Türkdən gəlib türkə
gedən yoldayıq
Mayın 2-də Azərbaycan
Yazıçılar Birliyinin Natəvan klubunda Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin
(TÜRKSAB) başqanı Yəhya Akenginlə bərabər
ölkəmizə gəlmiş bir qrup sənətçi, elm
xadimi və iş adamları ilə görüş keçirildi.
Mərasimi Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar
açaraq dedi: "Dünən Bakıda keçirilən tədbirdə
Yəhya Akengin 15-ci "Türk
dünyasına xidmət" mükafatına TÜRKSAB-ın
idarə heyətinin qərarı ilə YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın layiq görüldüyünü
bildirdi və Azərbaycanın birinci xanımı xaricdə səfərdə olduğu
üçün mükafatı
Türkiyənin ölkəmizdəki səfiri Hülusi
Kılıca təqdim
etdi. Sonra biz Yəhya bəylə razılaşdıq ki, Azərbaycan Yazıçılar Birliyində görüş keçirək. Demək xoşdu ki, yetmiş il sovet basqısına məruz
qalan Azərbaycan nəhayət,
öz müstəqilliyinə
qovuşdu. Doğrudur,
itkilərimiz, problemlərimiz çox oldu. Lakin bütün
itkilərimizi tərəzinin
bir gözünə qoyub, müstəqilliyimizi o
biri gözünə qoysaq, müstəqilliyimiz
olan göz daha ağır gələr.
Digər tərəfdən, uzun
müddət Türkiyə
ilə aramızda yaradılan sərhəd dağıldı,
ilişkilərimiz sıxlaşdı, "Bir
millət, iki dövlət" olaraq bir-birimizə daha da yaxınlaşdıq…
Çalışmaq lazımdır ki, bu birliyi
qoruyaq və daha da möhkəmləndirək…"
TÜRKSAB-ın başqanı Yəhya Akengin sözügedən mükafatın təqdimetmə mərasimində ev sahibliyi etdiyinə görə
səfir Hülusi Kılıca
təşəkkür etdi
və qardaş
ölkənin baş naziri
Rəcəb Tayyib Ərdoğanın təbrik
teleqramını tədbir iştirakçılarının
diqqətinə
çatdırdı.
Türkiyənin
Azərbaycandakı səfiri Hülusi Kılıc tədbirdə
çıxış edərək dedi:
"Azərbaycan Yazıçılar
Birliyində belə bir mötəbər
tədbirə qatılmağımdan qürur duyuram. Bugünkü inkişaf edən,
yeniləşən Azərbaycana baxdıqca iftixar
edirik. Baxmayaraq ki, bir çox problemlər öz
həllini gözləyir, Qarabağ
itkisi hələ də
xalqın qan verən yarası kimi qövr edir… Bütün bu olaylara baxmayaraq, Azərbaycan dinamik şəkildə
inkişaf edir, dünya miqyaslı layihələrin gerçəkləşməsinə
imza atır. Bütün
bunlar haqqında danışmaq xoşdur.
Yaxın günlərdə
Azərbaycan sənətçilərinin beynəlxalq əhəmiyyətli,
çox mötəbər
mahnı yarışmasında birinci yerə çıxaraq səhnədə Azərbaycan
və Türkiyənin bayrağını uca
etməsi hamımıza
məmnunluq gətirdi, ürəkdən qürurlandı.
Artıq üç il
üç aydır ki, burada çalışıram
və öz işimdən
məmnunam. O səbəbdən ki, bir millət, iki dövlət olan iki qardaş xalqın bütün sahələrdəki işbirliyinə, mədəni
əlaqələrinin daha da
genişlənməsinə xidmət edirəm…"
Tanınmış
siyasətçi Gültəkin Hacıyeva çıxış
edərək dedi: "Baxıb
görürəm mən özümü
Türkiyədə necə
rahat hiss edirəmsə,
qonaqlarımız da özlərini
burada Türkiyədə olduqları kimi hiss edirlər. Sovet ideoloqları düz yetmiş il dövlətlərimiz
arasındakı mənəvi bağları qırmağa
çalışdılar. Ancaq bu illər ərzində
azərbaycanlıların Türkiyəyə olan
sevgisi heç
azalmadı. Bu mənəvi
bağları qırılmağa qoymayanlar sırasında Azərbaycanın görkəmli şair və yazıçıları həmişə
öndə dayandılar. Türkiyəyə olan
istək mənəvi, içdən gələn
bir istəkdi".
Türkiyəli professor, Türk Dil Qurumunun başqanı
Şükrü Xaluk bildirdi ki, bizim
mənəvi əlaqələrimiz
Mahmud Kaşğari, Əli
bəy Hüseynzadə, Fuad Köprülü, Atatürk
baxışlarından keçib gəlir.
Zamanın tələbidir ki, türk xalqları
arasında orta türk
dili hakim olsun. Bu istəyin
gerçəkləşməsində Azərbaycan
Yazıçılar Birliyinin həmişə bizim
yanımızda olacağına inanırıq. Hesab
edirəm ki, ortaq dildə kitab, qəzet, dərgi nəşrlərinin
araya-ərsəyə gətirilməsi də bu
arzunun gerçəkləşməsinə
böyük təkan
verəcək".
AYB-nin katibi Arif Əmrahoğlu çıxışında
bir daha vurğuladı ki, biz bir millətin, eyni ata-ananın övladları olaraq eyni soykökdən gəlirik.
Bütün dönəmlərdə
ən mənfur düşmənlərimiz
belə bizim kimliyimizi
dana bilməyib, bizi türk adlandırıblar. A.Əmrahoğlu ali məktəblərimizdə
Türk Dil Qurumu xətti ilə nəşr
olunan ədəbiyyata
böyük ehtiyac hiss edildiyini də önə
çəkdi.
Türkiyəli
qonaqlardan iş adamı Musa Sərdar Çələbi, Memar
İlyas Dəmirçi, şair
İbrahim Tərzioğlu, Əli İnsan Yolçu, Seyfəddin
Ərol, Atatürk Universitetinin
müəllimi Çingiz
Öz Yılmaz, xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca, tanınmış şairlərdən
İlyas Tapdıq, Abbas
Abdulla, Oqtay Rza, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Ayaz Vəfalı, tənqidçi Bəsti Əlibəyli
tədbirdə çıxış edərək eyni ata-ananın övladları olan türk xalqlarının mənəvi
dəyərlərindən, Türk dünyasının bir araya gəlməsində ortaq dil siyasətinin
önəmli yerindən
danışdılar, təkliflərini, fikir
və arzularını
bildirdilər.
Tədbiri
yekunlaşdıran xalq
yazıçısı, AYB-nin sədri Anara hədiyyə olaraq Türk Dil Qurumunun dəstəyi
ilə çap edilən
"Osmanlı padşahları"
kitabı təqdim edildi.
S.Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 10 iyun.- S.2.