Efir məktəbi

   

Hər bir kütləvi informasiya vasitəsinin özünə məxsus dil xüsusiyyətləri var, - desək, yəqin ki, yanılmarıq. Belə ki, qəzet dili ilə radio - televiziya dilini heç cür eyniləşdirmək olmaz. Məsələn, qəzetdə iri həcmli hər hansı bir cümləni təkrar oxumaq imkanı var. Radioda isə bu mümkün deyil. O səbəbdən radio dilinin daha sadə və geniş dinləyici kütləsinin hər bir təbəqəsi üçün anlaşıqlı olması gərəkdir. Çünki dinləyicinin hər hansı bir cümləni başa düşmədiyi təqdirdə təkrar o cümləyə qayıtmaq imkanı yoxdur. Başqa bir tərəfdən isə radioda sözün seçimiylə ifadə tərzi arasında olduqca sıx bağlılıq var. Televiziyada isə söz bilavasitə təsvirlə əlaqəlidir. Bir çox hallarda təsvir mətndəki dil qüsurlarını belə örtə bilir. Çünki tamaşaçının diqqəti daha çox görüntüdə olduğundan dil qüsurlarına bir o qədər əhəmiyyət vermir. Bəzən olur ki, hər hansı bir televiziya mətnini təsvirdən kənar oxuyanda o adama çox kasad görünür. Obrazlı şəkildə desək, televiziyada mətni cana gətirən təsvirdir. Radioda isə çatdırılması nəzərdə tutulan fikrin bütün ağırlığı sözün üzərinə düşür. Bu baxımdan söz radioda böyük dəyər kəsb edir. Ümumiyyətlə, sözə verilən dəyərə tam başqa bir kontekstdən yanaşsaq deyə bilərik ki, Azərbaycan xalqı tarixən sözü həmişə uca tutub. El arasında belə bir məsəl var ki, filankəs sözünün ağasıdır. Verilən sözə əməl etmək böyük mərdlik, insani məziyyət sayılıb.

Klassik ədəbiyyatımızın böyük dühalarının sözlə bağlı çox müdrik fikirləri olub. Məsələn, Nizaminin fikrincə "sözün də su kimi lətafəti var, artıq içiləndə dərd verir su da". Böyük Füzuliyə görə isə Söz insanı əcəl yuxusundan belə oyatmaq qüdrətinə malikdir.

 

Ver sözə ehya ki, tutduqda səni xabi-əcəl,

Edə hər saət səni ol uyğudan bidar söz.

 

85 yaşlı Azərbaycan radiosu da öz fəaliyyəti boyu sözə məhz bu aspektdən yanaşıb. Hansı sözü hansı saatda deməli, hansı tərzdə deməli, hansı səslə deməli. Səsin təsir gücü radio üçün başlıca amillərdən biri olub. Özü də elə bir səsin ki, insan qəlbinə sirayətedici gücə malik ola bilsin. Bir sözlə, insan varlığına hakim kəsilə biləcək bir səs. Məsələn, Azərbaycan diktor məktəbinin tanınmış simalarından olan Aydın Qaradağlı, Fatma Cabbarova, Gültəkin Cabbarlı, Ramiz Mustafayev, Sabutay Quliyev və bir yazıda hamısının adlarını çəkə bilmədiyim müqtədir sənətkarların səsləri kimi, Sabutay Quliyevin səsində elə bir təmizlik, saflıq, inam var idi ki, ona diqqət kəsilməmək mümkün deyildi. Deyəcəyi fikirdən öncə səsin özü dinləyicini cəlb edirdi. Onun səsiylə təqdim olunan hər bir informasiya, hər bir mətn çox dolğun və inandırıcı alınardı. Çünki özü oxuduğuna inanırdı. Həm də sadəcə olaraq oxumurdu, öz təfəkküründən keçirib özününküləşdirib oxuyurdu. O zaman hər hansı bir diktorun mətnə əl gəzdirmək səlahiyyəti olmazdı. Amma Sabutay Quliyev belə bir səlahiyyətə malik idi. Çünki mətndəki ən xırda səhv belə onun gözündən qaçmazdı. Bu isə onun zəngin mütaliəsindən, geniş dünyagörüşünə malik olmasından irəli gəlirdi. O zaman internet yox idi. Hər şey yaddaşlara yazılardı. Mikrofon önünə keçən elə korifeylər var idi ki, onlar fenomen yaddaşa malik idilər. Haqqında bir qədər ətraflı söhbət açmaq istədiyim Sabutay Quliyev də onlardan biri idi. Radioya 1949-cu ildə gəlmişdi. Maraqlısı da budur ki, səsi bircə dəfə dinlənilmiş və həmin günün axşamı artıq ona canlı efir etibar olunmuşdu. Çünki münsiflər heyətinin inamını dərhal qazanmışdı. Sabutay müəllim daha çox informasiya proqramları və ictimai-siyasi xarakterli verilişlərlə efirə çıxardı. Çox zaman kənardan baxana xəbərlərin oxunuşu asan gəlir. Amma əslində elə deyil. Müxtəlif mövzulu hər bir xəbər fərdi yanaşma tələb edir. Bu fərdi yanaşma isə diktorun, aparıcının intonasiyasında özünü təcəssüm etdirir. Xəbəri xəbərdən ayıran da elə intonasiyadır. Xəbərlər bir qayda olaraq dinamik bir oxu tərzi tələb edir. Amma dinamika ilə tələskənlik eyni şey deyil. Xəbər oxunuşunda tələskənlik məntiqin itməsinə gətirib çıxara bilər. Bəzən olur ki, efir vaxtına bir dəqiqə qalmış diktor qaranəfəs studiyaya girib dinamik musiqinin fonunda az qala "kosmik bir sürətlə" xəbərləri oxuyub tamamlayır. Amma nə oxuduğunu ondan soruşsan cavab verə bilməz. Sabutay Quliyev isə xəbərləri nəinki əvvəlcədən oxuyardı, hətta yeri gəldiyi zaman onları redaktə eləməkdən belə çəkinməzdi. O zaman elə diktorlar var idi ki, yalnız mətn oxuyardı və yaxud konkret bir verilişin aparıcısı olardı. Amma Sabutay Quliyev həm tərcümə eləyərdi, həm qəzetlərin xülasəsini hazırlayardı, həm də yeri gələndə buraxılış redaktorunu əvəz eləyərdi. O illərdə qurultay materiallarının, bir sıra çıxışların mətnləri radioda oxunardı. Özü də qəzetdən oxunardı. Bu isə son dərəcə məsuliyyətli bir iş idi. Çaşmadan, hansı sözü isə təkrarlamadan, məntiqi vurğunu dəqiq tutaraq oxumaq. Böyük bir auditoriyaya oxumaq. Elə oxumaq ki, çıxışın mətni hər kəsə aydın olsun. Bu qəbil mətnlər daha çox Sabutay Quliyev kimi efir korifeylərinə həvalə olunardı.

Bu gün efir verilişlərinin çoxu canlıdır. Amma o zaman canlı verilişlər nadir hallarda olardı. futbol reportajları istisna olmaqla. Bu reportajların aparıcısından isə artıq xüsusi bir istedad tələb olunardı. Çünki burda həm futbolu yaxşı bilmək , həm də sözün əsl mənasında azarkeş olmaq lazım idi ki, o saatı yaşaya biləsən. Həm də oyunu elə təsvir edəsən ki, bu oyunu görməyə bərabər olsun. Sabutay Quliyev Azərbaycan radio məktəbində futbol reportajlarının əvəzsiz aparıcısı kimi də iz qoyub.

Bu yazını hazırlayarkən Sabutay müəllimi həyat yoldaşı Nəzakət xanımla birgə xatırladıq. Sən demə, nişanlı olduqları zaman futbol oyunlarına onu da apararmış. Amma yanında sakit oturmasını tapşırarmış. Nəzakət xanım deyir ki, "radio onun əsas həyatıydı. Mən də oğlum Elxanla bərabər o həyatı yaşayırdıq. İş elə gətirmişdi ki, Elxanın da gözəl, aydın səsi vardı. Sabutay onu da diktor görmək istədi. Ona evdə çox dərs keçirdi. Çoxlu xəbərlər, ictimai-siyasi xarakterli mətnlər oxudardı. Oxu qaydalarını, səslə işləmək texnikasını öyrədərdi. Həmçinin, ona çoxlu kitab oxudardı. İstəyirdi ki, onda davamlı oxu vərdişi alınsın. İstəyinə də nail olurdu. İlk dəfə Elxanı efirdən eşidəndə çox sevindi. O gündən başlayaraq bütün verilişlərinə qulaq asardı. Daha çox da tənqidi yanaşardı ona. Qüsurlarını deyərdi."

Burada bir haşiyə çıxıb qeyd eləmək istəyirəm ki, o illərdə sənətin istənilən sahəsinin inkişafında tənqidin xidməti böyük idi. İstər söz sənəti olsun, istər təsviri sənət olsun, ya qeyri bir sahə. Məsələn, dilimizdə işlənən bir sıra sözlərdə elə samitlər var ki, radio mətnlərinin oxunuşu üçün onların bir qədər yumşaldılması tələb olunur. Bunu yaşlı nəslin nümayəndələri həmişə radioya təzə gələn gənclərə tövsiyə edərdilər. Bu tövsiyələrdən bəhrələnənlər bir qayda olaraq efirdə uğur qazanardılar. Bir də ki, yuxarıda qeyd etdiyim kimi, efir dilinin özünəməxsus xüsusiyyətləri çoxdur. Bu dil tam danışıq dili olmasa da, ona çox yaxındır. O zaman bizə deyərdilər ki, qısa, lakonik cümlələrdən istifadə edin. Zaman şəkilçilərinə diqqət yetirin ki, qulağa ağırlıq gətirməsin. Məsələn, "keçirilmişdir" əvəzinə "keçirilib" deyilsə, daha məqsədəuyğundur. Bir məqama da istərdim diqqət yetirəsiz ki, efir elə bir məkandır ki, bura düşən şəxsi daim öz üzərində işləməyə, öyrənməyə, müasir tələblərlə ayaqlaşmağa sövq edir. Çünki efir zamana işləyir. Zaman isə hər an inkişafdadır. Haqqında söhbət açdığım mərhum Sabutay Quliyev də yeganə övladını daim inkişafda görmək istəyirdi. Efirdəki ən xırda qüsurunu belə ona bağışlamırdı. Amma ömrünü bağışladı ona..

Çox tez bağışladı. Elxanın isə qədəri elə yazılmışdi ki, atasının ömrünü yaşada bilmədi. Çünki öz ömrü çox qısa oldu. Amansız xəstəlik Elxan Sabutay oğlunun səsini çox erkən - 34 yaşındaykən susdurdu. Bu gün hər ikisinin ömrünü yaşadan Nəzakət xanımdır. Son dərəcə səbirli, təmkinli, dözümlü bir xanım. Tez-tez xatirəli dünyasında gəzişir. 40 ildən artıqdır ki, musiqi məktəbində çalışır. Hazırda dərs hissə müdiridir. Deyir: "Mənim bu sahəyə gəlməyimdə Sabutayın böyük təkidi olub. Mən ixsisasca bioloq idim. Nədənsə Sabutay məni musiqiçi görmək istəyirdi. Onun təklifilə ikinci ixtisas sahibi oldum, ömrümü birdəfəlik bu sahəyə bağladım. Bilmirəm bu Sabutayın istəyinə görə oldu, yoxsa Elxanın xatirəsinə görə. Axı Elxan musiqi təhsilliydi, gözəl piano çalırdı. Bəlkə də ona görə bu sahədən ayrıla bilmədim..."

Bu söhbəti dinləyə-dinləyə düşündüm ki, nə yaxşı ki, o vaxt Nəzakət xanım Sabutay müəllimin tövsiyəsinə qulaq asıb, həyatını büsbütün musiqiyə bağlayıb. Çünki musiqi həqiqətən də bir çox yaraların məlhəmi ola bilir...

Azərbaycan radiosunun 85 illik yubileyi silsiləsindən bu gün Azərbaycan diktor məktəbinin tanınmış simalarından biri olan əməkdar artist Sabutay Quliyevin radio həyatından söhbət açmağım təsadüfi olmadı. Çünki bəzən cəmisi 10-15 il efirdə, ekranda olan kimsə heç çəkinmədən deyir ki, "mənim öz məktəbim" var.

Amma yaşanan tarix sübut edir ki, məktəb olmaq anlayışı çox geniş bir məfhumdur. Bu baxımdan Azərbaycanın efir məkanının bir məktəbi var. O da 85 illik Azərbaycan radiosudur. Rus ədəbiyyatı Qoqolun "Şinel"indən çıxdığı kimi, bu gün Azərbaycanın çoxsaylı, radio və televiziyaları da obrazlı şəkildə desək, bu məktəbin "şinelindən" çıxıb.

 

 

Zərxanım ƏHMƏDLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 17 iyun.- S.5.