Ədəbiyyatımızın üfüqləri

 

"Üçüncü göz"

       

  Maraqlı və Sönməzin yaradıcılıq kredosuna çox yaraşan bir addı… O, tərənnümə cəlb etdiyi mövzu barədə öz sözünü deyir, nəticə çıxarmağa oxucusunu da şərik edir. Yaşadığı cəmiyyətin bir sıra problemləri barədə düşündüklərini oxucusu ilə bölüşdürməyə münbit zəmin yaradır.

Elə buradaca əsərin bünövrə daşı hesab edilən bir məsələyə aydınlıq nuru çiləyək. "Üçüncü göz" baxışlarını açıqlamaq üçün müəllifə verir? Əsərin hər bölməsində bu sorğuya oxucuda dərin maraq doğuran cavab verilir. Əsərin baş qayəsi müəllifin uğurla seçdiyi ünvanda çox mənalı şəkildə poetik həllini tapmışdır. Cəmiyyətdə hakim olan həqiqi vəziyyəti dərk etmək üçün "üçüncü göz"ə ciddi ehtiyac vardır.

İşin ümdə tərəfi orasındadır ki, müəllif sorğulara verdiyi cavabları son söz hesab etmir. Yaşadığı cəmiyyətdə onu düşündürən necə deyərlər, "əl yandıran" sorğulara oxucularından cavab gözləyir. Şairin ümdə uğurunu irəli sürdüyü sorğulara cavab verməyə oxucularını səfərbər etməsini hesab etmək heç də yanlış səslənməzdi. Bu o deməkdir ki, cəmiyyəti içəridən gəmirən və ilk baxışda çoxlarının laqeyd yanaşdıqları mətləblər barədə sözünü deyir toxunduğu ağır çəkili məsələlər barədə müasirlərini də düşüncə aləminə cəlb edir.

Heç bir tərəddüdə yol vermədən demək olar ki, Sönməz mütəfəkkir və onu əhatə edən xarici aləmin dünyasına nüfuz etməyi bacaran bir qələm sahibidir. Onun sənətdə tutduğu bir mövqeyi irili-xırdalı bütün əsərlərində buya digər səviyyədə əksini tapmışdır. Bu həqiqətin tərənnümü şairin çox ağır çəkiyə malik olan "İnsanın son şamı" ünvanlı poemasında, "Öz diyarımda "vətənsizləmişəm" misrasında belə qabarıq poetik ifadəsini tapmışdır. Şairin hadisələrə mütəfəkkir baxışı "Üçüncü göz" əsərinin müqəddiməsindən tutmuş son misralarına qədər tərənnümün əsas leytmotivini təşkil edir. Xüsusi diqqət yetirilməsi məqsədəuyğun olardı: şairin əsərə yazdığı, şərti olaraq "Son söz" adlandırılması mümkün olan qeydlərinin sərlövhəsi bu misralardan ibarətdir:

 

Adınla başlamaqdan dəftəri, üzr istəyirəm, Yarəb!

Adınla bəs ki, aləmdə nahaq qanlar tökülmüşdür.

 

Şairin təqdim etdiyi aləmin tərənnümünə hansı qapıdan, hansı əhval-ruhiyyə ilə daxil olması haqqında rəy yaradır. Müəllif önəmli bir müdrikliklə dünya və yaşadığı mühitdə Tanrı adına tökülən qanlara özünün ayıq sənətkar münasibətini bildirmişdir. Şairin müqəddimədə irəli sürdüyü iddiası son dərəcə mənalı səslənib. O, yazır:

"Əsərin mövzusunu ömrüm boyu yaddaşımda yazılan bir çox xatirələr və düşüncələr təşkil etsə də, sonuncu çirtmək daşını zehnimə vuran və onları şeirləşdirən amil keçən ilin sonuncu fəslində ölkəmizdə baş verən bəzi ədalətsizliklərin müşahidəsi oldu".

Müqəddimədə şairin bir tək mizrabının ötdüyü nəğmənin ahənginə laqeyd qalmaq doğru olmazdı. Bir də ona görə ki, bu motiv müasir Güney poeziyasının baş qayəsinə ustad münasibəti və onun amalına cəmiyyətdə çəkili mövqeyi olan vicdan sahiblərinə müraciətdir:

"…Söz haqdan gəlirsə, hökmən ürəklərə işləyir. Bu intiqadi əsərin amacı olan bəzi məsulların ürəyində də həqiqəti idrak edən ayıq vicdanların varlığına inanıram".

Şair yaşadığı mühitdə aşağıdan yuxarıya qədər bütün zümrələrdən olan yolçuların Tanrının adı ilə min bir uydurma düzüb-qoşduqlarının şahidi olmuşdur. Buna görə də çox sevdiyi mövzunun təqdiminə Allahın adı ilə başlamasından üzr istəyir.

Poema adlandırılmağa yetərincə ədəbi-bədii əsas verən "Üçüncü göz" əsəri həm məzmun, həm forma, həm də tərənnüm üslubu ilə oxucunun dərin marağına səbəb olan bir qələm məhsuludur. Şair fikirlərini ifadə üçün orijinal bir tərənnüm forması tapmışdır. Kimdir şairin şərəfləndirdiyi o bəxtəvər şəxsiyyət? Sözü onu təqdim edən misralara verək:

 

Xoş yerişli,

Şah duruşlu olduğundan,

Hamı onu "Hacıleylək" çağırardı.

 

Hər bir insan övladı kimi Hacıleyləyin də özünəməxsus daxili aləmi var idi. Şair onun təqdimində də əsəri qələmə almaqdan güddüyü qayəyə sadiq qalır, həm də üstüörtülü qalmasın ki, müəllifin idealını açıqlamaq üçün doğurdan da təhsin və təqdirə layiq sənətkar cəsarəti iş görməli idi. Şairin qayəsindən doğan uğur dönə-dönə bəyənilməyə layiqdir:

 

Huşlu-başlı çor-çocuqlar,

O kişidən,

Küçəmizin mollasından-

Qat-qat artıq öyrənirdi.

 

Ona bu çəkili hörməti qazandıran əxlaqi və insani xüsusiyyətlərin sırası çox geniş idi. Lakin ən ümdə mətləb düşüncədə, təfəkkürdə, hadisələrin zahiri görünüşü arxasında gizlənən həqiqətləri görməkdə əsrini qabaqlaması idi. Onun bu əxlaqi keyfiyyətlərini tərənnüm və təqdim etməkdən şairin məqsədi oxucularını dövrün, zamanın bəzən dolaşıq, bəzən qərəzli, bəzən aldadıcı uydurmalarını açıq gözlə, hər şeyə qadir olan ayıq zəka ilə yanaşmağa dəvət idi.

Biri deyir: cavanlıqda məsihi imiş.

Daşnaklardan, keşişlərdən nə görmüşsə, kilsədən kənar gəzir.

Sözümüzün bu yerində bir həqiqəti xüsusi vurğulamağa dəyər - əsrimizdə ruhani libaslı şarlatanların dünyanın müxtəlif ölkələrində din naminə törətdikləri fəsadlar, milli qırğınlar zəmanəmizin ağrılı-acılı xəyanətləri deyilmi? Erməni nəməkbeharamların xalqımız əleyhinə törətdikləri nankorluqlarla, onların mahiyyətləri ilə gərəyincə tanış olmaq üçün daşnaklara nifrət hissi oyatmaq şair qələmi üçün yüksək şərəf deyilmi? "Daşnaklardan, keşişlərdən görmüşsə" sorğusuna şairin qələmi olduqca dolğun və kəsərli cavab verir.

Şairə "Öz diyarımda vətənsizləmişəm" misrasını yazdıran həyat həqiqətləri sırasında beşiyi başında anasının oxuduğu laylalara bütün yaradıcılığı boyu sadiq qalması aparıcı mövqe tutur. Yer üzündə hakimlərin başqa milli dillərə bəslədikləri ədalətsiz münasibətlərə də laqeyd qala bilmir. O, dəruni və kəskin qəzəb hissləri ilə fəryad qoparır:

 

Latın köklü dillərin səltəsində,

Yerlilərin ana dili yoxa çıxır.

 

Bu mövzu ilə əlaqədar Qərbdə meydana gələn hadisələrə yaxından bələd olan şair nümunə üçün ispanların həyatından tanış olduqlarını tərənnüm obyektinə çevirir. Maraqlı burasıdır ki, tərənnümə cəlb etdiyi dövrdə İspaniyada baş verənlərlə 1946-cı ildə Pəhləvi dərbarının onun vətənində törətdiyi cinayətlər arasında qəribə oxşarlıqlar olduğuna laqeyd qalmır. Misralarının oxucuda oyatdığı təəssüratla vətəndə törədilən sui-qəsdlər arasındakı uyğunluq qabarıq cizgiləri ilə üzə çıxır:

 

İspan kilsəsi yerlilərin kitabların-

"Şeytan ruhlu" adlandırıb,

Tonqallarda oda çəkir.

 

İnkarı mümkün olmayan oxşarlıqdır. Keçən əsrin 46-cı ilinin 12 dekabrından sonra fars şovinistlərinin od vurub yandırdıqları ana dilli kitabların tonqallarından ucalan tüstü dumanı uzun müddət öz hökmranlığından əl çəkmədi. Nə qədər də yaxın, ibrətamiz mənzərədir: Avropanın bu ölkəsində də altun sənət əsərləri əridilir, külçəsi İspaniyaya göndərilirdi.

"Keşişin fitvası" adlı fəsil əsərin ən yığcam bölməsidir. Lakin ehtiva etdiyi mətləb çox çəkilidir. Bu hissədə bir keşişin etirafından söz açılır. Söhbət bu çəkili din xadiminin məsihlikdən üz döndərməsindən gedir. Əlbəttə, məsələnin ciddiliyinə göz yummaq heç bir baxışdan doğru olmazdı.

Poemanın ədəbi-bədii və sosioloji dəyərini müəyyənləşdirən faktorlar sırasında tərənnüm etdiyi hadisələr fonunda ölkədə baş verən, daha doğrusu, hakim dairələr tərəfindən törədilən haqsızlıqların iç üzünü eyniləşdirməsini ayrıca qeyd etməyə dəyər. Həmin cinayətləri ürək qanı ilə təqdim edən müəllifin misralarından ucalan etiraz nidaları boy-boy dayanır:

 

Ölkəmizin göbəyində,

Az zamanda,

Neçə-neçə qələm əhli,

Huşlu-başlı, aydın iyid,

Bircə-bircə diri gözlü,

Əlli-dilli yoxa çıxdı-

Rəhimsizcə öldürüldü.

 

İşin ən dəhşətli və sarsıdıcı cəhəti onda idi ki, bu hadisələri törədənlər doğma torpağın özündən idi. Mikrob yerli mikrob idi.

Məsələnin digər tərəfi onunla şərtlənirdi ki, bu əzabları doğuranlar əl çatan yerdə olduqları halda onların gözlərini üfürən də yox idi. Qısa zaman içərisində hər şey unuduldu. Çünki:

 

Qüdrət atlı əlində idi,

Millət artıq piyadə idi.

 

Məhz buna görə də min bir sual ağızlarda donub qalır. Lakin bu sirr şairin zehnində gəzib-dolaşan "Üçüncü göz" ilə açıqlaya biləcək, hətta bir sıra beynəlxalq mətləbləri aşkara çıxarmağa əksər halda müasir insanlardan gizli qalan mətləblərə toxunmağa şərait yaradır. Bunların sırası çox genişdir. Ötəri şəkildə bir parasını qeyd edək: Amerikada keşişlərin fitvası ilə qonaqların yerlilərə sui-qəsdi. Dinsizlərin din adından verdikləri fitvalar.

Şübhəsiz, bunlar və onlara oxşar əhvalatların üzərindən pərdəni qaldırmaq, şairə yaşadığı cəmiyyətdə hökm sürən bir sıra mətləbləri gün işığına çıxarmaq idi. Şair bu sırada açıqlayır ki, hər ağ donlu gəlin olmaz. Heç kəsin xarici görkəmindən onun iç aləmini oxumaq mümkün deyil.

Şair yaratdığı münbit zəmin üzərində təkcə öz xalqının deyil, bəşərin keçdiyi tarixi yollarda sadəcə xatırlatmaları belə müasir düşüncəli insanların zehinlərində təlatümə səbəb olan hadisələri yada salır. Bu sırada din adından Qalileyə, Brunoya, Sokrata verilən ölüm hökmlərini xatırladır. Çox maraqlı epizodlar sırasında çalsaqqal Şümürün Peyğəmbərin övladına qəsd etmək üçün xəncərini büləvə çəkərkən Tanrının adını çəkməsindən soraq verir. Hallac Mənsuru dara çəkərkən qazinin öz hökmünü din adından verməsini yada salır. Böyük alim, pedaqoq Mirzə Həsən Rüşdiyyənin min bir əzabla açdığı məktəbi İmam Cümənin oda yaxmasından söz açır. Amerika imperialistləri ilə mübarizə meydanında Müsəddiqi tək qoyan Kaşaninin mənhus əməllərini yada salır. Ömrü boyu əzab çəkib dinar-dinar pul toplayıb Milli kitabxana yaradan Naxçıvaninin ucaltdığı əzəmətli sarayı İmam Cümənin fitvası ilə yerlə yeksan edilməsindən bəhs edən misralarını ətrafına odlu qığılcım səpən atəş mənbəyinə çevirir.

Şair məsələni belə qoyur: Qələmi azadlıq hüququndan məhrum edənlər haqqa qarşı qiyam etmirlərmi? Axı Haqq-taalanın göndərdiyi kitabında qələmlərə hürriyyət hüququ əta etmişdir.

Müəllif qələmi ilə yaratdığı əhval-ruhiyyənin sağlamlığına və əyilməzliyinə arxayındır. Buna görə də inqilab şəhidinin istədiyi ladda danışmasına meydan verir. Həyat həqiqətlərindən güc alan şəhidin məntiqi isə çox kəskin və odlu-alovludur:

 

Mən inqilab meydanında

Şirin candan keçmədim ki,

Millətimə acı şərbət içildilsin.

 

Əgər sadəcə olaraq sadalasaq, məhrumiyyətləri törədənlərin haqsızlıqları, bəzən cinayət səviyyəsində təzahür edən mətləblər çoxdur. Şəhid ona görə canını qurban verir ki, ölkədə bir də nahaq qan axıdılmasın, əmin-amanlıq yaransın, qanunlar qarşısında insanlar arasında ayrı-seçkilik salınmasın, böyük qüdrət sahibləri özlərinə rəva bilmədiklərini millətə qıymasınlar. Mən qanımı axıtdım ki, insanları ögey-doğmalara bölməsinlər.

Əlbəttə, bu haqlı iddiaların sırasını xeyli genişləndirmək olardı. Lakin müəllifin "Son söz"də gəldiyi qənaətlə razılaşmaq tam ədalətli olardı. O, əsərdə mötəbər təkyəgah seçdiyi Hacıleyləyi yenə də özünün etibarlı məsləkdaşı hesab edərək daxilindən baş qaldıran həqiqət mayalı sözləri ona ünvanlayır:

 

Nə qədər ki,

Xalqın əsas həyat həqqi,

Düşüncənin azadlığı,

Gündə bir cür "amma"lıdır,

"əgər"lidir.

Hacıleylək ürəklərdə, sinələrdə

Yaşayacaq! Yaşayacaq! Yaşayacaq!

 

Şairin ağır çəkili problemləri tərənnüm etmək qabiliyyəti onun neçə il bundan qabaq oxucularına təqdim etdiyi "İnsanın son şamı", "Babam özü gələcək" ünvanlı poemalarından onlara yaxşı tanışdır. O, əsərinə daxil etdiyi Hacıleylək obrazı ilə poetik məntiqinə çəkisi hesaba gəlməyən bir ədəbi siqlət bəxş etmişdir.

 

 

Sabir NƏBİOĞLU

 

Ədəbiyyat qəzeti.- 2011.- 24 iyun.- S.3, 5.