Mühit qəlpəsinə dönən ömür...

   

Kamal Abdullanın son illərdə çıxan "Yarımçıq əlyazma", "Sehirbazlar dərəsi" romanları müasir nəsrimizə prinsipial yeniliklər gətirir və beynəlxalq şöhrət qazandırır. Bu da təsadüfi hal kimi qəbul edilə bilməz. Yazıçının bu əsərlərində yeni roman kolliziyaları, yeni qəhrəman tipləri ilə rastlaşırıq. Yaxşı nasirlər həmişə yeni həyat materialı və bu materiala bədii məna qazandıran məxsusi qəhrəman tipləri ilə seçilirlər. Bu cəhətin roman yaradıcılığı üçün prinsipial əhəmiyyəti var, çünki ədəbiyyat həmişə qəhrəmanlar vasitəsi ilə təzələnir. Hər təzə qəhrəman həyat dəyərlərinin, insanla mühitin yeni anlayışlarını ortaya gətirir.

Yazıçının yeni çapdan çıxmış "Unutmağa kimsə yox" romanı ("Qanun" - 2011) ilk növbədə yeni, monumental roman qəhrəmanı yaratmaq baxımından diqqəti cəlb edir. Əsərdən bəhs edən mütəxəssislər bu üç roman arasında bir sıra müştərək cəhətlər tapırlar. Lakin bu cəhətlər epizodik xarakter daşıyır. Hər bir romançının əsərləri arasında bədii material ümumiliyi tapıla bilər. Bu ümumilik bir qayda olaraq yazıçının dünyaya, müəyyən insan mühitinə konseptual münasibətindən gəlir. Bu münasibət qismən təkrarlana , qismən çözələnə bilər, amma bunun arxasında yazıçının müəyyən mühitlə bağlı baxışlarının daha da dərindən açılması niyyətləri durur. Bizcə, Kamal Abdullanın son üç romanı da istisna deyil.

Həqiqi roman bədiiliyi insan, mühit və talelərin vəhdəti kimi ortaya gəlir. Konsepsiyası kənardan gələn, sonradan isə bu konsepsiyaya milli don toxuyan əsərlər az olmayıb. Görünür, yaxşı ədəbiyyat üçün yetkin yazıçı şəxsiyyətləri yetişdirən zaman və mühit də əsasdır. Belə əsərlərdə oxucu yad fikirlərin illüstrasiyası ilə üzləşir. Amma həqiqi roman konsepsiyasında zaman, mühit və insanların taleyi bir vəhdət təşkil edir. Bu halda romanda müəyyən zahirən uğurlu, hətta cəmiyyət üçün cazibədar olan dəyərlər sisteminin yenidən qiymətləndirilməsi ilə üz-üzə gəlirik. Həqiqi romançı bir növ öz nəslinin, öz mühitinin və dövrünün dəyərlərini yenidən qiymətləndirən bir insan kimi qarşımızda ucalır. Məhz ucalır, çünki həqiqi yazıçı şəxsiyyəti həyat dəyərlərinin parıltısından, sosial mövqeyindən sərf-nəzər edir, bu dəyərlərə şəxsiyyət üçün daha uca meyarlarla yenidən baxmağa çalışır. Və bu halda insan mövcudluğunun əsas ziddiyyəti açıqlanır: mühit dəyərləri ilə fərdi insan dəyərləri həmişə əks qütblərdə durur. Kamal Abdullanın ən yaxşı qəhrəmanlarında bu ziddiyyətin çoxrəngli dramlarını və variantlarını görürük.

Romanın bədii toxumasında paralel dünyalar konsepsiyası əsas yer tutur. Əvvəlcə əsərdə müasir müstəvidə hadisələr gedir. Sonra bu hadisələr bir dağ kəndinə köçür. Burada Mübariz kişi, Bəhram kişi kimi obrazlar Bakı mühitinin qəhrəmanları ilə bağlanır. Sonra hadisələrin tarixi planı başlanır. Burada Mirzə Pirqulu, Əliqumral yüzbaşı, Mir Həsən, mifik qurd obrazı ilə üzləşirik ki, bu da əsərdəki paralel hadisələrin üçüncü qatı sayıla bilər. Sonra bu qat üzərində də yuxu müstəvisi meydana çıxır ki, bu da əsərdəki hadisələrin dördüncü paralel müstəvisi sayıla bilər. Sonra hadisələr Troya müharibəsi dövrünə, nifaq alması üzərindəki iki kəlməlik yazının oxunması qatına keçir. Bu qatda yunan mifologiyasının bir sıra qəhrəmanları hadisələrə qoşulur. Əsərdə bu, tarixdən əvvəlki dövr adlandırılır. Romandakı bu beş qatın hamısı vahid bir bədii konsepsiyanın çözümünə xidmət edir. Bu da yazı və tale, yazı və şəxsi seçim kimi əbədi problemlərdir.

Romanın ümumi konsepsiyası Vəng dağı mağarasındakı qədim Güllü yazıların mənası kimi simvollaşdırılır. Bu simvolların əsas mənası müəllifin ilk növbədə müasir həyata, öz dövrünün dəyərlərinə münasibəti ilə bağlıdır.

Müəllif paralel dünyalara inanır və buna mistik məna verir. Biz romandakı mənada paralel dünyaların varlığına şübhə etmirik. Lakin bizim üçün burada mistik bir şey yoxdur. İnsanların həyatı bir cırcırama mahnısının təkrarına oxşayır. Hər kəs bu mahnını bir ritmdə, bir ahəngdə, bir tembrdə oxuyur. Amma mahnının mənası, məzmunu adamların hamısı üçün təxminən eynidir: uşaqlıqdan sevdiyimiz adamlar, sonra cinsi məhəbbət, ilk öpüşlərin çəhrayısı, sonra ehtirasın bitməzliyi, sonra isə son öpüşlərin nostaljisi. Bütün adamlar bu bağlı dövrəni keçir, biri başında kral tacı ilə, o biri aclığa qarşı mübarizə ilə, üçüncüsü qumaş paltar, dördüncüsü isə zibillik cır-cındırı içərisində. Biri dağda, biri səhrada. Biri düyü, o biri kərtənkələ yeyə-yeyə. Mənəvi-emosional tarixcə isə eynidir. İnsanların çoxu bunu heç vaxt araşdırmır. Amma az bir hissəsi həyatın mənasını, emosional ömrün məğzini axtarır, bu barədə gümanlar, miflər qurur, ya da hazırlarını tapır. "Unutmağa kimsə yox" romanı məhz mifyaratma variantıdır.

Fərdlərin emosional həyatı bənzər və təkrardır. O biri tərəfdən insanlar düşdükləri saysız-hesabsız vəziyyətləri sözlərdə ifadə edirlər. Deyimlər - az və məhduddur, adamlar və onların düşdüyü konkret vəziyyətlər isə saysızdır. Buradan da təkrarlar doğur. Ola bilsin insanlar müxtəlif məkanlarda eyni vəziyyətləri və deyimləri təkcə kosmosda yox, yerdə də daim təkrar edirlər. Deməli, insanların emosional həyatı təkrardır, əvvəla, öz-özünü təkrardır (Z.Freyd), sonra isə sosial müstəvidə təkrardır. Bu təkrarı paralel aləmlər kimi də qəbul etmək olar.

Qəhrəmanlardan biri bu romanın adındakı mənanı belə sözlərlə açır: "Yadıma salmağa bir kimsə qalmadı axı". Romanın sonunda bu formula açılır: onun Çiçəkli yazı ilə məna əlaqəsi meydana çıxır. Əsərin qəhrəmanı F.Q. mağaradakı Çiçəkli yazını oxuyur. Bu, şeirəbənzər bir yazıdır, amma ciddi mifoloji mənası vardır. Bu məna romanın əsasına qoyulmuş fikirdir. Sonda aydın olur ki, Çıçəkli yazı həm də F.Q.-nin taleyini və mənəvi əzablarını açmaq üçün düzəldilmiş mifik mətndir və obrazdır.

F.Q. romanın sonunda öz konseptual sirrini özü açır: özü də tapır ki, bu dünyada "məni öldürən adamlardır!". İlk baxışda bu fikir paradoksal təsir bağışlayır. Lakin romanın fikir çəkisi və təzəliyi bu konsepsiya ilə bağlıdır. Ümumiyyətlə, F.Q. bizim ədəbiyyatımızda yeni bir ziyalı obrazıdır, bəlkə şəhərli obrazıdır. F.Q. ziddiyyətli bir insandır, lakin məhz onun ziddiyyətləri romana emosional və konseptual əlvanlıq verir. O uşaqlıqdan hissiyyatlı, tez təsirlənən və tez- tez ovqatı dəyişən bir adamdır. Belə sentimentallığına baxmayaraq o, istedadlı və özünütəhlilə meylli olan bir ziyalıdır. Çox zaman ovqatının pisləşməsinin, kefinin pozulmasının, insanlarla ünsiyyət həvəsini birdən itirməsinin səbəbini özü anlamır, amma özünü və düşdüyü vəziyyətləri təhlil edir və əzab çəkir.

F.Q.-nin daxili həyatında keçmişin xatirələri, onların təhlili mühüm yer tutur. Bunun səbəbi iki şeyin onun ovqatına kəskin təsir etməsidir. Bunlardan birincisi adamlardır. Onunla ünsiyyətə girən adamlar ani olaraq onun ovqatına sərt emosional ton verirlər. İkinci amil F.Q.-nın emosional təəssüratlarıdır. Bu təəssüratlar onun yaddaşında ardıcıl olaraq oyanır və xatirələr axını yaradır. Bunun da nəticəsi onun ovqatının müəyyən emosional tona, çox zaman mənfi yüklü tona bürünməsi olur. Beləcə, F.Q. sanki öz ovqatını iradəsi ilə nizamlaya bilmir: çünki keçmiş təəssüratlar, müxtəlif insan obrazları onun emosional həyatını zəbt edir. F.Q. bundan əzab çəkir və "adamlar məni öldürür" deyəndə əsasən bunu nəzərdə tutur.

Onun daxili iztirablarını artıran cəhət yaddaşında emosiyaların başlıca, idarəedici rol oynamasıdır. O, həyatının bütün hadisələrini, bütün iştirakçılarını xatırlayır. Demək olar ki keçmişlə, keçmişin təhlili ilə yaşayır, nostalgiyadan çıxa bilmir. Amma keçmiş - mifik qarağac obrazında - onu unudur. Çünki insan toplumlarının, cəmiyyətlərin, insan mühitlərinin yaddaşı yoxdur. Yaddaş - təbiətin ancaq fərdlərə verdiyi bir mükafatdır. İnsanlar bu mükafat üzərində ikinci yaddaş yaradıblar - bu, yazıdır. Lakin yazı sözlərdən ibarətdir, sözlər isə fitrətən miflərdir, dünyaya aid bildirici işarələrdir. Onların yaratdığı mətnlər, Dünya obrazı da mifik olur. F.Q.-nin oxuduğu Çiçəkli yazı da həm müstəqim, həm də məcazi mənada mifdir və onun mifliyi də qəhrəmana bir dərd olur. O bilir ki, adamlar oxuduqları mətnləri öz başlarındakı mifin davamı kimi mənalandırırlar, buna meyllidirlər. Çiçəkli yazıdakı mif isə F.Q.-nin öz tale mifidir, o bilir: Öz mifini insan toplumunun gözləntilərinə uyğun oxumadığı üçün, yazını (oxu: mifi) olduğu kimi oxuduğu üçün hücumlara məruz qalacaq.

F.Q.-nin həyat dramı və iztirabları onun öz insan mühiti ilə, toplumu ilə barışmaz ziddiyyətindədir. Gəncliyindən öz mühitinin dəyərlərinə hörmət ruhunda böyüyən bu adam bir gün görür ki, onun öz daxili dəyərləri ətraf insan mühiti üçün sadəcə mövcud deyil. İnsanlar əslində hər biri öz dəyəri uğrunda o birilərlə yaxşı halda rəqabət aparır, tipik halda isə düşmənçilik edir və opponentlərinə nifrət bəsləyir. Öz daxili görmə qabiliyyəti ilə F.Q. özünü rəqib kimi görən, bəlkə nifrət edən riyakar insanları görür, tanıyır, onlarla ünsiyyətdə qalmağa məcbur olur və bundan hədsiz əzab çəkir. Çünki Qarağac kölgəsinin öz normaları var və bu normalar zəifləri sıradan çıxarmağa yönəlmişdir. Bu zəhlətökən və yorucu vərdişlər və mübarizələr tələb edir. F.Q. bu mübarizələrin mənasına şübhə edir, amma onlardan kənar da qala bilmir.

Romanda biz F.Q.-nin qocalığını görmürük. Onun qocalığını Mübariz kişi və Bəhrəm kişinin simasında, onların Gülsümə bölünməz məhəbbətində görürük. Onun oxuduğu Çiçəkli yazı da ömrünün bitməsini rəmzləndirir. Yazı oxunan kimi Bəhrəm kişi ölür. Beləliklə, F.Q.-nin taleyi də romanda mif şəklinə düşmüş bir obrazda öz əksini tapır. Əsərin əvvəllərində onu elmdə özünü ehtirasla təsdiq etmək istəyən, xırda akademik dəyərlərə bağlı görürük. O ciddi addımlar atanda daim tərəddüd edir. İnandığı adamlarla məsləhətləşir, qəti addımlar atmaqda ömrü boyu çətinlik çəkir. Patriarx folklorçu, institut direktoru, professor onun tənqidsiz qəbul elədiyi adamlardır.

Romanın bir sıra səhifələrində F.Q. lirik təbiətli bir insandır. Bu lirizm onun insanları özünə xas bir bağlılıqla sevmək qabiliyyətindən irəli gəlir. Bu sevgisiz, bu inamsız o adamlarla yaxınlıq edə bilmir. Buna məcbur olanda isə iztirab çəkir.

F.Q. müstəqillik illərində nəsrimizdə yaradılan ən monumental və sanballı roman qəhrəmanı sayıla bilər. Bütün ziddiyyətlərinə baxmayaraq o, müsbət, təmiz niyyətli, yalnız daxili sevgi ilə yaşamaq istəyən müasir bir ziyalı tipidir. Roman onun həyat dramının mifləşdirilməsidir. Kamal Abdulla bu qəhrəmanı müstəsna bir səmimiyyətlə yaratmışdır və açıq deməliyik ki, bu səmimiyyət dərəcəsi onun əvvəlki romanlarında yoxdur. Hətta bu romanın ilk hissələrində də bədii səmimiyyət onun son fəsillərinə nisbətən zəifdir. Lakin romanın ən səmimi, emosional cəhətdən sarsıdıcı hissləri göstərir ki, Kamal Abdulla öz ən vacib yazıçı mövzularına hələ indi daxil olur.

Yazıçı çox hünərlər göstərə bilər, bunlardan ən çətini və ağırı insanı təhlil və təqdim səmimiyyəti - yəni dərinliyidir. Kamal Abdulla öz qəhrəmanları haqqında qəlbində, yaddaşında gəzdirdiyi qənaətlərin - aysberqin, - əsl miqyasını hələ açıb göstərməyib.

Romanın adına verilmiş fikir əsərin məna qatlarının açarı rolunu oynayır. "Unutmağa kimsə yox" formulu həm də fərdi yaddaş konsepsiyasını açıqlayır. İnsanın ömrü onu əhatə edən adamlardan və hadisələrdən ayrı deyildir. Bizim özümüz üçün həyat tarixçəsi yaratmaq cəhdlərimiz əbəsdir. Çünki insanın içində yaşadığı balaca insan mühiti də yazıdır, tale və ömür yazısıdır. Fərdi talelər bu balaca insan mühitlərinin bir hissəsidir. Romanda insan mühiti Qarağac obrazında (dünya ağacı) mifləşdirilir. Hər bir adam öz mühitinin, öz ünsiyyət tarixçəsinin bir parçası olmağa və öz yaddaşında bu parçanı daşımağa məhkumdur. Bu artıq mif deyil, talelə mübarizədə məğlubiyyətə işarədir.

Bu mənada fərdi yaddaşın və taleyin əsas müəllifi bəlkə də bizi yaşadan balaca mühit və incan toplumlarıdır. Biz bu toplumların tarixinin bir hissəsiyik və "unutmağa kimsə yox" konsepsiyası mühitlə dartışmanın mühüm həqiqətlərindən sayıla bilər. Amma həqiqətlərin hamısı sayıla bilməz. Ona görə Kamal Abdullanın bədii dünyası hələ açıqdır, onun bədii səmimiyyət potensialı böyükdür. Onun yeni mifli və mifsiz yazılarının olacağı şübhəsizdir.

 

 

Rəhim Əliyev

 

Ədəbiyyat qəzeti.- 2011.- 17 iyun.- S.3.