Xalq şairi Rəsul Rzanın həyat və yaradıcılığından bəhs edən "...Yaşıl atlas - ömürdən səhifələr" adlı bədii-sənədli filmin təqdimatı

  

İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunmuş "...Yaşıl atlas - ömürdən səhifələr" adlı bədii-sənədli filmin təqdimatı olmuşdur.

Tanınmış ədəbiyyat və incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə filmin ssenari müəllifirejissoru, Rəsul Rza mükafatı laureatı Əhliman Qafarov şairin yaradıcılıq yolundan danışmış, onu bütün ədəbi nəsilləri birləşdirən ədəbiyyat ağsaqqalı kimi səciyyələndirmişdir. Filmdə şairin lirik, fəlsəfi və dünyəvi şeirlərinin dialoq şəklində təqdim olunduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, filmdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Bakı Dövlət Universitetinin baş müəllimi, şərqşünas Fidan Rzayeva, əməkdar artistlər Azad Şükürov, Zülfiyyə Eldarqızı, Ağalar Bayramov, Gülsabah Quliyeva, Mehriban Xanlarova, bədii qiraətçi Ruhəngiz Mustafayeva çəkilmişlər.

Filmin məsləhətçiləri akademik Bəkir Nəbiyev, coğrafiya elmləri doktoru, professor Şövqi Göyçaylı, operatoru Faiq Yusifoğlu, montaj rejissoru Pərviz Musaoğlu, səs rejissoru Anar Elşənoğlu, videomühəndis Gülnarə Mustafayeva layihənin rəhbəri İqbal Məmmədəliyevdir.

Sonra XX əsr Azərbaycan ədəbiyyatında görkəmli yer tutan Rəsul Rzanın təkrarsız yaradıcılığı haqqında EL Televiziya Şirkətinin istehsalı olan film nümayiş etdirilmişdir.

Ədəbi məktəb yaratmış Rəsul Rzanın öz səsi ilə başlayan filmdə onun uşaqlıq və gənclik illəri, müdriklik çağı, maraqlı xatirələri əksini tapmışdır.

Rəsul Rza poeziyasının səmimiyyət və həzinliklə cilalanmış fəlsəfi bütövlüyü peşəkar aktyor və istedadlı uşaqların ifasında səsləndirilmişdir.

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 10 iyun.- S.2.