Muğam dünyası

 

Xalq bir dəryadır. Onun mənəvi sərvəti tükənməzdir. Dahi sənətkarlar xalqdan öyrəndiyi, xalqa arxalandığı üçün sənətin zirvəsinə çıxa bilmişlər. Boş uydurmalar və fantaziyalar əsasında yaranan bir əsər camaatın, xalqın zövqünü oxşamaz, onun xoşuna gəlməz. Yaxşı bir şey yaratmaq istəyənlər yaratmağı xalqdan öyrənməlidir.

 

Üzeyir Hacıbəyli

 

 

Arzularım müstəcəb olur...

     

 1983-cü ildə "Klassik irsimizə soyuq münasibət" adlı məqaləm "Bakı" qəzetində dərc olunmuşdu. Bu məqalə mənim ünvanıma çoxlu narazılıqlar, hətta təhqirlər gətirdi.

Bir dəfə görkəmli artist, mərhum Həsən Əblucla görüşdüm və məqalə haqqında rəyini soruşdum. Dedi:

- Ay Cümşud müəllim, "Abbasını bəyənməyən beş şahı çıxarar".

Sözün kəsəri qılıncdan iti olur. Fikirləşdim ki, kişi düz deyir.

Akademiyada Həmkarlar İttifaqının üzvü, fizika-riyaziyyat elmləri namizədi, həqiqətən ziyalı Ruqiyyə xanım Rəhimovanın köməyilə Nizami muzeyinin böyük zalında ayda bir dəfə muğam axşamı keçirdim.

Keçiriləcək muğam dəstgahı barədə məlumat Bəxtiyarın "Muğam" poemasından dəstgahlara aid bir neçə misra xanəndənin, müşayiət edən tarzənin və kaman çalanın adlarını yazıb Azərbaycan Dövlət filarmoniyasının mətbəəsində çap etdirib Akademiyamızın institutlarına göndərirdim.

4 fevral 1987-ci il

 

Ey Zabul segahım, Orta segahım,

Mənim öz amanım, mənim öz ahım.

 

Oxuyur - Ağaxan Abdullayev

Müşayiət edirlər - tarda Möhlət Müslümov, kamanda Fəxrəddin Dadaşov.

Yaxud

23 mart 1987-ci il

 

Qəlbi vulkan tək coşan üsyandır,

üsyan Çahargah,

Açmış hər zənguləsində fikrə

meydan Çahargah...

 

Oxuyur - Canəli Əkbərov

Müşayiət edirlər - tarda Möhlət Müslümov, kamanda Fəxrəddin Dadaşov.

Beləliklə, 1986-cı ildən 1989-cu ilədək ayda bir dəfə muğam axşamı keçirirdim.

İlk konserti Akademiyanın akt zalında Canəli Əkbərov apardı. Sonralar Nizami muzeyinin böyük zalında keçirilən konsertlər zamanı oturacaqlara muğam haqqında yazılmış ayrıca vərəqələr qoyurdum. Həmin vərəqələri Arxitektura və İncəsənət İnstitutunun elmi işçiləri, musiqişünas, sənətşünaslıq namizədləri Arif Əliyev və Sənubər Bağırova hazırlayırdılar.

İlk konsertdə Azərbaycan SSR xalq artisti, respublika dövlət mükafatı laureatı, professor Süleyman Ələsgərov giriş sözü ilə çıxış etdi.

Muğam gecələrində Alim Qasımov, Qəndab Quliyeva, Ağaxan Abdullayev, Zahid Quliyev, Səxavət Məmmədov, Mələkxanım Əyyubova, Arif Babayev, Canəli Əkbərov, Sahibə Əhmədova, Mehman Səmədov, Elçin Cəlilov, saz ifaçısı Camal Rəhimov iştirak edirdilər.

Yuxarıda saydıqlarım dəstgahlarda tarda Möhlət Müslümov, kamanda Fəxrəddin Dadaşov müşayiət edirdilər.

Həmin dövrlərdə muğam dəbdən düşdüyündən televiziyadan çəkilişə gəlmirdilər.

Hacıbaba Hüseynov muzeyin Füzuli zalında, heykəllə yanbayan əyləşib Füzuli qəzəllərindən muğam oxuyurdu.

Təkcə Hacıbaba Hüseynovun ifasını çəkməyə telestudiyadan gəlmişdilər. Ona görə ki, Fatma xanım Akademiyada Partiya təşkilatının katibi idi.

Hacıbaba Hüseynovun oxuduğu lenti tapa bilmədim. Bu 1986-1989-cu illərdə sadaladıqlarım adlar və dəstgahların ifası haqqında məlumat Nizami muzeyinin arxivində saxlanılır. Xanəndələrin siyahısında Mehman Səmədovun da adı qeyd olunub. Muğam axşamları keçirilərkən Sənubər Bağırova səhnədən kənarda əyləşib ifa olunacaq muğamlar haqqında qısa məlumat verdikdən sonra xanəndə oxuyarkən bir hissədən başqa hissəyə keçəndə o həmin muğamın adını deyərdi.

Keçmişdə musiqişünas Kərim Kərimov televiziya ekranlarında orkestr və orkestrdə olan musiqi alətləri barədə ətraflı məlumat verirdi. Sonralar Əfrasiyab Bədəlbəyli muğam haqqında, hətta bəzən onun ayrı-ayrı guşələri barədə danışırdı.

Əfrasiyab Bədəlbəylidən sonra Ramiz Zöhrabov muğamlarımızdan söz açardı.

1989-cu ildə muğam və poeziya gecələri keçirərkən dəvət etdiyimiz görkəmli natiqlər şeir söyləyirdi.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun müəllimi, danışıq səsi adi insanlardan fərqli olan Kamal müəllim rəqslərimizdən bəhs edirdi.

Lənətə gəlmiş erməni təcavüzkarlarının başladığı müharibə ucbatından muğam axşamları layihəsi axıra kimi baş tutmadı. Sağ olsun YUNESKO-nun sülhməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva ki, muğamlarımıza və klassik irsimizə dayaq oldu.

İstedadlı gəncləri üzə çıxarmaq məqsədilə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət fondunun layihəsi əsasında "Muğam televiziya müsabiqəsi - 2011" keçirilir. Mən bir muğam həvəskarı kimi keçirilən bütün gecələrə gedirəm. Müsabiqənin tamaşaçılara yüksək səviyyədə çatdırılmasını təmin edən AzTV-yə və şəxsən onun sədri Arif Alışanova minnətdarlığımı bildirirəm.

Müsabiqənin münsifləri adlı-sanlı musiqişünas Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi Nadir Axundov, xalq artistləri, professor Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Məsum İbrahimovdur.

Müsabiqədə iştirak edən gənclərin musiqi duyumu, səsi və muğama necə bələd olmalarını qiymətləndirən yeddi nəfərlik münsiflər heyətinin rəyi ümumən bir olur.

Bəlkə də yeri deyil, ancaq demək istəyirəm ki, bu adları qeyd edilən Ramiz müəllim və Nadir müəllimdən başqa münsiflər heyətinin digər üzvlərinin hamısı toy mərasimlərində püxtələşiblər.

Mən Əlibaba müəllimdən 5-6 il yaşlıyam. Onun apardığı toyların əksərində iştirak etmişəm. Yaddaş dəftəri həmişə dolu olardı. Bəzən toy sahibləri o həmin gün məşğuldur deyə, toyun tarixini dəyişərdi. Əlibala Məmmədov iki universitet bitirib. Biri Seyid Şuşinski universiteti, digəri xalq universiteti. Məlumdur ki, Bakı və Bakı ətrafında yaşayan insanlar muğama yaxından bələd olublar. Odur ki, Əlibaba müəllim bu toylara gedərkən çox məsuliyyət hiss edib, muğam dəstgahlarının sirlərini incəliklərinə kimi öyrənib.

Çox nadir haldır ki, xanəndə təsnifləri oxuyan zaman dinləyici dərhal müəllifin adını deyir. Təsadüfi deyil ki, Əlibabanın 30-40 il bundan əvvəlki təsnifləri indi də zövq və şövqlə dinlənilir.

Deyilənə görə Əlibaba Məmmədov 100-ə yaxın mahnı və təsnif bəstələyib. İndi bilmirəm bəstələyib deyək, ya el arasında deyildiyi kimi, quraşdırıb deyək. Hər halda, nə edibsə, xalqın sevimli mahnılarını yaradıb. Bunun səbəbi də təsnifləri yazarkən muğamlarımızdan gen-bol bəhrələnməsidir.

Qeyd etdiyim bu müsabiqə günlərindən birində İrandan gəlmiş bir qonaq söhbət əsnasında mənə dedi:

- Ağa! Bilirsiniz, bir neçə aydır ki, həftənin ikinci və dördüncü günləri axşamlar Təbrizin küçələri tam sakitlikdir, hərdənbir maşın səsi eşidilir. Çünki hamı tələsir evə, televizora baxmağa. Gördüyünüz bu işlər olduqca təqdirəlayiqdir.

Belə xoş sözləri aparıcılar da yeri gələndə məktub və teleqramlarda oxuyurlar.

Əlibaba müəllim oxunmuş muğamların nöqsanlarından danışarkən ritmlərin düz tutulmamasından bəhs edir.

Ritm musiqidə daha tez qulağa çatır. İstər orkestrdə, istərsə də ansamblda. Təsadüfi deyil ki, nağaraçalan həmişə çalğıçılardan arxada, bəzən də hündürdə oturur. Bir çox xanəndələr özləri etiraf edirlər ki, vaxtilə nağara çalıblar.

Ümumiyyətlə, ritm həyatın bütün sahələrində vacib şərtlərdən biridir. Məsələn, həkim xəstəyə baxarkən əvvəlcə onun nəbzini yoxlayır, sonra başlayır müayinəyə. Və yaxud ailənin yaşayış tərzi ritmikdirsə, eyni tərzdə davam edirsə, bu da yaxşı hal sayılır. Bunu dövlətin inkişafında da görmək olar. Yəni dövlətin inkişaf sürəti ritmikdirsə, eyni sürətlə davam edirsə, deməli dövlət qüdrətlənmə yolunda addımlayır.

Mən bir az romantik adamam. Qeyd etdiyim işləri gördükcə xəyala dalırdım. Şükür Allaha ki, musiqimizin bütün sahələri üzrə alimlərimiz var. Keçmişdə xəyal edərdim ki, kaş gələcəkdə televiziya rəhbərliyi həftədə bir və ya iki gün izahlı muğam konserti təşkil edəydi. Yəni hər ifa olunan muğamdan sonra tar səsinin fonunda musiqişünas alim həmin muğamı izah edəydi. Bundan başqa, rəqslərimiz, xalq mahnıları, aşıq musiqisi, beləcə hər bir musiqi janrı bu səpkidə təbliğ olunaydı.

Sevindirici haldır ki, son illər muğam musabiqələri keçirilir. Mənim 20-30 il öncəki arzularım yavaş-yavaş müstəcəb olur. Sağ olsun zəhmət çəkib, zəhmətindən zövq alan şəxslər. Vaxt var idi ki, dinimizə də qadağa qoymuşdular. Haqq nazilər, üzülməz!

 

 

Cümşüd Muradov,

Respublika Ağsaqqallar Şurası və

Ziyalılar Cəmiyyətinin üzvü

 

Ədəbiyyat qəzeti.- 2011.- 10 may.- S.1, 2.