Dünya şöhrətli yazıçı Çingiz Abdullayev ilə görüş

        

 Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin katibi, görkəmli qələm ustası Çingiz Abdullayev ilə görüş kitablarının "imza günü" keçirilmişdir.

Tədbirdə ADA-nın Kitab Mərkəzinin direktoru Vüqar Zeynalov mərkəz haqqında məlumat vermişdir. Bildirmişdir ki, mərkəzin fəaliyyətə başlamasından iki ay vaxt keçir. Bu qısa müddətdə dünya üzrə ən son nəşrlərin mərkəzə gətirildiyini vurğulayan natiq, həmçinin qeyd etmişdir ki, bu zəngin kitab fondundan hər kəs istifadə edə bilər. Mərkəzin təkcə ADA-nın tələbələrinə deyil, bütün kitabsevərlərə əvəzsiz töhfə olduğunu deyən Vüqar Zeynalov kitabxanada Azərbaycan, rus ingilis dillərində müxtəlif çeşiddə kitabların mövcud olduğunu bildirmişdir.

Məlumat verilmişdir ki, bənzəri olmayan mərkəzdə internet, buraya gələnlərin istirahəti üçün kafe, yeni kitablarla tanışlıq məqsədi güdən oxu zalı, oxucuların kitabları asanlıqla axtarıb tapmasına xidmət edən elektron avadanlıq mövcuddur. Burada uşaqlar üçün ayrıca bölmə yaradılmışdır. Mərkəzdə işləyən işçilər maraqlandıqları kitabları tapmaqda oxuculara yardımçı olurlar.

Diqqətə çatdırılmışdır ki, bundan sonra Kitab Mərkəzində kitab təqdimatları, tanınmış şair yazıçılarla görüşlər keçiriləcəkdir. Bu silsilədən ilk görüş dünya şöhrətli yazıçı Çingiz Abdullayevlədir.

İlk dəfə mərkəzə gəldiyini deyən Ç.Abdullayev burada yaradılmış şəraitin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır. Gənclərimizin mərkəzə gəlib mütaliə ilə məşğul olacaqlarına inamını ifadə edən natiq bunun xalqın mədəniyyəti və gələcəyinə xidmət edəcəyini demişdir. Görkəmli yazıçı ADA-nın rəhbərliyinə, tədbirin iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirmişdir.

Yazıçının "Qisasın gücü", "Göy mələklər", "Bakinski bulvar" digər kitablarının nümayiş olunduğu tədbirdə Ç.Abdullayev oxuculara öz yaradıcılığı, yazdığı son kitablar haqqında danışmış, onların kitablarını imzalamışdır.

Görüşdə yazıçı oxucularının, gənclərin, tələbələrin ona ünvanlanan suallarını cavablandırmış və onlarla xatirə şəkli çəkdirmişdir.

Ç.Abdullayevin əsərləri 28 dilə tərcümə edilmiş MDB ölkələrində, eləcə də ABŞ, Fransa, İsveç, Türkiyə, Bolqarıstan, İsraildə ümumi tirajı 16 milyon nüsxə ilə nəşr olunmuşdur. Ədibin 600-dən çox kitabı dünyada yayılmışdır. Amerikanın "Krisçen Sayans Monitor" jurnalı onu müasir dövrün siyasi detektiv janrında yazan ən yaxşı müəlliflərdən biri kimi dəyərləndirmişdir. Ç.Abdullayev 2009-cu ildə Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

AzərTAc

 

Ədəbiyyat qəzeti.- 2011.- 17 iyun.- S.3.