Füzuli dünyasından
dünyaya baxış
Tarix irəliyə doğru
addımladıqca, onun zamanın zirvələrinə doğru
hərəkətində bəşəriyyətin zərif
cinsi olan qadınların da rolu artır. Təkcə təfəkkürün
fikir dartısı yox, həm də qəlbin duyğu şahpəri
onu tarixi əlvan süslü sabahlara uçurmaqdadır.
Qadın hissiyyatı qloballaşan dünyanı öz
ağuşuna alıb ən çətin problemləri həll
edir. Zənnimizcə, bu gün dəbdə olan gender problemi
tarixin qadına verdiyi üstünlüyün, zamanın
qadına olan ehtiyacının elmi ifadəsidir.
Azərbaycan tarixində
həmişə qadınlar şərəf və layəqətin
zirvəsində olublar: ana kimi, namus rəmzi olaraq, alim və sənətkar,
hətta qəhrəman döyüşçü kimi...
Bu gün Azərbaycan
cəmiyyətində fəal mövqeyi ilə seçilən
qadınlardan biri millət vəkili, filologiya elmləri doktoru
Jalə Əliyevadır. Millətsevərlik, dövlətçilik
duyğusu, zərif və incə ünsiyyət mədəniyyəti
bir vətəndaş və alim, ictimaiyyətçi xanım
kimi J.Əliyevanı səciyyələndirən və fərqləndirən
cəhətlərdir. Reallığı doğru prinsiplərlə
dərk edib qiymətləndirmək bacarığı, eyni
zamanda romantik xəyal duyğusu onun həyat və fəaliyyətini
süsləyən amillərdəndir.
Füzulidən
yazanlardan - füzulişünaslıqdan yazmaq, Füzulidən yazmaqdan çətindir.
Millət vəkili, filologiya elmləri doktoru Jalə xanım Əliyeva
"Dünyanın tanıdığı Füzuli" (Bakı:
"Çaşıoğlu", 2010) monoqrafiyasında belə
bir çətinliyin öhdəsindən əsasən gəlməyə
nail olmuşdur. Bu tədqiqat əsəri, təəssüf
ki, yazıldığı vaxtdan (1996) on beş il sonra
çap olunub, fəqət əhəmiyyətini itirməyib. Füzuli özü həmişə
təzə olduğu üçün, onun haqqında elm də
həmişə təzədir. Mənim dahi Füzuliyə məhəbbətim o
qədər güclüdür ki, onun haqqında yazanlara
heç vəchlə laqeyd qala bilmirəm. Füzuliyə laqeyd və
ehtirassız yanaşmaq olmaz. Çünki onun ecazkar
poeziyası, gəlin kimi bəzəkli füsunkar lirikası təmiz,
coşqun və saf bir ehtirasdan doğulub. Bu poeziya bətnində,
gözəlliyin, ülviyyətin min bir sehrini əzizləyən
mübaliğələr, təşbehlər, məcaz və
müəmmalardan qurulub. Bu poeziyada böyük insan ruhu,
ülvi bir eşqin saf naləsi mürgüləyir. Bu poeziya
həyat kimi canlı, təbiət kimi zəngin və ecazkar,
Məcnunun özü qədər pak və munisdir.
Jalə
xanımın monoqrafiyası Füzuliyə həsr olunmuş tədqiqatlar
arasında xüsusi yer tutur. Çünki bu əsərdə
söhbət dünya füzulişünaslığından,
onun görkəmli nümayəndələrindən gedir.
Biz doktorluq
işi üzərində işləyərkən J. Əliyevanın
bu əsərinin AMEA-nın MEK-da saxlanılan namizədlik
dissertasiyası variantına müraciət etmişdik.
Füzulinin
möhtəşəm adı dünya poetik fikir tarixinə
qızıl xətlə yazılıb. Öz kiçicik təcrübəmdən
bilirəm ki, Füzuli
haqqında yazmaq çox çətin, fəqət olduqca
şərəflidir.
Jalə xanım
monoqrafiyasının ön sözündə belə bir
düzgün nəzəri-metodoloji başlanğıcdan
çıxış edir ki, "Ədəbiyyatşünaslığın
əsas mövzusu olan ədəbiyyat tarixinin məzmunu, mənası
və daşıdığı ideyaları təbii ki, ən
əvvəl görkəmli sənətkarların
yaradıcılıq axtarışlarında və elmi fərziyyələrdə
öz ifadəsini tapır. Bu baxımdan dahi ustad Füzulinin lirik və epik əsərlərinin
tədqiqi ədəbiyyat tarixinin aktual və mərkəzi
problemlərindəndir. Milli ədəbiyyatların
ayrı-ayrı sənətkarlarının
yaradıcılıq yolunu və sənətkar fərdiyyətinin
təkamülünü izləmək Azərbaycan klassik ədəbiyyatının
həqiqi tarixini yaratmaq üçün əsas vasitədir,
üsuldur". Beləliklə də tədqiqat predmetinə
yanaşmanın nəzəri-metodoloji əsasını verən
bu qeydlər aşağıdakı məsələni müəyyənləşdirməyə
imkan verir: Jalə xanım Füzulişünaslığa nəzəri baxımdan
deyil, ədəbiyyat tarixçiliyi səmtindən dəyər
verir; Müəllif bu fikirdədir ki, ayrı-ayrı sənətkarların
həyatı, mühiti, yaradıcılığı öyrənilmədən
və sənətkarlar haqqında elmi fikir sistemə
salınmadan bütöv bir xalqın ədəbiyyat tarixini
yazmaq mümkün deyil. Düşünürük ki, bu
düzgün mövqedir və ona haqq qazandırmaq
lazımdır. Müəllif tədqiqatını ədəbiyyat
tarixi kontekstində qurduğundan bu əsərdə Füzulişünaslıq müstəqil
nəzəri prinsiplərə malik elm kimi nəzərdən
keçirilmir, əksinə, Füzulişünaslığa Füzuliyə baxış
bucağından nəzər salınır. Bunu
monoqrafiyanın fəsilləri aydın əks etdirir: I fəsil:
Füzulinin elmi
bioqrafiyası; II fəsil: Füzuli lirikasının tədqiqi; III fəsil: Füzulinin epik
yaradıcılığının tədqiqi; IV fəsil: Füzulinin bədii nəzərinin
tədqiqi. Göründüyü kimi, qoyulan problemlər Füzulişünaslıqdan
çox Füzuliyə
aid olub sırf ədəbiyyat tarixçiliyi xarakterindədir.
Birinci fəsildə
əsasən Füzulinin
təvəllüd tarixi və doğulduğu yer haqqında
mülahizələr nəzərdən keçirilir.
Konkret bir mətləb
çözüldüyünə görə müəllif təzkirələr
və elmi tədqiqat əsərləri, monoqrafiyalar
arasında təsnifat aparmağa, hətta tarixiliyi gözləməyə
ehtiyac duymur. Məsələn, əvvəlcə M.F.Köprülüyə (XIX əsrin
sonu, XX əsrin önləri), sonra isə Lətifinin və Əhdi
Bağdadinin (1546 və 1563) təzkirələrinə
müraciət olunur. Yaxşı olardı ki, burada
tarixi-xronoloji ardıcıllıq gözlənilsin.
Ümumiyyətlə,
J.Əliyevanın "Dünyanın tanıdığı Füzuli" monoqrafiyasında əsasən
Azərbaycan və Türkiyə
füzulişünaslığı əhatə olunur. Fəqət, zəruri hallarda, təsdiq
yaxud aşkar məqamlarında Krımski, Bertels və b. kimi məşhur
rus şərqşünaslarının əsərlərinə
də müraciət edilir. O, hətta kitabının ön
sözündə yazır: "Təbiidir ki, elmi
füzulişünaslığın təşəkkülü
və inkişafı əsas etibarilə iki ölkə ilə
- Türkiyə və Azərbaycanla bağlı olduğundan,
bu iki ölkədə yaranmış tədqiqat əsərləri
monoqrafiyanın tədqiqat obyektinin özəyini təşkil
etmişdir".
Tədqiqatın
maraqlı cəhətlərindən biri budur ki, J.Əliyeva
klassikin bioqrafiyasına sadəcə rəqəm və məkan
dəqiqləşməsi kimi deyil, elmi problem kimi
yanaşır. Füzulişünaslığın
imkanlarını, mövcud vəziyyətini qoyulan problemə
verdiyi cavabla sınaqdan çıxarır, müəyyənləşdirir.
Beləliklə də, məsələn, birinci fəsildə
təzkirələrdən verilən bir sətirlik qısa məlumatlarla
yanaşı, böyük türk alimi Abdulbaği Karahanın
1949-cu ildə İstanbulda işıq üzü
görmüş "Füzuli: Mühiti, həyatı və şəxsiyyəti"
monoqrafiyası əsər boyu müəllifin istinad etdiyi ən
etibarlı mənbə olur. Araşdırmalarımız
göstərir ki, 1949-cu ildən sonra Füzulidən yazan bütün
müəlliflər bu kitaba, xüsusilə də kitaba "Əlavələr"
bölməsi kimi daxil olan təzkirə mətnlərindən
istifadə etmişlər.
Həqiqətən
də Füzulinin
bioqrafiyası, həyatı, mühiti bir problem kimi olduqca əhəmiyyətlidir.
Bu məsələni doğru həll etmədən dünya
lirik şeirinin
zirvəsi olan Füzuli
poeziyasının poetik-fəlsəfi sehrinə açar salmaq
olmaz. Monoqrafiya göstərir ki, təkcə bu problemlə
bağlı deyil, ümumən əsərin bütün fəsillərində
tədqiqatçı Türkiyə
füzulişünaslığına önəm və
üstünlük verir. Burada A.Karahandan savayı,
A.Gölpınarlının Füzuli (1932), M.F.Köprülünün "Yeni Azəri
ədəbiyyatına dair tədqiqlər" (1926), Ali Nihad
Tarlan "Füzuli
Divanının şərhi" (1985), C.Yenərni, H.Mazıoğlunun
"Füzuli-Hafiz"
(1956) A.S. Levendin, S.Nazirin "Füzuli" (1925) və b. alimlərin
əsərlərini əsas tədqiqat predmetinə
çevirir. Doğrudur, bu əsərdə görkəmli Azərbaycan
füzulişünasları - akademiklər H.Araslının
"Böyük Azərbaycan şairi Füzuli", M.Cəfərin "Füzuli düşünür",
professor M.Quluzadənin "Füzulinin lirikası", Mir Cəlalın "Füzuli sənətkarlığı",
Ə.Səfərli və X.Yusifovun "Qədim və orta əsrlər
Azərbaycan ədəbiyyatı" dərsliyi, F.B.Köçərlinin, A.Surun,
B.Çobanzədənin, R.Azadənin, M.Sultanovun, K.Vəliyevin,
B.Vahabzadənin Füzuli
haqqında məqalələri də özünə kifayət
qədər yer alır. Lakin faktiki vəziyyət belədir
ki, monoqrafiyanın konseptual əsasında Türkiyə
füzulişünaslığı dayanır. Əsərin
birinci fəslinin nəticəsi bir daha deyilən fikrin həqiqiliyini
təsdiq edir: "Beləliklə, dünya
füzulişünaslığında şairin elmi
bioqrafiyasının yaradılması üzrə böyük
işlər görülmüşdür. Bu sahədə bir
çox tarixi sənədləri araşdırıb qiymətli
elmi nəticələrə gəlmiş türk
füzulişünaslarının əməyini xüsusilə
qiymətləndirmək lazımdır. İnamla demək olar
ki, Füzulinin elmi
bioqrafiyasının müəyyənləşdirilməsində
Türkiyə füzulişünasları dünya
füzulişünaslığında aparıcı mövqedə
dayanırlar". Müəllif bu qənaətində
haqlıdır. Bu mülahizədə "dünya
füzulişünaslığı"
anlayışını Türkiyə və Azərbaycan ədəbiyyatşünaslığı
ilə hüdudlamaq yerinə düşmür.
Lirika Füzuli
yaradıcılığının pafosunu və bədii-fəlsəfi
mahiyyətini onun poetik hüsnünü və estetik cövhərini
müəyyənləşdirir. Jalə Əliyevanın
monoqrafiyasının ikinci fəslində Türkiyə və
Azərbaycan füzulişünaslığının əsas
nümunələri (hamısı yox) məhz Füzuli lirikasına münasibət
baxımından nəzərdən keçirilir. Müəllif
belə bir qəbul olunmuş doğru yanaşma tətbiq edir
ki, Türkiyədə elmi
füzulişünaslığın formalaşması XIX əsrin
son qərinəsinə təsadüf edir. Füzuli lirikası barəsində
məqalələr də XIX əsrin sonlarına doğru
"Sərvəti-fünun" dərgisində çap
olunmağa başlayır.
Biz adını
çəkdiyimiz monoqrafiyamızda belə bir metodoloji, həqiqi
tarixi-nəzəri başlanğıcdan çıxış
edirik ki, Azərbaycan (eləcə də bütün dünya)
füzulişünaslığının banisi Məhəmməd
Füzuli
özüdür. Füzuli lirikası haqqında da ən düzgün qənaətləri
həm "Divan"larının dibaçələrində,
həm də poetik formalarda Füzuli özü söyləyib.
Çoxlu qənaətləri
sadalamadan deyək ki, Füzuli şeiri Allah vergisi, "yaradanın mədhi-sənası, nəğməsi"
adlandırırdı.
Füzuli
lirikasına münasibətdə həm Türkiyə, həm
Azərbaycan, həm Rusiya, həm Avropa, həm də
Türküstan füzulişünaslığında yer alan ən
ciddi və mübahisəli problem onun sufi xarakterli
olub-olmamasıdır. Əsərin ikinci fəslində alim bu
istiqamətdə çoxlu faktları nəzərdən
keçirir və gəldiyi nəticə də belədir:
"Türk ədəbiyyatşünaslığında Füzulinin elmi təhlil səviyyəsi
Azərbaycan füzulişünaslığına nisbətən
aşağıdır. Türk alimləri Füzuli lirikasını təhlil
edərkən müəyyən bir məqsəd izləmiş,
yalnız şairin sufi olub-olmaması ətrafında fikir
yürütmüşlər. Bu araşdırmalar haqqında
yazarkən mövcud əsərlərdən və onların
mövzu əhatəsindən asılı olaraq aydın bir
sistem yaratmaq mümkün deyildir.
Eyni sözü
Azərbaycan füzulişünaslığı haqqında demək
olmaz".
Biz bu qənaətdəyik
ki, Füzuli
lirikası sufizmlə yoğrulub. Nəinki Füzulini, orta çağların
heç bir görkəmli şairini sufizmdən ayırmaq
olmaz.
Poeziyaya
sosiologiya kimi baxan marksist metodologiya ilə tədqiqat aparan Azərbaycan
sovet alimlərindən fərqli olaraq Türkiyə ədəbiyyatşünasları
dahi şairə məhz onun özü kimi qiymət vermişlər.
Füzuli Azərbaycan
sufi poeziyasının möhtəşəm XIII-XVI əsrlər
mərhələsini yekunlaşdıran sonuncu mogikan idi.
Füzuli
dünya ədəbiyyatına böyük lirik kimi daxil olub.
Lakin o həm də epik və epik-lirik poemalar müəllifidir.
J.Əliyevanın
monoqrafiyasının üçüncü fəsli "Füzulinin epik
yaradıcılığının tədqiqi" adlanır.
Burada "Söhbətül-əsmar", "Bəngü-badə",
"Həft-cam" və əlbəttə, dahi şairin dahi
əsəri olan "Leyli və Məcnun" məsnəvisi
ilə bağlı nəzəri fikir təhlil olunur.
Qeyd etməliyəm
ki, "Leyli və Məcnun"un da epizm, yaxud lirizm kimi
üstünlüyü mübahisəlidir. Füzulinin şah əsəri olan
"Leyli və Məcnun" abidəsində üç
rübai, iki mürəbbü, iki qəsidə və iyirmi bir
qəzəl vardır. Əhvalatın da yüksək şeiriyyətlə qələmə
alındığını desək, "Leyli və Məcnun"
epik yox, lirik əsərdir, ən azı epik-lirik poemadır.
"Leyli və Məcnun" lirizmlə süslənmiş fəlsəfi-psixoloji
əsərdir.
"Söhbətül-əsmar"ın
Füzulinin əsəri
olması haqqında 1926-cı ildə ilk dəfə fikir
söyləmiş Əmin Abidə haqq qazandıran müəllif
"Bəngü-badə"nin də Füzulinin elm aləminə məlum
ilk iri həcmli əsəri, "Don Kixot", "Qulliverin səyahəti",
"Qarqantua və Pantaqruel" səviyyəli
gülüş və tənqid əsəri olması
haqqında AMEA-nın müxbir üzvü, professor Ə.Səfərlinin
qənaətlərini dəstəkləməkdə
haqlıdır. Biz bu fikirdəyik ki, "Bangü-badə"də
orta çağların dərin gülüş fəlsəfəsi
təcəssüm tapmışdır. Jalə Əliyeva bu
istiqamətdə A.Karahanın, H.Araslının, M.Quluzadənin,
Ə.Səfərlinin görüşlərini nəzərdən
keçirib dəyərləndirir.
Diqqətəlayiqdir
ki, müəllif "Həft-cam" məsnəvisinin
"başdan-başa sufiyanə bir əsər olması"
haqqında M.F.Köprülünün
mülahizələrini ön plana çəkir.
Müəllifin
obyektiv qənaətlərindən biri də budur: "Nizami və
Füzuli
"Leyli və Məcnun"larının ən gözəl
elmi müqayisəsinin Azərbaycanın böyük siyasi
xadimi M.Ə.Rəsulzadə tərəfindən
aparıldığını desək, səhv etmərik".
"Leyli və Məcnun" poemasına nəzərən
müəllif füzulişünaslıqda az qala müstəqil
bir istiqamət təşkil edən Leyli-Məcnunşünaslığa
dəyər verir. Bu istiqamətdə A.Surun, H.Araslının,
A.Karahanın, M.F.Köprülünün,
H.Mazioğlunun, M.Quluzadənin, R.Azadənin,
A.Gölpınarlının məlum və məşhur əsərləri
təhlil olunur. Faktlar
"Leyli və Məcnun" əsərinin ilahi eşq abidəsi
olduğunu söyləməyə imkan verir. Azərbaycan sovet ədəbiyyatşünaslarından
fərqli olaraq Türkiyə füzulişünasları bu həqiqəti
cəsarətlə təsdiq edirlər. J.Əliyeva monoqrafiyada
Füzuliyə
marksist metodologiya ilə qiymət verən Azərbaycan sovet ədəbiyyatşünaslarının
tərəddüdlü fikirlərindən maraqlı misallar
verir. Tarix sübut etdi ki, Füzuliyə münasibətdə daha obyektiv mövqedə
olmuşlar. Bu baxımdan müəllifin tədqiqatçı
fəhmi də diqqətəlayiqdir.
Monoqrafiyanın Füzuli bədii nəsrinin tədqiqini
verən əsərlərə həsr olunmuş
dördüncü - sonuncu fəslində deyilir "… Füzuli eyni zamanda Azərbaycan bədii
nəsrinin də ilk yaradıcılarından biridir. Azərbaycan,
fars və ərəb dillərində yazılmış bu əsərlər
onun türkcə Divanının, "Leyli və Məcnun"unun,
qəsidələr divanının, tərcümələrinin
müqəddimələrindən, Qazi Əlaəddinə,
Nişançı Paşaya, Bayazid Çələbiyə,
Ayaz Paşaya yazdığı məktublardan,
"Rindü-Zahid", "Səhhət və mərəz",
"Mətləül etiqad" və "Hədiqətüs-süəda"
əsərlərindən ibarətdir". Burada qeyd
olunanların nəsr qisminə aid olunması bir qədər
mübahisəlidir.
Məsələn,
"Divan"ların dibaçələri əsasən ədəbiyyatşünaslıq
sahələrinə aid edilə bilər. Məktublar isə
daha çox epistolyar janrdır.
J.Əliyevanın
"Dünyanın tanıdığı Füzuli" monoqrafiyası
dünya şöhrətli Füzuli haqqında XIX əsrin sonlarından etibarən
Türkiyədə və Azərbaycanda yazılmış
monoqrafik tədqiqatları tarixilik baxımından dəyərləndirən
əsərdir. Burada Füzuli ilə bağlı bilgilər əsas problemlər
üzrə sistemləşdirilir.
Müəllif
görkəmli füzulişünasların zəngin irsinə
həssaslıqla yanaşıb, onların müəlliflərinə
qədrşünaslıq nümayiş etdirib. İki müxtəlif
rejimdə yaranmış elmin meyarı olaraq məhz Füzuli irsi
götürülüb, şair haqqında tədqiqlər Füzuli sınağından
çıxarılıb. "Dünyanın
tanıdığı Füzuli" monoqrafiyası Füzulini dünyada tanıdanlara
hörmət, Füzulinin
özünə isə məhəbbət hissi ilə
yazılmış müasir filoloji fikir faktıdır.
Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,
filologiya elmləri doktoru
Ədəbiyyat.-
2011.- 24 iyun.- S.3.