Biz ona inanırdıq
1973-cü
ilin payızında Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) jurnalistika fakültəsini bitirib Mərkəzi Komitənin
təyinatı ilə Dövlət Teleradio Komitəsinə
işə göndərildiyim günlər xatirəmdə bir
çox yaddaqalan məqamlarla əbədiləşib. O vaxtlar
televiziyada məsul vəzifədə çalışan
yaxın qohumum, tanınmış şair və publisist Gəray
Fəzli məni sədr müavini Cəmil Əlibəyovla,
partiya komitəsinin katibi Tahir Paşazadə ilə, "Xəbərlər"in
baş redaktoru Valid Sənani ilə
görüşdürmüş, hələ həyata yenicə
atılan, bərkə-boşa düşməmiş gənc
jurnalistin qolundan tutmağı, həyan durmağı xahiş
etmişdi.
Radionun "Xəbərlər"
redaksiyası o illərdə əsl "qaynar qazan"ı
xatırladırdı. Valid müəllimin rəhbərlik
etdiyi kollektivdə o dövrün tanınmış söz, qələm
sahibləri işləyirdilər. Ənvər Qafarlı, Bəhram
Gözəlov, Mailə Muradxanlı, İlyas Adıgözəlli,
Hidayət Səfərli, Zöhrab Zeynalov, Yasin Qaraməmmədli,
Rəşid Kazımov və digərləri o illərin müəyyən
texniki çətinliklərinə, ideoloji qadağalarına
baxmayaraq, çox böyük həvəslə, tükənməz
enerji ilə çalışır, respublikanın hər
yerindən reportajlar, radio-oçerklər hazırlayır,
efirdə səsləndirirdilər. Təbii ki, öz işini
yaxşı bilən ustad qələm sahiblərinin yanında
söz demək, yazı yazmaq böyük məsuliyyət,
hazırlıq tələb edirdi. Efirdə səsləndirdiyin
hər kəlmənin, cümlənin hansı fikrə, ideyaya
söykəndiyinin, nəyə işarə vurduğunun
cavabını verməyə hər dəqiqə hazır olmalıydın.
Hər birimiz başımızın üstündə necə
deyərlər, bir "Domokl qılıncı" hiss
etdiyimiz bir vaxtda partiya komitəsinin katibi Tahir Paşazadənin
səmimi, mehriban münasibəti fonunda özümüzdə
qəribə bir rahatlıq, arxayınçılıq hiss edərdik.
Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsinin ümumi yığıncaqlarında, eləcə
də partiya komitəsində keçirilən
görüşlərdə Tahir müəllimin verdiyi nəsihətlər,
tövsiyələr indi də hafizəmdədir. Onu da deyim ki,
bu müdrik insanın nəsihətləri,
tapşırıqları harada, hansı vəzifədə
işləmişəmsə, köməyimə
çatıb, fəaliyyətimdə bir növ mayaka
çevrilib.
Azərbaycan radiosunun 85 illik yubileyinə
hazırlıq görüldüyü bir ərəfədə
ömrünü efirin, ekranın saflığına həsr
edən, bu gün də telekanallarda, radio dalğalarında
öz sözünü deyən tanınmış peşəkarların
müəllimi, ustadı olmuş insanların əziz xatirəsini
yad etmək, onların həyat və yaradıcılığına
geniş spektrdə işıq salmaq bir vətəndaşlıq
və professional borc kimi qarşımızda durur. Öz nurunu,
ziyasını gənclərdən əsirgəməyən,
biliyini, bacarığını gənc jurnalistlərin hərtərəfli
yetişməsinə yönəldən insanlardan biri də məhz
Tahir müəllim olub. Zahirən xeyli ciddi görünsə də,
olduqca səmimi, yumor hissinə malik, ürəyiaçıq,
səxavətli və xeyirxah insan kimi tanınan Tahir Paşazadə
teleradio jurnalistikasının say-seçmə peşəkarlarından,
bu sahənin tanınan təşkilatçılarından biri
idi. Onun çoxlarına örnək olası zəngin
bioqrafiyasına nəzər yetirdikdə bu insanın bir
ömür çərçivəsində necə
böyük, yaddaqalan işlər gördüyünə
heyran olmaya bilmirsən.
Neçə-neçə sənədli
televiziya filminin, radio-pyeslərin ssenari müəllifi,
dünya klassiklərinin əsərlərini dilimizə
çevirmiş məharətli tərcüməçi kimi
tanınan Tahir Hadı oğlu Paşazadə 1930-cu il
yanvarın 12-də Bakı şəhərində anadan olub. Paytaxtdakı
190 nömrəli məktəbi bitirib, tibb məktəbində
təhsil alıb. 1953-cü ildə Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsini
qurtarıb. Neft texnikumunda pedaqoji fəaliyyətə
başlayıb. 1956-cı ildə Lenin (indiki Sabunçu) rayon
Komsomol komitəsinin birinci katibi seçilib. 1958-ci ildən
ömrünün sonunadək Azərbaycan televiziyası və
radiosunda ayrı-ayrı rəhbər vəzifələrdə
çalışıb. Onun yaradıcılıq
bioqrafiyasına diqqət yetirək: Respublika radiosunun fars
redaksiyasında redaktor, şöbə müdiri, baş
redaktor işləyən Tahir müəllim sonra ilk partiya təşkilatının
katibi seçilib. İctimai-siyasi fəaliyyətindəki
uğurlarına görə Moskva Ali partiya məktəbinə
göndərilib, burada ikiillik partiya rəhbər
işçiləri üçün
ixtisaslaşdırılmış hazırlıq kursu
keçib. 1972-1976-cı illərdə Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Komitəsi partiya komitəsinin
katibi işləmişdir. Həmin dövrdə iki dəfə
26 Bakı Komissarı (indiki Səbail) rayon sovetinin deputatı
seçilib. 1976-cı ildən Azərbaycan Dövlət
Teleradio Verilişləri Komitəsinin sədr müavini vəzifəsində
çalışıb. Tahir Paşazadə SSRİ Jurnalistlər
İttifaqının üzvü olub, həmin təşkilatın
"Qızıl qələm" mükafatına layiq
görülüb, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
Fəxri fərmanı ilə təltif olunub.
2010-cu ildə "Ozan" nəşriyyatında
Tahir Paşazadənin 80 illiyi münasibətilə
işıq üzü görən "Bir portretin
nağılı" kitabında müəlliflər Balaş
Abbaszadənin və Eldar Sadığın bir fikri ürəyimdən
keçənləri bütün təfərrüatı ilə
ifadə etməkdə mənə yardımçı oldu:
"Onunla eyni vaxtda Azərbaycan teleradiosunda
çalışan bütün insanlar Tahir Paşazadəni ləyaqətli,
işgüzar, təşkilatçı, haqq və ədalət
keşiyində dayanan, dost qədri bilən bir insan kimi
xarakterizə etməkdədirlər..."
Bu fikrin əyani təsdiqi kimi elə
özümlə bağlı bir hadisəni xatırlamaq istərdim.
...1978-ci ilin payız ayları idi. Yaxın qohumlarımdan biri xidməti ezamiyyət vaxtı xəstələnib
Ukraynanın Xarkov şəhərindəki hospitalların
birinə yerləşdirilmişdi.
Xəstənin yanına
getmək imkanında olmayan qohumlarım bu işi yoluna
qoymağı məndən
xahiş etmişdilər.
Nə eləmək olardı, gümanları mənə gəlirdi. Xeyirxah insan olan Valid müəllim təbii ki, razılaşdı, amma məsələnin yalnız
rəhbərlik səviyyəsində
həll olunacağını
da diqqətimə çatdırdı. Sədr
müavini Tahir Paşazadə məni diqqətlə dinlədi, sonra daxili telefonla
Valid müəllimə dedi
ki, bəlkə elə Akifi Xarkova bir 10 günlüyə ezamiyyətə
göndərək, necə
deyərlər, həm
ziyarət, həm ticarət. Hər şey bircə günün içində
həll olundu və mən ertəsi gün birbaşa reyslə Xarkova uçdum. Yol boyu yalnız
Tahir müəllimin məsələni niyə
məhz bu yolla həll etdiyi barədə fikirləşdim. Deməli,
Tahir müəllim artıq xərcə düşməməyim, uzaq
yolda heç bir problemlə üzləşməməyim, rahat
gecələməyim üçün
bu addımı atmışdı. Beləliklə,
Xarkovda müalicə olunan xəstə qohumuma baş çəkdim, müalicəsinin
sürətlənməsinə çalışdım, həm
də bir sıra idarə və müəssisələrdə
oldum. Bakı ilə Xarkovun iqtisadi, mədəni əlaqələri barədə
silsilə radio-süjetlər
hazırlayıb geri döndüm. Sonralar katibəsi mənə demişdi ki, Tahir müəllimə çay verəndə qənd qabındakı Ukrayna konfetlərini görüb gülümsəmiş,
qızı yüngülcə
məzəmmət də
etmişdi. Bax, əsl xeyirxahlıq, təmənnasızlıq timsalı
olmaq buna deyərlər, - mən də o vaxt ürəyimdən bunu keçirmişdim.
Azərbaycan ədəbiyyatının
həmişəyaşar klassikləri
Nizamini, Xaqanini, Qətran Təbrizini orijinaldan oxuyan, yüksək səviyyədə
təhlil edən Tahir müəllim doğma dilimizin saflığını qorumağın
zəruriliyini daim önə çəkir, dilimizə xor baxanlara qarşı amansızlığını gizlətmirdi.
Yığıncaqlarda, letuçkalarda
həmişə fikrini
ucadan bildirir, deyirdi ki, rusca
danışmaq, yazmaq,
ingiliscə yaxşı
bilmək cox əladır, amma doğma dilimizi yaddan çıxarmaq, yeri gəldi-gəlmədi
əcnəbi sözlərə
gen-bol yer vermək millilikdən, vətəndaşlıqdan uzaq
bir işdir. Bəli, bu fikirləri
Tahir müəllim sovetlər birliyinin dünyaya meydan oxuduğu bir vaxtda dilə gətirirdi. Qorxmadan, çəkinmədən. Çünki
dağlar diyarı Xızının əsilli,
nəcabətli ocağının
görkəmli nümayəndəsi,
məşhur şair-alim
Axund Zəki soyunun tanınmış oğlu məhz bu cür olmalı,
bu sayaq hərəkət etməli
idi. Tahir müəllimin oğlu, hazırda "Mir" Dövlətlərarası
Teleradio Şirkətinin
Azərbaycan Milli Nümayəndəliyinin direktoru
İlqar Paşazadə
deyir ki, dilimizə, keçmişimizə,
milli-mənəvi dəyərlərimizə
hədsiz məhəbbəti
onda məhz atası oyatmış, xalqımızın tarixinə
hörmət hissini o gücləndirmişdi. Tahir
müəllim bu missiyanı övladları
səviyyəsində məhdudlaşdırmırdı,
bu işi kollektivdə də ardıcıllıqla, əsl
yaradıcılıq həvəsi
ilə həyata keçirirdi. Məhz belə kişilərin fədakarlığının nəticəsidir
ki, 70-80-ci illərin jurnalistikasında əsl milli ruh hökm
sürür, gənclərdə
azərbaycançılıq hissi aşıb-daşırdı.
Belə insanların vaxtilə düşündükləri,
lakin müəyyən
səbəbdən həyata
keçirə bilmədikləri
ideyalar bu gün Azərbaycan televiziyası və radiosunda uğurla reallaşdırılır.
Tahir Paşazadəni
biz gənclər əsl
novator jurnalist, tərcüməçi kimi
tanıyır, həm
də ciddi, işgüzar ictimai xadim, dövlət məmuru kimi qəbul edirik. O, heç vaxt hündürdən danışmaz,
öz düşüncələrini
ehkam kimi irəli sürməzdi. Sadə, anlaşıqlı
dili, dəmir məntiqi, mehriban davranışı, asta yerişi, nüfuzlu baxışları, səbrliliyi,
geniş ürəkliliyi
Tahir müəllimin obrazını bütövləşdirən,
möhkəmləndirən cəhətlərdən idi.
Ona inanırdıq, ürəyimizi aça, düşündüklərimizi dilə gətirə bilirdik. Axıracan qulaq asar, qısaca
pauzadan sonra eşitmək istədiyimiz
cavabı alardıq. Ürəyimizi oxuyan bu kişiyə minnətdar olmaqdan savayı əlacımız
qalmırdı.
Tahir müəllimsiz
keçən illər
ərzində məndə
belə bir qənaət yaradır ki, bu kişi
əsl camaat adamı, milli-mənəvi
dəyərlərimizin yorulmaz
keşikçisi, yüksək
mədəniyyət sahibi
idi. Bu gün onunla fəxr edən övladları ondan çox şey öyrənə bilərlər. Tahir müəllimin yaradıcılıq
irsi cəmiyyətdə
yaxşı mövqe tutmaq, insanlarla işləmək üçün
inanılmış meyar
ola bilər və əslində də belədir.
Akif Cabbarlı
Ədəbiyyat
qəzeti.- 2011.- 24 iyun.- S.5.