlsəfə və ictimai fikir", "İqtisadiyyat", "Ədəbiyyatşünaslıq" və "Dilçilik" bölmələrində davam etdirdi.

Tarix bölməsində "Tatar tarixinin tədqiqində rast gəlinən əsas problemlər" (prof. dr. Təhsin Cəmil - Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru), "Orta əsrlər Şərq tarixinin bəzi məqamları haqqında" (prof., t.e.d. Nərgiz Axundova - Bakı Dövlət Universiteti), "İraq: demokratik dövlətə doğru çətin yol" (f.ü.f.d. Aida Bağırova - Bakı Dövlət Universiteti), "İstanbullu Əhməd Kamalın Azərbaycandakı fəaliyyəti" (dr. Mehdi Gəncəli - Türkiyənin Mərmərə Universiteti), "Orta tunc dövründə Cənubi Qafqaz və Yaxın Şərqin qarşılıqlı mədəni əlaqələrinin aktual problemləri" (prof., f.d. Marina Puturidze - Tbilisi Dövlət Universiteti), "Ərəb dünyasının müasir mərhələdə bəzi problemləri" (f.ü.f.d. Lalə Əliyeva - AMEA Şərqşünaslıq İnstitutu) və s. maraqlı məruzələr dinlənildi.

"Din tarixi, fəlsəfə və ictimai fikir" bölməsində AMEA Şərqşünaslıq İnstitutundan f.ü.f.d. Anar Əzimovun "Qloballaşma: dini ənənələrə etiraz", f.ü.f.d Aslan Həbibovun "Türkiyədə şiəlik", f.ü.f.d. Leyla Məlikovanın "Mirça Eliadanın dini-fəlsəfi baxışlarında dini birlik", institutun iranlı dissertantı fərənək Məhəmmədzadənin "Asiyada qloballaşmaya doğru inkişaf" mövzusunda məruzələri xüsusi maraq doğurdu.

"İqtisadiyyat" bölməsində "Yaxın Şərqdə Türkiyə: yeni fəallığın xəritələşdirilməsi" (f.d. Şaban Kardaş - Türkiyənin TOBB Universiteti), "Çin Xalq Respublikasının XX əsrin birinci yarısında regional sənaye siyasəti" (c.ü.f.d. Rafiq Abbasov - AMEA Şərqşünaslıq İnstitutu) və digər mövzularda məruzələr oldu.

"Ədəbiyyatşünaslıq" bölməsində edilən məruzələr arasında AMEA Şərqşünaslıq İnstitutundan f.e.d. Vilayət Cəfərin "Türkologiyanın ərəb dilində yazılmış şah əsəri", prof., f.e.d Mehdi Kazımovun Nəcm əd-Din Razi və onun "Mirsad əl-ibad" əsəri", f.ü.f.d Xalidə Qafqazlının "Müasir dövr türk ədəbiyyatının görkəmli şairi Bayram Durbilməz", f.ü.f.d. Nüşabə Əlizadənin "Qulamhüseyn Saedinin Azərbaycan dilində pyesi haqqında", Qafqaz Universitetindən Səttar Durmazın "Çakəri Sinanın şeirlərində fars ədəbiyyatının təsiri", AMEA Əlyazmalar İnstitutundan f.e.d. Möhsün Nağısoylunun "Hübeyş Tiflisi və əsərləri haqqında", AMEA Ədəbiyyat İnstitutundan Esmira Fuadın "Ortaq dəyərlər: Şəhriyar Mixay Eminesku", Türkiyənin Nevşehir Universitetindən dr. Ömər Bayramın "Klassik türk ədəbiyyatında ədəbi çevrələr: şəhərlər və məkanlar" və s. mövzularda məruzələr maraqlı müzakirələrlə müşayiət olundu.

"Dilçilik" bölməsində Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutundan prof., dr. C.Felezeunun "Qədim turk-osmanlı dili yazısının araşdırılmasının Rumıniyada aktual durumu", AMEA Şərqşünaslıq İnstitutundan f.ü.f.d. Laura Orucovanın "Ərəb "nəhv"i və onun xüsusiyyətləri", f.e.d. Şəfəq Əlibəylinin "Füzulinin farsca divanında "kölgə" leytmotivi", f.ü.f.d. Çimnaz Mirzəzadənin "Hübeyş Tiflisinin "Qanun əl-ədəb" lüğətində poetik fraqmentlər", AMEA Dilçilik İnstitutundan prof., f.e.d. Roza Eyvazovanın "Şeyx Səfiəddin Ərdəbilinin "Qara məcmuə"sinə bir baxış", Bakı Dövlət Universitetindən f.e.n. Əsmətxanım Məmmədovanın "Fars dili fonetika və orfoqrafiyasının mühüm bir problemi haqqında" və s. mövzularda maraqlı məruzələr böyük maraqla qarşılandı.

Konfrans öz işini yekun iclasla tamamladı.

 

 

Vüqar MƏMMƏDOV

 

Ədəbiyyat qəzeti.- 2011.- 10 iyun.- S.3.