Mədəniyyət və İncəsənət Universitetində

 

  İyunun 14-də Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsinin ədəbi yaradıcılıq və ekran dramaturgiyası, rejissorluq fakültəsinin kino rejissorluğu televiziya rejissorluğu kafedralarının birgə təşəbbüsü ilə məzunların buraxılış işinə baxış keçirildi.

Əvvəlcə sözügedən təhsil ocağının prorektoru, professor Rafiq Sadıqov çıxış edərək bildirdi ki, özünün 90 illik fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş Mədəniyyət və İncəsənət Universiteti əslində incəsənətin bütün sahələrini birləşdirir: "Universitet son illər böyük bir inkişaf mərhələsi keçib, yüksək dövlət qayğısı ilə əhatə olunub. Eyni zamanda Timuçin müəllimin yüksək təşkilatçılıq bacarığı sayəsində yeni ixtisaslar açılıb. Məzunlarımız öz sahələrində həm ölkə daxilində, həm də bir çox xarici dövlətlərdə böyük uğurlara imza atıb, mədəniyyətimizi layiqincə təmsil ediblər. Universitetin rəhbərliyi təhsil ocağında kinostudiya yaradılması üçün lazımi avadanlıqların alınmasına nail olub. Hesab edirəm bu, gələcəkdə yetirmələrimizin öz müəllimləri ilə əlaqəli şəkildə işləməsinə daha münbit zəmin yaradacaq. Bu gün universitetin ədəbi yaradıcılıq kafedrasının müdiri, professor Aqşin Babayev fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyevin təşəbbüsləri ilə üç qısametrajlı film nümayiş olunur. Bu, ilk sınaq üçün çox maraqlıdı belə təqdimatların sayını artırmaq zənnimcə, çox faydalı olar…"

Sonra xalq yazıçısı İlyas Əfəndiyevin eyniadlı əsəri əsasında çəkilmiş "Büllur sarayda" (Sona Bayramova - ssenari müəllifi, Elgiz Bayramov - rejissor), ustad yazıçı Mir Cəlalın hekayələri əsasında çəkilmiş "İclas qurusu" (failə Nəbiyeva - ssenari müəllifi, Pərviz Bağırov - rejissor), xalq şairi Xəlil Rza Ulutürkün həyat və yaradıcılığından bəhs edən (ssenari müəllifi Könül İsayeva, rejissor - Elvin Orucov) qısametrajlı filmlər nümayiş edildi.

Müzakirələr zamanı yazıçı-dramaturq, universitetin kafedra müdirləri, professor Aqşin Babayev, dekan, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev, yazıçı-dramaturq Əli Əmirli, kafedra müdiri, filologiya elmləri doktoru Aybəniz Əliyeva - Kəngərli və başqaları çıxış edərək təqdim olunan filmlər haqqında mülahizələrini söylədilər.

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 17 iyun.- S.6.