Həzrət Əlinin xütbə, məktub və hikmətli kəlamları toplanmış məşhur “Nəhcül-bəlağə” kitabından sətirlər

 

 Həzrət Peyğəmbərin vəsfi

 

Allah-təala heç bir peyğəmbərin qalmadığı, söz davası, çəkişmə və mücadilənin (müxtəlif əqidə və fikir ayrılıqlarının) olduğu bir zamanda Həzrət Peyğəmbəri göndərdi (Çünki cahiliyyət dövründə bir dəstə bütlərə, başqa dəstə şeytana, ayrı dəstə günəşə, bir tayfa Həzrət Məsihə və başqalarına sitayiş edirdilər). Onu bütün peyğəmbərlərdən sonra gətirərək vəhyə o Həzrətlə xitam verdi (ondan sonra peyğəmbər göndərmədi). O böyük şəxsiyyət Allahdan üz döndərib uzaqlaşanlarla və Ona oxşar, tay tutanlara qarşı Allah yolunda cihad etdi.

 

Bilikli və gözüaçığın nadan və azğından üstünlüyü

 

Bilikli o kəsdir ki, öz qədrini bilir (Allahın və peyğəmbərin göstərişinə uyğun rəftar edir). İnsanın cahilliyi, nadanlığı üçünsə özünü tanımaması kifayət edər (azğınlıq yoluna qədəm qoyar və şeytanın təhrikinə, nəfsi-əmmarəyə uyaraq xoşbəxtlik sərmayəsini bada verər). Allah yanında ən düşmən bəndələr o bəndələrdir ki, Allah-təala onları öz başlarına buraxıb (səadətə çatmaq xoşbəxtliyini onlardan alıb). Belə ki, (onlar din və dünya işlərində) doğru yoldan çıxaraq yol göstərənsiz hərəkət edər (nadanlığın ucsuz-bucaqsız çöllərində çaşqın və sərgərdan qalaraq nə edəcəyini bilməzlər). Dünyanın əkin və zəmisinə (dünyəvi xeyri olan işlərə) dəvət edildikdə iş görər, axirətin əkin və zəmisinə (xalqa xidmət və Xaliqə ibadətə) çağırıldıqda isə tənbəllik edərlər. Sanki (dünya işlərində) gördükləri onlar üçün vacibdir (hər bir işi, hətta haram olsa belə, görməyə elə hazırdırlar ki, sanki vacib bir işi yerinə yetirir və onu tərk etməyin əzabından qorxurlar) və (axirət işlərində) təxirə saldıqları (məsuliyyət) isə boyunlarından düşmüş kimidir (İlahinin əmr və qadağalarına elə göz yumurlar ki, elə bil bu barədə onlara göstəriş verilməmişdir).

 

Qeybəti dinləməkdən çəkinmək və insanların pisliyinə danışanların sözlərinə qulaq asmamaq

 

Ey camaat! Hər kim öz qardaşını (dindaşını) tanıyıb, onun dinində (etiqadında) möhkəm və sözləri, əməlləri ilə doğru yolda olduğunu bilsə, camaatın onun barəsində sözlərinə (qeybətinə) qulaq asmamalıdır. Agah olun! (Sözün vurduğu ziyan oxun ziyanından daha ağır və çox olur). Çünki bəzən kamandan ox atan ovçunun oxu boşa çıxır və (ancaq) söz (yalan olsa belə) təsirsiz qalmır, onun batili və yalanı aradan gedir. (Bununla belə, onun günahı deyənin boynunda qalır). Çünki Allah (deyilənləri) eşidən və şahiddir. Bilin ki, haqla batil arasında dörd barmaqdan (bu qədər məsafədən) başqa bir şey yoxdur.

Bu sözlərinin mənasını İmam əleyhis-salamdan soruşduqda o Həzrət (bunun cavabında) barmaqlarını bir-birinə birləşdirərək qulaqları ilə gözləri arasına qoyaraq buyurmuşdur: Batil və səhv "eşitmişəm" dediklərin, haqq və doğru isə "görmüşəm" söylədiklərindir.

 

Dilin natiq deyil, nitq vasitəsi olması barəsində, eləcə də öz zəmanəsinin adamlarını və gələcək insanları vəsf

 

(Əmirəl-möminin əleyhis-salam bir gün bacısı oğlu Cədə ibn Hübeyrə Məxzumiyə camaata xütbə oxuması göstərişini verdi. Cədə minbərə çıxanda danışa bilmədi. Sonra o Həzrət özü ayağa durub minbərə çıxdı və müfəssəl bir xütbə oxudu ki, onun bir hissəsi belədir): Bilin, dil insanın bir parçasıdır ki, əgər şəxs aciz olsa, söz onunla yoldaşlıq etməz. Həmçinin əgər şəxs bacarıqlı olsa, söz dilə imkan verməz. Biz (Peyğəmbər Əhli-Beyti) söz şahlarıyıq (söz bizim əmrimizə tabedir) və onun kökləri bizə batıb və budaqları bizim üstümüzə sərilib (hər bir məsələni lazım olan zaman fəsahət, bəlağət və dolğunluğun son həddində bəyan edə bilirik).

Allah sizi bağışlasın, bilin, siz elə bir zamanda yaşayırsınız ki, onda haqq danışan az, dil doğruçuluqda süst və haqqı axtaran xardır. İnsanlar (Allah və Peyğəmbərə) itaətsizliyə hazırlaşıblar və (nəfsi istəklərə tabe olmaq üçün) bir-birləri ilə uyuşmaqda yoldaşlıq edərək birləşiblər. Cavanları pis xasiyyətli, qocaları günahkar, alimləri ikiüzlü və danışanları yaltaqdır. Kiçikləri böyüklərinə hörmət qoymur və varlıları yoxsullarına əl tutmur.

 

Ağlın nişanəsi barəsində

 

Ağıl kamilləşən zaman (kamal həddinə çatanda) danışıq azalar. (Çünki ağlın kamilliyi bədən qüvvələrinin qorunub saxlanmasına hakim olmağı tələb edir. Buna görə də o, heç vaxt yersiz danışmır).

 

Hikmət barəsində

 

Hikməti (düz və haqqa uyğun sözü) harda olsa əldə edin (istər yaxşı əməl sahibindən olsun, istərsə də pis əməllidən). Çünki hikmət münafiq və ikiüzlünün sinəsində də var və (onun dilindən) xaric olub öz sahibi olan möminin sinəsində məskən salıncaya qədər orada (hikmətin saxlanılmasına layiq olmayan yerdə) iztirab və sıxıntıdadır.

 

Yenə də hikmət barəsində

 

Hikmət möminin itiyidir (həmişə gərək onun arxasınca olsun).

Buna görə də hətta ikiüzlülərdən olsa belə onu əldə et.

 

"Bilmirəm" deməməyin ziyanı

 

(Bilmədiyi bir şey soruşulanda) "bilmirəm" deməyən şəxsin ölüm yeri (həlak olacağı yer) ona çatacaq (o, rüsvay və məhv olacaq).

 

Biəməl olmayan elmin məzəmməti

 

Elmin ən dəyərsizi, dildə olan (insanın ona əməl etmədiyi) elmdir. Elmin ən üstünü bütün bədəndə zahir olan elmdir. (O elmdir ki, insan ona əməl edir. Bu elmin axirətdə xeyiri vardır).

 

Xeyir və yaxşılığın nə olması

 

O Həzrət (onun təfsirində belə) buyurdu:

Xeyir və yaxşılıq var-dövlət və övladının çox olması deyil. Bəlkə xeyir odur ki, elmin artsın, həlimlik və səbirliliyin böyüsün və Rəbbinə itaət və bəndəliklə xalqdan seçilərək fəxr edəsən. Beləliklə, yaxşılıq edəndə Allaha şükr edəsən və pis iş görəndə Allahdan bağışlanmaq istəyəsən. Dünyada iki şəxsdən - etdiyi günahların əvəzini tövbə etməklə çıxan və (az olsa da) Allahın bəyəndiyi işləri yerinə yetirməyə tələsən kəsdən - başqa heç kəs üçün xeyir və yaxşılıq yoxdur. Təqva və pəhrizkarlıqla yerinə yetirilən iş az deyil. Qəbul edilən əməl necə az ola bilər?

 

Qəlb barəsində

 

İnsanın damarlarının birindən bir parça ət asılıb ki, bu onda olan ən heyrətləndirici şeydir. Onun xoşagələn sifətləri və onlara zidd xoşagəlməz keyfiyyətləri var: ona ümid və arzu üz tutanda tamah və hərislik onu xar edər; tamahı cuşa gələndə hərislik onu həlak edər; ümidsizlik ona yol tapanda həsrət və kədər onu öldürər; qəzəb və əsəbilik qarşıya çıxanda hiddət onu boğar; razılıq və məmnunluq ona yoldaş olanda (xoşagəlməz işlərdən) çəkinməyi unudar; qorxu qəflətən onu bürüyəndə (işdən) uzaqlaşmaq onu məşğul edər; əmin-amanlığı artanda qəflət onu oğurlayar; müsibət və kədər üz verəndə dözümsüzlük onu rüsvay edər; mal tapanda varlılıq itaətsizləşdirər; yoxsulluq incidəndə bəla və çətinlik onu əsir edər; aclıq çətinliyə salanda zəiflik əldən salar; toxluğu çoxalıb həddini aşanda qarnının doluluğu onu zəhmətə salar.

Beləliklə, hədd və normadan aşağı olan hər bir səhlənkarlıq ona ziyan vurar və həddi keçən hər bir artıqlıq onu məhv edər. (Buna görə də mötədillik və orta vəziyyəti əldən verməyib hikmət əsasında davranan hər bir qəlb həm dünya, həm də axirət mənfəəti və xeyrini əldə edər).

 

Xalqla eyniləşmək, uyuşmaq

 

Xasiyyət və əxlaq cəhətindən xalqa yaxınlaşmaq (yaşayış tərzində onlar kimi olmaq) onların kinlərindən amanda olmaqdır (amanda olmağa səbəb olar. Çünki kim dinə zidd olmayan işlərdə xalqla uyuşsa, onlar kimi olsa, onu sevərlər və qəlblərində ona qarşı kin saxlamazlar).

 

Yersiz susmağın və yersiz danışmağın məzəmməti

 

Cəhalət və nadanlıqla danışmaqda xeyir olmadığı kimi, hikmət və elmlə (danışmaq lazım olan zaman) susmaqda da xeyir yoxdur.

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 17 iyun.- S.2.