Türk dünyasında ədəbiyyat,
ədəbiyyat(ımız)da Türk dünyası...
Məruzə
Yazıçıların XIII qurultayı qarşısında
düzənlənən silsilə tədbirlər çərçivəsində
- 06.06.2011-ci il tarixdə AYB-də "Ədəbiyyatımız
və Türk dünyası" adlı hesabat
yığıncağında oxunmuşdur.
Hörmətli
Anar müəllim,
Hörmətli
müzakirə iştirakçıları!
İlk öncə hər birinizə mənim
məruzəmə maraq göstərdiyiniz və bu gün burda
olduğunuz üçün təşəkkürlərimi
yetirir, iştirakçılara məruzə ilə
bağlı deyəcəkləri bütün konstruktiv fikirlərə
görə öncədən öz sayğılarımı
bildirirəm. Doğal olaraq, mən Azərbaycan ədiblərinin
Türkiyədə, digər türk ellərində
çıxan kitablarına, dərc olunan yaradıcılıq
örnəklərinə, habelə Azərbaycanda baş
vermiş Türk dünyası ünvanlı ədəbiyyat
hadisələrinə diqqət çəkməliyəm. Lakin
təqdir edərsiz, yalnız bu planda məruzə etməkdənsə,
Türk dünyası ədəbiyyatının ümumi mənzərəsinə
bacardığımız qədər göz atmaq, professor
Hüseyn İsmayılovun sözləri ilə desək,
"ortaq türk keçmişindən ortaq türk gələcəyinə"
boylanmaq daha düzgün olacaqdır.
***
Türk dünyası! Dünya içrə
dünya deyilən böyük coğrafi-mədəni
ünvandan söhbət gedir… Və bu söhbət ədəbiyyat
planında, söz sənəti üzərindədir. Gəlin
ilk öncə aydınlaşdırmağa
çalışaq: Türk dünyasında dərinləşmiş
ilişkilər (ədəbiyyatla da dərinləşdirməyə
çalışdığımız ilişkilər),
"Türk birliyi" bu birliyin mahiyyəti nədir, nə
üçün vacibdir? Mümkün cavablardan biri yəqin
belə olardı: Türk dünyası türk dövlət və
topluluqlarını çevrələyən, türkün
maddi-mənəvi ünvanlarını ehtiva edən coğrafi
və habelə etnoqrafik məkandır. Türk birliyi
zamanında mövcud olmuş bir soy birliyidir. Türk birliyinin
bütün soy coğrafiyamız üzrə oturuşması,
bəlkə daha doğru olar desək, hərəkətə
keçməsi lazımdır. Türk dünyasının
ümumdünya miqyasında görünməsinin digər
uğurlar, başarılar, töhfələrlə
yanaşı, önəmli dərəcədə ədəbiyyatla
bağlılığını, Prezident Heydər Əliyevin
6 noyabr 1996-cı ildə - Türk Dünyası
Yazıçılarının III qurultayındakı nitqindən
götürdüyümüz fikirlərlə ifadə edək:
"…Çoxəsrlik tariximizdə xalqlarımızı
yaşadan, qoruyan və bugünkü günlərə gətirib
çıxaran amillərdən biri, ola bilər ki, ən əsası,
bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli,
şairlərimiz, yazıçılarımızdır.
…Xalqlarımız tarix boyu insan həyatının
bütün sahələrində, bəşəriyyətin
bütün sahələrində öz istedadını, biliyini,
bacarığını göstərmiş, elmi ixtiraları,
qəhrəmanlıq nümunələri, böyük
tarixi-memarlıq abidələri və böyük bədii əsərləri,
musiqisi ilə parlaq səhifələr yazmışlar.
Bunların arasında şairlərimizin,
yazıçılarımızın xidməti və
tariximizin yaranmasında, saxlanmasında onların əsərlərinin
qiyməti çox böyükdür."
Doğrudan da, Türk birliyi ideyası
uğrunda hərəkatın alt yapısını tarix boyu
yaradıcı insanlar, şairlər, ozanlar, dərvişlər,
fikir adamları oluşdurublar. Qələm adamının
türk birliyi adına verdiyi dəstəyin (o dəstəyin
ruhani, ideoloji, fəlsəfi, kültürəl libasda
olmasından asılı olmayaraq) gələnəyi, təcrübəsi
var və yeni ədəbi nəsil də o xəttin
qırılmamasında maraqlı olmalıdır. Bir
gürcü filminin adı ilə desəm: "Köklərə
borclu budaqlar" kimi…
Kaşğarlı Mahmudun, Əhməd Yasəvinin,
Yunus İmrənin, Əlişir Nəvainin, Məhdimqulunun…
adı bu gün, onların zamanındakı digər sənət-peşə
yiyələrindən daha intensiv xatırlanan, daha tez-tez
çəkilən mənəvi ünvanlardır. Heç təsadüfi
deyil ki, onların hər biri Türk dünyası ədəbiyyatı
dedikdə, gözlər önünə ilk sırada gələn
böyük adlar arasındadır…
Türkoloq-alim Ramiz Əskər deyir:
"Türk tarixi olduqca qədimdir. Həm də türk
coğrafiyası çox genişdir. Ona görə də
türk dili zaman-zaman öz məcrasından çıxaraq
şəkil dəyişdirə bilib. Yəni böyük
coğrafiyanın sakinləri bir-birindən minlərlə
kilometr uzaqda yaşadıqlarına görə,
danışdıqları eyni dil zamanla fərqlənməyə
başlayıb. Nəticədə isə türk dilləri
üç əsas qrupa bölünüb: oğuz - ən
böyük abidəsi "Kitabi-Dədə Qorqud"dur;
qıpçaq - ədəbi abidəsi "Manas"dır; və
karluk - ədəbi abidəsi "Kutadqu -Bilik"dir. Bundan
başqa Mahmud Kaşgarlının "Divani-lüğat
it-türk" kitabı bütünlükdə türk dilinə
aid elmi-ədəbi əsərdir."
Türkçülüyün,
eləcə də maarifdə, ədəbiyyatşünaslıqda,
dil və əlifba islahatında türkçülüyün
ilk ataları Azərbaycandan Mirzə Fətəli Axundzadə, Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu; Türkiyədən
Əhməd Vefiq Paşa, Süleyman Paşa, Mehmet Əmin
Yurdaqul, Əhməd Cevdət, Fuad Köprülüzadə, Ziya
Göyalp; Qazaxıstandan Mağjan Jumabay; Tatarıstandan Yusuf
Akçura; Başqırdıstandan Zəki Vəlidi Toğan,
Şəyexzada Babiç, Kırımdan İsmayıl
Qaspıralı; Özbəkistandan Əbdülrauf Fitrət, Əbdülhəmid
Çolpan, Abdulla Qadiri; Əfqanıstandan Şeyx Cəmaləddin
Əfqani kimi klassikləri rəhmətlə anırıq. Ədəbiyyatda
rəhmət (rəhmətlə anmaq), gələnəklərin
davam etdirilməsi, onların Türk dünyası adına, ədəbiyyat
adına, sənət adına diləklərini gerçəkləşdirmək,
yaxud XXI yüzil güncəlliyi ilə uyumunu saxlamaqdır, təbii.
Həmin klassiklərin
ardınca gələn, yenə klassik təyini ilə
tanımlayacağımız ədiblər: Azərbaycandan
Hüseyn Cavid, Əhməd Cavad, Almas Yıldırım, Məhəmməd
Hadi; Türkiyədən Yəhya Kamal, Mehmet Akif Ərsoy, Fazil Hüsnü Dağlarca, Arif
Nihat Asya, Nəcib Fazil Qısakürək, Hüseyn Nihal Atsız; Özbəkistandan
həmvətənimiz Maqsud Şeyxzadə, Xalid Səid Xocayev;
Kırımdan Numan Çələbi Cihan, Bəkir
Çobanzadə, Rumıniyadan Mehmet Niyazi; Quzey Qafqazdan
Qaysın Quliyev; Tatarıstandan Abdulla Tukay; Xakasiyadan prof.
Nikolay Katanov; Sibirdən Bolat Söleymanov və bir çox
başqaları öz genetik yaddaşlarının peşinə
düşdülər.
"Genetik
yaddaş" məsələsinə qayıdacağıq, hələliksə
yenidən 6 noyabr 1996-cı ilə - Türk Dünyası
Yazıçılarının III qurultayına gedək.
Qurultayda nitq söyləyən Prezident Heydər Əliyev
deyirdi:
"…Xalqlarımızın
- türkdilli xalqların, ölkələrin mədəniyyəti,
ədəbiyyatı XX əsrdə ziddiyyətli, eyni zamanda
çox şərəfli və müvəffəqiyyətli
yol keçmişdir. Bir tərəfdən, bizim mənəviyyatımızı,
mədəniyyətimizi, ədəbiyyatımızı
bir-birindən ayırmaq, parçalamaq, milliliyin
qarşısını almaq cəhdləri çox güclü
olmuş, ikinci tərəfdən də yaranmış,
ictimai-siyasi vəziyyət və xalqlarımızın
cürbəcür imkanlardan istifadə edib dünya mədəniyyəti
ilə daha sıx əlaqələr qurması nəticəsində
ədəbiyyatımız, mədəniyyətimiz çox
inkişaf etmişdir.
…Beləliklə,
milli mədəniyyətimizin, ədəbiyyatımızın
inkişafının qarşısını almaq cəhdləri
nə qədər çox olmuşdusa da, milli ədəbiyyatımızda,
mənəviyyatımızda, mədəniyyətimizdə olan
bir o qədər, bəlkə də ondan da çox olan
güclər özünə cürbəcür yollar
açmış və ümumbəşəri dəyərlərdən
istifadə edərək daha da yüksək səviyyələrə
çatmışdır. Bunu bizim türkdilli xalqların,
Türk dünyasına mənsub olan ölkələrin XX əsr
ədəbiyyatında, mədəniyyətində
yaranmış əsərlərdə çox
açıq-aydın görmək olar. Bizim hamımız bu əsərlərlə
fəxr edirik."
Elə bilirəm,
bu mötəbər fikirlər, sınırlara, tikanlı məftillərə,
ideoloji axımlara, ölümlərə-itimlərə
baxmayaraq, dünyanın dörd yanında
türkçülüyün odunu qoruyan imzaların
haqqını ən doğru şəkildə verir.
Biz də bu yerdə,
Haqq dunyasında olan, cənnətdə olduğuna inandığımız
Şəhriyar, Bəxtiyar Vahabzadə, Rəfiq Zəka Xəndan,
Xəlil Rza Ulutürk, Şahmar Əkbərzadə (Azərbaycan),
Çingiz Aytmatov (Qırğızıstan), Rauf Pərvi
(Özbəkistan), Şakir Səlim, Yunus Kandım
(Kırım), Petri Huzanqay (Çuvaşıstan) kimi
"Ortaq türk keçmişindən ortaq türk gələcəyi"nə
aparan yolun geridönməz olması üçün
ömür qoymuş ədibləri bir daha rəhmətlə
anırıq. Eyni zamanda, ulu Tanrıya
şükranlıqlarımızı yetiririk ki, bu gün də
bu yolda ömür sərf edən, sağlığındaykən
klassikləşmiş ədiblərimiz və öz
yollarını bəlirləmiş gənc ədəbi
qüvvələrimiz var. İrəliləyən dəqiqələrdə
bu imzalar üzərində dayanmağa
çalışacağıq.
Hələliksə,
söz verdiyimiz kimi, "Genetik yaddaş" məsələsinə
qayıdaq. Əslində "kimdir türk
yazıçısı", "kimə türk
yazıçısı demək olar" suallarının
cavabını müəyyənləşdirmək çətindir,
yaxud mümkün cavablar dartışma tələb edir. Burada
şaman da, xristian da, musəvi (karaim) də, təbii,
İslam inanclı yazar da var. Hər türlü ədəbi
axıma mənsub - həm mühafizəkar, həm də
modern üslublu yazar var.
…Ümumiyyətlə, bugünkü
mövzumuz planında aydınlaşdırılmalı bəlli
suallar olduğuna inanıram. Örnəyi, götürək
Nazim Hikməti. O, Lenini, kommunizmi təbliğ edən şeirlər
müəllifi olmasının yanısıra keçmiş
SSRİ məkanında gəzən Türkiyə, başqa
sözlə, canlı Anadolu türkcəsi, türk dili idi…
Sual oluna bilər, o dönəmdə osmanlı ağzı ilə
yazan, bolşevizmi qəbullanmayan, bəlkə Türk
dünyasının birliyi, sovetlərin çökməsi
uğrunda müəyyən yazı-pozusu da olan bir yazarmı
Türk dünyası ədəbiyyatının
inkişafında daha böyük pay sahibidir, Nazim Hikmətmi?
…Yaxud orta çağa gedək. Nəvainin
"İki dilin müqayisəli təhlili" əsərini
yazması böyük dəyər daşıyır, yoxsa onun
klassik türk vəzni hecada deyil, əruzda yazmasımı?
Eləcə də Nəvainin Nizamiyə nəzirə
yazması, yüzillər sonra özbək xalq şairi Qafur
Qulamın Azərbaycan xalq şairi Səməd Vurğuna,
yaxud başqırd Mustay Kərimin qırğız Çingiz
Aytmatova şeir həsr etməsi (habelə yad sözlərdən
arınmış öztürkcədə yazmaları), sizcə,
təsadüf idimi və bunun dəyərini, lap inersiya ilə
də olsa ruh axışını, Əjdər Olun sözləri
ilə desəm, "Könül vuruşu"nu görməzdən
gəlmək olarmı? Təbii ki, yox. Bax, elə bu da
(şair Niyaz Nəsirin sözləri ilə desəm) xalq ruhu
cəsarətinin, türk ruhu qabarmasının bir təcallası
idi və Nəvainin Nizaminin əruzunu, deyək, farsca, ərəbcə
yazmasını, eləcə də Qafur Qulamın, Səməd
Vurğunun partiyalı ədəbiyyatın əsas simaları
olmasını ikinci plana keçirir. Eləcə də hələ
sovet dövründə xalq şairi Rəsul Rzanın
türkiyəli şairlərin, o cümlədən Kəmaləddin
Kamu, Nəcib Fazil Qısakürək, Orxan Vəli Qanıq, Fazil Hüsnü
Dağlarca, Məlik Cövdət Anday, Məhməd
Könülün şeirlərinə müraciət etməsini,
onları azərbaycancaya uyğunlaşdırmasını
bayaq dediyimiz, genetik kod və xalq ruhu cəsarəti, başqa
sözlə, xalqın içindən gələn səmimi
hisslərlə, o hisslərin bir xalq şairinin çalışmaları
timsalında cavab bulması kimi incələyə bilərik.
Bir maraqlı nüansı da vurğulamadam
keçməyim: Rəsul Rzanın, Nəcib Fazil Qısakürəyin
"Otel odalarında" şeirini dilimizə
uyğunlaşdırdığı zamandan təqribən 24-25
il sonra Anar müəllim Nəcib Fazilin Vətənində
başlayıb, Rəsul Rzanın Vətənində bitirəcəyi
"Otel otağı" əsərini yazacaqdı.
Doğrudan da, "enerji itmir, o heçdən yaranmır və
yox olmur, sadəcə şəklini dəyişir, bir formadan
başqa formaya keçir" - bu da ədəbiyyatın
fizikasıdır, enerjinin itməməsi qanununun ədəbi
inikasıdır. (Və bəlkə elə bu zalda oturanlardan
da kimlərsə otel odalarında bunu hiss edib:
Çılpaq divarda vurur nəbzi
sızıltıların,
Mismar yaralarında, mismar yaralarında.
Hiss edilir zamanın taxtanı gəmirdiyi
Tavan aralarında, tavan aralarında…)
Yenə bir öncəki mətləbə
qayıdaq. Xalqın dilində yazan, şeir dili ilə daha
çox bir milli kültür hadisəsi olan, dolu irs qoyub
getmiş bir şairmi Türk dünyası ədəbiyyatının,
dilin inkişafında çox pay sahibidir, yoxsa, fars-ərəb
tərkibləri ilə dolu dili ilə kənar mədəniyyət,
ancaq düşüncəsi, məfkurəsi ilə
başdan-başa milli şair olan, Türk dünyasının
qara sevdalısı olan şairmi? Ülkü baxımından
ikinci, sənət, dil hadisəsi, üslub baxımından
birinci şair - deyə cavab verilə bilər. Təsadüfi
deyil ki, Ziya Göyalp da "Türkçülüyün əsasları"nda
bu olanağa münasibət bildirmədən keçməmiş,
dərin bir münasibət sərgiləmişdir: "…Xalq
şairlərinin qoşmaları, dastanları, maniləri və
türküləri türk xalqının içindən gələn
(səmimi) əsərlərdir. Bunlar metodla, təqlidlə
yaradılmamışdır. Aşıq Ömər, Dərdli,
Qaracaoğlan kimi şairlər xalqın sevgili şairləridir.
Təkkələrin hər biri bir xalq ədəbiyyatına və
dolayısı ilə türk ədəbiyyatına daxildir.
Yunus İmrə, Qayğusuz və Bektaşi şairləri bu
topluluqlardandır.
Osmanlı ədəbiyyatı isə nağıl
yerinə fərdlərə aid öykü və romanlardan,
qoşma və dastan yerinə təqlid yolu ilə
yazılmış qəzəllərdən və Avropa tərzində
şeirlərdən ibarətdir. Osmanlı şairlərindən
hər biri hökmən fars dövründə bir fars
şairinə, fransız dövründə isə bir
fransız şairinə bənzər. Füzuli ilə Nədim
belə bu məsələdə müstəsna deyillər."
***
Bir daha Ziya Göyalpa istinad edərək
başqa bölməyə keçək. Ziya Göyalpa görə,
əsl türk şeiri təkəbbürdən,
özünüöymədən,
vasvasıçılıqdan, bədbin və ümidsiz, xəstə
ruhlu kimi görünüşdən (içərikdən)
uzaq, inamlı, nikbin, ümidli və sağlam
olmalıdır!.. (Örnəyi, "Qorxa-qorxa rüsvay olduq
cahanda, qurğunu ər kimi qurmaq vaxtıdır. Zalım
düşmən yurdumuzu taladı, çox yatdıq, igidlər,
durmaq vaxtıdır" deyən XVIII yüzil Türkmən(istan)
şairi Seyidnəzər Seydinin, "Millət şərqisi"
yazan Tofiq Fikrətin, "Ya qazi ol, ya şəhid" deyən
Mehmet Əmin Yurdaqulun, dərgaha tapınıb "Qorxma,
sönməz bu şəfəqlərdə üzən al
sancaq"la başlayan "İstiqlal marşı"nı
yazan Mehmet Akif Ərsoyun, "Alparslan"ı yazan Arif Nihat
Asyanın, "Əlinə silah al" deyə buyuran Həmid
Alimcanın, eləcə də Hüseyn Nihal Atsızın
ümidsizliyi bir damcı yaxın qoymayan şeirləri kimi,
"Kirpiyinlə silahlan" yazan Xəlil Rza Ulutürkün,
"Sən qalib gələcəksən" inancına sahib Zəlimxan
Yaqubun döyüşkən, ümidli poeziyası kimi…)
Bu yerdə sanki Ziya Göyalpın türk şeiri,
ülkülü şeir üçün
cızdığı tablonu, türkün həmişə
müstəqil cümhuriyyəti üçün biçimləndirən
solçu şair tərəfindən yazılan, amma bəlkə
sağçı sayıla biləcək şeiri diqqətinizə
ərz edirəm. Ünlü şair Ataol Bəhramoğlu sanki
Türkiyəni bir şeir bilib. Sanki Ziya Göyalpın
türk şeirinə xas bildiyi özəllikləri Türkiyənin
özünə xas bilib Ataol Bəhramoğlu:
…Türkiyə, üzgün yurdum, gözəl
yurdum,
dağ küləyi, portağal balı,
alçaqkönüllü, hünərli,
sevdalı.
…Türkiyə, üzgün yurdum, gözəl
yurdum,
Güngörmüş bilgə
torpağım,
Yunus, pir Sultan və Nazım.
Türkiyə, üzgün yurdum, gözəl
yurdum,
Sızı, ağı, halay və zeybək,
Tüstüsü üstündə əppək.
Türkiyə, üzgün yurdum, gözəl
yurdum,
Üzü
qırış-qırış anam,
Ağlayan narım, gülən heyvam.
Türkiyə, üzgün yurdum, gözəl
yurdum,
Asmaların üstündə gün
işığı,
Ən gözəl gələcəyin
yaraşığı.
Türkiyə, üzgün yurdum, gözəl
yurdum,
Zənciri alnında qımıldayan
Bitəcək sanıldığı yerdə
başlayan.
Bu şeir bir daha təsdiq edir ki, türk
şairi solçu da olsa, sağçı da olsa, hecada da
yazsa, hecasız da yazsa, onun qara qələmindən ağ
kağıza tökülən misralarda hətta inersiya ilə
gəlmiş olsa belə… harmoniya, bütövlük, simmetriya
(belə deyək, xarakter) yansıyacaq (və bir də Ataol Bəhramoğlu
"Attila Jozsefin şəhrində bir köprüdən
Tunaya baxmaq" adlı poemasını yazarkən də eyni ahəngdədir
- bəlkə buradakı simmetriya qeyri-səlisdir, amma illa da
bir türk şairini nişan verir, türkün böyük
ruhunu nişan verir, "Bir yaz günü keçdik Tunadan
qafilələrlə" havasını gətirir).
İlgincdir ki, "Türkiyə,
üzgün yurdum, gözəl yurdum" yazılandan 10 il
sonra Azərbaycanda Əlisəmid Kür "Məmləkətim,
hey"i, 18 il sonra-1998-ci ildə Quzey qafqazlı başqa bir
türk, başqa bir şair bu şeiri yazacaqdı:
Rəngli şimşəklərin
üssü,
İlk türk şerimin süsü,
Ankara, Ankara.
***
Qarlı bir göyüzü
Çökər yürəkdə son
duvar
Ankara, Ankara.
Bu zatən ruh məsələsi
O! Yarınların sılası,
O! Yarınların kalesi -
Ankara, Ankara.
Bu balkar şairi Örüzlan Bolatın şeiridi.
Başqa bir şeirində:
Altay, Balkarya, Türkiyə,
Eşq, işıq birləşdirdi sizi -
deyən Örüzlanın,
Örüzlandan daha gənc, Batı trakyalı şair Mustafa
Çolak 6-7 il sonra "Məmləkətim"i
yazırdı:
Məmləkətim!
Uğruna canımı,
Qanımı fəda edərim
Canım sevgilim
Qarayazılı məmləkətim.
Məmləkətim!
Daşına, torpağına vuruldum
Eşqnlə sərxoş oldum
Bu yola baş qoydum
Bəklə bizi, bizi bəklə!
Məmləkətim!
Qaranlıq bir ölkənin,
Asi cocuğu
Həyat günəşim, yaşama
sevincim
Məmləkətim mənim!
Eyni ruhu, eyni ritmi, eyni ümidi, türk
şeir xarakterini (daha doğrusu, türk şairinin öz
xarakterini) görmək açısından diqqətçəkici
bilib örnək göstərdim bunları… Bəlkə də
bu dörd (fərqli nəslə, fərqli ölkəyə mənsub)
şair bir-birini tanımır, heç bir-birlərinin
şeirlərinə bələd də deyillər. Amma təqdir
edərsiz ki, burada da "ədəbi enerjinin itməməsi
qanunu" özünü doğrultmuşdur. Qaynağı
eyni olub, bəlkə əhatə dairəsi, çatma nöqtəsi
fərqli olan dalğaların yaratdığı enerjini deyirəm…
Və bəlkə burada da hər sönən nöqtə yeni
bir dalğanın, enerji axımının
başlanğıcıdır…
Xəyallarım duyğularıma,
Duyğularım düşüncələrimə,
Düşüncələrim ağlıma
hökm etdikcə,
Mən var olacağam…
Bu sözlər də gənc Mustafa
Çolağa aiddir.
Bu kimi misallar bir deyil, beş deyil. Bu
misalları klassiklərimizin yaradıcılığı
örnəyində də verə bilərik,
çağdaşlarımızın da:
Qaracaoğlan:
Üryan gəldim, yenə üryan gedirəm,
Ölməməyə əldə fərmanımmı
var?
Aşıq Alı:
Ölüm haqdı, çıxmaq olmaz əmirdən.
Çağdaşımız Salam:
Tanrı ölüm hökmü kəsib
doğulmaq
günahımıza -
deyəndə,
Aşıq Şenlik:
Dərdli adam gecə yatmaz
Şirin layla çalasan da!
("Günü-günə calasan da")
Atamurad Atabayev:
Gedib səbrim-qərarım,
bu gecə - ağır gecə.
Dünyanın dərd-ələmi
Gözümə yağır bu gecə.
("Bu gecə")
Sücayət:
Uşaqları gülə-gülə
yatırdıb,
ağlayıram, yatmıram ki, gecələr.
("Gecələr")
yazanda,
Rasim Kərimlinin:
Hanı sədasına uçduğum o səs,
Dərdə düşməyənlər dərdimi
bilməz.
Tərk etdin Rasimi, demədinmi bəs
Yoxdur bir kimsəsi məndən savayı?
("Səndən savayı")
Səhərin
Gəlmişəm deyəm ki, gəlməyəcəyəm
-
misralı şeiri
Səndən yar, sənə yar, şikayətim
var -
misrası ilə ünlü olan şərqi
ilə səsləşəndə, xalq şairi Fikrət Qoca
da:
Məni qınamayın,
Dünya mənə tanış gəlir,
Elə bil bir dəfə də
Olmuşam buralarda, -
Ramiz Rövşən də:
Bir dəfə də gəlmişəmmi,
Gəlmişəmmi, görmüşəmmi?
Yaşamışam-ölmüşəmmi,
-
Dünya mənə tanış gəlir.
"Dünya mənə tanış gəlir"
qənaətinə gələndə,
Riza Tevfiq Bölükbaşı:
Uçun, quşlar, uçun doğma yerlərə
İndi dağlarında
gül-sünbül vardır.
Ormanlar qoynunda bir sərin dərə
Tikanlar içində sarı gül
vardır.
("Humayi eşq")
Musa Cəlil:
Quşcuğaz, quşcuğaz, oxu sən
bir az, məhbəs qanununu anlamayırsan.
("Quşcuğaz")
Mikayıl Azaflı:
Mən məhbusa bir xəbər ver,
açılıbmı yaz, ay
bülbül?
"Bülbül"
pıçıldayanda onları yalnız şair halı
deyil, eyni güclə türk halı dilləndirib, hərəkətə
gətirib, məncə…
Yaxud istər Aşıq Şenliyin
"Qara torpağ"ını, istər Xəlil Soyuərin
"Torpağ"ını; Erqaş Cümənbülbül,
Akif Azalp (Bağır), Rauf Pərvi, Törə Mirzə və
Rüstəm Behrudinin "Dar ağacı"nı oxusaq, deyilənlərlə
tanıq olacağıq.
***
Bu vəznli, vəznsiz şeirlərdən
keçirəm əsl türk vəzni mövzusuna. Əsl
türk vəzni heca vəznidir. Baxmayaraq ki, çağdaş
türk şeiri daha çox sərbəst vəzndədir,
neçə izmə (modernizm, postmodernizm və b.), bəzən
hətta "ağ şeir" (neoepik şeir) kurallarına
tabedir; digər yandan elə bu məruzədə də
Türk dünyası ədəbiyyatı dedikdə ağlagələn
ilk mənəvi ünvanlar, isimlər sırasında
adını çəkdiyimiz Nəvai, Füzuli kimi klassiklər
xalq üçün o qədər də anlaşıqlı
olmayan əruz vəznində yazıblar. Xalqın şairləri
heca vəznində şeirlər yazmışlar. Bu vəzndə,
yuxarıda Göyalpdan gətirdiyimiz misalda da deyildiyi kimi, Əhməd
Yasəvi, Yunus İmrə, Qayğusuz Abdal kimi təkkə
şairləri və Qurbani, Aşıq Ömər, Dərdli,
Qaracaoğlan, Dadaloğlu, Aşıq Alı, Aşıq Ələsgər,
Hüseyn Bozalqanlı kimi saz şairləri ölməz əsərlər
yaradıb, sonrakı nəsillərə zəngin irs qoyublar.
Görünür Nəvaini, Füzulini
şeirlərinin forması deyil, içəriyi, türkçülüyü
xalqa yaxın qılmışdır. Eləcə də
çağdaşlarımızdan, yaxud XX yüzildə
böyük yol qət etmiş türk sərbəst şeiri
təmsilçilərinin bir çoxunu…
Yaxın günlərdə Vaqif Nəsib
Sarıhüseynoğlunun "525-ci qəzet"də
çıxmış şeirlərindən birində belə
bir epiqraf vardı: "Səndən heca vəznində
şeirlər gözləyirəm. Nizami Cəfərov".
Məlumunuz, Ziya Göyalpa görə, təcrübə
yolu ilə bəlli olmuşdur ki, türk xarakteri, türk
zövqü daha çox "6+5" vəznində şeirlər
tələb edir, başqa sözlə, xalqımız bu vəzndən
xoşlanır. Bu da görünür, daha çox saz
havaları, ozan təfəkkür biçimlənməsi,
sözlə səsin harmoniyası və bu qəbildən
axtarışlarla bağlıdır.
Ancaq bu yöndə fikirlərimizi ümumiləşdirəsi
olsaq, deməliyik: bir millət olaraq hansı mədəniyyət
topluluğuna, hansı uluslararası birliyə daxiliksə,
buna uyğun bütün elmi qavramların, fəlsəfi
görüşlərin, hətta lirik duyğuların ifadə
imkanları da o mənsubiyyətdə olma imkanına sahibdir. Bayrağımızdan,
respublikamızın siyasi kursundan da bəlli olduğu kimi, biz
Avropa mədəniyyət məkanına inteqrasiya
yönündə çalışırıq, yaxın
keçmişdə isə sovetlərdən
çıxmışıq. Özü də türk
xalqlarının çoxu bu taleni yaşamışdır. Eləsə,
ən azı forma baxımından qəbullanacağımız,
daha doğrusu, artıq çoxdan qəbullandığımız
Avropa tipli şeirləri də anlayışla
qarşılamamız başadüşüləndir. Sərbəst
olsun, fransızsayağı "6+6" vəznində olsun,
başqa vəzndə olsun, hətta ən yeni bir ədəbi
axına aid olsun, əgər onu bizim şair yazıbsa,
artıq özünə münasibət tələbetmə
hüququ var… Yaxud Çində yaşayan uyğurlar Çin
şeir üsuluna, Əfqanıstanda yaşayan türkmənlər,
özbəklər, qazaxlar bir Allah bilir nəyə, haraya,
İrandakı, İraqdakı soydaşlarımız əruza
uğrayırlar, hər gün… Ancaq hər bir millət kimi,
türk millətinin də əsl zövqü, Ziya
Göyalpın sözü ilə desək, "milli
zövq"dür, digərləri bəlkə "xarici
zövq"dür - ekzotikadır… Bununla belə "milli
zövq"lüymüş kimi görünən, milli vəzndə
yazılan, ancaq məzmunu, içəriyinin mahiyyəti
anti-türk olan bir "şeir" haqqında nə deyəcəyik?
Bundan başqa, "Sənət sənət
üçündür" deyə düşünənlərə
top-tüfəngmi çəkəcəyik?!. (Xatırladım
ki, məruzənin bir adı da "…Suallara cavab axtararkən
meydana çıxan yeni suallar"dır…)
Bu yerdə diqqətinizi xalq şairi Fikrət
Qocadan bir örnəyə çəkmək istərdim:
Babalarım
kasıb olub, mərd olub,
qoçaq olub, mərd olub!
Bəy olub, mərd olub,
qaçaq olub, mərd olub.
Bəs bu namərdlər hardandı?
Bax, bu mənə dərd olub.
Sizcə, bu fikirlərin hansı formada,
hecada, hecasız, qafiyəli-qafiyəsiz deyilməsinin bir
önəmi varmı? - Umarım, cavabınız - "Əsla"dır!
- Və əsla quşqu yoxdur ki, bu şeir əsl türk
xarakterini açır, türkün comərdliyini
açır…
***
Ədəbiyyatı ictimai-mədəni
durumumuzun, halımızın ədəbi-bədii inikası
kimi götürsək, durumumuz, halımız da, anadolular
demiş, söz konusu olur. Yaşadığımız binalar
"Polski", "Nemse", "Stalinka",
"Xruşşovka", "Kiyevski",
"Leninqradski", yaxud "Gecəqondu", təmir işlərimiz
"Yevroremont", yaxud kustar üsullu. Geyimimiz ya
"Kitayski", ya "Avropa malı"… Arabalarımız
illah da xarici… İşlətdiyimiz avadanlıqların önəmli
bölümü dışarı markalar… Üstəgəl,
yaxın keçmişimizdə hətta aşıqların
Stalinə, kommunist partiyasına, kolxoza söz qoşub, saz
çalması kimi adıyaman aldanışlar… Və ədəbiyyat.
Ədəbiyyat adamı bu bunalımın içində nə
etsin?!. Şeirsəl dirəniş, şeirsəl etiraz, ədəbiyyatca
bir çıxış yolu nə qədər təsirli ola
bilər?.. Milli ornamentlərimizə, milli
naxışlarımıza, milli dəfiləmizə, milli
ürətimimizə geniş meydan tanınmalıdır. Ədəbiyyat
təkbaşına döyüşməməlidir. Sizə
deyim, mən dünyanın ən böyük
bayrağının Azərbaycanda
dalğalandırılmasını da, Heydər Əliyev
Fondunun düzənlədiyi Muğam yarışmalarına da,
istər muğamın, istərsə də aşıq sənətinin
Mehriban xanım Əliyevanın böyük səyləri ilə
YUNESKO-nun qoruması altına alınmasını da bax, bu
narahatçılıqlara böyük cavab kimi başa
düşür və öz vətəndaş
şükranlığımı yetirirəm. Hesab edirəm
ki, keçmiş sovet respublikaları arasında məhz Azərbaycanda
Yazıçılar Birliyinə bəslənən dövlət
münasibəti bütün digər əsaslarla
yanaşı, həm də ədəbiyyatın
xalqımızın taleyində oynadığı rola
ehtiramın ifadəsidir.
***
Demək, türk şeirinin
(türkçü şeirin) mövzusu məsələsinə
bir az daha aydınlıq gətirsək, deməliyəm,
ülkülü ədəbiyyatla yanaşı, səmimiyyətlə,
sadəlöhvcəsinə yazılmış, türkün dilində
(fərq etməz hansı türkcədə olur-olsun)
yazılmış hər bir şeir dəyərlidir. Biz,
türkcədə gözəl yazmaq özü elə
millilikdir, dilə, mədəniyyətə xidmətdir
yanaşmasına da sayğı duyuruq.
Böyük fikir adamı Ziya Göyalp
"Türkçülüyün əsasları"nda
yazırdı: "Milli kültür ilə mədəniyyəti
bir-birindən ayıran, kültürün, özəlliklə,
duyğulardan, mədəniyyətin isə, özəlliklə,
bilgilərdən meydana gəlmiş olmasıdır.
İnsanda duyğular üsula (metoda) və iradəyə (istəyə)
tabe deyildir. Bir millət digər bir millətin dini, əxlaqi və
estetik (bədii) duyğularını təqlid edə bilməz".
Bax, bir halda, ədəbiyyat təsərrüfatımızdan
danışırıq, əslində doğma dövlət
dilimizdə yazan hər kəs, dilimizə çevrilmiş hər
əsər "Ədəbiyyatımız və Türk
dünyası" mövzusunda dartışmaya cəlb oluna
bilər. Ancaq türkçü şeir, türk şeiri,
türk ədəbiyyatı hansıdır, - deyə
soruşsanız, mən şəxsim adına Ziya
Göyalpın milli kültür və mədəniyyət
üzrə tətbiq etdiyi yanaşmanı tətbiq edərdim.
Məncə, düstur budur - sözlərin hansı dildə
olması yetərli deyil, şüur, düşüncə, təfəkkür
türkcə olmalıdır, iş türkcə
olmalıdır, türkə, türkün ehtiyaclarına, istəklərinə
görə olmalıdır… Türk dünyasına nə gərəklidir,
Türk dünyası aydınının üzərinə
hansı görəvlər düşür və qələm
adamı öz adamlığını (kimliyini, mənini) qələmlə
ağ kağız üzərində necə biçimləndirir?
***
"Türklərin bütün sənət
qollarında görünən estetik-bədii özəllikləri
də təbiilik, sadəlik, zəriflik və
orijinallıqdır. Türkün xalçalarında,
çini məmulatlarında, memarlıq və hüsnxəttində
qabarıq görünən də məhz bu estetik (bədii)
üstünlüklərdir" (Ziya Göyalp). Yenə "əsl
şair sadəlövh olar, yaxud əsl şeir sadəlövh
düşüncənin məhsuludur" sözlərinə
qayıdıram… Bilirsiz, məncə, yuxarıda dediyimiz məqamların
ümumiləşmiş ifadəsi də məhz elə bu
sözlərə uyğundur.
Fikrimizi davam etdirmək üçün
yenə Ziya Göyalpa üz tutaq: "Xalq şairləri
ölçülü olduğunu bilmədən çox
gözəl lirik şeirlər yazırdılar. Təbii ki, bu
bir ilhamla, yaradıcılıqla baş verirdi. Metod (üsul) və
təqlid ilə edilmirdi. Osmanlı vəzninə gəlincə,
bu vəzn fars şairlərindən alınmışdı. Bu
vəznlə şeir yazanlar fars ədəbiyyatını dərs
kimi öyrənir, metod (üsul) vasitəsilə əruzu tətbiq
edirdilər. Buna görə də əruz vəzni milli
kültürümüzə əsla daxil ola bilmədi." Əgər
böyük türkçünün fikirlərini
paylaşırsaq, o zaman xalq ruhunun ədəbiyyatda dirçəldilməsi,
epos təfəkkürünün ədəbiyyatda geniş
yayılması, folklor örnəklərinin sistemli
toplanması (necə ki, folklor İnstitutu bu işi layiqli
biçimdə yerinə yetirməyə
çalışır) ilhamlı yaradıcılıq
ortamının gəlişməsinə yararlı olardı -
desək, yanlış olmasın gərək.
Türk şeiri, türkçü
şeir qavramları üzərinə daha bir neçə kəlmə
söyləyək:
- səmimi, duyğusal və Nizami müəllimin
sözü ilə desək, sadəlövh şeir (örnəyi,
Səhərin, Zirəddin Qafarlının, Sabir Yusifoğlunun,
Sabir Sarvanın, Məlahət Yusifqızının şeirləri
kimi);
- heca vəznində yazılmış
şeir (örnəyi, İbrahim İlyaslının, Vasif
Süleymanın, Vaqif İsaqoğlunun, Əlirza Həsrətin
şeirləri kimi);
- düzgünlüyü, əxlaqı
anladan, bu yönü çatdıran əsər (Aşıq Əli
Quliyevin, Məhəmməd Astanbəylinin, Səməd
Qarçöpün şeirləri kimi, Məmməd Orucun nəsri
kimi);
- türk dünyası ünvanını
daşıyan əsər (Arif Əmrahoğlunun, Güllü
Yoloğlunun, Azər Turanın, Qənirə Paşayevanın
kitabları kimi);
- türk dilinin gözəlliklərini ən
doğru biçimi ilə təcalla etdirən əsər (Səfər
Alışarlının, Əlabbasın nəsri kimi);
- ortaq türk keçmişindən ortaq
türk gələcəyinə boylanan yazarların işləri
(Elbariz Məmmədli, Namiq Hacıheydərlinin şeirləri
kimi);
- comərd, təmənnasız, ilhamlı
yazarın (Rəsmiyyə Sabir, Saqif Qaratorpaq, Zahid Sarıtorpaq
kimi) qələm məhsulu;
- formaca türk kültürünü
yansıtmasa da, içərik (məzmun-mündəricə)
baxımından türk ruhunu biçimləndirən
yazılar (örnəyi, Dəyanət Osmanlının
şeirləri kimi) və s.
Türk şeiri prof. Nizami Cəfərovun
təbirincə desək, "dünyanı xaosdan qurtarıb,
harmoniyaya gətirməyə" xidmət etməlidir.
Qocaman şairimiz Fikrət Sadıq bir şeirində
deyir: "Əslində əslində əslində deyil".
Bu günlərdə Avrovision - 2011-də Azərbaycanın
1-ci, iki il öncə 3-cü yerə çıxması, ondan
da bir qədər öncə Türkiyənin 1-ci yerə
çıxması bir daha sübut edir ki, türk insanı
tamamilə yad dildə, yad formatda, yad mədəniyyət hadisəsində
belə qısa zaman kəsiyində öncül ola bilir. Sizə
deyim, örnəyi saz, yaxud muğam yarışmasında bir
Batı avropalının qalib gəlmə şansını
necə dəyərləndirirsiz -Heç təsəvvür
edə bilirsizmi, bizim gənclərin qələbəsi bir
yandan xalqımızın istedadını göstərirsə,
digər yandan türkün üfüqü genişliyini,
üfüqün ötəsini can atmasını, əzmini,
axtarış ehtirasını biçimləndirir müəyyən
qədər. Müqayisəmi uyğunsuz bulmayın: Necə ki,
türklər az qala bütün İlahi dinləri qəbul
etmişlər. Biz dünyanı bizimkilər, bizimki olmayanlar
bölməmişik, yadlara, yabançılara sadəcə
olaraq çevrəmiz içinə girməyənlər kimi
baxmışıq. Qədim türklərin xarici ölkələrə
"çöldəki el", "dış el" deməsi
misalı… Osmanlının İrlandiyaya tonlarla taxıl
göndərməsi kimi… Xaosdan kosmosa keçidi təmin etmək
səyi və yetənəyi kimi… Bu hal türkün
qanındadır, canının cövhərindədir…
***
Dəyərli ədəbiyyatsevərlər,
mən bu məruzəyə hazırlaşarkən internet və
telefon üzərindən Azərbaycanda və
respublikamızdan kənarda yaşayan bir neçə
aydına önərilərini soruşdum. Onlardan da ən
planlı cavab verən mətbuatımızın
tanınmış imzalarından olan Soylu Atalı oldu. Soylu
"Türk dünyasında ədəbiyyat, ədəbiyyat(ımız)da
Türk dünyası…" mövzusunun planını bu
biçimdə görür:
- Azərbaycan ədəbiyyatında milli
ruhun etkiləri - Nəsimilik ədəbiyyatın
üstünlüyü kimi. Poeziyanın təriqətləşməsi
və ictimai həyatın nizamına birbaşa təsiri;
- insan halının, duyğularının
poeziya vasitəsilə bəşəriləşməsi -
füzulilik ədəbiyyatın üstünlüyü kimi.
Türk mənliyinin füzulilikdə aşkarlanması.
Türk ruhunun təmizliyindən gələn heyrətin, ali kədərin
dünyaya gərək olan poetik aşamaları;
- əski Azərbaycan ədəbiyyatında
türk dilinin yeri - türk düşüncə tərzinin, fəlsəfəsinin
poeziya vasitəsilə ifadəsi;
- türkçülüyün milli
şüura çevrilməsində ədəbiyyatın rolu;
- döyüşkən ədəbiyyat
ideyası…
Əkbər
QOŞALI
(Ardı var)
Ədəbiyyat qəzeti.-
2011.- 24 iyun.- S.4, 6.